QARA TORPAĞINA SÜRTDÜM ÜZÜMÜ
Faxralıya qonaq gəlib qalmasan,
Qohum-qonşu haray salar, el qınar.
“Misri” üstə Koroğludan çalmasan,
Sədəfli saz, şüşə barmaq, tel qınar.
Əjdər Ağayev
Əli Şaban oğlu Qurbanov 1939-cu ildə qonaqpərvər, təbiət gözəlliyi ilə dünyaya meydan oxuyan bir eldə anadan olmuşdur. Həmin ildə Faxralı elində bu işıqlı aləmə gələn övladların sayı da çox olub. Bu övladların içərisində sayılıb-seçilən, elinə-obasına başucalığı gətirən, xeyirxah, nəcib əməlləri ilə yadda qalan, hər zaman minnətdarlıq hissi ilə xatırlananlar az deyil. Onlardan biri də haqqında söhbət açdığımız Əli Qurbanovdur. 1958-ci ildə orta məktəbi bitirən Əli bir müddət istehsalatda çalışıb. Əksər yaşıdları kimi, universitet tələbəsi adına layiq görülmək arzusuna 1960-cı ildə nail olub. Həmin ildə Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) qəbul olunan Əli 1965-ci ildə orada Əmtəəşünaslıq və ərzaq malları ticarətinin təşkili ixtisası üzrə tam ali təhsil kursu-nu fərqlənmə diplomu ilə başa vurub. Təyinatla Sumqayıta göndərilib və ömrünün sonuna qədər şəhərin ticarət müəssisə və təşkilatlarında məsul vəzifələrdə işləyib. Kollektiv üzvlərinin hörmətini qazanıb, böyük nüfuz sahibi olub. Nəcib, xeyirxah bir insan kimi tanınıb, çətinə düşənə həmişə kömək əli uzadıb. Məhz bu keyfiyyətləri bu gün yaddaşlarda yaşayır və daima xatırlanır.
Əli Qurbanov gözəl bir ailənin övladı idi. Atası Şaban öz alın tərinə və zəhmətinə tapınan, hamı tərəfindən sevilən gözəl bir el şairi olub. Rayon mərkəzində çayxanası var idi. Əslində adı çayxana idi. O çayxana ədəbi dərnəyi, şeir-sənət evini xatırladırdı. Şair Şaban həmişə xalqın içərisində olub, xalqla nəfəs alıb. Bir məlum həqiqəti qeyd etmək istəyirəm ki, Şabanın şeirlərini ilk olaraq əziyyətini mən çəkib, toplayıb “Payız çiçəyi” adı altında nəşr etdirmişəm. O zaman kitab haqqında respublika mətbuatında maraqlı yazılar dərc edildi. Ən maraqlısı alim-filosof İsa Musayevin məqaləsi idi. “Payız çiçəyi” kitabı Borçalıda böyük sevinclə qarşılandı. Əli Qurbanov bax belə bir atanın övladıdı. O, sıravi işçi olanda da, rəhbər vəzifələrdə çalışanda da həmişə içində böyük səmimiyyət olub. Eloğlu kimi həmişə bir ayağı Borçalıda idi. Qardaşlarına ata əvəzi olub: ali təhsil almalarında da, ailə qurmalarında da, əllərinin çörəyə çatmasında da. Əli Qurbanov haqqında çox danışmaq, çox yazmaq olar…
Qardaşı Məmmədəli Qurbanovun dediklərindən: – “Tale elə gətirdi ki, qardaşım Əli erkən yaşlarından ayrı-ayrı vəzifələrdə işləməli oldu. Vəzifəsi əvvəl kiçik olsa da, onun özünəməxsus qabiliyyətindən və dünyagörüşünün zənginliyindən xəbər verirdi. Əli Qurbanov böyük qardaşımız olsa da, bizim üçün ata əvəzi idi. Bütün qardaşlarına, o cümlədən qahumlarına, eloğlularına xüsusi diqqət göstərirdi. Harada işlədisə, xüsusi hörmət və nüfuz qazandı. Bütün bunlar kollektivin ona olan əvəzsiz hörmətindən irəli gəlirdi. O, həm də vətənpərvər bir ziyalı idi. Maksim Rılski mükafatı laureatı, şair-tərcüməçi Abbas Abdullanın bir məşhur kəlamı var: “Qara torpağına sürtdüm üzümü, üzüm el yanında ağardı, Vətən”. Abbas Abdulla bu müdrik kəlamı sanki qardaşım Əli Qurbanov üçün demişdi. Qardaşım “Vətənin qıraqda qalan” yerini – Borçalı mahalını canı-qanı qədər sevirdi. Borçalıya tez-tez baş çəkər, onun əsrarəngiz gözəlliyindən zövq alardı. Respublika Təhsil Şurasının sədri, pedaqoji elmləri doktoru, professor, vaxtı ilə Faxralının əziz qonağı olmuş Əjdər Ağayevin:
“ Təhməz bulaq donur dildə, dodaqda,
Bülbüldümü, cəh-cəh vurur budaqda.
Laləyə bax, nərgizə bax bu dağda,
Toplamasan, göz yorular, əl qınar”.
misraları dilindən düşməzdi.
Qardaşımızın timsalında biz bir əzizimizi, Borçalımız bir vətənpərvər ziyalısını, bütöv Azərbaycanımız isə bir insan oğlunu itirdi”.
Əli Qurbanovun övladları Asif hüquqşünas, Arif iqtisadçı, Afaq isə şərqşünasdır. Bu gün onlar atalarının xeyirxah əməllərini layiqincə davam etdirirlər.
1996-cı il noyabr ayının 17-də dünyasını dəyişən Əli Şaban oğlu Qurbanov doğma kəndində – Faxralıda torpağa tapşırılıb. Bu nurlu, nəcib xeyirxah insanın xatirəsi onu tanıyanların qəlbində yaşayır və yaşayacaqdır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.