Ənvər Allahyar oğlu Qasımov

LAYİQLİ VARİS

Doğma Faxralımın ləyaqətli ovladları haq­qında hər dəfə yazı yazanda qəlbim qürur hissi ilə döyünür. Elə bu yazını da böyük məhəbbətlə qələmə alıram. Amma burada bir şeyi də etiraf edim ki, Ənvər haqqında yazmağa başlarkən də eyni qurur hissini duymaqla yanaşı, bir qədər fərqli hisslər də yaşadım. Xəyal məni bir qədər əvvəllərə apardı və bu məqamda beynimdən varislik və varislər haqqında düşüncələr keçdi. Ənvərin nəsil şəcərəsi – babası Niyazi və atası Allahyarı xatırladım. Vaxtilə onlar haqqında da ürək sözlərimi demişəm və hər ikisi haqqında olan yazım bu kitabda da yer alır. Bu mənada, mənim yazılarımda da varislik ənənəsi qorunub: əvvəlcə babadan, sonra atasından yazmışam, indi isə özündən yazıram. Bu varislik məsələsini yalnız öz yazılarıma görə xatırlamadım. Ənvər mənsub olduğu nəsil şəcərəsinin layiqli varisidir. Onun babası Niyazi Qasımov haqqında yazdığım yazıda belə bir məqam var: “…Kim nə deyir-desin, hər bir insanın əsli-kökü və nəsli-nəcabəti olmalıdır. O insanın ki, damar­la­rın­dan axan qan təmiz olur, duru olur, hə­min insanlar həmişə xalq, millət üçün çox­larının görə bilmədiyi işləri həyata keçirirlər”.  Həmin yazıya belə bir sərlövhə qoymuşdum: “Ot kökü üstə bitər”. Bu, həqiqətən belədir və ləyaqətli nəslin layqli davamçılarının şəxsində bu məlum həqiqət bir daha öz təsdiqini tapır.

…İkinci Dünya müharibəsi başlayanda Ənvərin babası Niyazi Qasımov 10-cu sinifdə oxuyurdu və elə məktəb partası arxasından da birbaşa cəbhəyə yola düşüb, Taqanroq diviziyasında alman faşizminə qarşı vuruşub, döyüşlərdən  üzüağ çıxıb. Döyüşən ordudan tərxis olun­duqdan sonra doğma Faxralıya qayıdıb, ailə qurub, xalqımıza başucalığı gətirən, canında-qanında xalq məhəbbəti, millət sevgisi gəzdirən övlad­lar böyüdüb, elin xeyirində-şərində yaxından iştirak edib.

Niyazi Qasımovun oğlu, bu yazımın qəhrəmanı Ənvərin atası Allahyar Qasımov da heç kimə bənzəməyən, özünəməxsus iç dün­yası olan bir insan idi,  hər yerdə özünəmxsusluğu ilə seçilirdi. El-obasına bağlı, xeyirxah, köməyə ehtiyacı olanlara əl tutan, həyan duran, arxa-dayaq olan eloğlu idi. Elə buna görədir ki, həyatdan vaxtsız köçsə də, bu gün könüllərdə yeri var.  Özü bu gün həyatda olmasa da, övladlarının və nəvələrinin ömründə yaşayır, ellilərinin xatirində, dostla­rının ürəyində, qədirbilən həmvətənlərin qəlbində yaşa­yır, tarixdə yaşayır. Özündən sonra  Ənvər kimi layiqli oğul qoyan atanın mənəvi ömrü fiziki ömründən qat-qat uzun olur.

Ənvər Allahyar oğlu Qasımov 1978-ci il sentyabrın 15-də Bakıda anadan olub. 1994-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki İqtisad Universitetinin) Mühasibat uçotu və audit fakultəsinə daxil olub. 1998-ci ildə həmin ixtisas üzrə bakalavr pilləsində təhsilini başa vurub. Bununla kifayətlənməyərək, təhsilini davam etdirib və 2001-ci ildə magistratura təhsilini də fərqlənmə diplomu ilə bitirib.

