ŞEİRƏ SIĞIŞMAYAN DASTANI QALDI
Bu günlərdə elimizin ləyaqətli oğlu, şəxsiyyətinə və yaradıcılığına həmişə böyük hörmət bəslədiyim mərhum müəllimim, şeirlərini hər zaman sevə-sevə oxuduğum Əli Səngərlinin “Şair ürəyi” kitabını növbəti dəfə oxuyurdum. Hər misrasından Borçalı ətri, Vətən qoxusu gələn şeirlərinin birindən digərinə keçdikcə sanki aranlı-dağlı Borçalını, Faxralının yaylaq yerlərini bir də gəzirdim, xəyal məni ötən illərə aparırdı. O illərə ki, valideynlərim sağ idi və mən də qayğılardan çox-çox uzaq idim. Bir anlığa ötüb-keçənlər, atalı-analı günlərim kino lenti kimi gözlərim önündə canlandı. Həyatda qazandığı bütün uğurlara görə ancaq əllərinin qabarına, alnının tərinə borclu olan və həmişə Allahın verdiyi qismətə şükür edən atamı xatırlayanda özümü bir az qınadım da. İndiyədək ondan artıq kitabım işıq üzü görüb, özü də bu kitabların əksəriyyəti böyüyüb boya-başa çatdığım Faxralıya – bu kəndin yetirmələri olan, şöhrəti çoxdan Borçalının hüdudlarını aşan elm adamları, təhsil işçiləri, saz-söz adamları, bir sözlə, kəndimizin şöhrətini ucaldanlara həsr olunub, amma doğmaca atam haqqında bircə kəlmə də yazmamışam. Bəlkə də bunun əsas səbəbini bizim mental xüsusiyyətlərimizdə axtarmaq lazımdır: atamdan yazsam, eldə-obada mənə necə baxarlar? Digər tərəfdən də, sənə doğma olan adam haqqında nəsə yazmaq həmişə çətindir. Doğma ata haqqında yazmaq isə daha da çətindir. Övlad ataya necə qiymət verə bilər?! Axı, ata hər zaman atadır.
Beləcə, atamla bağlı bu düşüncələr içərisində götür-qoy edərkən də köməyimə Əli müəllimin kitabı çatdı. Və qərara aldım ki, atamla bağlı heç olmasa Əli müəllimin düşüncələrini yazıya alım. Onun yazdıqlarına keçməzdən öncə isə Məmməd Sarvan və Musa Nəbioğlunun 2003-cü ildə Bakıda işıq üzü görmüş “Borçalı” kitabında atam haqqında yazılan avtobioqrafik məlumatı oxucuların nəzərinə çatdırmaq istəyirəm:
Eyvaz İsmayıl oğlu Məmmədov 1927-ci ildə anadan olub. Burada orta məktəbdə oxuduqdan sonra Tiflisdə birillik kurs bitirərək inşaatçı peşəsinə yiyələnib.
Hələ erkən yaşlarından əmək fəaliyyətinə başlayan E.Məmmədov kənddəki “Qələbə” kolxozunda ağac emalı sexinə başçılıq edib. 1949-1952-ci illərdə gürcü diviziyasında hərbi xidmətdə olub.
1960-cı ildə “Qələbə” kolxozunda briqadir kimi fəaliyyətə başlayan Eyvaz İsmayıl oğlu sonralar Faxralı üzümçülük sovxozunda fəaliyyətini davam etdirərək 1988-ci ilədək bu vəzifədə çalışıb. 1988-1994-cü illərdə isə həmin sovxozda anbar müdiri olub.
E.Məmmədov təsərrüfatda çalışdığı müddətdə yüksək nəticələrə nail olmuş, adı həmişə qabaqcıllar sırasında çəkilmişdir. Qazandığı uğurlara görə medallarla təltif olunmuş, ona o dövr üçün əlamətdar hadisə olan növbədənkənar “Jiquli” markalı minik maşını verilmişdir. O, 1964-cü ildə Moskvada Gürcüstan kommunistlərini təmsil edən nümayəndə heyətinin tərkibində yeganə azərbaycanlı olmuşdur.
E.Məmmədov halal zəhməti ilə eldə-obada böyük hörmət qazanmış, cəmiyyətdə özlərinə layiqli yer tutmuş övladlar böyütmüşdür.
E.Məmmədov 1999-cu il sentyabrın 23-də vəfat etmişdir.”
Borçalımızın nəğməkar şairi Məmmədəli Əlləzov o qəmli anlarda atama həsr etdiyi şeirdə deyirdi:
Oğuzlardan yadigardı,
Faxralı tək oba, dağlar.
Səngər qəmli, pərişandı,
Bilsin Qoşqar, Baba dağlar.“Ceyran” şeiri dodağında,
Gözü zümrüd bulağında.
Gəzdi ceyran sorağında,
Çiynində göy əba, dağlar.
Quru yanar, yaş axıdar,
Dələveri daş axıdar.
Qoşabulaq yaş axıdar,
Qardı abı-səba, dağlar.
Yusif, şirin xəyal kimi,
Eldə əhli-əyal kimi,
Zirvələrdə qartal kimi,
Qalacaqdı Aba, dağlar.
Atam təhsilə həmişə önəm verən çox maarifpərvər kişi idi. Qohumum, folklorşünas alim Elxan Məmmədlinin və Bəhlul Abdullanın redaktoru olduğu “Azərbaycan aşıqları və el şairləri” kitabına bu sözləri yazaraq mənə bağışlamışdı: “Könlünü bu kitablara ver, ay oğul! Kitabı sev, atanı sevdiyin tək.”
Faxralı ziyalılarına həmişə hörmətlə yanaşardı. Elimizin gözəl alim ziyalıları, həm də öz qohumları Hüseynqulu Məmmədli, Şamil Qurbanov, Namaz Bədəlov, Məmməd Məmmədov, Şamil Orucov, Sabir Xəlilov və başqaları ilə fəxr edər, onlarla bir yerdə olmasını həyatının ən gözəl anlarından sanardı. Onlara qonaqlıq verəndə elə bilərdi dünya onundu.
İxtisasca mühəndis olan qardaşım Alməmmədin dediklərindən: “İki “5”-lə (o vaxtlar ali məktəbə dörd fəndən qəbul imtahanı olurdu. İlk iki imtahandan “5” alanlar sonrakı imtahanları vermədən eksperimentlə yolu ilə ali məktəbə qəbul olunardı) Texniki Universitetə qəbul oldum. Atam Eyvaz Məmmədovun sevinci yerə-göyə sığmırdı. O, məni təbrik edib dostları ilə birlikdə əsrarəngiz və füsunkar gözəlliyi ilə dünyamıza meydan oxuyan Dağ Borçalıya gəzməyə apardı. O təkrarolunmaz gəzinti – atalı günlərim heç vaxt yadımdan çıxmır. Atamın o sevincli anları təhsil aldığım illər boyu zərrəcə azalmadı…”
…El arasında hamının “Aba” deyə müraciət etdiyi atamla Əli Səngərlinin qohumluğunu və dostluğunu Faxralıda, demək olar ki, bilməyən yoxdur. Yaxşı xatırlayıram, atam dünyasını dəyişəndə Əli müəllim dünyada ən əziz adamını itiribmiş kimi, özünə gələ bilmirdi. Sonralar əziz qohumunun xatirəsinə şeirlər həsr etməklə sanki özünü ovundururdu.
Sağlığında el içində sayılıb-seçilən, hörmət-izzət sahibi olan, dünyasını dəyişdikdən sonra isə xatirəyə dönərək yaddaşlara hopan, elin xeyir-şərində adı həmişə hörmətlə anılan və gənclərdə iftixar doğuran bir insan kimi, ömrünü elinə-obasına xidmətə həsr edən əmək veteranı Eyvaz Məmmədovun əziz xatirəsinə “Möylə bulağı” adlı poema həsr edib Əli Səngərli. Əlli il sonra yenidən “Möylə bulağı”nın görüşünə gələn Əli müəllim “biçənəkləri yetim, cığırları fağır” görüb bir az kövrəlir, “burda Hümmət kişi tütək çalanda heyrət eyləyərdi o tay-bu tay da”, – deyir, “hanı Çərçi qızı, İsmayıl dayı”, – deyə haray qoparır və təbii ki, Eyvaz Məmmədovu xatırlayır:
Dönüb xatirəyə elim, elatım,
Oğlanların ərki, qızların nazı.
İllərdən bəridir “Möylə bulağı”
Həsrətlə gözləyir Dəli Eyvazı…Cavanlıq çağları beyni dolu qan,
Gah xəncər gəzdirdi, gah zağlı tüfəng.
Zəhmət fədaisi oldu sonralar,
Dəydi qədəmləri lap Kremlədək.
Kolxozda, sovxozda bağı-bağatı,
Zəmisi, tarlası, bostanı qaldı.
Bulaqlar başında, kef yerlərində
Şeirə sığışmayan dastanı qaldı.
Əli müəllim atam haqqında niyə bu qədər sevgiylə, məhəbbətlə, eyni zamanda bir qohum yanğısıyla danışır? Bunun cavabını da poemada tapırıq:
Gülümsər qarşılar məni həmişə,
Məndən ürəkaçan söz umardı o.
Özümdən özümə əzbər deyərdi,
Sözdən məntiq, məna, köz umardı o.
Şeirim dilndəydi, adım dilində,
Deyib güldürərdi, deyib gülərdi.
“Hünərin varsa da, dayan, deyişək,
Mənim də ilhamım gəlib”, – deyərdi.
“Bu kimsəsiz bulaq başında” xəyala dalan, “bilmirəm qayayam, kötüyəm, daşam”, – deyib dərdini sulara danışan Əli müəllim xəyalən ötən illərə qayıdır: “Tarixlər yazmışdıq dostlarla burda”.
Əli müəllimin qohumuna sədaqəti, “Aba”sız günlərin nisgili, onunla keçirdiyi günlərin həsrətini çəkməsi “İtirdiyimiz yerlər” poemasında da öz əksini tapıb:
Qızılqayanın üstü, Alməmmədlinin yurdu…
Bu yay ora getmişdim, bulaqlar səni sordu,
Oylaqlar səni sordu,Yaxınlar səni sordu,
Uzaqlar səni sordu…Soruşdu Almalıqda qoca armud ağacı,
Soruşdu ağcaqayın – biçənəklərin tacı…
“Möylə bulağı” üstə meşələr də soruşdu,
Qoynunda gəzdiyimiz guşələr də soruşdu.
Hara ayaq basdımsa, cığırlar dilə gəldi,
Təpələr dilə gəldi, yamaclar dilə gəldi,
Dağlar üstümə gəldi, dərələr zilə gəldi,
Aba hanı? – dedilər, niyə tərk edib yurdu?
Dağ da, daş da, dərə də, təpə də, yamac da, çəhlim də, yol da, cığır da Əli müəllimdən Abanı soruşur, sanki tək gəldiyinə görə onu qınayırlar və şair könlü qubarlanır:
Susub nəğməkar quşlar mat-mat baxdı üzümə,
Dağlar çiynimə endi, şeh sarmaşdı dizimə.
Keçid keçirdi məni, cığır sarvanım oldu,
Qayıtdım yurd yerinə, kədər karvanım oldu.
Azərbaycanın xalq şairi Hüseyn Arif yazır: “Mən qorxardım ölümdən, dünyaya məndən sonra gələnlər olmasaydı!” Həyat davam edir. Və inanırıq ki, kökünüz üstə pərvəriş tapmış budaqlar da adınızı uca tutub babaları – Dəli Eyvazı zaman-zaman minnətdarlıqla xatırlayacaqlar. Bu yolu gediblər, biz də gedirik. Axı, bu yol Tanrı yoludur. Çox yolçuları yoracaq hələ bu yollar. İnşallah.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab