Aydın İlyas oğlu Məmmədov

ALDI QUCAĞINA SƏNİ O DAĞLAR

Aydın İlyas oğlu Məmmədov. Aydınla uşaqlığımız bir yerdə keçib. Həmişə də bir-birimizlə mehriban, səmimi münasibətimiz olub. Yaxşı xatırlayıram, indi 85 yaşında olan İlyas əmim 70 illik yubiley məclisində bizə işarə edərək dedi ki, vallah, bu uşaqlar o qədər yaxındırlar ki, mən bilmirəm anaları Touzadı, yoxsa Gülgəz. Touza Aydının anasıdır, Gülgəz də mənim. Allah hər ikisinə rəhmət eləsin. İlyas əmimim bu fikri də dediklərimin mənzərəsini yaradır. Biz o qədər yaxın olmuşuq ki, heç vaxt aramızda ayrı-seçkilik olmayıb. Aydın hələ uşaqlıqdan öz yaşıdlarından özünəməxsusluğu ilə seçilirdi. Bir az çılğın və dəlisov idi. Orta məktəbi bitirəndən sonra Ağdamda meşə təsərrüfatı texnikumunda oxumuşdu.

Bir müddət Bakıda yaşayıb işləsə də, sonradan tale ele gətirdi ki, Faxralıya qayıdası oldu. Rayonda müxtəlif vəzifələrdə çalışdı. Uzun müddət Faxralının Qızılqaya meşəsində meşəbəyi olan atası İlyas əmim təqaüdə çıxandan sonra isə onun yerinə keçmişdi. Aydın ötkəmliyi, dəli-qanlılığı, cəsurluğu, qoçaqlığı ilə seçilərdi. İşlədiyi sahədə rayon rəhbərliyi yanında da yaxşı hörməti vardı.

Qonaqpərvərliyi ilə seçilərdi. Hər dəfə Faxralıya gedəndə məni də, qardaşım Sərdarı da mütləq Qızılqayaya aparar, orada erkəkdən, quzudan kəsin qonaqlıq verərdi. Bəzən deyirlər ki, el-oba özünün alimi, ziyalısıyla tanınır. Ancaq mən bu fikirdəyəm ki, bir eli, bir kəndi sözün əsl mənasında təmsil etmək, tanıtmaq üçün təkcə bunlar azdır. El, hər sahədə üzağardan, elin xeyir-şərində kənarda qalmayan, hər işə canyandıran oğulları ilə güclü olur, tanınır. Bəzən sadəcə bir insan özünün xeyirxahlılığı, böyük-kiçik yeri bilməsi, bir sözlə, əsl insani keyfiyyətləri ilə elin gözündə ən yüksək zirvəyə qalxır, elinə-obasına bəzən bir alimin verə biləcəyindən də çox fayda verir. Demək istəyirəm ki, əsas odur ki, hər bir kəs öz sahəsində elinə-obasına ləyaqətlə xidmət etsin.

Aydın da məhz belələrindən idi. Həmişə çalışardı ki, elinə-obasına xidmət eləsin. Akademik Həsən Əliyev vaxtilə deyirdi ki, meşə-su, su isə həyat deməkdir. Meşəni qorumasaq, suyumuz olmaz, su olmasa, həyat olmaz. Aydın da Faxralının kənddən ən uzaq, eyni zamanda ən zəngin meşəsini qoruyurdu.

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Elxan Məmmədovun Aydın Məmmədov haqqında dediklərindən: “ Bir dəfə də ağır bir xəbər aldım. İlyas əmimizin oğlu Aydın qəflətən dünyasını dəyişib. Heç inanmaq istəmədim bu xəbərə. Ona görə ki, Aydın əmim oğlu həmişə təbiətin qoynunda gəzib-dolaşırdı. Ömrü boyu yaşıl biçənəklərdə, yalçın qayaların qoynunda, əzəmətli Qızılqayanın qucağındakı təbii sulardan içər, təbiətin hamımıza bəxş etdiyi təmiz və saf yeməklərdən yeyər, Faxralı meşələrinin keşiyini çəkərdi. Birdən-birə, heç kəsin ağlına gəlməyən qəfil ölümü ilə hər kəsi çaş-baş saldı. Axı, onu rəhmətlik İsmayıl babası, Çərçiqızı Balaxanım nənəsi bu yerlərdə 90-95 il ömür sürmüşdülər. Nə oldu birdən-birə, ölüm beləmi cavanlaşdı?! Bəlkə, kəndimizdə daha qocalar qalmayıb, onların sırası seyrəlib, ona görə də adına “ ölüm” dediyimiz bu kabus cavanlardan yapışır. Yoxsa, bu bir alın yazısıdır, Aydın əmioğlu üçün də belə yazılıb?!

Nə isə…. artıq Aydınımız yoxdu. Bir də doğma kəndimə gedəndə onunla üz-üzə gəlməyəcəyəm. Bir də Aydınla hər görüşəndə “əmioğlu, sən Allah, gedək bizə, əmməmin də (Aydın İlyas əmiyə “əmmə” deyirdi) sənin gəlişindən könlü açılar, bir az xəstədi, Bakıdan qohumlar gələndə o da sevinir, onun da aynı açılır”, – deməyəcək.

Böyük qardaşım Sərdar Məmmədov da hər dəfə Aydından söz düşəndə kövrəlir. Doğma Faxralıya hər gedişində mütləq onunla görüşməsindən, daha doğrusu, Aydının onu bir qohum kimi çox səmimi və mehriban qarşılamasından, hər kəs üçün daim açıq olan süfrəsindən danışır və heyif ki, artıq Faxralıya gedəndə o gülərüz, açıq qəlbli, bol süfrəli Aydını görə bilmirik deyə təəssüflənir.

Daim at belində meşədə, bulaqlar başında olan, bircə dəfə də olsun ağrıdan, xəstəlikdən şikayətlənməyən Aydın təəssüf ki, ömrünün ən gözədl çağında doğmalarını tərk edib əbədi mənzilinə köçdü.

Ölümündən bir neçə gün əvvəl iş yoldaşı Loğman ona zarafatla deyib ki, Aydın, adeyirsən təzyiqim olur, sən Qızılqayaya getmə, sonra sənə orda bir şey olar. Aydın da cavab verib ki, elə bilirsən, Qızlqayada ölmək hər adama nəsib olur, orda ölmək də şərəfdir. Hər adama nəsib olmasa da, Aydına nəsib oldu Qızılqayada həyatla vidalaşmaq. Sanki ürəyinə damıbmış… ölümündən bir neçə gün əvvəl qəbirstanlığa gedərək doğmalarının qəbrini ziyarət edib. Kim bilir, bəlkə də, onlardan halallıq almağa, tezliklə qovuşacaqlrını pıçıldamağa gedibmiş…
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Qardaş

Dəliqanlı, qorxubilməz bir ərdin,
Hörmət edər, yol-ərkanı bilərdin,
Yaylaqları qarış-qarış gəzərdin,
Gözümün həm ağı, qarası qardaş.

Əldə tüfəng ova meyil salardın,
Qartal kimi qanadını çalardın,
İlhamını o dağlardan alardın,
Dağlardı canının mayası, qardaş.

Qohumları axtarardın, arardın,
Süfrələr açardın, məclis qurardın,
Dostun qulluğunda dost tək durardın,
Nəslimin od saçan balası qardaş.

Aldı qucağına səni o dağlar,
Qızılqaya yana-yana qan ağlar.
Yaş axıdıb, ağı deyir bulaqlar,
Yanan ciyərimin parası, qardaş.

O dağları necə gəzim mən indi,
Binələri bürüyübdü çən indi,
Səməndəri yaxalayıb qəm indi,
Dərdimin dərmanı, çarası qardaş.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur