Afiq Faxralı (müğənni)

Ecazkar səsin sehri

Min illərdir ki, bütün xalqlar öz mədəniyyətlərini, ədəbiyyatlarını, musiqilərini yaradıb, inkişaf etdirib, nəsildən-nəsilə ötürərək bu günlərə miras qoyublar. Ona görə də hər bir xalqın yaşayış tərzi, adət-ənənəsi, psixologiyası, sevinci-kədəri bu yaradıcılıqlarda aydın surətdə görünməkdədir. Xalqın həyatını özündə qabarıq hiss etdirən bu sənətlərdən biri də musiqi sənətidir.
Bütün xalqlar kimi Azərbaycan xalqının da özünəməxsus musiqi sənəti var. Ana südü ilə qanımıza-canımıza hopmuş, Ana laylası ilə ürəyimizə işləmiş Azərbaycan musiqisi də azərbaycan xalqının həyat tərzinin, mənəviyyatının parlaq güzgüsüdür. Əgər bir xalqı tanımaq istəyirsənsə, onun musiqisini dinlə. Onda biləcəksən ki, bu xalq hansı keyfiyyətə malikdir. Bu səbəbdən irəli gəlir ki, dünyanın hansı yerində olursa-olsun millətindən, irqindən asılı olmayaraq yaxşı musiqi ürəklə dinlənilir. Bu istək-məhəbbət yalnız musiqiyə deyil, bu musiqini yaradan xalqa və onu yaradan sənətkarlaradır. Bu baxımdan qədim Borçalı mahalı yetişdirdiyi insanlarla həmişə fəxr edə bilər. Çünki bu torpağın dünya elminə, ədəbiyyatına, fəlsəfəsinə, musiqisinə bəxş etdiyi övladları həqiqətən öz fəaliyyətləri ilə həmişə dünyanın gözünü qamaşdırıb. Musiqi sənətinin formalaşmasında Borçalı mahalının öz payı, öz xidmətləri var. Tanrı bu diyara təbiətə xas olan bütün gözəlliklər verməklə yanaşı, bu diyarda yaşayan insanlara gözəl istedad və səs də veribdir. 1966-cı ildə çoxlu musiqi karifeyləri yetirən Ulu Borçalı mahalında yeni bir istedad, yeni bir səs, bir nəfəs göyərməyə başladı. Borçalı mahalında Faxralı kəndində bülbüllərin naləsiylə, suların zümzüməsiylə, bir sözlə təbiətin min bir gözəlliyindən ilham ala-ala bir istedad böyuyürdü- Afiq Firuddin oğlu istedadı. Bəlkə uşaqkən hiss etmirdi bu istedadı. Lakin özündən asılı olmadan o istedad onu bu gün Afiq Faxralı etdi. Bu gün hamının hörmətini qazanan Afiqin özünü də, səsini də xalq sevir, dəstəkləyir. Afiq Faxralı bu gün yüksək səhnə mədəniyyətinə, coşqun daxili ehtirasa, emosional duyğulara malik ifaçı kimi qəbul olunur, sevilir, dəyərləndirilir. Yeri gəlmişkən Afiq Faxralı həm də bəstəkar kimi, 20-yə yaxın mahnının müəllifidir. Onun repertuarında “Faxralım”, “Ay Mirzə dayı”, “Qara donnu”, “ Səbinə” və s. bu kimi populyar mahnılar bu gün toylarımızın şah əsərləri hesab olunur. Onun səsinə dərindən qulaq asdıqca elə bil yerin təkindən, qayalardan, daşlardan süzülüb gəlir, dumduru-bulağın gözü kimi. Afiqin bu səsi xalqımızın sərvətidir, bu sərvəti qorumaq və qiymətləndirmək lazımdır. Afiq Faxralın rəhbərlik etdiyi “Faxralı ansamblı”nın bir ayağı Azərbaycanda, bir ayağı Borçalıda, bir ayağı Rusiyada el şənliklərindədir. Bu da ondan irəli gəlir ki, Afiqi bütün dünya azərbaycanlıları sevir, qəbul edir.
Afiq Faxralının istedadına güvəndiyim, zəhmətsevərliyinə əmin olduğum üçün inamla deyirəm ki, bu sevimli sənətkar qarşıdakı illərdə də özünün yaradıcılıq səhifələrinə yeni-yeni naxışlar əlavə edəcək. Mən isə öz növbəmdə Afiq Faxralıya üzümü tutub deyirəm: Səsinə qüvvət eloğlu!

Çingiz Haley oğlu Qasımov.
07.03.2018.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur