ZƏHMƏTLƏ ÇATAR ARZUYA İNSAN
Qələm adamları yaxşı bilir, bəzən kiminsə haqqında yazı yazmaq istəyirsən, günlərlə əlləşirsən, amma alınmır ki, alınmır. Bilmirsən yazını hardan başlayıb, harda qurtarasan. Barəsində nə deyəsən. Axı, tərcümeyi-halın zənginliyi, yəni nüfuzlu universitet bitirmək, namizədlik dissertasiyası müdafiə etmək, yüksək dövlət vəzifələri tutmaq belə bəzən bunun üçün kifayət etmir. Çünki bu sadaladıqlarım sadəcə avtobioqrafiyanın statistik məlumatlarıdır və hər kəsin həyatında mümkün olan şeylərdir. Vacib olan isə cəmiyyətdə özünə layiqli mövqe tutmaq, istər çalışdığın kollektivin, istərsə də gündəlik ünsiyyətdə olduğun insanların, elin-obanın rəğbətini qazanmaqdır. Vəzifə bu gün olar, sabah olmaz. Amma qazanılan hörmət, el-oba məhəbbəti insanın əbədi yol yoldaşına çevrilir, həyat yollarına nur saçır. Belə insanlar haqqında yazmaq da, danışmaq da nəinki çətin olmur, əksinə yazanın qol-qanadını açır, zövq verir.
Bu yazımın qəhrəmanı haqqında söhbət açmazdan əvvəl deyim ki, onu tanıtmaqdan ötrü bir nişan da kifayətdir. Yəni onun əslini-nəslini, soyadını, ən bsşlıcası atasını nişan versəm, çox şey aydın olar. Nahaq deməyiblər ki, ot kökü üstə bitər. Barəsində söhbət açmaq istədiyim Fuad bu müdrik atalar sözünü doğruldanlardandır. Atası Sabir təkcə Faxralının yox, Borçalının ləyaqətli, elcanlı, yurdsevər kişilərindəndir. Uzun müddətdir Bakıda yaşayıb fəaliyyət göstərsə də, qəlbi daim doğma yurd məhəbbəti ilə döyünür. Borçalı və Faxralıyla bağlı elə bir tədbir olmaz ki, orda fəal iştirak etməsin. Bu baxımdan onun elə-obaya ən böyük xidmətlərindən biri də mən deyərdim ki, övladlarını da doğma yurda məhəbbət ruhunda böyütməsidir.
…Fuad Sabir oğlu Budaqov 1969-cu ildə andan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirib. 1993-cü ildə ali təhslini başa vuraraq Bakı şəhərinin Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək burada şöbə rəisi vəzifəsində çalışıb. 1999-2000-ci illərdə fəaliyyətini Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində şöbə rəisi kimi davam etdirib. 2000-ci ildə ona etimad göstərərək Azərbaycan Respublikası Vergilər Nazirliyində baş mütəxəssis vəzifəsinə irəli çəkiblər. Bir il bu vəzifədə çalışıb, 2001-2002-ci illərdə isə əmək fəaliyyətini Suraxanı rayonu üzrə Vergi idarəsinin baş mütəxəssisi kimi davam etdirib.
Sonra bank sektoruna keçən Fuad Sabir oğlu 2002-2009-cu illərdə “Kredo bank” kommersiya bankının departament direktoru vəzifəsində çalışıb. 2009-cu ildən isə yenidən dövlət strukturlarında çalışır. Həmin vaxtdan 2014-cü ilin əvvəllərinədək Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini vəzifəsində çalışıb. Hazırda isə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavinidir.
Tərcümeyi-halından da göründüyü kimi, ilk baxışda Fuad Budaqovun ömür yolunda qeyri-adi bir şey yoxdur. Hamı kimi oxuyub, ali təhsil alıb, ixtisası üzrə də çalışır. Yəni hər bir normal insan üçün uyğun bir həyat yolu. Amma ilk baxışda sadəcə olaraq statistik məlumat təsiri bağışlayan bu illərin, vəzifə pillələrinin arxasında gərgin zəhmət və dərin savadla yanaşı, həm də Fuadın bir insan kimi səmimiyyəti, ünsiyyətcil olması və təşkilatçılığı dayanır. Axı, sirr deyil ki, elmi bilikləri praktik fəaliyyətdə tətbiq etmək, bunların ikisinin bir yerdə sintezinə nail olmaq özü peşəkarlıq tələb edən prosesdir. Elə Fuadı digərlərindən fərqləndirən cəhətlərdən biri də məhz onun yüksək təşkilatçılıq bacarığıdır. Heç şübhəsiz, bu keyfiyyətlər bir mütəxəssis kimi bu gün ömrünün ən məhsuldar dövrünü yaşayan Fuad Budaqovu hələ daha yüksək zirvələrə qaldıracaq.
Bəli, ot kökü üstə bitər. Fuad Budaqov da kökü üstə bitənlərdəndir. Bu kök çox dərinlərdən su içir. Borçalının ağır ellərindən olan Faxralı kimi böyük bir kənddən güc alıb bu gün bu elin adını şöhrətləndirən, başını hər yerdə uca edən Sabir Budaqovun ocağında böyüyüb pərvazlanan övlad başqa cür ola bilməzdi. Onun üçün dünyanın ən cənnət guşəsi Faxralıdır. Bütün varlığıyla doğma yurduna bağlıdır.
Elini-obasını hamı sevir, sevməyə borcludur da. Fuad isə bu sevgini əməli fəaliyyətində də sübut edir. Elin xeyir-şərində fəal iştirak edir, qayğıları ilə maraqlanır. Ona görə də faxralıların yanında üzüağdır.
Doğma Faxralımın bu ləyqətli oğluna daha böyük uğurlar arzulayıram. İnanıram ki, faxralılar hələ bundan sonra onun daha xoş sədalarını eşidəcək və öz eloğlusunun uğurundan qürur duyacaqlar. Çünki Fuad mərd kişinin mərd oğludur. N.Gəncəvi vaxtı ilə yazmışdır: “ Mərd olmaq yaxşıdır dünyada hər an, Mərdlik ilə çatar arzuya insan”. Biz də istəyirik ki, Fuad bütün arzularına beləcə çatsın.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.