Məhəmməd Hümbət oğlu Nağıyev

MƏŞHUR NƏSLİN LAYİQLİ DAVAMÇISI

Məhəmməd gəncdir, amma gənc­liyi­nə rəğmən özünə kifayət qədər kar­yera qura bilib. Bu gün elimin-obamın layiqli gənclərindən söz düşəndə adı qürurla çəkilir.

Onun haqqında düşünəndə yadıma ilk olaraq ataların min illərin sınağından çıxmış çox müdrik bir kəlamı düşür:  “Ot kökü üstə bitər”. Doğrudan da, kö­kün sağlam, bünövrənin möhkəm ol-ması mühüm şərtdir. Kök sağlam olarsa, gövdə daha mətin dayanar, möhkəm olar, ondan güc alan budaqlar isə gündən-günə boy verərək zirvələrə ucalar. Məhəmmədin mənsub olduğu Çərçilər nəsli Farxalıda adlı-sanlı nəsillərdən biridir. Çərçioğlu Hümbət sərrast atıcı, qürurlu, Borçalıda döyüşkən və igit qaçaqlardan biri kimi sayılıb, seçilib. Çərçioğlu Hümbətin adı gələndə ermənilər tülkü deşiyi axtarıb ki, orda gizlənsinlər və onun gözünə görünməsinlər. Özündən de­yən erməniləri həmişə yerində oturdan Çərçioğlu Hümbət onu hökümətə satan Solamanın oğlunu bir güllə ilə cəhənnəmə göndərib. Belə qorxmaz oğlu eldə-obada qoruyan, ona dayaq olan kişilər olub. Məhəmmədin babası Çərçi oğlu Əhməd isə təhsil fədaisi olub. Əsrin əvvələrində Fax­ra­lıda savadsızlığın ləğvi ilə əlaqədar kurslar təşkil olunub.Əhməd Nağıyev həmin kurslara təhbərlik edib. Əhməd, Hümbət, Məhəmməd Nağıyev­lə­rin bacıları Çərçi qızı Balaxanım və Yasəmən haqqında indi də əfsanələr yaşamaqdadır. Təkcə Azərbaycanda məşhur həkim kimi tanınan, bütün borçalıların sevimlisinə çevrilən Hümbət Nağıyevin adını çəkmək kifa­yətdir ki, bu nəsil haqda oxucuda tam təsəvvür yaransın. Təsadüfi deyil ki, bu nəsildən söz düşəndə ilk olaraq Hümbət həkim yada düşür, Hümbət həkimdən danışanda isə adamın gözləri önünə onun mənsub olduğu nəsil şəcərəsi gəlir.

Məhəmməd o gənclərimizdəndir ki, daim öz kökünə, elinə-obasına, ənənyə bağlıdır. Köküylə qürur duyur, öyünür, ondan güc alır, amma bu gücə güvənib arxayın da olmur. Əksinə, bu gücə əlavə güc qatmağa çalışır və buna müvəffəq də olur. Həyatda uğura aparan yolun müba­rizədən keçdiyini yaxşı bilir, ona görə də qarşısına qoyduğu məqsədə çatmaq uğrunda özü inamla mübarizə aparır.

Məhəmməd Nağıyev 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Onun təkcə hansı ailədə böyüməsini bilmək kifayətdir ki, özünü şəxsən tanımasan belə, barəsində təsəvvürün olsun. Onun atası Hümbət həkim təkcə Faxralı və faxralılar  yanında yox, bütövlükdə Borçalıda tanınan, sayılıb-seçilən kişilərdən olub, Azərbaycanda da dərin savada malik bir həkim olması və bütöv şəxsiyyəti ilə tanınıb, ad-san qazanıb. Hümbət Nağıyev onu tanıyanlar üçün sadəcə həkim yox, həm də güvən və məs­lə­hət yeri, xeyirxahlıq mücəssəməsi, bir sözlə, əzizlərin əzizi idi. Onu təkcə yaxınları, doğ­­maları, ailə üzvləri  yox, böyüyüb boya-başa çatdığı Fax­ralı, canından artıq sevdiyi Borçalı və ömrünün çox his­sə­si­ni keçir­diyi can Azərbaycanda hamı məhz belə tanıyır, hər məclisdə başa çəkirdilər.

Məhəmməd orta təhsilini Sumqayıtda alıb – 1990-cı ildə 11 saylı orta məktəbdə birinci sinfə gedib. 1995-ci ildən təhsilini Sumqayıt Özəl Türk Liseyində davam etdirib. Yeri gəlmişkən onu da qeyd edək ki, liseyə də imtahan verərək daxil olub. 2000-ci ildə liseydə təhsilini fərqlənmə ilə başa vurub və elə həmin il Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universitetdə həm yaxşı oxuması, həm də ictimai işlərdə fəlallığı seçilib, tələbə yoldaşlarının və professor-müəllim heyətinin hörmətini qazanıb.

Nahaq deməyiblər ki, haqq əmək yerdə qalmaz. Məhəmmədin çəkdiyi zəhmət də özünün ilk bəhrəsini verib – 2004-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vurduqdan sonra Vətən qarşısındakı borcunu yerinə yetirməyə  – hərbi xidmətə yola düşüb. Bir illik hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlayıb.  2005-2006-cı illərdə Sumqayıt Araz Hazırlıq KurslarındaAzərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. 2006-2009-cu illərdə Beynəlxalq Tədris Mərkəzinin Gəncə filialında müəllim kimi çalışıb. Bu arada eyni zamanda təhsilini də davam etdirib – Sumqayıt Dövlət Uni­ver­sitetində Dünya xalqları ədəbiyyatı üzrə qiyabi magistr təhsili alıb. Gən­cə şəhərindəki pedaqoji fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib, nazirliyin fəxri fərmanı ilə təltif olunub. 2009-2010-cu illərdə pedaqoji fəaliyyətini Beynəlxalq Tədris Mərkəzinin Dədə Qorqud filialında davam etdirib. Burada da özünün yüksək peşəkarlığı və pedaqoji ustalığı ilə fərqlənib,  Beynəlxalq Tədris Mərkəzinin “İlin müəllimi” mükafatına laiq görülüb.

2010-2012-cü illərdə Beynəlxalq Tədris Mərkəzinin Bakı filialında dərs deyən M.Nağıyev 2012-2014-cü illərdə Beynəlxalq Tədris Mər­kəzində ölkə üzrə Azərbaycan dili və ədəbiyyatı metodbirləşməsinə başçılıq edib. 2014-cü ildən Kaspi Təhsil Mərkəzinin Kaspi Liseyində tədris və təlim-tərbiyə üzrə direktor müavini olaraq fəaliyyət göstərir.

Pedaqoji fəaliyyətlə yanaşı, Məhəmməd Nağıyevin “Ədəbiyyat” və “Kaspi” qəzetlərində elmi-publisistik və bədii-publisistik məqalələri də çap olunub.

İndiyədək keçdiyi ömür yolundan da göründüyü kimi, Məhəmməd Nağıyev qısa müddətdə bir gənc üçün böyük uğur sayıla biləcək nailiy­yətlərə imza atıb. Bu, həm də gələcəkdə qazanalıcaq daha böyük uğurlar üçün etibarlı zəmin, möhkəm bünövrədir.

Xırda hisslərdən uzaq olan Məhəmməd böyük arzularla yaşayır və mən  inanıram ki, sağlam kökünə, qeyrətinə və qüruruna söykənən Məhəmməd onu zirvəyə aparan bu yolda inamla addımlayacaq, yeni-yeni uğurları ilə yaxınlarını, doğmalarını və dostlarını, eləcə də, bütün faxralıları sevindirəcəkdir.  Mənim bu inamım həm də ondan güc alır ki, Məhəmməd  böyük ziyalı, bütün varlığı, canı-qanı ilə Vətəninə, xalqına bağlı olan, bu dünyaya ər kimi gəlib, ər kimi gedən atası kimi,  özünün dərin zəkası, yüksək insani keyfiy­yət­ləri, eli­tar mədəni səviyyəsi, ünsiy­yət qurmaq bacarığı sayə­sin­də in­san­larla tez qaynayıb-qarışması ilə seçilir. Atası kimi, böyüklə böyük, kişiçkə kçik olmağı bacarır.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur