EL SEVƏNİ ALƏM SEVƏR
İlhamıdı coşqun çaylar, dənizlər,
Saflığıdı müqəddəslər, təmizlər.
El sevəni, aləm sevər, əzizlər,
Zaval yoxdu qiymətinə bu xalqın.
Zəlimxan Yaqub
İnsanın ömrünü yaşadığı illərlə deyil, onun əməlləri ilə hesablayanlar nə qədər haqlıdırlar. Kim Tanrının ona bəxş etdiyi ömür payını ləyaqətlə, kişi kimi yaşayaraq hələ sağlığında ikən könüllərdə özünə yuva qura bilirsə, o, ölməzlik qazanır. Özü cismən bu dünyada olmayanda da xeyirxah əməlləri, şirin xatirələri ilə yaşayır. Belə ləyaqətli ömür yaşayıb bu gün şirin xatirəyə çevrilənlərdən biri də Hüseyn dayıdır.
…Hüseyn Dünyamalı oğlu Qurbanov 1932-ci ilin avqustunda dünyaya gəlib. 1939-cu ildə 1-ci sinfə gedib və 1946-cı ildə yeddiillik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki peşə məktəbində (o zamanlar bu məktəblər FEZO adıyla məşhur idi) birillik mexanizatorluq kursunda oxuyub. Erkən yaşlarından əmək fəaliyyətinə başlayıb, 13-14 yaşlarından sürücü yanında köməkçi olub, sonra isə mexanizator kimi traktor və kombayn idarə edib. Qısa müddət ərzində zəhmətsevərliyi, bacarığı və iş təcrübəsi ilə təsərrüfatda hamının diqqətini çəkib. Ona böyük etimad göstərərək o vaxtlar Faxralıda yaradılmış MTS-in (Maşın-traktor stansiyası) 1№-li Traktor parkında briqadir vəzifəsinə irəli çəkiblər və o, təsərrüfat dağılana – Sovet hökumətinin sonuna kimi bu vəzifədə ləyaqətlə çalışıb.
Hüseyn Dünyamalı oğlu sadəcə olaraq adicə bir əmək adamı olmayıb, faxralılar onu həm də fəal ictimaiyyətçi kimi tanıyıb. İstər çalışdığı təsərrüfatın, istərsə də yaşadığı kəndin ictiami həyatında həmişə yaxından iştirak edib. O vaxtlar çoxları üçün əlçatmaz olan Kommunist Partiyasına üzv olması isə onun üçün bu sahədə əlavə imkanlar açıb. Dəfələrlə Bolnisi rayon və Faxralı kənd Sovetinin deputatı seçilib, kənd soveti şurasının, yerli partiya təşkilatının və rayon partiya komitəsinin büro üzvü olub.
Sovet hökuməti dağıldıqdan sonra yeni iqtisadi münasibətlərin formalaşması təbii ki, onun çalışdığı sahədə də yenilik tələb edirdi. Artıq kolxoz və sovxozlar dağılmışdı. Torpaq isə əkilməli, becərilməli idi. Hüseyn Dünyamalı oğlu kimi kənd təsərrüfatını dərindən bilən, bu sahədə uzunmüddətli zəngin təcrübəyə və bacarığa malik olan insanlara belə məqamda daha çox ehtiyac duyulurdu. H.Qurbanov da özünün bilik və bacarığına, zəngin həyat təcrübəsinə söykənərək fermer təsərrüfatına rəhbərlik etdi və böyük uğurlar qazandı.
Əmək fəaliyyəti bütövlükdə doğma kəndindəki təsərrüfatla bağlı olsa da, o, daim təhsilə yüksək qiymət verib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquqşünaslıq fakültəsində qiyabi təhsil alaraq bilik və bacarığını elinin-obasının rifahı naminə səmərəli şəkildə sərf edib, bundan mənəvi zövq alıb.
Olduqca qohumcanlı idi Hüseyn dayı. Kim bilir, bəlkə də bunun bir səbəbi də o idi ki, hələ gənclik illərindən ata-anasını itirdiyindən ailənin bütün yükü onun çiyinlərinə düşmüşdü. Uşaqlıq və gəncliyinin ölkənin çətin dövrünə düşdüyü o illərdə özündən kiçik iki qardaşının ali təhsil almaları üçün gecəli-gündüzlü çalışırdı. Bu işdə ona böyük qardaşı Həsən də dəstək verirdi. İki qardaş əl-ələ verərək kiçik qardaşları Şamil və Orucun Bakıda ali təhsil almaları, sonra isə Şamilin təhsilini aspiranturada davam etdirməsi üçün sözün əsl mənasında böyük fədakarlıq göstərdilər. Lazım gəldikdə qardaşlarının yükünü öz çiyinlərində daşımağa necə hazır olduğunu təkcə qohumlar, qonşular deyil, bütün faxralılar yaxşı bilir.
Gül kimi, lətif bir ömür sürdü Hüseyn dayı. Həyatın fövqündə insanlığı görərdi həmişə. Sözün həqiqi mənasında beş övladına nümunəvi ata idi. Hüseyn dayının medalları, mükafatları çoxdu. Ən böyük mükafatı isə hamı tərəfindən sevilən ali təhsilli, ləyaqətli, nəzakətli övladlarıdır. Hər övladı bir tərbiyə məktəbidi Hüseyn dayının. Hamısı da elə bağlı, elnən nəfəs alan ziyalılardır. Və onu da qeyd etməliyəm ki, Hüseyn dayı qardaşı övladlarını öz övladlarından heç vaxt seçməyib. Qardaşı övladları da Hüseyn dayını öz övladlarından az sevməyiblər. Bütün bu əxlaqi fəzilətlər kökdən, ocaqdan gələn dəyərlərin sübutudur.
