EL ŞAİRİ, EL ADAMI
İşmayıl Güllərin şeirlərindən nümunələrə buradan tanış ola bilərsiniz.
Dünyada heç də hər insanın ürəyi təmiz və böyük olmur. O insanların ürəyi təmiz və böyükdür ki, Allah-Təala onlara öz sevgisini, məhəbbətini heç vaxt əsirgəməyib. Daha doğrusu, insanın ürəyi böyük olanda onun dünyaya sevgisi də, istəyi də, arzusu da tükənməz olur. Ürəyin böyüklüyü insanın ən böyük xoşbəxtliyi, sadəliyi və səmimiyyəti deməkdir. İnsanlar kimliyindən asılı olmayaraq, o adamla ünsiyyət yaradır, dil tapır və az bir vaxtda həmin insanın ürəyinə yol açır. Belə insanlar az olsa da, həmişə var olub və olacaq.
Böyük ürək sahibi olan İsmayıl Güllər 1914-cü ildə Borçalı mahalının Faxralı kəndində dünyaya göz açıb. Təbii ki, bu el-obada elmə, təhsilə və bədii yaradıcılığa həmişə böyük maraq olub. Başqa sözlə demiş olsaq, Allah bu yurda əsrarəngiz gözəllik bəxş etməklə yanaşı, çox istədiyi insanlarına da qeyri-adi istedad verib. Həmin insanlardan biri olan İsmayıl Güllər 16 yaşında gecə kursuna gedir. Bir müddətdən sonra onu 5-ci sinifə qəbul eləyirlər. 7 illik məktəbi Faxralıda bitirir. Amma sonra daha böyük arzular arxasınca getmək istəyir və daha doğrusu, gedir. Və bu məqsədlə Lüksemburqdakı (indiki Bolnisidəki) xalçaçılıq kursuna gedir və oranı uğurla bitirir. Bir müddət xalçaçılıq idarəsində işləyir. Sonra yenidən təhsilini davam etdirmək üçün Borçalı Pedaqoji Texnikumuna daxil olur və oranı da uğurla bitirir, Faxralıya qayıdaraq Şahbuzlu ibtidai məktəbində müəllim işləyir.
Böyük filosof Nitşenin çox gözəl bir fikri var. O deyir: “İnsan qəlbinin ən yüksək qabilliyəti, məziyyəti xeyirxahlıqdır.” İsmayıl Güllər də harda işləməsindən, fəaliyyət göstərməsindən asılı olmayaraq, həmişə insanlara qayğı, məhəbbət göstərib. Elə bu nəvazişləri, istiqanlılığı da onu çoxlarına sevdirib.
Böyük Vətən Müharibəsi başlayanda o da vətənin müdafiəsinə çağırılır və əlinə silah alıb cəbhəyə gedir, orda ağır döyüşlərdə, ölüm-dirim mübarizəsində iştirak eləyir. Düzdür, müharibə böyük fəlakətlər gətirir, şəhərlər, kəndlər yerlə-yeksan olur, milyonlarla insanlar bu müharibənin qurbanına çevrilir. Müharibənin odlu-alovlu səngərlərində İsmayıl Güllər qanlı döyüşlərdə iştirak eləyir və qələbə gününü səbirsizliklə gözləyir. O günü görür və yenidən vətəninə qayıdır.
Təbii ki, oxumaq, öyrənmək və elm sahibi olmaq həmişə onun əsas məsləki və əqidəsi olur. Elə bu əqidə ilə də Tiflisdə A.S.Puşkin adına ikiillik Müəllimlər İnstitutunun Azərbaycan dili bölməsinə daxil olur. Ömrünün son anına kimi doğulub boya-başa çatdığı Faxralı kənd orta məktəbində müəllim işləyir.
İsmayıl Güllərin “şinelindən” çıxan ziyalılar çox olub. Onlardan biri də mənəm. Onun mənə xüsusi diqqəti və qayğısı olub. Sinif müəllimim olub. Qohumluqdan əlavə, həm də qonşu olmuşuq. Hər xırda uğuruma sevindiyinin dəfələrlə şahidi olmuşam. Faxralı toponomik adlarının mahir bilicisi, el nəğməkarı İsmayıl Gülləri həmişə minnətdarlıqla xatırlayıram. Səksən üç yaşında mənə şeir yazmasını isə şagirdinin uğuru hesab edirəm. Ruhun şad olsun, hörmətli müəllimim. Çalışıram həmişə etimadını doğruldum. Oxucular üçün maraqlı olduğunu nəzər alıb səksən üç yaşında mənə yazdığı şeiri bu yazıya əlavə edirəm.
Səməndər, belədir diləyim mənim,
Kişitək yaşasın, qocalsın bala.
Oğullar atanın gələcəyidi,
Atanın başında tac olsun bala.Sən özün oğulsan, mən də bir ata,
Səni mən öyrədib atdım həyata.
Şükür ki, çatıbsan belə büsata,
Şair meydanında bac alsın bala.Nəbinin nəvəsi, Faxralı eli,
Yaşasın, yaratsın, var olsun əli,
Kitablar bağlasın; sevinsin eli,
İstərəm hər yerdə ucalsın bala.Oğullar atanın göz nurasıdı,
Oğullar atanın göz qarasıdı,
Oğullar atanın yurd-yuvasıdı,
Tacını verməsin, tac alsın bala.Beş yüz əlli addan ilham almışam,
Səksən üç baharı yola salmışam.
İsmayıl Güllərəm, ta qocalmışam,
Özündən güclüdən güc alsın bala.
İsmayıl Güllər kimi insanlar həmişə həyatda qeyri-adiliyi, qabilliyyəti və istedadı ilə seçiliblər.
A.Bakıxanov yazır: “Əsl adam o adamdır ki, o şəxsi qüsurlarını özgədən yaxşı görür və öz qabiliyyətini əhəmiyyətsiz hesab edir”. İsmayıl Güllər kimi insanlar hər şeyi yaxşı görür, səhvlərini bilir, istedadı və zəkası ilə heç vaxt öyünmür. Bax, belə insanlar uzun müddət söz-söhbətlərdə, xeyir-şərdə yada düşür, xatırlanır.
İsmayıl Güllər həm də 5 övlad sahibi olub. İndi onların hər biri onun adına şərəf gətirir, əməlləri ilə onun ruhunu şad edirlər.
Görkəmli folklorşunas alimimiz Hüseynqulu Məmmədli 1993-cü il 14 oktyabr tarixdə “Oğuz eli” qəzetində “İsmayıl Güllər (Hüseynoğlu)” adlı məqaləsi ilə çıxış edərək, onun yaradıcılığından ətraflı söz açmışdır. Və ilk olaraq İsmayıl Gülləri respublika ədəbi ictimaiyətinə geniş təqdim etmişdir. 1998-ci ildə isə mən “Faxralı tək ağır elim var mənim” kitabıma İsmayıl Güllərin də şeirlərinin bir hissəsini daxil etdim. İsmayıl Güllərin 1998-ci ildə “Faxralının torpağıdır bu yerlər” adlı şeirlər kitabı işıq üzü görüb. (Tərtibçi gözəl ziyalı alimimiz İbrahim Əlizadədir)
İsmayıl Güllər 2003-cü ilin may ayında rəhmətə gedir.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.
Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından
İsmayıl GÜLLƏR (1914-2002).
1939-cu ildə Borçalı Pedaqoji Texnikumunu, 1956-cı ildə Tiflis Pedaqoji İnstitutunun dil-ədəbiyyai fakültəsini bitirib. 1940-cı ildən 1990-cı ilə kimi Gürcüstanın Kaspi rayonunda, sonra Faxralı orta məktəbində müəllim işləyib. “Faxralının torpağıdır bu yerlər” kitabının (B. 1998) müəllifidir.
Şeir duyğudur, duyumdur. Hər şeir duyğuya, duyuma dönüb ürəklərə yol tapa bilmir. İsmayıl Güllər oxucu ürəyini misra-misra telləndirən şairlərdəndir. O, el ağsaqqalı kimi öyüdlərini, məsləhətlərini söz qədri bilənlərə poetik şəkildə elə kövrəkliklə aşılayır ki, istər-istəməz sözün ilahi gücünə bir daha inanırsan, şair kəlamını şəbnəm əvəzi duyğularına çiləyirsən.
İ.Güllər xalq ruhunda yazıb-yaradan şairdir. Onun qoşmaları, gəraylıları ata öyüdü, ağsaqqal məsləhəti kimi oxucunun (saz üstündə oxunanda dinləyənin) qanına hopur.
Onun özünəməxsus təşbehləri heyrətamizdir: “Gözlər məşəl kimi yanır”, “Görünəndə ocaq köz-köz gülsün”, “Göz yaşını yellər quruda bilməz” və s. Yaradıcılığının əsas aparıcı xətti torpaqsevərlikdir, yurdsevərlikdir. Bu sevgi özünü “A dağlar”, “Bizim dağlar”, “Bu yerdə” və başqa qoşmalarında, gəraylılarında daha qabarıq şəkildə göstərir. Bu nümunələr, özünün dediyi kimi, tərlan xislətlidir. Onlar həqiqətən də ürəkdən-ürəyə köçür:
Payızda yarpaqlar saralıb gedər,
Durnalar məkana yol alıb gedər.
Qışda yer üzünü qar alıb gedər,
Baharda ətrini saçar, dayanmaz.
İ.Güllər sevgidən yazanda cavanlığını, nəsihət eləyəndə ağsaqqallığını təsdiqləyən sairdir. 0, dünyanın işləkləri görəndə qəzəbini, nifrətini də poetikləşdirə bilir:
Xam atlarım yad ellərə qovuldu,
Baş açmadım təhərindən dünyanın…
İsmayıl Güllərin şeirlərinin ünvanı duyan ürəklərdir. Onun gəraylıları, qoşmaları oxucu duyğularına sığal çəkir, oxucu ürəyini kövrəldir, düşündürür – ən azı yurda bağlılığı ilə, hər misrasında el-oba sevgisi duyulduğuna görə.
Mənbə: Rəşid Faxralının “Oğuz eli Faxralı” kitabından