SƏNƏTDƏ TƏSADÜF YOXDUR
Teatr mədəniyyətin elə bir qoludur ki, bəlkə də bura təsadüfən gəlib düşmək olar, ancaq heç vaxt böyük sənətdə qeyri-adi bir iz qoymaq mümkün deyil. Yəni insana Allah-Təala əvvəlcədən istedad verməsə, nə həmin insandan şair çıxar, nə rejissor olar, nə də böyük aktyor kimi formalaşa bilər. Deməli, onda məntiqi təfəkkürə söykənsək, belə nəticə çıxarmaq mümkündür ki, elə şeylər var, insana Allah-Təala tərəfindən bəxş olunur. Amma gərək Allahın verdiyi bu istedadı da illərlə içində, ürəyində və beynində saxlayıb məhv etməyəsən. Çünki dahilərdən biri deyir ki, 10 faiz istedaddırsa, 90 faiz zəhmətdir. Başqa sözlə demiş olsaq, istedadla zəhmət birləşəndə hər şey öz bəhrəsini verir.
Nasir Xosrovun belə bir fikri var: “Şüur, düşüncə, azad fikir – təbiətin, həyatın, varlığın gizli sirlərini açacaq açar budur”. Bu sözə dərindən diqqət yetirəndə hər şeyin insanın düşüncəsindən və istedadından asılı olduğu bir daha dəqiqləşir. Dəqiqləşir ki, insan bir işin dalınca gedəndə və məqsədli mübarizə aparanda nə vaxtsa onun bəhrəsini görür.
Həsən Nəsib oğlu Həsənov da həmişə qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparmağı özününü əsas həyat simvoluna çevirib. O, 1950-ci il iyulun 7-də Faxralı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib və müstəqil həyata qədəm qoyub. İlk vaxtlar Bakıdakı 1 nömrəli şəhər texniki peşə məktəbinə daxil olub və demək olar ki, oranı fərqlənmə diplomu ilə bitirib. Həsənin ürəyində və qəlbində həmişə musiqiyə, teatr sənətinə və mədəniyyətə böyük sevgi olub. Elə bu məqsədlə də 1970-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif şöbəsinə qəbul olub. Ancaq hərbi xidmətlə əlaqədar olaraq, onun təhsili yarımçıq qalır. O, Lelinqrad vilayətinin Lomonosov şəhərində ordu sıralarında xidmət edərkən də musiqiyə böyük həvəs göstərir. Elə hərbi hissədə də onun istedadı və bacarığı bir daha üzə çıxıb.
Belə ki, Həsən Həsənov Lomonosov şəhərindəki hərbi hissədə “Arzu” vokal instrumental ansamblı yaradır və ansamblda çox maraqlı proqramlar hazırlayır. Onun konsert proqramları hər dəfə tamaşaçıların alqışları ilə qarşılanır. Festivallarda uğurlu çıxışına görə laureat adını qazanır. Eyni zamanda, onun yaratdığı ansamblın uğurları çoxlarını təəccübləndirir və bu məqsədlə onun barəsində 12 dəqiqəlik sənədli film çəkilir. Bu film qısametrajlı sənədli filmlər arasında xüsusi mükafat alır. Ordudan qayıtdıqdan sonra təhsilini davam etdirir və texnikumu fərqlənmə diplomu ilə bitirir. O, Gürcüstan Respublikasının Bolnisi rayonu mədəniyyət evində bədii təşviqat briqadasında rəhbər vəzifəyə gətirilir. İlk gündən o, xalq çalğı alətləri ansamblı yaradır. Bununla yanaşı, həvəskarlardan ibarət teatr truppasına da xeyir-dua verir.
Yaradıcılığı günbəgün irəliyə doğru bir addım da yaxınlaşır. O, bir çox klassik Azərbaycan əsərlərini səhnəyə qoymaq üçün də özünü sınayır və bu sınaq uğurlu alınır. Şıxəli Qurbanovun “Əcəb işə düşdük”, Məcid Şamxalovun “Qayınana” tamaşaları onun yeni quruluşunda təzə səhnə ömrü yaşayır.
Əlbəttə, Həsən müəllimin istər musiqi, istərsə də teatr sənətində uğurları heç vaxt diqqətdən kənarda qala bilməzdi. Elə ona görə də 1976-cı ildə onu Bolnisi rayonunun mədəniyyət şöbəsində avtoklubun müdiri təyin edirlər. Bu müddətdə də yaradıcı insan özünün yeni uğurları ilə həm tamaşıçıları sevindirir, həm də sənət adamlarına böyük köməklik göstərir. O, A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunda incəsənət tarixindən dərs deyir və eyni zamanda doğma kəndi Faxralıdakı orta məktəbdə nəğmə və musiqi müəllimi işləyir.
Həsən Həsənov orta ixtisas təhsili ilə razılaşmır. Elə bu məqsədlə də Mirzağa Əliyev adına İncəsənət İnstitutuna daxil olur və 1981-ci ildə həmin ali məktəbi bitirir. Çox qəribədir ki, Həsən müəllim avtoklubun müdiri işlədiyi dövrdə də musiqi aləmində özünəməxsus yeniliklər edir və “Könül” vokal-instrumental ansamblını yaradır. Həmin ansambl da tamaşaçılar qarşısında rəngarəng proqramlarla çıxış edir və dinləyicilərə xoş ovqat bəxş eləyir. 14 il fəaliyyət göstərmiş ansamblın lent yazıları hazırda Gürcüstan radiosunun fondunda saxlanılır. Həsən müəllim harda işləyibsə, elə orda da bir yeniliyə imza atıb. 1986-cı ildə o, Bolnisi rayonunun Cəfərli kənd mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunur. Az sonra isə Gürcüstan Respublikası Marneuli şəhər mədəniyyət evinin bədii rəhbəri vəzifəsinə irəli çəkilir.
1990-cı ildə Bakıya gəlir və burda özünə yeni bir həyat qurur. Bir müddət “Azərelektromaş” HİK-nin mədəniyyət sarayında direktor müavini işləyir. Onun istedadı burda da üzə çıxır və ona görə də onu İrəvan Azərbaycan Dram Teatrında sərəncamçı direktor vəzifəsinə irəli çəkirlər, 1994-ci ildən 2006-cı ilə qədər isə Dövlət Gənclər Teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. Əlbəttə, ilk öncə onun istedadı və bacarığı üzə çıxır. Elə buna görə də o, yeni vəzifələrə təyin olunur.
2006-cı ildə Həsən Həsənov həmin teatra direktor təyin olunur. Təbii ki, teatrda işə başladığı ilk gündən sənətə gətirdiyi yenilikləri, orjinal münasibəti və ən nəhayət yeni əsərlərin uğurlu rejissor yozumu ilə çoxlarının yenidən diqqətini cəlb edir. Yeniliklər üçün isə insan gərək həmişə axtarışlar apara. Onun da axtarışları zamanından və məkanından asılı olmayaraq öz bəhrəsini verir.
Teatrda islahatların aparılması ilə əlaqədar iki teatr Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi və H.Həsənov həmin teatra direktor müavini təyin edildi. Tamaşaçını indiki dövrdə teatra gətirmək və onu sevdirmək o qədər də sadə iş deyil. İlk növbədə indi teatra gedənlər yoxdur. Çünki teatrı tamaşaçılar əvvəlki kimi görə bilmirlər.
Amma Həsən Həsənov hansı teatra gəlirsə, müəyyən müddətdən sonra tamaşaçılar həmin teatra getməyə can atırlar. Çünki teatrda bu günlə, insan həyatı ilə səsləşən tamaşalar səhnəyə qoyulur. Məhz bu qabiliyyətlərinə görə 2010-cu ilin oktyabr ayının 1-dən Həsən Həsənovu Mingəçevir Dövlət Dram Teatrına direktor təyin ediblər.
O həmişə öz sənətinə və işinə sədaqətli olub. Sadəcə olaraq, o, bu işləri səhnədə sübut edib. Məhz buna görə də Həsən Həsənov Azər-baycan Teatr Xadimləri İttifaqının üzvüdür və bu adı şərəflə daşıyır.
O, yaxşı rejissor, istedadlı sənət adamı və məsuliyyətli ailə başçısıdır. Belə ki, Həsən Həsənovun 2 qızı, 1 oğlu var. Yaradıcı insan həmişə bu uğurlara görə, göydə Allaha, yerdə də öz müəllimlərinə və sənət adamlarına minnətdarlıq edir. Allahını və sənətini sevən insanları isə həmişə xalq arasında alnı açıq, üzü ağ görmək olar.
Dahilərdən biri deyib: “İnsanlar arasında qarşılıqlı məhəbbət insan həyatının əsas qanunudur”. Həsən Nəsib oğlu Həsənov da ömrününü bütün anlarında bu qanuna söykənib və həyatını səmimiyyət üstündə qurub.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.