Elinə-obasına, doğma yurduna çox bağlı idi. Doğma Faxralıdan ayrı bircə günüm də olmasın, deyirdi. Yaxşı yadımdadır, ötən əsrin doxsanıncı illərində Gürcüstanda soydaşlarımıza qarşı yeridilən ayrı-seçkilik siyasəti nəticəsində çoxları öz dədə-baba yurdundan köçmək məcburiyyətində qalaraq Azərbaycana üz tutmalı oldular. O çətin illərdə Hüseyn Dünyamalı oğlu el-obaya, doğma yurda əsl sədaqət nümunəsi göstərdi, hətta qardaşı Həsənin ona rahatlığı üçün Bakıya köçmək təklifini də qəbul etmədi. Ata yurdunu boşaltmadı, onun çırağını daha da gur yandırdı, ocağının istisini azalmağa qoymadı.
Onu tanıyanlar, ünsiyyətdə olanlar yaxşı bilir ki, çox danışmağı sevməzdi. Sözünün qiymətini, məqamını yaxşı bilirdi. Danışanda elə danışardı ki, hər kəlməsi onun nüfuzunu, hörmətini daha da artırardı. Sözünü üzə deyərdi, şax deyərdi. Mübahisəli anlarda kəskin mövqeyini ortaya qoymağı da bacarırdı. Belə məqamlarda deyərdi: “O qədər sözdən anlamayanlar var ki…”
Dilindən nalayiq söz çıxmazdı. Dostluqda isə olduqca sədaqətli, əsl sirdaş idi. Elə bu səbəbdəndir ki, bu gün Faxralıda ondan söhbət düşəndə istər yaşlı nəslin nümayəndələri olsun, istərsə də gənclər – onu minnətdarlıqla xatırlayır, haqqında ancaq xoş sözlər deyirlər. Alimləri, igidləri, ictimai-siyasi xadimləri, cəsur oğulları ilə məşhur olan Faxralı kəndi həm də sadə, alicənab insanları ilə məşhurdur. Belə sadə, alicənab insanların arasında Hüseyn dayı həmişə sevilib.
Onun barəsində saatlarla, günlərlə danışmaq olar. Hüseyn Qurbanovun keçdiyi ömür yolu sanki bir dastan, özü isə bu dastanın həm qəhrəmanı, həm də ozanıdır. Yaxşı yadımdadır, bir dəfə xəstə olarkən demişdi: siz məni yetmişə çatdırın, 100-ə özüm çatacam. Amma 100-ə çatmasa da, 80-i haqladı.
Hüseyn dayının keçdiyi şərəfli həyat yollarında onunla çiyin-çiyinə addımlayan, ona sözün əsl mənasında “çətin gündə, ağır anda arxa olan, el içində tanıdan da, ucaldan da şirin sözlü, düz ilqarlı, özünün də son günlərdə “analar anası” adlandırdığı ömür-gün yoldaşı Yetər xanımın xidməti danılmazdır.
Ömər Xəyyam demişkən:
Yaşasan beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil.
Bir nağıl ömrü yaşayan Hüseyn dayının haqqa qovuşmağı da nağılvari oldu – 2011-ci ilin 11-ci ayının 11-də, hətta saat 1100-da şair Zəlimxan Yaqub deyən kimi, “elini sevən Hüseyn dayı elin sevgisini” görə-görə dünyamıza əlvida dedi. Həmin gün Faxralı eli “dünyadan nə gözəl bir insan köçdüyünün” şahidi oldu.
Təəssüflənirəm ki, mən bu yazını niyə onun sağlığında yazmadım. Yaza bilərdim. Amma onun tərifdən xoşlanmaması məni bu işdən çəkindirmişdi. Yenə də gec deyil. Aqillər demişkən: “Böyüklük odur ki, elin dərdini çəkə biləsən, sınıq könülləri tikə biləsən”.
Yazdım ki, gələcək nəsillər “el yükü çəkənlərdən, sınıq könülləri tikənlərdən” öyrənsinlər, ibrət dərsi alsınlar.
Böyük nəğməkar şairimiz Məmməd Rahim aşağıdakı beyti sanki Hüseyn Qurbanov üçün yazmışdır:
Yarat! Sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir.
Bu yazını hələ sağlığında – 70 illik yubileyində qızı Şahpəri xanımın atasına həsr elədiyi şeirlə tamamlayıram.
ATAM
Həyatda çox bərkdən-boşdan çıxıbdı,
Alovdan keçibdi, oddan çıxıbdı,
Çörəyi dəmirdən, daşdan çıxıbdı,
Əlləri zəhmətdən qabarlı atam.Vəfalı qardaşdı, qayğıkeş ata,
Ləyaqətli oğullar verib həyata.
Dözümdə, səbirdə ona kim çata,
Hörmətli, izzətli, vüqarlı atam.Yaxşılığı özünə edibdi peşə,
Yaxşı adla ucalıbdı həmişə.
Halalca haqqıyla yetib yetmişə,
Yaşasın yüz qışlı, baharlı atam.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.