Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Alqazaxlar. Yaşlı qocaların dediyinə görə, vaxtilə Kürün sahilində kiçik kənd olmuş, Kür çayının daşması nəticəsində dağılmış, burada yaşayan tayfaların bir hissəsi Borçalıya Faxralı kəndinə köçmüş və tarixi tayfa adını saxlamışdır.

Rəvayətə görə Vaqif, Səməd Vurğunun ulu babası, Şəmkirli Aşıq Hüseyn bu tayfadan olmuşlar. Mərhum Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov “Mənim qardaşım” adlı romanında bu barədə ətraflı məlumat verir.

Faxralıda olan Alqazaxlar tayfasının nümayəndələri XX əsrin əvvəllərinə kimi Qazaxdakı qohumları ilə yaxından əlaqə saxlamış, gediş-gəlişləri olmuş, sonralar bu əlaqələr tamam kəsilmişdir.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

Alqazaxlar ayrıca məhəllə-kənd kimi induki Qazax rayonunun ərazisində, Kürün sahilində yaşayırdı. Bu nəsli at belindən endirib ələdüşməz təbii şəraitə malik olan bu yerlərdə məskunlaşdırmağa, ocaq çatıb kənd olmağa geniş otlaqlar, suyu diş donduran bulaqlar, əkin-səpin üçün yararlı torpaqlar… meyləndirib.

Onlar məcrası Kürə darlıq eləyənə kimi – XVIII əsrin ortalarına kimi bir elat, bir kənd olaraq Kürün sahilində xoş güzəran yaşayıb.

Sel, daşqın bu kəndi də pis günə qoyub, kəndi “silib, süpürüb”. Evsiz-eşiksiz qalan Alqazaxlıların ağsaqqalı məsləhət görüb ki, burdan köçmək lazımdır, daha buralar qalmalı, yaşanılmalı yer deyil. Nəsil ağsaqqalın məsləhətinə boyun əyir, alqazaxlılar üzü Borçalıya gəlir və Alqaxlılar nəsli beləcə Faxralıda məskunlaşırlar.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

 

Nəslin şəcərəsi

Bu şəcərə, nəslin nümayəndəsi Almaz Müxtər oğlu Hüseynovun (Çırtoylar) dedikləri əsasında hazırlanmışdır:

Mənbə :  Redaktordan

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur