Şair Şabanla Qara Qəribin “küsüşməsi”
Şair Şabanın şeirlərindən nümunələr
ÖN SÖZ (Səməndər Məmmədov)
Şair Şaban (Şaban Məmmədəli oğlu Qurbanov) Borçalıda yaşayıb-yaratmış el şairlərindən biridir. O, 1914-cü ildə Borçalının saz-söz beşiyi olan Faxralı kəndində anadan olub. Qəlbən el-obaya vurğun olan şair ömrünün sonuna kimi Faxralıda yaşayıb. Natamam orta təhsil almasına baxmayaraq dövrünün qabilliyyətli, məlumatlı və dünyagörüşlü adamlarından biri olan görkəmli el sənətkarı Şair Nəbini özünün müəllimi, ustadı hesab edib. Heç təsadüfi deyil ki, Nəbi onun qabiliyyətini şeirlərinin birində yüksək qiymətləndirmiş və ilhamına qol-qanad vermişdir:
Səxavət əhlidir Alıynan Şaban,
İnşallah, çatarlar bizə şairlər.
Şair Şabanın istedad və bacarığı deyişmələrində daha qabarıq üzə çıxır. Özünün müasiri olan xalası oğlu, bədahətən şeir demək bacarığına malik şair Qara Qəriblə, dağlar qızı Şövkət xanımla, Dünyamalı Əsgərovla deyişmələri bunu əyani şəkildə göstərir. Onların deyişmələri çox zaman bağlama şəklində olub, dərin mənalı və düşündürücülüyü ilə diqqəti cəlb edir:
Şövkət:
Sizdən xəbər alım, ay Şaban əmi,
İnsan bu dünyaya nə vaxt gəlibdir?
Dünya tar-mar olub, alt-üst olanda
Həvvanın göz yaşın kimlər silibdir?
Şaban:
Atamız Adəmdir, bəyan eyləyim,
İnsan bu dünyaya o vaxt gəlibdir.
Həvva ana qövr eyləyən zaman,
Gözünün yaşını övlad silibdir.
Yaxud Kərbalayı Qara Qəriblə deyişməsindən bir misal:
Qara Qərib:
Şaban, danışma daldada,
Meydan aç, mərdi-mərdana!
Kükrəyib dəryalar kimi,
Qayna, daş mərdi-mərdana!
Yer titrəsin, göy kişnəsin,
Nərə çəkib dayangınan,
Dağıt düşmən qalasını,
Qoyma daş, mərdi-mərdana!
Şair Şaban:
Qurmuşam nər meydanında,
Mən savaş, mərdi-mərdana.
Sallam düşmən qalasından,
Kərpic , daş, mərdi-mərdana.
Yaxan keçibdir əlimə,
Tufan qopsa buraxmaram,
Vurub salaram meydanda,
Bu gün baş, mərdi-mərdana.
Belə deyişmələrdə Şair Şabanın sözü məqamında demək qabiliyyəti özünü açıq şəkildə göstərir. Həm də sözlərin düzülüşü, deyişmənin aşıladığı məna, məzmun şairlərin geniş dünyagörüşə, zəngin eridusiyaya malik olmalarını bir daha sübut edir. Şair Şaban deyişmələrindəki məharət və ustalığa lirik şeirlərində də nail olur:
Həsrətinə dözəmmərəm,
Bircə gəl insafa, gözəl.
Bu dünyada gəzəmmərəm,
Etmə mənə cəfa, gözəl.
Şair Şaban həm də gözəl ailə başçısı olmuş, layiqli övladlar tərbiyə etmişdir. Onlardan Əli Qurbanov 1965-ci ildə Bakı Dövlət Universitetinin iqtisadiyyat fakultəsini fərqlənmə diölomu ilə bitirmiş, uzun müddət Sumqayıt şəhər ərzaq ticarət idarəsində məsul vəzifələrdə işləmişdir. elcanlı ata ocağı ilə nəfəs alan oğullarından olmuş, heyf dünyasını vaxtsız dəyişmişdir. Allah rəhmət eləsin.
Övladlarından Qurban, Məmmədəli, Mahal gənc nəslin təlim-tərbiyyəsi ilə məşğul olublar. Mahal həm də doktorluq elmi dərəcəsi də almışdır. Kamal isə ticarət sahəsində çalışır. Yeddi övladının hər biri şairin təmiz adını, xatirəsini uca tuturlar. Layiqli övladlar tərbiyyə edən, şərəflə yaşayan, nüfuz sahibi Şair Şabanla bağlı şirin xatirələr el arasında indi də böyük hörmətlə danışılır. Şair 1980-cı il, iyinin 2-də 66 yaşında vəfat edib.
Şair haqqında ilk dəfə 1997-ci ildə Bakı Dövlət Universitetinnin nəşriyyatında nəşr etdirdiyim “Faxralı tək ağır elim var mənim” kitabında qısa məlumat və yaradıcılığından nümunələr vermişəm. “Payız çiçəyi”ndə topladığım şeir və deyişmələr də Şair Şabanın yaradıcılığını tam əhatə etmir. Onu da bildirim ki, şairin xalqın yaddaşında qorunub saxlanılan şeirləri də az deyil. Ümid edirəm ki, saz-söz üstündə köklənmiş eloğlularımız belə şeirlərin itib batmasına yol verməyəcək, onların ümumxalq malına çevrilməsində bizə köməklərini əsirgəməyəcəklər. Kitabda gedən şeirlərin toplanmasına kömək etmiş Muxtar Allahverdi oğluna, Azərbaycan Respublikası “Aydınlıq” cəmiyyətinin sədri Şərif Qara Qərib oğluna, Məmmədəli Şaban oğluna və xeyirxah məsləhətlərinə görə Borçalının dəyərli ziyalısı şair-alim Miskəroğluna minnətdarlığımı bildirirəm.
Səməndər Məmmədov