XVI əsrin axırlarında Türkiyə-İran müharibəsi türklərin qələbəsi ilə nəticələndi. Azərbaycan növbəti ərazi itkisinə məruz qaldı. Türkiyə dövləti bu ərazini inzibati cəhətdən bir neçə paşalığa, sancağlığa böldü. Əhalinin çətin güzəranı daha da ağırlaşdı. Belə ki, türk feodalları camaatdan ağır vergilər toplayır, “qara gün” üçün saxlanılan “qəpik-quruşa”, “bir-iki put buğda”ya tamah salırdı, məhrumiyyətlər tüğyan edirdi.
XVII əsrin əvvəllərində Gürcüstanda torpaq sahibləri – Tavadlar torpaqlarını müvəqqəti icarəyə verir, bunun müqabilində az miqdarda vergi alırdılar. Bu haqda Azərbaycanın Türkiyəyə qismət olmuş torpaqlarında yaşayanların da məlumatı vardı. Başqaları kimi Qaradonluda yaşayan Əli (Alı) və Hüseyn qardaşları da Borçalıya köçməyi qərar alır, nə qədər ağır olsa da doğma yurdun ocaq daşlarını ağlar qoyub yola çıxırlar. Onlar əvvəlcə Molla Əhmədli təpəsinin yaxınlığında ocaq çatıb yurd olurlar. Illər keçdikcə bu həndəvərlər qardaşların mal-qarasına da, davarına da darlıq edir, Alı və Hüseyn Haça qayanın ətəklərinə köçür.
Alı və Hüseyn qardaşları ilə İmirhəsənlilər arasında münaqişə düşür və onlar indiki Faxralının ərazisinə köçürlər.
Alının oğlu Mahmudalının qəbri İmirhəsən qəbristanlığında indi də qalmaqdadır.
Faxralının ərazisinə gələn bu qardaşların törəmələri sonralar iki şəcərə üzrə tanınır: Alıdan törəyənlər Koxallılar, Hüseyndən törəyənlər isə Dərgahlılılar kimi tanınır.
1801-ci ildə Gürcüstan Rusiyaya ilhaq olundu. Gürcüstanda kəndləri idarə edənlər “koxa” adlandırılırdı. Faxralıda bu vəzifəyə, əsasən, Alının sələfləri – sonralar Koxallılar adlandırılacaq nəslin nümayəndələri təyin edilirdi. Koxallılar – Koxa Alılar soyadı bunula bağlıdır.
Alı və Hüseyn qardaşları kəndin aşağı hissəsində yurd olmuşdu. Onun altı övladından beşi sonralar məhəllə darlıq etdiyindən kəndin yuxarı hissəsinə köçür, sonbeşik Qurban isə yurdda qalır. Bu səbəbdən Koxallılar Yuxarı Koxallı və Aşağı Koxallı adı ilə tanınır.
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”, Bakı – 2002.