AÇSA DA ÇİÇƏYİ, QALMADI BARI
İndiyədək eloğlularımdan çoxu haqqında yazmışam. Eldə-obada hörmət qazanan, xeyirxah əməlləri ilə təkcə özünün yox, həm də doğma Faxralımızın başını uca edən, şöhrətini artıran hər kəs haqqında ürəkdolusu söhbət açmışam. Kiminsə uğurlarından söhbət açmaq, yaxşı əməllərini gənclərə örnək kimi təqdir etmək yaradıcı adam üçün sanki əlavə stimula çevrilir. Haqqında yazdığın adamı yaxından tanıyırsansa, bu hisslər ikiqat artır.
Ancaq etiraf edim ki, bu yazını yazmaq mənə çox çətin oldu. Hər sətri yazdıqca içimdən keçən sızıltıyla baş-başa qaldım, qələm əlimdə əsdi. Axı, bu gün mən onun barəsində keçmiş zamanda danışmalı oluram. Doğrudur, bir gün dünyaya gələn bir gün də bu fani dünyadan köçəcək. Heç kəs bu dünyanı tutub durası deyil. Özündən sonra hər kəsdən yaxşı və ya pis əməlləri yadigar qalır, onu bu əməlləri yaşadır, bir də könüllərdə qurduğu yuva. Bəli, heç kəs bu dünyada əbədi qalan deyil. Amma… dünyadan köçəndə də vaxtında köçəsən. Bir xainin, terroristin əməlinin qurbanı olmayasan.
Oxucumu çox da intizarda saxlamaq istəmirəm. Bu yazıda Elşəndən söhbət açmaq istəyirəm – Elşən Məmməd oğlu Məmmədovdan. Elşən 1963-cü il iyul ayının 1-də Bakıda anadan olub. Onun atası Məmməd müəllim əslən Faxralıdandır, ali məktəbi bitirdikdən sonra Bakıda yaşayıb fəaliyyət göstərib. Azərbaycanın tanınmış jurnalistlərindən olub, Əməkdar jurnalist fəxri adına layiq görülüb. Mən həmişə onunla qürur duymuşam. Yüksək intellektli, olduqca xeyirxah bir insan idi. Məmməd müəllim haqqında böyük qürur hissi ilə yazdığım yazı əvvəlki kitablarımda yer alıb.
Elşənin mənsub olduğu Alməmmədli nəsli haqqında o qədər gözəl, ağızdolusu danışardı ki, Məmməd müəllim (Mamed əmi), adam heyran qalardı. Həmişə mənə və qardaşlarıma sözün həqiqi mənasında əmi diqqəti, qayğısı göstərərdi. Nəslimizin görkəmli nümayəndələri haqqında saatlarla danışardı. Uzun müddət Faxralıda və qonşu kəndlərdə kolxoz sədri işləmiş atası İsrafil Məmmədovdan, kolxoz sədri, sovet sədri işləmiş əmisi Əli Xəlilovdan, türk dünyasının böyük alimi əmisi oğlu Şamil Qurbanovdan danışdıqca saflaşırdı, dünya ilə bir olurdu. Bu xasiyyət Məmməd müəllimə içindəki saflıqldan gəlirdi. Qardaşım Sərdarın ali təhsil almasında və işləməsində Məmməd müəllimin (Mamed əminin) xüsusi xidməti vardı. Onu həmişə diqqətdə saxlayırdı. O günləri Sərdar belə xatırlayır: “Bakıda təsərrüfat malları mağazasında müdir işləyirdim. Məmməd əminin ailəsi əzizlərimiz, evi isə doğma ocağımız idi. Mərhum Humay bibi bizə elə münasibət bəsləyirdi ki, anamız qədər çox istəyirdik. Elşən haqqında danışmaq isə mənim üçün çox çətindi. Allah onu saf yaratmışdı, təmiz yaratmışdı. Çox savadlı, səviyyəli mühəndis idi. Tərbiyəsinə həsəd aparardıq. Otruşu, duruşu bir məktəb idi. Təəssüf, min təssüf ki, həyatının çiçəkləndiyi bir vaxtda alçaqların, namərdlərin ucbatından dörd nəfərdən ibarət bir ailə terrorun qurbanı oldu. Həmin çətin anlarda xalqın qabağında duran, ağır kədərə şərik olan, xalqa minnətdarlığını bildirən atam Eyvaz Məmmədovun sözləri, dəfn zamanı Səyyad Allahverdiyevin və sair Məmmədəli Əlləzovun oxuduğu şeir hələ də yadımdadı. Son olaraq demək istəyirəm ki, Elşən, onun gözəl ailəsi elimiz tərəfindən – dostları, yoldaşları tərəfindən həmişə minnətdarlıqla xatırlanır və zaman-zaman xatırlanacaq.”
Təkcə elə Məmməd müəllimin ailəsində dünyaya gəlməsini demək kifayət edər ki, Elşən haqqında əlavə heç nə demədən də onun necə bir insan olduğu barədə təsəvvür yaransın. Atası respublikada tanınmış adamlardan olsa da, Elşən heç zaman onun şöhrətinin kölgəsində gizlənməyib, hələ orta məktəb illərindən çalışıb ki, əməlləri ilə atasına da başucalığı qazandırsın, özünün karyerasını da qursun.
Elşən orta təhsilini Bakıda alıb. Əvvəlcə Yasamal rayonundakı 158 saylı orta məktəbdə oxuyub. Sonra təhsilini Nəsimi rayonundakı 240 saylı orta məktəbdə davam etdirib və 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsinə daxil olub. Texniki ali təhsil alanlar yaxşı bilir ki, bu sahə üzrə oxuyan tələbələrin ən yaralı yeri çertyoj çəkməkdir. Elşən üçün isə bu, adi bir iş idi. Bu kimi işləri o qədər dəqiqliklə yerinə yetirərmiş ki, tərsimi həndəsə və maşın detalları fənlərindən çəkdiyi çertyojlar digər tələbələrə nümunə kimi göstərilmək üçün kafedrada görməli yerdə divardan asılarmış.
Beşillik tələbəlik həyatını da uğurla başa vuran Elşən 1985-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. Təyinatla gənc mütəxəssis kimi Bakı Aqreqat İstehsalat Birliyinə işə göndərilib. Burada mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb. Qısa müddətdə savadı və bacarığı ilə kollektivdə böyük hörmət qazanıb, ona böyük etimad göstərərək aparıcı-mühəndis vəzifəsinə irəli çəkiblər. Qısa müddətdə ona göstərilən etimadı doğruldub. Neçə-neçə səmərələşdirici təklif irəli sürüb ki, bunlar istehsalatda tətbiq olunaraq böyük səmərə verib. Hər dəfə səmərələşdirici təklifi istehsalatda tətbiq olunaraq müəssisəyə uğur gətirəndə rəhbərlik onu mükafatlandırıb. Özü də elmi iş üzərində çalışırdı. Elimiz Elşənin timsalında gələcəyin ən böyük alimini və gözəl ziyalısını itirdi.
Bu müəssisədə Elşənin işləri pis getmirdi. Kollektivdə böyük hörmət qazanmışdı. Amma şəhərdən uzaqlığı (müəssisə Buzovnada yerləşirdi) üzündən iş yerini dəyişdirmək qərarına gəlib. 1992-ci ildə Keşlə qəsəbəsində yerləşən tikinti idarəsində işə düzəlib. Qısa müddətdə burda da işgüzarlığı və təvazökarlığı ilə kollektivin sevimlisinə çevrilib. Uğurlu başlanğıc onun gələcəkdə daha böyük nailiyyətlərə imza atacağından xəbər verirdi. İşdə də, ailədə də hər şey özünün istəyinə uyğun gedirdi. Evlənmişdi. Ali təhsilli mühəndis olan həyat yoldaşı Alidə xanımla xoşbəxt bir ömür sürürdülər. Oğulları Fəridlə qürurlanır, onun xoşbəxt gələcəyi naminə əl-ələ verib çalışırdılar. Amma atalar yaxşı deyib ki, sən saydığını say, gör fələk nə sayır. Amansız fələk heç də Elşənin saydığını saymadı və o, ailəsi ilə birlikdə 1995-ci ildə Bakı metrosunda törədilən terror hadisəsinin qurbanı oldu. Faxralı çoxlarına nümunə olacaq bir ailəni Haqqın dərgahına yola saldı.
Xalq şairi Zəlimxan Yaqub necə də gözəl deyib: “Alnıma nə yazıb, Allahım bilir”. Görünür tanrı Elşənin taleyini də belə yazıbmış.
Elşən haqqında çox danışmaq, çox yazmaq olar və nə qədər ki, qədirbilən eloğluları, sadiq dostları və yaxınları var, onun xatirəsi də ürəklərdə yaşayacaq, neçə-neçə şirin xatirələr yazılacaq. Elşənin dayısı oğlu və tələbəlik dövründə qrup yoldaşı, hazırda “Neftmaştəmir” ASC-də mühəndis vəzifəsində çalışan Turqay Əbilov Elşəni belə xatırlayır: “ Hər şeydə ehtiyatlı olan, hər şeyi ölçüb-biçən Elşən talenin hökmüylə həyatının çiçəkləndiyi bir dövrdə həyatdan köçdü”…
Unudulmaz Elşənimiz haqqında bu yazını dünyamızın böyük şairi Zəlimxan Yaqubun sözləri ilə tamamlayıram.
Sükuta qərq oldu o dil, o dodaq,
Qapı tək örtüldü göz qapaqları.
İşıqsız ev oldu, qaranlıq otaq,
Açsa da çiçəyi, qalmadı barı,
Gövdədən ayrıldı möhtəşəm budaq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.