XVI əsrin axırlarında Türkiyə-İran müharibəsi türklərin qələbəsi ilə nəticələndi. Azərbaycan növbəti ərazi itkisinə məruz qaldı. Türkiyə dövləti bu ərazini inzibati cəhətdən bir neçə paşalığa, sancağlığa böldü. Əhalinin çətin güzəranı daha da ağırlaşdı. Belə ki, türk feodalları camaatdan ağır vergilər toplayır, “qara gün” üçün saxlanılan “qəpik-quruşa”, “bir-iki put buğda”ya tamah salırdı, məhrumiyyətlər tüğyan edirdi.
XVII əsrin əvvəllərində Gürcüstanda torpaq sahibləri – Tavadlar torpaqlarını müvəqqəti icarəyə verir, bunun müqabilində az miqdarda vergi alırdılar. Bu haqda Azərbaycanın Türkiyəyə qismət olmuş torpaqlarında yaşayanların da məlumatı vardı. Başqaları kimi Qaradonluda yaşayan Əli (Alı) və Hüseyn qardaşları da Borçalıya köçməyi qərar alır, nə qədər ağır olsa da doğma yurdun ocaq daşlarını ağlar qoyub yola çıxırlar. Onlar əvvəlcə Molla Əhmədli təpəsinin yaxınlığında ocaq çatıb yurd olurlar. Illər keçdikcə bu həndəvərlər qardaşların mal-qarasına da, davarına da darlıq edir, Alı və Hüseyn Haça qayanın ətəklərinə köçür.
Alı və Hüseyn qardaşları ilə İmirhəsənlilər arasında münaqişə düşür və onlar indiki Faxralının ərazisinə köçürlər.
Alının oğlu Mahmudalının qəbri İmirhəsən qəbristanlığında indi də qalmaqdadır.
Faxralının ərazisinə gələn bu qardaşların törəmələri sonralar iki şəcərə üzrə tanınır: Alıdan törəyənlər Koxallılar, Hüseyndən törəyənlər isə Dərgahlılılar kimi tanınır.
1801-ci ildə Gürcüstan Rusiyaya ilhaq olundu. Gürcüstanda kəndləri idarə edənlər “koxa” adlandırılırdı. Faxralıda bu vəzifəyə, əsasən, Alının sələfləri – sonralar Koxallılar adlandırılacaq nəslin nümayəndələri təyin edilirdi. Koxallılar – Koxa Alılar soyadı bunula bağlıdır.
Alı və Hüseyn qardaşları kəndin aşağı hissəsində yurd olmuşdu. Onun altı övladından beşi sonralar məhəllə darlıq etdiyindən kəndin yuxarı hissəsinə köçür, sonbeşik Qurban isə yurdda qalır. Bu səbəbdən Koxallılar Yuxarı Koxallı və Aşağı Koxallı adı ilə tanınır.
Mənbə : Rəşid Faxralı – “Oğuz eli Faxralı”, Bakı – 2002.
Koxallı nəslinin şəcərəsi
Müşgünaz Əsədullah qızının Koxallı nəsli barədə yazdığı şeir
Bu şeirdə təxminən 240-250 il öncə Gürcüstanın Borçalı mahalının Faxralı kəndində məskunlaşan Koxallı nəslindən olan şəxsiyyətlər əks olunur.
Müşgünaz xanım həm yaşlı insanlardan eşitdiklərini, həm də özünün şəxsən gördüyü və tanıdığı, hazırda həyatda olmayan və hər hansı işi ilə yaddaşlarda qalan koxallılardan bəhs edir.
Koxallının qoy keçmişi
Düşsün dastana, deyirlər,
Kişiləri inam edib,
Gələn zamana, deyirlər.
Çox kəndlərdə məktəb açıb,
Keçib gümana, deyirlər.
Çalışaraq təhsil verib,
Hər bir cavana, deyirlər.
Elm oxuyan hər bir kəsi,
Dönüb loğmana, deyirlər.
Faxralıya Alı kişi
Köçüb, kənddən güc alıbdır.
Evlər tikib, yurd şenəldib,
Adlı-sanlı ucalıbdır.
Sonra kənddə koxa olub,
Bu adla da qocalıbdır.
İstiqanlı, qohumcanlı
Tayfasına tac olubdur.
Nəslinə də ad qoyulub,
Haqqı adına, deyirlər.
Qazı Axund Ələsgər bəy,
Ruhanilər sədri olub.
Təhsil alıb İstanbulda,
Həyatından razı qalıb.
Haqsızlığa divan tutan
Ədalətli qazı olub.
Övladları, nəvələri
Hər vaxt ondan dərslər alıb.
Su gələn arxdan su gələr,
Axar ümmana, deyirlər.
Həbib bəyi çox savadlı,
Faxralıda məktəb açıb.
On altı kəndin uşağı
Bu məktəbdə təhsil alıb
Tibb eliminə sahib olub
Neçə-neçə dillər bilib.
Oxuduğu kitabları
Başqa dillərə çevirib.
Qoy adına kitab çıxsın,
Çatsın hər yana, deyirlər.
Mirzə Riza bəy olubdur.
Ona inam bağlayıblar.
Zəmanəsi dəyişsə də,
Vəzifədə saxlayıblar.
Gürcüstanda nazir olub,
Hər işini yoxlayıblar.
Koxallıya kəc baxanlar
Yaş axıdıb ağlayıblar.
Kəlmələri qılınc kimi,
Qan alıb qana, deyirlər.
Vəzifədə hər bir işi,
Sözlərinin düzü olub.
Hər bir işə cavab verən
Savadında yazı olub.
Haqsızlığı götürməyib,
Qaçqınlığa razı olub.
Zəmanəylə düz gəlməyib
Qərar verən özü olub.
O, oğulu Hidayətlə.
Köçüb Osmana, deyirlər.
Çox savadlı Hidayət bəy
Vəzifəyə tez keçmişdi.
Türkiyədə nazir olub,
Şan-şöhrəti bilinmişdi.
Ad götürən Ələsgər də
Bir vəzifə götürmüşdü.
Saymaz olan bu cavanı
Namərd qətlə yetirmişdi.
Vəzifədə, iş üstündə
Qəsd olub ona, deyirlər.
Əməksevər İmirzalı
Gələcəyə çox inanıb.
Xəmmədlidə yurd salıbdır,
Var dövləti özü yığıb.
Hökümət də dağılanda,
Onun sərvəti dağılıb.
Öz zəhmilə, qeyrətilə,
Düşməninə çox sərt olub.
Sonda onun həyatı da
Düşüb dərmana, deyirlər
Var-dövlətli Məhəmməd də
Qeyrətindən ad-san alıb.
Faxralıda bulaq çəkib,
Adı tarixə yazılıb.
Mahmudalı öz xərcilə
İki tağlı körpü salıb.
Körpü tikmək, yol çəkməklə
Səməd kişi də ucalıb.
Bu kişilər ömək olsun.
Hər bir cavana, deyirlər.
İsrafil bəy rəhbər olub
Elinin sultanı kimi.
Gedib qohumun uğrunda,
İsmayıl qurbanı kimi.
Əhmədalı yollar keçib,
Ərəsət divanı kimi.
Adına kitab yazılıb
İtalyan aslanı kimi.
Partizan olub, ad alıb,
Çatıb Almana, deyirlər.
Seyfullah da çox təhsılli,
Oz nəslinin kamalıydı.
Pis zamanda yaşadı o,
Böyük adlar almalıydı.
Məhəmmədəli rayonda,
Vəzifədə qalmalıydı.
El-obaya kömək olmaq
Saf ürəkdən amalıydı.
Öz yurdundan köçkün düşdü,
Dözmədi ona, deyirlər.
Qara Söyün igid kimi,
Eldə varıydı hörməti.
Dara düşən qohumlardan,
Əsirgəməzdi sərvəti.
Sözü kəskin, mərd bu insan,
Kökdən alıbdı qeyrəti.
Həsənin də körpəlikdə,
Gətirməyibdi qisməti.
Biliyilə qalib gəldi,
Çətin zamana, deyirlər
Müharibə illərində
Yolçu odlu yoldan keçib.
Sağ-salamat qayıdıbdır,
Qisməti xaliqdən keçib.
Elm oxuyub alim olub,
Bu da ona gendən keçib.
Yaxınlara böyük kimi,
Qohum-qardaş onu seçib.
Köçüb böyük işlər üçün.
Azərbaycana, deyirlər.
On cəbhədə Həsənəli
Bir qolunu verib qurban.
Müharibədən qayıdanda
Küsməyibdir həyatından.
Oxuyaraq nail olub
Alimliyə çox zəhmətnən.
Kədəri də, sevinci də
Bəxş eləyib ona zaman.
Bu ziyalı töhfə vermiş,
Elmi qanana deyirlər.
Mehriban Əli müəllim
Təhsilini vurub başa.
Olub elmlər namizədi,
Diplomunu alıb qoşa.
Həyatıyla fəxr eləyib,
Zamanla cıxıb savaşa.
Hər bir kəsə əziz olub,
Taleyi də dəyib daşa.
Sevənlərin ürəyini
Salıb dumana, deyirlər.
Bildiyimi tapıb yazdım,
Yaddan çıxan çoxdu hələ.
Keçmişimiz qaranlıqdır,
Gedəmmədim dərinliyə.
Gələcəyə ruh verənlər
Yaddaşlardan silinməyə.
Müşgünazın yazdığına
Heç kəs də şübhə etməyə.
Ağac kökdən boy atanda,
”Əhsən bağbana!”- deyirlər.
Koxallı nəslinin maarifpərvər ziyalıları
Sizlərə 20-ci əsrin əvvəllərində Faxralı kəndinin maariflənməsində böyük rol oynayan Koxallı nəslinin ziyalılarını təqdim edirik: