KÖKÜNƏ BAĞLI OĞUL
Borçalı torpağının yetirdiyi dövlət və ictimai-siyasi xadimlər, alim, mühəndis, həkim, yazıçı, şair və aşıqlar, sadə peşə adamları bu gün bizim iftixarımız, qürurumuzdur. Dörd hissədən ibarət “El sevəni aləm sevər” kitabımda Borçalı mahalında, eləcə də Faxralı elində tanınmış yüzlərlə mədəniyyət, incəsənət və elm adamlarının portretlərini yaratmışam:
Nəriman başında qızıl tacındı,
Rəşid şərəfindi, Şaiq şanındı.
Oğullar yetirdin, el-el tanındı,
Qışın da çevrildi yaza, Borçalı .Kim unudar şair Nəbi adını,
Şeirə qatdı ürəyinin odunu.
Xan Əmrahı, Saraçlını, Xındını,
Verdin Kamandarı bizə, Borçalı.Ey könül, “Şərili”,“Misri” üstə din,
Arzumuz gül açıb, olubdu çin-çin.
Can verib, dindirir sazı Nurəddin,
Sığmayır dastana, sözə Borçalı.
Yalnız son dövrdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, türk dünyasının tanınmış alimi Şamil Qurbanovun və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun adını çəkmək kifayətdir ki, Faxralı kəndi haqqında oxucuda zəngin təsəvvür yaransın.
Faxralıda elin-obanın, Borçalının şərəfini hər yerdə ucaldan neçə-neçə mərd kişilər yetirmiş nəsiilərdən biri də Nəsiböyüdür. Yeri gəlmişkən onu da qeyd edim ki, bu nəsil ilə bizim Alməmmədli nəsli arasında həmişə yaxşı münasibət olub. Bu nəsillə qaynayıb-qarışıb, qız alıb, qız vermişik və bu yaxşı münasibətlər bu gün də davam edir, gələcəkdə də davam edəcəkdir.
Pənah Babaşoğlu, Namazalı, Nadir, Şamil və digərləri Nəsiböyünün sayılıb-seçilən kişilərindən olublar. Bu gün Pənah Babaşov, Rəşid Babaşov, Nadir Nəsibov, Kərəm Nəsibov və başqaları bu nəslin, kökün layiqli davamçılarıdır. Bu nəslin belə ləyaqətli oğullarından biri də Ziyəddindir.
İsa Ziyəddin oğlu Nəsibli 19 aprel 1960-cı ildə Faxralıda anadan olub. Əmək fəaliyyətinə orta məktəbi bitirdikdən sonra – 1977-ci ildən Mingəçevir toxuculuq kombinatında başlayıb. Ali təhsil alıb – 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirərək mühəndis-texnik ixtisasına yiyələnib. 1986-ci ildən 1995-ci ilin iyul ayına kimi “Azəravtoyol” Elmi-Tədqiqat Laboratoriyasında texnik, mühəndis və baş mexanik vəzifələrində çalışıb. Həmin müəssisədə işlədiyi dövrdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.
İsa Nəsibli 1 avqust 1995-ci ildən “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan-Almanya birgə müəssisəsində təchizatçı, baş texnik və baş təchizatçı vəzifələrində çalışıb 24 aprel 2015-ci ildən isə kadrlar şöbəsinin rəhbəri vəzifəsində fəaliyyətini davam etdirib. Burada da kollektivin dərin hörmətini qazanıb və səmərəli işinə görə dəfələrlə mükafatlandırılıb.
İsa var-dövlət hərisliyindən, tamahdan uzaq sadə bir ziyalı, hər şeyin fövqündə xeyirxahlığı, insanlığı görən gözəl eloğlu idi. Düz adam idi, təmiz adam idi. Həmişə də ətrafında özü kimi insanları görmək istəyirdi. İsa çox yaxşı bilirdi ki, düz və təmiz adamlar böyük hörmətə layiqdirlər.
Bir oğul, iki qız atası olan İsa Nəsibli 2017-ci il martın 2-də 56 yaşında dünyasını dəyişdi – doğmalarının, dostlarının, yaxınlarının, iş yoldaşlarının qəlbinə köçüb əbədiyyətə qovuşdu.
Dünyasını vaxtsız dəyişsə də, özündən sonra xoş xatirələr, xeyirxah əməlləri qalıb. Elə xatirələr, elə əməllər ki, onu illərlə yaşadacaq. Və bir də ləyaqətli övladları var ki, həm onun özünün və mənsub olduğu Nəsiböyü nəslinin, həm də bütövlükdə Faxralının, Borçalının adına layiqdirlər. İsanın özü bu gün aramızda olmasa da, həyat davam edir, nəsil davam edir. Burada Hüseyn Arifin bir şeiri yada düşür:
Mən qorxardım ölümdən,
Dünyaya məndən sonra gələnlər olmasaydı.
Mən qorxardım dənizdən,
Sinəsi sal qayalı sahillər olmasaydı.
İsa Nəsiblidən sonra bu nəsilə çox İsalar gələcək. Və bu İsalar nəslin tarixində zaman-zaman yaşayacaqdır. Allah rəhmət eləsin. Yeri cənnət məkan olsun.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.