Qıcılar XVII əsrin ikinci yarısına kimi indiki Tovuz rayonunun Şəmşəddin mahalının Güvənlikli kəndində yaşayıblar. Onlara Şəmsədnlilər də deyilir. Onlar beş qardaş olublar: Əhməd, Abbas. Məhəmməd, Nəcəf, Paşa, Seyid. Bir gün Əhməd çöldən qayıdanda yolunu qaynatası evindən salır. Hamını pəjmürdə görür. Maraq onu üstələyir: “Nədi, nooluf?”.

Qaynata əvvəl-əvvəl sualdan yayınmaq istəyir. Əhməd əl çəkmir. Kişi naəlac qalıb qanqaraçılığına səbəb olmuş hadisəni danışır. Sən demə, Əhmədin nişanlısı kəhrizdən su gətirəndə kəndxudanın – Yaqub ağanın oğlu Hasan onu görür, qıza gözü düşür, dilini dinc saxlaya bilmir, başından yekə qələt eyləyir:

– Sənin kimi sənəm ayağı patavalı bir rəiyyətə yem olmamalıdı, sən ağa-bəy evinə layiq gözəlsən!

Qız heç nə demir. Evə çatanda Hasanın dediklərini anasına anladır. Anası da hadisəni ərinə danışır…

Əhməd həmin gecə səhəri dirigözlü açır. Gün qızaranda kəndin içinə çıxır. Gözləri ölümünə fitva verdiyi adamı arayır…

Əhməd Hasanı da, darğanı da öldürür və meşəyə çəkilir. Evlərinə adam göndərir ki, qardaşlarını hadisədən hali etsin.

Qardaşlar əvvəlcə Borçalının Daşlıqullar, sonra isə Qoçulu elində məskunlaşırlar.

İndi Rəncbər adlanan ərazidə yaşayan tavadın qızının Əhmədə gözü düşür. Əhməd bu işə qol qoymur. Tavadın qızı Yaqub ağanın qisas almağa gəlmiş adamları ilə əlbir olub onu öldürtdürür…
Abbas isə “Haça qaya”nın ətəyində yurd salır. Bir dəfə Abbas vəl üçün Şalvızoğlunun evinə gedibmiş. Şalvızoğlunun gözü Abbasın atını tutur. Beş-on gündən sonra oğlunu Abbasgilə göndərir. Gələn atlı salam-kalamdan sonra mətləbini bildirir: “Faxralıdan Şalvız oğlu Söyünün oğluyam. Sənin atanın sorağı ilə gəlmişəm. Gəl atlarımızı dəyişək.” Abbas əlüstü razılaşmır, “Fikirləşərəm”, – deyir. Sabaha vədələşirlər. Səhərisi gün Abbas atına süvar olub Şalvızoğlunun evinə gedir. Xatadan olan kimi həmin vaxt evdə başıpapaqlı olmur. Şalvızoğlunun əyalı Məpəri qonağın mətləbini bilib dillənir: “Qoy gedib anama deyim, görüm nə deyir”. Abbas gülümsünür: “Mən qadın xeylağı ilə alver eləmərəm”, – deyərək qayıdıb gedir. Axşam Abbasın gəlişini, dediyi sözləri Şalvızoğluna çatdırırlar. Şalvızoğlu demisini tüstülədib pıçıldayır: “Namuslu adammış”.

…Şalvızoğlu qızı Gözəli Abbasa verir, ona yurd yeri də ayırır. Şalvızoğlunun qızı qırçınlı don geyinərmiş. Ona hamı “Qırçınlı qız”, “Qırçınlı” deyərmişlər. Zaman-zaman bu adla çağrılıb gəlin. Və Abbasın törəmələri Abbas öləndən sonra “Qırçınlılar – Qıcılar” kimi tanınmağa başlayıblar.

Mənbə : Rəşid Faxralı –  “Oğuz eli Faxralı”, Bakı – 2002.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur