Arif Aslan oğlu Əliyev

QISA MƏLUMAT

Arif Aslan oğlu Əliyev 1959–cu il iyul ayının 25-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1966-cı ildə doğma kəndindəki ibtidai məktəbin birinci sinfinə qədəm qoyan Arif Aslan oğlu 1976-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Elə həmin ildə, indiki Bakı Dövlət Universitetinin fzika fakültəsinin elektronika bölməsinə daxil olub, universitetdə təhsilini 1982-ci ildə fərqlənmə diplomu ilə başa vurub.

Gürcüstan Neft və Qazçıxarma idarəsində aparıcı mütəxəssis qismində ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev Sovetlər Birliyi dağılandan sonra bir müddət başqa sahədə çalışıb.

2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi açılanda Arif Əliyev əmək fəaliyyətini burada davam etdirib. O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönlü çoxsaylı layihələr həyata keçirilib. Ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb.

Arif Aslan oğlu Əliyev 2011-ci il sentyabrın 16-da vəfat edib.

Mənbə: Səməndər Məmmədov: “İşıq ömrü yaşadı…”, Bakı – “Elm və təhsil” – 2012.

 

O, PARLAQ ZƏKA, YANAR ÜRƏK SAHİBİ İDİ

Arif Əliyev hələ erkən gənclik il­lə­­rin­dən çalışdığı kollektivdə, əha­­tə­lən­diyi mühitdə hörmət qa­zan­mağı, özü­nün müsbət aurası ilə insanlarla gözəl ünsiy­yət qu­ra­raq dostlarının dairəsini geniş­lən­dir­mə­yi bacarmışdı. Fəaliy­yət çev­­rəsi genişləndikcə dostlarının sayı da ar­tırdı, hara gedirdisə, hansı şəhərə üz tu­turdusa orada özünə dost ta­pırdı. Keç­miş SSRİ məkanında, qar­daş Tür­ki­yədə etibarlı dostları var idi. İş ada­mı kimi fə­aliyyət göstər­di­yi vaxtlarda həm də işgüzar dairə­lərdə, biznes mühitində özünə etibarlı tərəf-müqabillər, dostlar qazanmışdı. SOCAR-ın Gür­cüs­tan nümayəndəliyindəki fəaliy­yə­ti isə, mən deyərdim ki, Gürcüstan, xüsusilə də bu res­pub­likada yaşayan soydaşlarımız üçün son illərin ən böyük töhfəsi idi. Sınıq Kör­püdən Başke­çi­dədək, eləcə də, Gürcüstanın digər böl­gə­lə­rində fəaliyyət gös­tərən neçə-neçə obyektin tikil­mə­­sin­də onun böyük xidmətləri olub. Təmsil etdiyi qurumun xət­ti ilə bu öl­kədə sosial yönümlü çox böyük layihələr hə­yata ke­­çirən Arif Əliyevi gürcülər azərbaycanlılardan heç də az sev­mirdi. O, burada hər rayon, hər kənd üçün çox qiymətli bir in­sana çev­rilmişdi.

Arif daşıdığı vəzifədən irəli gələn işlərin sadəcə sıradan bir icraçısı yox, həm də çox ləyaqətli icraçısı idi. Həyata keçirdiyi hər layi­hə­nin böyük və ya kiçikliyindən asılı olmayaraq, işin uğurlu son­luğu üçün maksimum səy göstərir, lazım gəldikdə ən yük­sək səviyyədə dövlət struk­turları qarşısında məsələ qaldı­rırdı. Bu gün Gürcüstanda istər gürcü, istərsə də azərbaycanlı dövlət mə­murları da onun bu keyfiyyətini xüsusi vurğulayaraq be­lə söy­ləyirlər: Arif hansı ünvana gedirdisə, hansı nazirin, han­sı icra başçısının qapısını döyürdüsə, ora əlidolu, ürəyidolu gedir, öz səviyyəsinə, savadına, qabiliyyətinə, ziyasına, mədə­niyyə­ti­nə uyğun söhbət quraraq sözünü, istəyini məntiqlə, elə tutarlı arqumentlərlə əsas­lan­dırırdı ki, heç zaman geri əliboş dön­­mür­dü. Elə bir nazirlik, yaxud digər idarə və təşkilat olmaz­dı ki, Arifin əsaslı fikri, tutarlı arqumentləri ilə razılaşmayaraq onu oradan əliboş, məqsədinə nail olmadan qay­tarsınlar. Bunun bir səbəbi onun təşkilatçılıq qabiliyyəti, ünsiyyət qurma ba­ca­rığı, kökdən-gendən gələn istedadı idisə, digər səbəbi gördüyü işin haqq işi, özünün də həmişə haqqın və haqlının tərəfində dur­ması, el-obadan güc alıb xalqın rifahı naminə çalışması idi. Atalar nahaq deməyib ki, haqq iş yerdə qalmaz. Arifin gördüyü işlər də mütləq uğurlu sonluqla nəticələnirdi. Bir şəxsiyyət ki­mi sözübütöv, əməlisaleh idi, yarımçıqlığı sevməzdi və onun hə­yata keçirdiyi işlərdən az-çox halı olan hər kəs özünü şəxsən ta­nı­masa da, hesab edirəm ki, mütləq bu qənaətə gələr.

Arifin etdiyi xeyirxahlıqlardan, həyata keçirdiyi sosial layi­hələrdən saatlarla, günlərlə danışmaq olar. Yolların çə­kil­məsi, körpülər salınması, məscidlərin tikilməsi… insanların həyat sə­viyyəsinin yaxşılaşdırıl­masına, sosial rifah halının yüksəl­mə­si­nə yönəlik tədbirlər kimi mühüm layihə­lə­rə bilavasitə özü rəh­bərlik edir və bir qayda olaraq uğurla başa çatdırırdı. Başa çatan hər layihə əhalinin sevincinə səbəb olmaqla yanaşı, onun özünə qarşı olan hörmət və sevgini də artırırdı.

Arif  el-oba üçün sözün əsl mənasında yanar ürək idi. Onun dəf­nində iştirak etmək üçün Borçalının bütün rayon və kənd­lə­rindən, Tiflisdən gələn insan axını, son mənzilə yolasalma anın­­da söylənilən vida sözləri də bunu bir daha sübut etdi. İn­san­lar göz yaşlarını saxlaya bilmirdilər. Adətən deyirlər, kişi ağ­la­maz. Amma həmin gün ağlamaqdan özünü sax­la­ya bil­mə­yən, vida sözünü hönkürtülər içində, göz yaşından boğula-bo­ğula söylə-yənlər bir deyil, beş deyil, onlarla idi. Ürəklər dolu idi. Hamı onun xeyirxah əməllərindən danışırdı. İstər-istəməz düşünürdün ki, ilahi, bu qısa ömürdə Arif nə qədər xeyir­xah­lıqlar edib, əməlləri və sözü-söh­bəti ilə könüllərdə özünə necə möhtəşəm qala qura bilib. Başkeçidin Ermənistanla üz-üzə olan Yırğançay kəndindən gəl­miş bir nəfər Arifin təbii fəlakətdən zərər çəkmiş yırğan­çaylılara etdiyi yardımdan danışır, onun hə­yatdan belə vaxt­sız  köçməsinə ən əziz adamını itiribmiş kimi yanıb-yaxı­lır­dı.

Arif Aslanoğlu Gürcüstandakı çoxşaxəli fəaliyyətini Azər­bay­­canın bu ölkədəki səfirliyi, burada çalışan Azərbaycanlı iş adamları, tez-tez bu ölkədə səfərdə olan Milli Məclisin üzvləri və digər rəsmilərlə, eləcə də, yerli dövlət qurumları, qeyri-hö­kümət təşkilatları və azərbaycanlı ziyalı­larla uğurla əlaqə­lən­dirməyi bacarırdı. Azərbaycandan Gürcüstana gedən elə bir döv­lət rəsmisi, iş adamı, yaxud mətbuat işçisi olmazdı ki, orada Ariflə görüşməmiş olsun. Elm, ədəbiyyat, mə­də­niyyət və incə­sənət adam­larına isə xüsusi qayğı ilə yana­şardı. Onun təşəb­büsü və yaxından dəstəyi ilə bu istiqamətdə də bir sıra layihələr həyata keçiril­mişdi. Bor­ça­lı­nın saz-söz us­tad­larından şair Nəbi, Əmrah Gülməm­mədov, Aslan Ko­salı və digərləri ilə bağlı hə­ya­ta keçirilən tədbirlər də onun təş­kilatçılığı, işə əsl ziyalı canı­ya­nanlığı ilə yanaşması sayəsində mümkün olmuşdur.

Müdriklərimizdən biri deyib ki, “mən böyük ağıl qarşısında baş əyirəm, böyük ürək qarşısında isə diz çökürəm”. Arif  As­lan oğlu, həqi­qətən də, böyük ürək və böyük ağıl sahibi idi və bunu onu son mənzilə yola salan izdihamlı vida mərasimi və bu­ra­dakı çıxışlar da bir daha sübut etdi. Borçalı ictimaiyyəti, Gür­cüstan azərbaycanlıları arasında elə bir zi­yalı, elə bir vəzi­fəli şəxs qalmadı ki, onunla son görüşə gəlməsin. Gür­cüs­tan parlamentinin üzvü Azər Süleymanov, Kvemo Kartli (Borçalı) qu­ber­natorunun müavini Hüseyn Yusifov və digər hörmətli şəxslər öz çıxışlarında dönə-dönə həm də bunu vurğulayırdılar: “Arif burda o qədər hörmət və nüfuz sahibi idi ki, bizdən çox gürcü dostlarımız onun xətrini istəyirdilər. Həqiqətən də, pulla, sərvətlə əldə edilə bilməyən bu hörməti, varla, dövlətlə ölçüyə gəlməyən dostluğu, qardaşlığı, ünsiyyəti özü qa­zan­mışdı. Arif, öz insanlığıyla bu zirvəyə yetişmiş, müasirlərinin qəl­bində özünə möhtəşəm abidə ucaltmışdı”.

Elin-obanın yaxşı insanlarına kömək eləmək, kasıba, imkan­sıza əl tut­maq Arif Aslan oğlunun comərdliyinin bir yönü idisə, digər bir xüsu­siy­yəti onun cəmiyyətin tör-töküntülərinə, yara­maz elementlərinə qarşı barışmaz mövqedə dayanması, mü­ba­rizə aparması idi. Donosçuluğun, kökündə bəd niyyətlər duran demoqoqluğun, şər-böhtan əməllərin qar­şı­sını almağa çalışır, belə əməl sahiblərinə qarşı kəskin mübarizə aparırdı. Bu qəbil­dən olan insanları görməyə gözü yox idi.

Harada bir quruculuq işi var – Arif orada idi, harada bir xoş­məramlı tədbir var, xeyir iş var, şənlik var – Arif o məclisin ba­şın­da idi, o tədbirin aparıcı, hərəkətverici qüvvəsi idi.

Arif dostları, yoldaşları ilə varlı, zəngin idi. Onun mayası an­caq xeyirxahlıqdan yoğrulmuşdu. Müdriklərimizdən birinin sözüdü:

Ocağında dövlət daşa, var daşa,
Dostun yoxsa, kasıblardan kasıbsan.

Bu mənada, Arif çox zəngin idi. Bu varlılığı, bu zənginliyi uca zir­və­lər səltənətinə gedən yol da adlandırmaq olar. Arifin vaxtsız vəfatın­dan üzülən, sıramızdan erkən getməsini əvəz­olun­­maz itki hesab edən dostları onun yoxluğunun hər zaman hiss olunacağını, həmişə yerinin görünə­cə­yini deyirlər. Bu hə­qi­­qət Arifin gürcü dostları tərəfindən də təsdiqlənib. Kvemo-Kartli qubernatorunun müavini Koba Kobiaşvili, Bolnisi rayon İc­ra Hakimiyyətinin başçısı İosif Laliaşvili vida nitqlərində vur­ğuladılar ki, onu gürcülər heç də azərbaycanlılardan az sev­mirdilər.

Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev Arif As­lan oğ­lu­nun Azərbaycanla Gürcüstan arasında mövcud olan gö­zəl münasibətin daha da möhkəmlənməsi naminə verdiyi töh­fə­ləri qeyd edərək onun həyatdan belə qəfil getməsindən sarsıl­dığını dilə gətirdi.

Gürcüstanın Reitenqrasiya məsələləri üzrə Dövlət nazirinin Kvemo-Kartli üzrə nümayəndəsi Savalan Mirzəyevin Arifə olan sonsuz sevgisi, sədaqəti Arif şəxsiyyətinin böyüklüyünün və dostluqda etibarın, sədaqətin ən bariz təcəssümü kimi yad­daşlardan silinməyəcək.

Marneuli rayon icra başçısının müavini Heydər Musayev Arif Əliyev haqqında söz deyərkən, onu konkretliyi sevən, de­diklərini əməlləri ilə sübut edən, hədsiz dərəcədə dəyərli və sözün əsl mənasında qeyri-adi bir insan kimi xarakterizə etdi.

Xalq şairi, Türk dünyasının böyük söz fatehi Zəlimxan Yaqub şeirlərinin birində belə deyir:

Şər ilandı, şər əfidi,
Saflıq ömrün şərəfidi.
Qoru görüm şərəfi di,
Qorudunsa, yaşamısan.

Arif şərəflə yaşadı, şərəfini qoruyaraq yaşadı və şərəflə də haqq dünyasına köçdü.

Arif qohumlarının da arxası, dayağı idi. Bu məziyyət ona rəhmətlik atası Aslan Əliyevdən keçmişdi. Uzun müddət rəhbər vəzifələrdə çalışan Aslan Əliyev sayılıb-seçilən, kəndin inki­şa­fında, yerli sosial əhəmiyyətli məsələlərin həllində müstəsna xidmətləri olan kişilərdən idi. Uzun müddət Faxralıda kolxoz par­tiya təşkilatının katibi, kənd sovetinin sədri vəzifələrində çalışmışdı. Arif belə bir kişinin ailəsində, ziyalı mühitində bö­yüyüb formalaşmış, kamil həyata vəsiqə aldıqdan sonra Azər­bay­canda publisistikanın inkişafında böyük xidməti olan Əmək­­­­­dar jurnalist, böyük ziyalı, Alməmmədli nəslinin gör­kəmli nümayəndəsi Məmməd Məmmə­dovun qızı ilə ailə qur­muşdu. Möhtəşəm çıxışları ilə Türk dünyasının qanını coş­du­ran, sözün həqiqi mənasında millətinin vəkili olan Şamil Qur­­banovun da qohumu idi. Bunları sadalamaqda məqsədim odur ki, Ari­fin hansı ocaqdan od alması, hansı mühitdə forma­laş­ması, hansı ziya­lıların əhatəsində böyüməsi barədə az da olsa oxu­­cuda təsəvvür yaransın.

Təbii ki, Arifin insaniyyəti, xeyirxahlığı təkcə onun qohum­larına və dostlarına etdikləri ilə ölçülmür. Bir daha qeyd edirəm ki, o, qohum­la­rından çox elinə-obasına, mahalına, kəndinə yax­şı­lıq eləmişdi. Onun üçün “vətən” məhfumu hər şeydən uca, hər şeydən üstün idi. Elə bil, şair Abbas Abdulla bu məşhur kə­lamını məhz Arif üçün demişdi:

Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, Vətən.

Bəli, Arif Vətəni həddən ziyadə sevirdi. Həmişə istəyirdi ki, xalqın içərisində olsun. Borçalının elə bir yeri, elə bir guşəsi yoxdur ki, orada Arifin izi olmasın. Onun kimilərə aid bir məşhur bayatı var:

Eləmi, bizim qala,
Durduqca, bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

Arif Aslan oğlu elə bir ziyalı idi ki, özünün nüfuzu, içinin paklığı, mənəvi zənginliyi, geniş dünyagörüşü, həyata nikbin, mənalı rənglər prizmasından baxışı ilə türk dünyasından getdi. İnsan üçün, özü də alicənab insan üçün nə tələb olunurdusa, bütün bunların hamısı Arifdə var idi. Allah-Təalanın xəlq et­diyi bəşərin nadir oğullarından bir idi Arif. Bu yerdə müd­rik­lərin birinin kəlamını xatırladıram:

Yarat, sən köçəndə ellər söyləsin:
Dünyadan nə gözəl bir insan gedir!

Arif bir gözəl insan kimi Faxralıdan getdi, Borçalıdan getdi, Gürcüs­ta­nımızdan getdi, Azərbaycanımızdan getdi, bütün Türk dünyasından getdi.

Xalq şairi  Zəlimxan Yaqub necə də gözəl deyib:

El üçün yaşayan, el üçün yanan
Diridir həmişə, sağdır həmişə.

Bir də deyir ki:

Baxmağa güzgüsü, aynası yoxdur,
Yüz il yaşasa da, mənası yoxdur.
Diri ölülərin dünyası yoxdur,
Bu dünya əbədi dirilərindir.

Bu sözlərdə ehtiva olunan hikmət bizlərə bir daha onu təlqin edir ki, Arif Aslanoğlu həmişə sağdır, həmişə diridir, Fax­ra­lının, Bor­çalının yetişdirdiyi əbədi dirilərdən olan və daim diri qalacaq oğuldur.

Arif haqqında neçə illərdir ki, yazmaq istəyirdim. Ancaq hər dəfə də özünəməxsus yüksək mədəniyyət və təvazökarlıqla çox incə şəkildə söhbəti başqa mövzuya yönəldirdi və mən də onun belə şeyləri xoşlama­dığını bildiyimdən fikrimdən daşınmalı olur­dum. Bu gün məni təəssüf­lən­dirən bir də odur ki, sağlı­ğında həmin yazını yazmadım. Kaş onun necə qəbul etməsinin fər­­qinə varmadan o yazını yazaydım. İndən sonra mənə – “yaz­mağa ehtiyac yoxdur”, – deyən olmayacaq və nə qədər ki, mən sağam, əlim qələm tutur Arif haqqında yazacam. Yazacam ki, bizim tanıdığımız, sevdiyimiz, hər yerdə dəyərli məs­lə­hətlərinə ehtiyac duydu­ğumuz Arif Aslan oğlunu bizdən sonra gələn nə­sillər də tanısın, sevsin, fəxr etsin. Hələlik isə bu yazını hör­mətli ziyalımız Hüseyn Yusifovun Ariflə vida törənində söy­lədiyi sözlərlə tamamlayıram: “Bu gün üzümü faxralılara tutub demək istəyirəm ki, belə bir vətənpərvər oğul Faxralıda doğulsa da, bu dünyadan köçəndə təkcə Faxralının deyil, Bor­çalının, bütövlükdə Gürcüstanın, Azərbaycanın oğlu kimi köçdü. Onun doğma­larına, övladlarına demək istəyirəm ki, Arifin keçdiyi şərəfli həyat yolu, onun adı bundan sonra onların hər biri üçün vizit kartıdır”.

O, bir oğul idi elə-obaya,
Elin dar günündə gələrdi haya.
Dönərdi ulduza, Günəşə, Aya,
Yurdumun nur saçan çırağı getdi.

Uca bir dağ idi-dönməz, arxalı,
Üzünü tutardı xalqına sarı.
Gözəl bir xanımın gözəl bir yarı,
Sədaqət adında vüqarı getdi.

Tarixi yaşatdı əməlləriylə,
Sevərdi xalqları şirin diliylə.
Bağında əkdiyi hər bir gülüylə,
Nəslimin bağbanı, memarı getdi.

Od saçan, alışan bir atəş idi,
Soyuq, buz qəlbləri o isidərdi.
Haqqı, ədaləti deyib gedərdi,
Neçə kimsəsizin dayağı getdi.

Dalğalı dəniztək coşub-daşardı,
Dostluq körpüsünü ellərdən saldı,
Şərəflə yaşadı, təmiz ad aldı,
Böyük bir mahalın mayağı getdi.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur