Qasımov Çingiz Haley oğlu 24.10.1973-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində müəllim ailəsində anadan olub. 1980 – ci ildə Faxralı kənd orta məktəbinin I sinfinə daxil olub və 1990 – cı ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1990 – 1996 – cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Sənaye və mülki tikinti” fakultəsini, 1996 – 1999 – cu illərdə “Təhlükəsizlik xidməti əməkdaşı” məktəbini qırmızı diplomla bitirib.
2000 – ci ildə İSAR – Azərbaycan Fondu ABŞ – ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Mühasibat uçotu və vergi qanunvericiliyi” mövzusunda treninq kursda, 2002 – ci ildə İSAR – Azərbaycan Fondu ABŞ – ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “QHT – lərin fəaliyyətinin hüquqi əsasları” mövzusunda treninq kursda və 2003 – cü ildə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən təşkil olunmuş “QHT menecerləri və mühasibləri üçün təkmilləşdirmə” kurslarında iştirak edib, kursları uğurla başa vuraraq setifikatlar alıb.
Müxtəlif dövrlərdə hökumət və qeyri – hökumət idarələrində çalışıb. 2000 – ci ildən Azərbaycan Respublikasında nəşr olunan dövri mətbuat orqanlarında “VƏTƏN ÖVLADI”, “AÇIQ SƏMA”, “SABAH”, “PROSES”, “DETEKTİV – A”, “İKİ SAHİL” və s. müxbir, məsul katib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. “SİRLİ QATİL”, “XƏYANƏT” adlı kitabların, bir çox şerlərin müəllifidir, məqalələri “GÜRCÜSTAN”, “REGİON – PRESS”, “ÜMİD”, “SÖZÜN İŞIĞI”, “TƏHSİL” və “ZİYA” qəzetlərində dərc olunur.
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin və Gürcüstan Azərbaycanlıları Konqresinin üzvüdür. 2017 – ci ildə “Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” kitabının məsləhətçiləri Milli Məclisin deputatları, akademik Nizami Cəfərov və Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən “Regional əməkdaşlıq nümunəsi” adlı məqaləsi çoxsaylı jurnalistlər arasından seçilib, İ yerə layiq görülərək kitaba daxil edilmişdir. Hal – hazırda “YURD SEVGİSİ” qəzetinin Gürcüstan üzrə xüsusi müxbiri və “SOCAR GEORGİYA PETROLEUM” şirkətində baş kassir – operator vəzifəsində çalışır. Müxtəlif diplom, fəxri fərmanlara layiq görülüb.
Ailəlidir, 1 övladı var.
Çingiz Qasımovun seçicilərə müraciətindən götürülmüşdür