Ə.Qasımov 1998-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Mühasibatlıq şöbəsində iqtisadçı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2003-cü ilin iyununadək həmin idarədə iqtisadçı, böyük iqtisadçı, baş iqtisadçı vəzifələrində çalışıb. 2003-cü ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi aparatına mühasib kimi qəbul edilib və 2004-cü ilə qədər Aparatın Mərkəzləşdirilmiş Mühasibatlığında mühasib və böyük iqtisadçı vəzifələrində çalışıb. 2004-cü ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi aparatında İqtisadiyyat və Uçot İdarə­sinin Birgə Layihələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub və 2012-ci ilin sonunadək bu vəzifədə şərəflə çalışıb. 2012-ci ilin dekabr ayından etibarən isə Baş Ofisin İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Qasımov Ənvər Allahyar oğlu da “Tərəqqi” medalı ilə təltif olunub.

Artıq 20 ilə yaxındır ki, ölkəmizin iqtisadiyyatının aparıcı sahəsi olan neft sektorunda fəaliyyət göstərir. Bu illər ərzində hansı vəzifədə olursa-olsun, işə məsuliyyəti, ixtisasını dərindən bilməsi ilə seçilib. Bu­nun nəticəsidir ki, SOCAR-ın Baş Ofisinə, eləcə də, bütün müəssisə və təşkilatlarına, o cümlədən xaricdə fəaliyyət göstərən şikətləri üçün bey­nəl­xalq maliyyə institutlarından cəlb edilən kredit vəsaitlərinin cəlb edilməsinə rəhbərlik edib, bu istiqamətdə uğurlu nəticələrlə sonunclanan danışıqlar aparıb. Bununla yanaşı, SOCAR-ın reytinqi üçün  reytinq şirkətlətləri ilə əlaqələri yaradıb. İlk dəfə SOCAR-ın qiymətli kağız­la­rının beynəlxalq bazarda buraxılışı üzrə danışıqlar aparlması və uğurla yerləşdirilməsinin təmin edilməsi də Ənvərin adıyla bağlıdır.

Bu illər ərzində Ənvər eyni zamanda İngiltərənin Readinq Univer­sitetində 4 ay (2007-ci ildə) təhsil və ixtisasartırma üçün Chevening Fellowship programı üzrə enerji iqtisadiyyatı üzrə Azərbaycanı təmsil edib. Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə diplom alıb. Char­tered İnstitute of Management Accountants (İxtisaslaşdırılmış İda­rə­etmə Mühasibləri İstitutunda) baza (certificate), Əməliyyat (Operational) və İdarəetmə (Managerial) səviyyələrini bitirməklə müvafiq diplomlara yiyələnib və  hazırda sonuncu professional (professional) mərhələsi üzrə təhsil alır.  Anan dili ilə yanaşı, ingilis və rus dillərində də sərbəst danışır.

Şərəfli bir keçmişi olan Ənvər Qasımov babasının və atasının adıyla hər zaman qürur duysa da, heç zaman onların adının arxasında gizlən­məyib, daha doğrusu, özünün karyerası naminə  onların adından istifadə etməyib. Əksinə, hər zaman çalışıb ki, onların layiqli varisi olsun, eldə-obada, ictimaiyyət arasında qazandıqları şöhrətin üstünə şöhrət qazandırsın. Şükürlər olsun ki, buna nail də olur və sübur edir ki, doğrudan da ot öz kökü üstə bitir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Ənvər hər zaman qürur duyacağı nəsil şəcərəsi var. Onun atası Allahyar və babaları (Niyazi və Ənvər Qasımovlar) haqqında bu kitabda ayrıca yazılar var. Bununla belə, burda bir daha xatırlatmaq istəyirəm ki, Ənvərin adını daşıdığı babası Qasımov Ənvər Allahyar oğlu 1921 ci ildə Bolnisi rayonu Faxrali kəndində anadan olmuşdur. Məktəb illərində tay-tuşlarından həm fiziki, həm də bilik cəhətdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Hər iki qardaş –  Ənvər və Niyazi uşaq ikən (birinin 7, o birisinin 5 yaşlarında) valideynlərini (Qasımov Allahyar Haqverdi oğlu və Qasımova Balaxanım) itirmişlər. Ənvər məktəbdə həm də pioner dəstə rəhbəri idi.

Əsgərlik yaşına çatanda isə Ənvər doğma Faxralıdan ayrıldı. Bu gediş onun üçün son gediş oldu və taleyi onu birdəfəlik doğma elindən və doğmalarından ayırdı, bir daha nə doğmalarını görə bildi, nə də ki, vətəninə qayıtdı. Onun əsgərlik dövrü Sovet-Fin müharibəsi illərinə təsadüf etdiyindən, o, həmin müharibədə iştirak etmişdir. Sonradan Ənvər Sverdlovsk şəhərinə göndərilmiş və hərbi məktəbdə oxumuşdur. Məktəbi uğurla bitirmiş və leytenant hərbi rütbəsi almışdır. 1941-ci il oktyabrın 9-da qardaşı Niyaziyə Ənvərin müharibədə həlak olduğu barədə bildiriş göndərilmişdir. Niyazi üçün gözlənilməz bu xəbər ata-ana itkisindən sonra aldığı növbəti kədər gətirdi və beləliklə, Niyazi o dövrdən bəri həm ata-ana, həm ki, qardaş üzünə həsrət qaldı. Uzun illər axtarışlar etdi, həmişə gəlib gedəndən xəbər aldı, hətta qardaşının sag olduğunun və nə vaxtsa qayıdacağına inandığının da şahidi olduq. Və heç bir övladına qardaşının adını qoymadı, çünki inanırdı ki, qardaşı qayıdacaq. Nəhayət böyük oğlu və haqqında yazdığımız Allahyarın böyük oğlu dünyaya gələndə Niyazi ona öz qardaşının adını – Ənvər qoydu.

Beləliklə, Ənvər barədə uzun axtarışlar heç bir nəticə verməmişdir. Söynəlilənlərə görə, Ənvər Ukrayna uğrunda döyüşlərdə həlak olmuşdur. Bunlar bəzən sakitləşdirici, bəzən də təsəlliverici fərziyyələr idi.  Lakin zaman, vaxt gətirdi və1941-ci ildə müharibədə itkin düşmüş Qasımov Ənvər Allahyar oğlunu qardaşı Niyazinin nəvəsi və adını daşıyan, eyni zamanda soyadları, adları və atalarının adı belə eyni olan Qasımov Ənvər Allahyar oğlu 2015-ci ildə – düz 74 ildən sonra onun izinə düşüb tapdı. Özü də necə?

…Bu şəxs barədə heç bir məlumatı yox idi Ənvərin. Sadəcə uşaqlıqdan eşitmişdi ki, babasının qardaşı Ənvər Qasımov Rəhim Qurban oğlu ilə tay-tuş idi və ona tez-tez müharibədən məktublar yazardı. Lakin Rəhim kişi də artıq 2006-cı ildə rəhmətə getmişdi. Uşaqlıqda eşitdikləri Ənvərdə daima həmin məktubları görmək arzusu yaradırdı. Dəfələrlə Qurban müəllimlə bu barədə ətraflı söhbətlər etmişdi və həmişə kəndə baş çəkdikdə həmin məktubların axtarışına çıxardılar. Nəhayət, 2014-cü ilin oktyabr ayında Ənvərin əmisioğlu Rəhimə yazdığı məktub tapıldı. 74 il ömrü olan bu məktubu oxumaq asan olmasa da, bu məktub oxundu. Bunun ardınca Ənvərin qardaşı Niyaziyə yazdığı məktubları isə Səyyad Qasımov axtarıb tapdı. Bu məktubları Ənvər çox dərinliklə təhlil etdi. Bir-bir onları oxudu. O məktublardan bircə hissəni qeyd etmək istərəm. Bir neçə vərəq olan bu məktubları doğrudan da, gözyaşlarsız oxumaq mümkün deyildir.

1941-ci ilin aprel ayında hərbi məktəbi bitirdikdən sonra gənc zabit SSRİ-nin şimalında faşizmin dəstəyi ilə Finlərlə yenidən narazılıq başlandıqda 313-cü diviziyanın 1068-ci alayı Kareliya cəbhəsinə gön­dərilmişdir. Sənədlər təqdiq edir və qeyd edir ki, 05 sentyabr 1941-ci ildə Pryaja çayı yaxınlığında düşərgəyə çatmışdır. Qızğın döyüşlər gedirdi. Dərhal döyüşə girən polk Pryaja sahilində elə ilk gündən finləri möv­qe­lərindən geri çəkilməyə məcbur etmişdir. Məhz məşhur 168-ci yüksək­liyin alınması da döyüş müstəvisinə səpələnmiş 313-cü diviziya­nın hü­nəri idi. Poletmyot Vzvodunun Komandiri gənc leytenant Qasımov Ən­vər Allahyar oğlu elə döyüşlərin ilk günündə yaralanmış və dərhal 2242 saylı əsgər hospitalına gətirilmişdir. Yaraları bədənində çox olan Ənvəri, bu hospitalda köməklik edə bilməyəcəklərindən onu 08 sentyabr 1941-ci ildə 2212 saylı hospitala gətirdilər. 08 sentabr 1941-ci il tarixdən 13 sentyabr 1941-ci il tarixədək burada da ona yardım göstərə bilmədilər və qərara gəldilər ki, onu əməliyyat etmək lazımdır. Bu məqsədlə Ənvəri uzaq Nyuxça kəndinə göndərdilər. Bu kənd Kareliya Avtonom Respublikasında Sumoposad rayununun uzaq bir kəndidir. Bu gün də bu kəndə gediş-gəliş çox çətin vəziyyətdədir. Belomorsk şəhərindən 200 km aralıqda yerləşən bu kəndə avtomobil yolu yoxdur (sadəcə meşələrin və göllərin ətrafı ilə 200 km yol getmək lazımdır (avtomobillə təxminən 6 saata). Yeganə nəqliyyat vasitəsi dəmir yoludur. Müharibə başlayana qədər 1937-ci ildə bu kənddə mədəniyyət mərkəzi fəaliyyət göstərirdi. Həmin mərkəzi müharibə başlayan kimi əsgər hospitalı etdilər. Nəzərə alaraq ki, bu kəndə yetişmək çox çətin idi və finnlər üçün əlçatmaz idi,  bu səbəbdən də ağır yaralıları qeyd etdiyim əsgər hospitalında əməliyyat edirdilər. Beləliklə, Ənvər və daha əlavə 4 nəfər 14 sentyabr 1941-ci ildə günorta saatlarında 3 saat yarımlıq dəmir yolu xətti ilə Nyuxça kəndinə gətirildi. (Kəndin dəmiryolu stansiyası əlavə olan şəkillərdə verilmişdir). Nyuxça kəndinə gətirilməsi Ənvəri və onun haqqında məlumatı doğma­larından düz 74 il uzaq saldı. Ənvərlə birlikdə Nyuxçaya gətirilən əsgər­lər yolda dünyalarını dəyişirlər. Ənvər Nyuxça kəndinə gətirilir və əmə­liyyat olunur. Lakin yaraların ağır və çox olmasından 26 sentyabr 1941-ci il tarixdə Ənvər Qasımov dünyasını dəyişdi. Təbii ki, müharibə yenicə başlamışdı və ölən əsgərlərin hamısının doğma vətəninə göndərilməsi və bu işin geniş təşkilini etmək mümkünsüz idi. Ona görə də zabit Ənvər Qasımov dünyasını dəyişdiyi uzaq Nyuxça kəndində dəfn edildi.

Yuxarıda qeyd edilən məlumatların əldə edilməsi üçün nəvəsi (qardaşının nəvəsi) Ənvər ilk növbədə onun yazdığı məktubları diqqətlə oxudu. Lakin məktubların özündən ipucu tapa bilmirdi.

Çox maraqlı bir məqam qeyd edilməlidir. Bu məktubları yazan zaman gənc zabit yazdığı məktublara əlavə olaraq bir kağız parçası əlavə edir. Bu kağızda qardaşı Niyaziyə yazır: “Niyazi, bu adresi saxla əgər məni gəzmək istəsən bu diviziyada olmuşam: 313-cü diviziya, 1068-ci polk. Командир Пулеметного Взвода Лейтенант Касумов Энвер Ал­лах­ярович”. Bu məlumatları yazandan sonra həmin kağız parçasının kə­narında bir xətt çəkir və xırda hərflərlə yazır: “Bu kağızı saxla nə vaxtsa lazım olar”. Bəli, bu əlavə edilən bircə parça kağız onu istəyənlərin heç olmasa dəfn olunduğu yeri bilməyinə və onun haqqında düzgün məlu­mat­ları əldə etməyə imkan verdi. Bu bir parça kağızı sanki 1941-ci ildə qardaşı Niyazinin həyata gəlməmiş oğlu Allahyarın (Allahyar Qasımov 25 iyul 1947-ci ildə anadan olmuşdur) 1978-ci ildə dünyaya gələcək oğlu və onun adını daşıyacaq Ənvər üçün yazmışdı. Belə də oldu, Ənvər onun haqqında bütün materialları 1 ilə yaxın araşdırdı və sənədlərlə nəyin necə olduğunu təsdiq etdi. Bunun üçün bir neçə dəfə Rusiyanın arxıvlərinə müraciət etdi, bir neçə dəfə özü həmin arxivlərə getdi. (Məlumat üçün qeyd edirəm ki, bu məqsədlər üçün Mərkəzi Arxiv Sankt-Peterburq şəhərində yerləşir.) Bütün məlumatlar öz təsdiqini tapandan sonra, Ənvər babası Ənvəri ziyarət etmək üçün 2015-ci ilin sentyabr ayında Nyuxça kəndinə getdi. Sankt Peterburq şəhərindən 1300 km şimalda (onun da 200 km-ni meşə yolu ilə –  “qara yolla”) yerləşən bu kəndə getmək o qədər də asan olmadı. Peterburqdan 14 sentyabr tarixində yola düşdü və avtomobillə 1100 km gələrək Belomorsk şəhərində gecələdi. Səhərisi gün 15 sentyabr 2015-ci il tarixdə meşə yolu ilə Nyuxça kəndinə yola düşdü. 6 saatdan çox çəkən bu yolla nəhayət ki, Nyuxça kəndinə gəlib çatdı və babası Ənvərin dəmir yolu ilə gətirilən stansiyaya getdi, gətirildiyi, əməliyyat olunduğu və dünyasını dəyişdiyi  hospitala getdi (bu hospital müharibə bitdikdən sonra yenədən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir), dəfn olunduğu məkanı ziyarət etdi, Nyuxçada fəaliyyət göstərən əsgər muzeyinə getdi və babası Ənvərin şəklini həmin muzeyə təqdim etdi. (Bu muzeydə əsgərlərdən yeganə Qasımov Ənvərin şəkli mövcuddur). Əlavə olaraq qeyd edim ki, Nyuxçaya ziyarət etdiyi gün Ənvərin doğum gününə təsadüf etdi. 15 sentyabr 2015-ci ildə Ənvərin 37 yaşı tamam oldu.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur