Çoban Oruc oğlu Hüseynov

HALAL ZƏHMƏT ÜZ AĞARDAR

Kimin haqqındasa yazı yazanda həmişə mənim üçün vacib olan meyar həmin adamın el-oba, Vətən və millət qarşısında xidmətləri, yüksək insani keyfiyyətlərə malik olması olub. Yəni o adamdan yazmışam ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq işinə vicdanla, məsuliyyətlə yanaşıb, səmimiyyəti və sadələyi ilə seçilib, eldə-obada hörmət qazanıb. Düşünmüşəm ki, öz əməlləri ilə doğulub boya-başa çatdığı elin, mənsub olduğu xalqın və Vətənin başını uca edənlərin, şöhrətini artıranların haqqında nə qədər çox yazılsa, o qədər yaxşıdır. Burada istər-istəməz yadıma Aşıq Şəmşirin bir beyti düşür:

Adam var, başını ucaltmalısan,
Adam var, boynunu əyməsən olmaz.

Bəli, hər kəsin haqqı sağlığında verilərsə, daha yaxşı olar. Amma nə yazıqlar ki, çox zaman bunu etmirik, edə bilmirik. Bəzən insanlara layiq olduğu xoş sözləri – quruca bir kəlməni belə deməyi lazım bilmirik. Demək istəyəndə isə artıq gec olur.

Bu yazımda da həyatda qazandığı bütün uğurlara görə Allahın verdiyi qismətlə yanaşı, alnının tərinə və halal zəhmətinə borclu olan bir ləyaqətli eloğlumdan söhbət açmaq istəyirəm. Yeri gəlmişkən deyim ki, bundan əvvəlki kitablarımda onun qardaşı – faxralıların yaddaşında bacarıqlı təşkilatçı, uzun illər rəhbər vəzifələrdə çalışan, amalı yalnız halallıq və xeyirxahlıq olan və elə buna görə də eldə-obada böyük hörmət və nüfuz qazanan Uğurlu Hüseynovdan yazmışam. Uğurlu müəllim heç kəsi özündən incik salmayıb, nə dilindən, nə də əməlindən kimsə inciməyib. Bəziləri kimi vəzifədə olanda sadə el adamlarına yuxarıdan aşağı baxmayıb, əksinə düşünüb ki, vəzifə gəldi-gedərdir, insanlıq, xeyirxahlıq isə əbədi, heç zaman unudulmayan mənəvi dəyərlərdəndir. Vəzifəni məqsəd yox, elinə-obasına daha çox xeyir vermək üçün bir vasitə hesab edib, vəzifə adamı olmaqdan çox el adamı olmağa çalışıb.

Uğurlu Hüseynov haqqında vaxtilə dediklərimə bir də qayıtmaqda məqsədim odur ki, oxucuda bu yazımın qəhrəmanının hansı mühitdə böyüdüyü, hansı ocaqdan od aldığı haqda təsəvvür yaransın.

Çoban Oruc oğlu Hüseynov 1930-cu ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub, orta təhsilini də burada alıb. 1953-cü ildə hərbi xidmətə çağırılıb, üç il Moskva şəhərində sovet ordusu sıralarında qulluq edib. Həmişə vaxtın qiymətini bilən, daha doğrusu, vaxtdan səmərəli istifadə etməyi bacaran Çoban Oruc oğlu hərbi xidmətdə olduğu illərdən də səmərəli istifadə edib. Hərbi borcunu yerinə yetirməklə yanaşı, həm də burada avtomobil çilingəri peşəsinə yiyələnib – özü də 5-ci dərəcələi çilingər!

Hərbi xidmətini başa vurub doğma yurduna qayıdan Çoban Hüseynovun əmək fəaliyyəti də elə Faxralı kəndi ilə bağlı olub. Uzun illər – gənclik illərindən 1995-ci ilədək əvvəlcə kənddəki “Qələbə” kolxozunda, sonra isə Faxralı üzümçülük sovxozunda hesabdar-mühasib işləyib. Faxralıların bu gün də minnətdarlıqla xatırladığı Aslan Əliyevlə uzun müddət birgə çalışıblar. Kənddə sovet sədri vəzifəsində çalışan A.Əliyev onun işgüzarlığını, işinə məsuliyyətlə yanaşmasını, ən başlıcası isə, düzgünlüyünü və halallığını nəzərə alaraq xəzinədarlıq işini məhz Çoban dayıya etibar edərdi.

Sözün həqiqi mənasında ağır oturub, batman gələn, həmişə sözünün və özünün yerini bilən, keçdiyi ömür yolu gənclərə bir örnək ola biləcək əsl el adamı, el ağsaqqalı idi Çoban dayı. Faxralı üzümçülük sovxozunun aparıcı mütəxəssislərindən biri olmuş Firudin Həsənov Çoban dayını belə xatırlayır: “Öz işinə vicdanla yanaşan intizamlı maliyyəçilərdən biri idi. Faxralı kimi böyük bir eldə hamının hörmətini qazanmışdı. İstər işlədiyi dövrdə – sağlığında, istərsə də bu gün artıq həyatda olmadığı bir vaxtda da barəsində hamı ancaq ağızdolusu xoş sözlər söyləyir”.

Çoban Hüseynov eldə-obada həm də nümunəvi ailə başçısı kimi tanınıb. 1957-ci ildə ailə həyatı qurub və ömür-gün yoldaşı Manya xanımla birlikdə 3 övlad – iki oğul və bir qız böyüdüb. Övladlarının təhsil almalarına nail olub. Bu gün onların hər biri cəmiyyətdə öz layiqli yerlərini tutmaqdadırlar. Hər üçü də ataları kimi doğma yurda, elə-obaya bağlı insanlardır.

Çoban Hüseynov 2008-ci il avqustun 8-də dünyasını dəyişib. Amma bu, yalnız cismani yoxluqdur. Çünki bütün ömrü boyu halal zəhmətlə dolanıb, eldə-obada hörmət və nüfuz qazanan, özündən sonra xeyirxah əməlləri ilə yanaşı, bir də ləyaqətli övladlar yadigar qoyan bir adam haqda həyatda yoxdur demək olmaz. O bu gün də həyatdadır – onun sevənlərin, doğmalarının, qədirbilən faxralıların və bir də hər gün onun ruhuna dua oxuyan həyat yoldaşı Manya xanımın qəlbindədir.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur