Nəsil barədə Hüseynqulu Məmmədlinin qeydləri

Ağsaqqallar nəql edirdilər ki, Qaraçöp kəndinin Alı (Məsimalı) adlı sakini düşmənçilik zəminində baş verən hadisədən sonra doğma yurdunu tərk edib Faxralıya pənah gətirib. Ilk illərdə onun bəxti burada da gətirməyib. Təsadüfən qonşu kənddən olan bir nəfərlə savaşır, nəticədə həmin adamı da silahla öldürür.

Çarın divanından yayına bilməyən Alı kişi Rusiya-Türkiyə sərhədlərinə yaxın əraziyə sürgün edilir. Bir müddət qapalı həbsxanada saxlanıldıqdan sonra sürgün yerini tərk etməmək şərti ilə azadlığa buraxılır və çobanlara köməkçi göndərilir. Öz qorxmazlığı və mərdliyi ilə diqqəti cəlb edən Alı tezliklə hamının etimadını qazanır və ona böyük qoyun sürülərini etibar edirlər.

Dumanlı-çiskinli günlərin birində bir neçə nəfər Alını öldürüb sürünü ələ keçirmək məqsədilə ona hücum edir. İtlərin hürüşməsindən duyuq düşən Alı cəld hərəkət edərək hücum edənləri beşatılanın atəşi ilə qarşılayır. Atışma xeyli çəkir, basqınçıların biri ciddi yara alaraq yerindəcə qalır, digərləri isə atlarını çaparaq arada çıxırlar. Sonra məlum olur ki, hücum edənlər Türkiyə tərəfindən keçiblərmiş. Məqsəd Alının otardığı sürünü nəyin bahasına olur-olsun ələkeçirib o tərəfə adlatmaq imiş.

Çox keçmir, baş verən hadisə Tiflisə də məlum olur. Göstərdiyi şücaətə görə qubernator Alını bağışlayır, üstəlik olaraq onu Gümrü ətrafındakı 3 kiçik kəndə katta təyin edilməsi haqqında göstəriş verir. Beləliklə bir müddət burada yaşayandan sonra Alı dörd öğlunu – Musanı, Paşanı, Məsimi və Alverdini də götürüb Faxralıya qayıdır. Bu hadisə təxminən 1765-1770-ci illərdə baş vermişdir.

İndi Amaşlı nəsli (el arasınada Amaşdı da deyirlər) Paşanın, Məsim öyü Məsimin, Zurablı Musanın, Alverdi öyü isə Alverdinin nəvə-nəticələridir.

Mənbə : Hüseynqulu Məmmədli (Məmmədov) – “Görüm Faxralının biri olsun beş…”

 

Nəsil barədə Rəşid Faxralının qeydləri

Alı Qaraçöpdə yaşayırdı. Qeyrətli, mərd, cavan idi. XVIII əsrin qırxıncı illəri onun da kəsərini saxlayan qılıncında çox “daranmışdı”… Günlərin birində Alının əlindən xəta çıxır; xeyirdə-şərdə çiyin-çiyinə dayandığı yoldaşlarından biri ilə sözləri çəp gəlir. Münaqişə böyüyür. Axırda şəri qılınc kəsir, Alının, “əli qana batır”.

Elin sözüötgün kişiləri, ağsaqqalları nə illah edirlərsə araya barışıq sala bilmirlər. Həmişə qanı-qanla yuyan Qaraçöpdən köçməyə məcbur olan (ölən arxalı nəsildən idi) Alı,  haqqında xoş sözlər eşitdiyi Faxralını seçir…

Kim nə deyir desin, qəriblik ağırdı, hər ürək bu ağır yükü çəkə bilmir. Alının eyni açılmırdı. Bir il ona ömür qədər uzun görünmüşdü. Özünə qapalıb olan-qalan davarını becərir, alababat bir güzaran yaşayırdı… Faxralıda münasibət saxladığı cavanlar onu da qonşu kəndə toya aparırlar. Alının xəyalları Qaraçöpü “əriş-ağac eyləyir”. Qəlbi kövrəlir. Qaraçöpün toylarında qol götürüb oynadığı, qurşaq yapışdığı toyları xatırlayır, qan tökdüyü günü lənətləyir. Və… şəstlə meydançıya yaxınlaşır.

Kəndin dəli-dolu cavanları onun belə mərdanə gəlişindən cırnaşırlar. Söz-söhbəti xəncər tamamlayır. Alı xəncərini “ağzını Allah yoluna qoyan” cavanın qarnına soxur. Alını divana çəkirlər. Onu qazamata salırlar. Gümrüyə göndərirlər… Cəza müddəti başa çatdıqdan sonra bu ətraflarda qalmağı qərara alır…

Alı çobanıydı. Ona etibar olunmuş davarı göz bəbəyi kimi qoruyurdu. Kiçik bir qaçaq-quldur dəstəsi Alının otardığı sürünü ələ keçirmək istəyir.  İtlər Alını duyuq salır: Alı talançıları atəşlə qarşılayır, biri ölür… Alı bu ölüm hadisəsinə görə cəzəlandırılmır. “Qubernator onu Gümrü ətrafında 3 kəndə kattda təyin edir” (H.Məmmədlinin “Görüm Faxralının biri olsun beş…” kitabından).

Alı bir neçə ildən sonra ailəsi ilə (oğulları – Musa, Məsim, Paşa, Alverdi) Faxralıya qayıdır, təxminən 1765-1770-ci illərdə Amaşdı (Amaşdı, Məsimöyü, Zuraflı, Alverdiöyü) Faxralıda məskunlaşır.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”

 

Redaktorun qeydləri

Bu nəsilin tarixi kökü Qarabağdan başlayır. Yəni, Cəlilli nəsli Gürcüstanın Qaraçöp kəndinə Qarabağdan köçüblər. Hal-hazırda Qaraçöpdə Cəlilli nəsli böyük bir nəsil kimi tanınır. Eyni kökdən olmalarına baxmayaraq bu nəsildə aşağıdakı müxtəlif soyadlardan istifadə olunur:

  • Amaşlı – Soyadlar: Amaşov, Hüseynov, Qasımov
  • Alverdi öyü – Soyad: Qarayev
  • Məsim öyü – Soyad: Məsimov
  • Zurablı – Soyad: Musayev

Aşağıda nəsilin ağbirçəyi olmuş Ayna Məmmədhüseyn qızının məlumatları əsasında nəslin şəcərəsi hazırlanmışdır:

 

 

 

 

.

Mənbə: REDAKTORDAN

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur