Bayraməli Gülməmmədov

HƏQİQƏT YOLUNDAN DÖNMƏSƏ, HƏR KƏS ÇATAR ARZUSUNA, DİLƏYİ SÖNMƏZ…

Məqaləyə böyük Sədi Şirazinin po­ezi­ya­sın­­dan bu nümunəni sərlövhə seç­məkdə yanıl­ma­dığımı düşünürəm. Çünki həqiqə­tən bu mə­qa­lədə haq­qın­da söz açdığım eloğ­­lum Bay­ra­məli Gülməm­mədov həqi­qət yolunun yolçusu, cə­miy­­­yət içində hə­mi­şə özünün yerini bilən tərəq­qipərvər ziyalıdı.

“Ot kökü üstə bitər” deyib müdrik­lə­ri­miz. Nəcabətli bir nəslin övladı olan Bay­ram­əli Gülməm­mədov hər şeyin qədərinin bilindiyi riya­ziyyatçı ailəsində təlim-tərbiyə alıb. Adətən məktəbə aid edilən “təlim” sözünü heç də əbəs yerə işlətmirəm, Bayraməlinin atası rəhmətlik Nəbi Gül­məm­mədov nəinki Faxralının, ümumən Bor­ça­lının sayılıb-seçi­lən, hörmətli ziyalılarından olub, çox güclü ri­yaziyyat müəl­li­mi kimi tanınıb. Bu nöqteyi-nəzərdən, Bayram­ə­linin həm valideyni, həm də birinci müəllimi olan Nəbi Gül­məm­mədovun işıqlı xatirəsi indi Azər­baycanın və Gürcüstanın iqti­sa­di, sosial həyatında fəal iştirak edən çox­saylı yetirmələrinin qəl­bi­nin ən isti guşəsində qo­runub saxlanmaq­dadır. Hətta tədris et­­diyi fənnə həvəs göstərmə­yən, başqa sözlə, riyaziyyatı sevmə­yən keç­miş şagirdləri də gözəl insani xüsusiyyətlərinə görə Nəbi mü­əllimə dərin rəğbət, hörmət bəsləyirdilər. Bu barədə bir az son­ra. İndi isə Nəbi müəllimin ver­diyi təlim-tərbiyədən yetərincə fay­da­la­nan, Nəbi müəllimin qur­duğu ocağın istisinə qızınıb, işı­ğına pər­vazlanan B.Gül­məmmədovun tərcümeyi-halına nəzər yetirək:

Bayraməli Gülməmmədov 1947-ci il mart ayının 14-də Fax­ra­lıda Nəbi müəllimin ailəsində anadan olub. 1953-cü ildə Şah­buzlu ibtidai məktəbinə 1-ci sinifə qəbul olunub, 4-cü sinifdən isə təhsilini Faxralı orta məktəbində davam etdirib. 1963-cü ildə həmin orta məktəbi bitirərək,  Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbycan Texniki Univer­siteti) daxil olub.

1968-ci ildə adıçəkilən institutu bitirib, təyinatla Bakı Elek­tro­mexanika İnstitutuna mühəndis vəzifəsinə təyin olunub. 1968-ci ilin dekabr ayında hərbi xidmətə çağırılıb. 1970-ci ildə hərbi xidmətdən qayıdandan sonra indiki “Azon” zavoduna mühəndis və­zifəsinə təyin olunub, 1984-cü ilədək “Azon” zavodunda mü­həndis, böyük mühəndis, aparıcı mühəndis, laboratoriya müdiri, zavodun baş konstruktorunun müavini vəzifələrində çalışıb.

1984-cü ilin fevral ayından zavod direktorunun müavini, 1996-cı ildən zavodun baş mühəndisi, 1999-cu ildən etibarən isə zavodun direk­toru vəzifəsində çalışıb.

Həmin illər ərzində rəhbərlik tərəfindən pul mükafatlarına və təşək­kürnamələrə layiq görülüb. Zavodun 1-ci direktoru Mahmud Qəribovun (o, sonralar Azərbaycan Texniki Universitetində pro­fessor və dekan vəzifəsində çalışıb) təkidi ilə Texniki Universi­tetdə Dövlət Attestasiya Komissiyasının sədri vəzifəsini də daşı­yıb (2002-2006-cı illər).

2006-cı ilin oktyabr ayından Azərbaycan Neft Şirkətinin Dalma qurğularının istehsalı zavodunda rəisin 1-ci müavini vəzi­fəsində çalışıb. 2011-ci ilin aprel ayından isə Ceyranbatan Su Kəmərləri İdarəsində rəis müavini olub.

2014-cü ilin iyul ayında təqaüdə çıxıb.

Həyat yoldaşı Gülnarə xanım Nəbi müəllimin ailəsinin ənə­nələrini davam etdirir. O, Azərbaycanın “Əməkdar müəllim”i adına layiq görülüb. Hazırda Avropa liseyində pedaqoji fəaliyyətini davam etdirir.

Üç övladı var – Elşad, Anar və Nicat. Hər üçü də dövlət qulluğunda çalışırlar. Baba kimi də özünü pis hiss etmir –  6 nəvəsi var. Çalışır ki, övladları və nəvələri Nəbi müəllimin adına layiq olsunlar.

Bütün fəxri adlardan, titullardan əfzəl bildiyi öz adını şərəflə daşıyır Bayraməli müəllim. Bu barədə özü belə yazır:

“Bəzən mənim həmkarlarım (Faxralıdan olmayanlar) mənə Bayram kimı müraciət edirlər (Bayram kimi tanıyırlar). Əsla mənim adımın təhrif olunmasının tərəfdarı olmamışam. Ona görə ki, Bayraməli, Xondal Bayraməlinin adıdır. Onun adını daşımaq mənim üçün şərəfdir. Xondal Bayraməli Faxralıda bir kişilik nümunəsinə çevrilmiş insan olub”.

Dostu və həmkarı Əli Əmirov onun haqqında “Dostunu mənə gös­tər…” adlı gözəl bir oçerk qələmə alıb və demək olar ki, elə baş­qa dost­larının da ürəyindən keçənləri ifadə edib. Yəqin ki, Bayraməli müəllim qəhrəmanı “Bayram” olan həmin məqalənin müəllifini səmimiyyətdən irəli gələn bu “nöqsan”ına görə bağış­layıb. Düşünürəm ki, nəinki Bay­raməli müəllimi şəxsən tanıyan­lar, eləcə də, dost qədri bilən bütün oxucular həmin oçerki dəyər­lən­dirəcəklər:

“Belə bir el məsəli var: dostunu mənə göstər, sənin kim olduğunu deyim. Mən bu məsəli çəkənə böyük məmnuniyyətlə və fəxrlə sevimli dostum Bayram Gülməmmədovu göstərərdim. Bəli, Bayram müəllim həqiqətən fəxr olunası bir dostdur.

Bayram Nəbi oğlu Gülməmmədovla tanışlığım təxminən on beş il əvvələ gedib çıxır. Həmkar idik. Respublikamızın müstə­qillik illərində yaradılmış keçmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komi­təsinin tabeliyində o, “AZON” zavoduna, mən isə “NEFTQAZAVTOMAT” Elm İstehsalat Birliyinə rəh­bərlik edirdik. Elə ilk tanışlıqdan onunla aramızda səmimi bir münasibət yaranmış və bu münasibət həmkarlıqdan gözəl bir dostluğa çevrilmişdir. Sonradan ailəvi tanışlığımız isə bizi daha da mehribanlaşdırdı, bir-birimizin xeyir-şərində yaxından iştirak edirik. Bayram müəllim əmək fəaliyyətini başqa sahə­lərdə davam etdirdiyi son illərdə də, bizim dostluğumuz axar çay kimi öz məcrasında davam etməkdədir.

Bayram müəllim sadə davranışlı, zəngin daxili aləmə malik ziyalı bir şəxsiyyətdir. Nəinki yaxın dostlarına qarşı, deyərdim, hər bir kəsə qarşı çox qayğı ilə yanaşan, başqasının dərdinə şərik olan, öz dərdini isə heç kimə yük etmək istəməyən, olduqca xeyir­xah bir insandır. Onun dostlar arasında yeri müstəsnadır. Kövrək qəlbi var, eyni zamanda yumoru sevəndir, zarafat etməklə də arası yaxşı­dır. Daxilində təlatüm olsa belə, özündən çıxmaz, təmkinlə dinləməyi ba­caran, səbirli bir insandır. Çox təvazö­kar­dır, heç vaxt qürurlanmır. Bay­ram müəllim haqqında nə xoş söz desəm, ona yaraşar!

Biz dostları mütəmadi olaraq onun ətrafında toplaşırıq. Bu məc­­lislərimizin əsas təşkilatçısı əlbəttə ki, Bayram müəllim olur. Hər biri­mizlə dil tapır, hər kəsin istəyini diqqətdə saxlayır. Dü­zünü deyim ki, biz də ərkyanə olaraq, bundan sui-istifadə edirik! Bir sözlə, onunla təmasda ol­maq dostlar üçün olduqca xoşdur. Bu illər ərzində görmədim ki, o, kiminsə xətrinə dəymiş olsun. Bu cəhə­tinə görə elə bil ki, heç bu zəmanənin adamı deyil, halbuki, zəmanəmizin Bayram müəllim kimi insanların varlığına böyük ehtiyacı var.

Bayram müəllim ixtisasca mühəndis-konstruktordur. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə cihazqayırma sahəsində çox əhəmiyyətli olan bir sıra elm tutumlu cihaz və qurğular yaradıl­mış və tətbiq edilmişdir. Hansı sahədə işləməyindən asılı olmayaraq o, həmişə öz bacarığı ilə dərin hörmət qazanmışdır.

B.Gülməmmədov qədim türk ellərindən biri olan Borçalının çox məşhur bir kəndində – Faxralıda dünyaya göz açmışdır. Bu elin saf ab-havası onun saf bir insan olaraq formalaşmasında misilsiz rol oynamışdır. O, ziyalı bir ailənin tərbiyəsini almışdır. İndi isə o özü gözəl ziyalı bir ailənin başçısıdır. Öz ləyaqətli xa­nımı ilə birlikdə nümunəvi övladlar böyütmüş, nənə-baba kimi şərəfli bir ada da layiq olmuşlar!

Biz fəxr edirik ki, Bayram Gülməmmədov kimi gözəl bir dostumuz, sirdaşımız var! Allah hifz eləsin!”

Əli müəllimin sözlərinə qüvvət olaraq mən də təsdiqləyirəm ki, Bay­raməli Gülməmmədovdan zərər gördüyünü deyə biləcək, ondan incik düşən kimisə tanımıram. Təbii ki, xasiyyətində bu və digər yaxşı nə key­fiy­yət varsa, daim özünə, ziyalılığına hörmət eləmiş atası Nəbi müəl­limdən əxz etmişdir Bayraməli. Onu tanıyan hamı – yaxın-uzaq qohum-əqrəba, dost-tanış, həmkarları, həmyerliləri rastlaşanda ürəklə görüşür, saflığına, səmimiyyətinə, şərəfinə bel bağlayırlar. Nəbi müəllimdəsə əxz olun­malı, görüb-götürməli dəyərlər çox idi, lap çox. Belə gözəl xüsu­siyyətlərindən biri də təvazökarlığı idi. Yazılarımdan birində bu məqamı təsdiq­lə­yən bir hadisəni qələmə almışam: Tələbələrindən biri tez-tez ondan soruşur ki, “Nəbi müəllm, bizim kənddə üç savadlı riya­ziyyat müəllimi var – biri siz, biri Binnət müəllim, biri də Camal müəllim. Deyə bilərmisiniz ki, hansınız daha güclü­sünüz?” Mə­lum səbəbdən hər dəfə Nəbi müəllim bu sualdan yayınsa da, axır bir dəfə cavab verməyə məcbur olur: “Ay bala, birimiz baltanın ağzı, o birimiz sapı, digərimiz də küpüyük”.  Yalnız bu cavab Nəbi müəllimin içinin saflığını, yetkinliyini, kamilliyini göstər­miş oldu. Bəlkə də başqa müəllim olsaydı, bir çox riyazi məsə­lələrdən də çətin olan bu suala başqa cür cavab verərdi. Lakin Nəbi müəllim bu məsələnin də ən uğurlu həllini tapmışdı…

Yuxarıdakı sətirlərdə vurğulamışdım ki, hətta riyaziyyatda fərqlən­məyən şagirdləri də Nəbi müəllimi sevirdilər. Bu sıraya mən də daxiləm. Orta məktəbdə oxuyanda riyaziyyatdan zəif idim. Nəbi müəllim həm də bizim qohum olduğundan, bu naqisliyimi heç bir vəchlə mənə bağışla­mırdı. Bir qohum kimi istəyirdi mən də riyaziyyatı əla oxuyum. Hiss edirdim ki, onun nəzərində sanki bütün fənlərdən qeyri-müvəffəq olan zəif şagirdəm. Ta o vaxtadək ki, orta məktəbin sonuncu pilləsi olan onuncu sinifdə oxuduğum il “Qələbə bayrağ”ında bir şeirim işıq üzü gördü. Yazmışdım ki:

Cığırlar misra-misra,
Bənzəyir qırışlara.
Toxunur buludlara,
Ucadır Gözəl dağı.

Bu bənzətməm Nəbi müəllimin də xoşuna gəldi. Oxudu, əlini kü­rəyimə vurub, “oxu, yaxşı oxu, çalış!” – dedi. O gündən Nəbi müəllimin mənə qarşı münasibəti dəyişdi, harda gördüsə, ürəklə hal-əhval tutdu, oxu­mağımla maraqlandı. Bax, belə gözəl insan idi Nəbi mü­əl­lim rəh­mət­lik! Məsəl var, deyir, adam var evdən gedir, adam var eldən gedir. Nəbi müəllim də dünyasını dəyi­şən­də eldən getdi, haqqa qovuşdu. Elin qəlbində bu gün də yaşayır, sabah da yaşayacaq, minnətdarlıqla xa­tır­lanacaqdır. Həyat budur, İnsanlıq budur! Həyatı məhz bu qiymətə layiq olmaq üçün yaşa­mağa dəyər, başqa cür ömürlər yaşanmamış deməkdir. Bu yerdə xalqımızın gözəl şairi Səməd  Vurğunun misraları yada düşür:

Həyat daimidir, ömür  amanat,
Əldən ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya.

Dünya öz işindədi, dolur-boşalır. Amma ona müvəqqəti sakin olan hər bir insan öz sözünü necə deyirsə, elə də qalır yaddaş­lar­da. Nəbi müəllim də alicənab, xeyirxah insan kimi qalıb xati­rə­lər­də. Təbiidir və anlaşılandır ki, B.Gülməm­mə­dov da o ki­­şinin ca­nından can alıb, qanı ilə yoğrulub. Bayraməli müəllim haq­da bir də onu deyə bilərəm ki, nə qədər yaşayıbsa, xalqın mə­həb­bətini, mil­lətin sevgisini qazanıb. Uzun müddət rəhbər vəzi­fə­lər­də çalış­ma­sına baxmayaraq, həmişə sadəliyi hər şeydən üstün tu­tub, saf­lığa dəyər verib, mənəvi kamilliyə can atıb, daim nə­zə­rə alıb ki, sü­nilik, təkəbbürlülük insana başucalığı gətirməz. Bir­mə­nalı qə­bul edib ki, saflıq ömrün şərəfidi. Qərar verib ki, Allah nə qədər ömür verib, saf yaşamalıdır və xalqın hörmətini qazanmalıdır.

Hörmətli Bayraməli qağa! Sən Allah adamısan, Allaha yaxın adam­san, Haqqdan gəlib Haqqa gedən yolun yolçususan. Demək olar, əksər  arzularına çatmısan. Gözəl ailən, ləyaqətli həyat yol­da­şın, ocağına layiq övladların, şirin-şəkər nəvələrin var. Onların kökü sənsən, hamısı sənin budaqlarındı. Doğru deyilib ki, bir kök yüz budaq saxlar, yüz budaq bir kökü saxlaya bilməz. Arzu edirəm, Tanrının sənin taleyinə yazdığı qalan ömrü də bütün arzularına çatasan! Hər zaman adın uca, eşqin-diləyin sönməz, tükənməz olsun!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur