Şair Əli Səngərli

Əli Səngərlinin şeirlərində nümunələrə buradan tanış ola bilərsiniz.

HƏR QƏDİRBİLƏNDƏ SƏNGƏRLİ YAŞAR

Əli Səngərli… Özümü biləndən, hə­­yatı dərk edəndən bu ad mənim üçün həmişə doğma olub, əziz olub. Ona qarşı həmişə bir doğmalıq, ya­xınlıq hiss etmişəm. O da mənə qarşı heç za­man biganə olmayıb. Mən onu bir müəllim kimi sevmişəm, o məni şa­girdi, yetir­məsi kimi. Əli müəllimi doğ­ma Faxralımın və bütövlükdə Bor­­­çalının hörmətli, sözübütöv bir ki­şisi, məqamında öz mövqeyini bildir­mə­yi bacaran əsl ziyalı kimi sevmişəm, har zaman xətri mənim üçün əziz olub.

Mən onu təkcə müəllim kimi yox, həm də bir şair kimi sev­mi­şəm, qəzetlərdə işıq üzü görən hər yeni şeirini böyük se­vinc­lə qarşılamışam. Yeri gəlmişkən qeyd edim ki, Əli müəllimi bir şair kimi Borçalıda tanımayan yoxdur. Yaxşı yadımdadır, ötən əsrin 60-70-ci illərində kitab çap etdirməyin, elə qəzetlərdə çap olunmağın o qədər da asan məsələ olmadığı bir vaxtda Gürcüs­tandakı Azərbaycan dilli mətbuatda imzası ən çox rast gəlinən və oxucu rəğbəti qazanan bir neçə qələm əhlindan biri məhz Əli Səngərli idi. Onu da qeyd edim ki, Əli müəllim elə o vaxtlardan Azərbaycanda ədəbi ictimaiyyət arasında da yaxşı tanınırdı. Onun rus va dünya ədəbiyyatından etdiyi tərcümələr ali məktəblər üçün tərtib olunmuş ədəbiyyat müntəxabatı kitablarına daxil edilmişdi.

Şeirlərinin kitab halında nəşr olunmasına o qədər da həvəs göstərməsə də (vaxtında bu işə biganə olmasaydı, indi bəlkə də onlarla kitabı işıq üzü görmüşdü) Əli müəllim şair kimi çox məhsuldar işləyib. İlk kitabı 2006-cı ilda Bakıda “Nurlan” nəşriyyatında işıq üzü görüb. “Şair ürəyi” adlı 34 çap vərəqi həcmində olan bu kitab Əli müəllimin öz oxucularına ilk sanballı hədiyyəsi idi.

Əli Səngərli bir ömürdə iki ömür yaşayıb: şair va müəllim ömrü. Bunların hansında daha çox uğur qazanıb, demək çə­tin­dir. Əslində bu nöqteyi-nəzərdən yanaşmanın özü bəlkə yan­lış­dır. Çünki Əli müəllimin hayatında şairliklə müəllimlik bir-birini üzvi şəkildə tamamlayır. Və onu yaxından tanıyanlarda haqlı olaraq belə bir fikir formalaşır ki, şair olmasaydı müəl­limliyi, müəllim olmasaydı şairliyi bəlkə də bunca uğurlu alın­maz, natamam olardı. Əli müəllimin özü bu barədə belə deyir:

Şair tək doğuldum, lakin həmişə
Bir müəllim kimi qol-budaq atdım.
Duygu ovçu oldu, döndüm hədəfə,
İlham kürəsinə təsəlli atdım.

 Demirəm, papağı yandırdım günə,
Demirəm, bulandım, içilməz oldum.
Körpələr axışdı çeşməm üstünə,
Mən də körpələrdən seçilməz oldum.

Bəli, Əli müəllim, özünün də dediyi kimi, papağı günə yandıran kişilərdən deyildi. O, məktəbi dəniz, sinif otaqlarını isə li­man bilib, məhz bu limandan dənizə çıxaraq işıqlı sabahlara doğru səfərə başlayıb. Və bu səfərdə heç zaman bədgüman, ümid­siz olmayıb, lə­pələr qoynunda ilhamı həmişə üzünə gül­dü­yün­dən sabaha daha coşqun inamla baxıb. İlham pərisi və pedaqoji fəaliyyətinə qarşı sonsuz sevgisi onu heç zaman yal­nız qoymayıb. Yazıb-yaradıb, uşaqlara elm, bilik verib, baş­lı­ca­sı isə onlara həyat dərsini öyrədib. Sinif otağında deyə bil­mə­diklərini şeirləri ilə deyib. Dərs dediyi şagirdlərin yaxşı mü­tə­xəs­sis olmaqdan öncə, yaxşı insan olmalarına çalışıb. Və buna nail olub. İstər pedaqoji sahədə, istərsə də bədii yaradıcılıqda uğurlarının başlıca səbəbi isə o olub ki, Әli müəllim söz xətrinə söz deməyib, sözü urvatdan salmayıb, onun qədir-qiymətini bilib. Yaradıcılığı ilə şəxsi keyfıyyətləri bir-birini üzvi şəkildə tamamladığından gənclər üçün bir nümunə, örnək olub.

Yetirmələrinin hər xoş sorağına sevinib, qürur hissi duyub. Bu, onun yaradıcılığında da öz əksini tapıb:

Şagirdlər yetirdim, uçub getdilər,
Getdilər Bakıya, təhsil almağa.
Şagirdlər yetirdim, gözdən itdülər,
Getdilər Amura körpü salmağa…

 Şagirdlər yetirdim, bağban oldular,
Şagirdlər yetirdim, çoban oldular.
Şagirdlər yetirdim, hara getdilər,
Hörmət qazandılar, insan oldular

Əli müəllim düz sözü deməkdən heç vaxt çəkinməyib, haq­sızlıqla üzləşəndə susmayıb. Bu keyfiyyət onun yaradıcılığında da öz əksini tapıb. Hələ Sovetlər ittifaqının qılıncının hər iki tə­rə­finin kəsdiyi vaxtda çoxları partiyaya mədhiyyələr yazanda Əli müəllim bir vətəndaş yanğısı ilə görün nə yazırdı:

Bizim çörəyimizlə neçə yad ölkə toxdu,
Niyə öz süfrəmizdə bir çürük qoz da yoxdu?
Körpələrin ahını gəlin selə döndərək,
Nifrətimizə qataq, Nikitaya göndərək.

O dövrü görmüş adamlar hökumətə qarşı belə sərt itti­hamlar irəli sürməyin nə demək olduğunu yaxşı bilirlər.

Yaddaşım yazılı kitaba dönüb,
Varaqlar tərpənər dodaqlar kimi.

– deyən Əli müəllim canlı salnamədir desək, yanılmarıq. Canından əziz bildiyi doğma Borçalının dünəni və bu günü haq­qında zəngin məlumata malikdir ki, bunlar eyni zamanda onun yaradıcılığında əksini tapır.

Xalqımızın bu gün üzləşdiyi problemlər onun şair qəlbini də narahat edir:

Əlimdə sazım ağlar,
Kövrək avazım ağlar,
Yaxam yaman əlində,
Baharım, yazım ağlar.

“Sıyrıl qılınc kimi birdəfəlik sən, a mənim millətim, tərpən yerindən”, – deyərək haray qoparır şair:

Ey odlar yurdunun ər oğulları,
İgid kişilərin nər oğulları,
Ayılın çağrışdan, oyanın səsdən,
Qızmış pələng kimi çıxın qəfəsdən.
Qalxın, əsir düşən dağlar başına,
Son qoyun Şuşanın qarlı qışına. 

Əli müəllim sabaha, millətimizin işıqlı gələcəyinə inamla baxır, böyük ümidlər bəsləyir. Çünki özü demiş:

Bir solmaz gülüm var  güllər içində,
Bir şirin dilim var dillər içində,
Bir halal əlim var əllər içində,
Vətənim Borçalı, milliyətim türk,
Xoşbəxtdir ellərim ellər içində.

Əli müəllimin yaradıcılığı və şəxsiyyəti haqqında çox da­nış­maq olar. Və mən inanıram ki, hələ bundan sonra onun barə­sində çox danışılacaq, çox yazılacaq. Artıq cismən ara­mız­da olmayan Əli müəllimə – şair Əli Səngərliyə Allahdan rəh­mət diləyərək hələlik bu yazını elə onun öz sözləri ilə tamam­layıram:

Bir qədirbiləndə müəllim Əli,
Bir qədirbiləndə Səngərli yaşar.
Ümmana qovuşar məhəbbət seli,
Xatirəm tarixi aşrımlar aşar…

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

 

Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

Əli SƏNGƏRLİ (1930).

ADU-nun filologiya fakültəsini bitirib (1957). Tələbə ikən antik yunan ədəbiyyatından etdiyi tərcümələrdən nümunələr (L.A.Senekanın “Fedra” dramı, R.Verqlinin “Melibey-Titir” dramı) “Xarici ölkələr ədəbiyyatı” dərsliyinə salınıb. Q.Qulamın, A.Seretelinin, L.Ukrainskayamn silsilə şeirlərinin də tərcüməçisidir. Faxralı orta məktəbində müəllim işləyib.

Əli Səngərlinin poeziyasının lirik, ictimai-siyasi, fəlsəfi olmaqla üç qanadı bütöv, vahid bir yaradıcılıqdır və bu üç qanadın hər biri ayrılıqda da bitkin poeziyadır; əksər misraların fikir yükü sadəlikdə poetik tapıntıdır, poetik tapıntının səmimiliyidir. Daha, doğrusu, Əli Səngərlinin yaradıcılığını şərtləndirən başlıca amillərdən biri sadəliklə poetik idrakın vəhdətidir.

Əli Səngərlinin lirik şeirlərində Vətən torpağının, bu anlamda Faxralının gözdoyduran gözəllikləri tərənnüm olunursa, ictimai-siyasi şeirlərində xalqımızın mübarizələrdə mətinləşmiş tarixi, bu tarixə şair ehtiramı – milli-xəlqi heysiyyət güclüdür. Lirik şeirlərində insanın, bu mənada təmsil elədiyi xalqın mənəviyyatına çöysüyən qara niyyətlərə üsyan edən xalqın səsinin ifadəçisi olan, “Sellərin-suların şivən etməsi”ndən heyrətlənən şair, haqqı tapdanan, azadlığı əlindən alınan bir xalqın bunca dözümünə təəssüflənir, heyrət edir:

Dəyişibdi salnamələr,
Babam yazan yazı hanı? (“Bağçasaray ”)

Bu və qəbil şeirlərin 70-ci illərdə yazıldığını nəzərə alsaq, Ə.Səngərlinin poeziyasının mübariz, çılğın poeziya olduğuna inam gətirirsən:

Dodağım – dişimi çeynədi,
Ürəyim – dərdimin göynəyi.
Göz yaşım – gözümün eynəyi,
Qollarım yurdumun boynunda. (“İmperiya”)

“Kirkirə” şeiri də şairin insanlara biganə münasibətinə – dövrün idarəçilik sisteminə, bu anlamda süründürməçiliyə qarşı harayıdır. Nə qədər ki işlək idi – qədir-qiyməti vardı, elə ki, gücü zəiflədi, yaşı ötdü kirkirə gözdən düşdü; Əli Səngərlinin şeirləri, kirkirənin prototipi olan insanın yaşantılarına heysiyyət sayğılarıdı, vətəndaş ağrısıdı. Əli Səngərlinin

Əli bir də oda yanmaz,
Hər gözəli gözəl sanmaz.
Çirkin sevsə də aldanmaz,
Sən çəkərsən haray, Dilbər! –

deyən bədii “mən”i həsrətin nə olduğunu canında-qanında duyur, hicran ağrılarını yana-yana yaşayır.

Əli Səngərli hər sözü öz poetik məqamında işlədən şairdir. Məhz buna görə də onun şeirlərində misraların fikir yükü ilə poetika, məzmunla dərin lirizm bir-birini qibtəediləcək dərəcədə tamamlay1r, onsuz da oxunaqlı, düşündürücü, yaddaqalan olan şeirin poetik məqamında dayanır, oxucunun fikir dünyasının poetik ülkərinə çevrilir…

Əkrəm Cəfər –  “Əli Səngərlinin “Şair ürəyi” adlanan şeiri adına layiq süjet ilə gözəl və mənalıdır. Kiçik bir şeirdə böyük mənalar!” 

Rəşid Faxralı “Əli Səngərlinin yaradıcılığı sadəliklə poetik idrakın vəhdətidir”.

 

Rəşid Faxralı – Ruhum canımda sıxılır (Əli Səngərliyə)

Canımda sıxılan ruhum,
Ulduza, Aya qovuşar.
“Qıpçaq Məlik”dən* bac alıb
“Bağçasaray”a* qovuşar.

“Qoca vələs”in* yuxusu,
Kipriklərimi yandırar.
“Bülbül”ün* ahı, naləsi,
Yetim sevgimi yandırar.

Göylər gözümdə dincələr,
Sözümün yalqız gecəsi.
Qələm ömrümə toy tutar,
Sevdamın “Payız gecə”si*.

* Əli Səngərlinin şeirləridir.

Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur