BİZ SƏNİNLƏ FƏXR EDİRİK
İndi futbol azarkeşi olmayan az adam tapılar. Hərənin bir sevimli komandası var. Bununla belə, elə oyunçular da var ki, artıq özünə bir komanda qədər azarkeş toplaya bilib. Belə oyunçular komandalarını dəyişsələr belə, azarkeşləri dəyişmir, əksinə, onların sayı daha da artır. Azərbaycan futbolunda belə oyunçulardan biri gənc və perspektivli idmançımız Ruslan Abışovdur.
Bu gün Azərbaycanda futboldan, futbolçularımızdan danışanda adı ən çox hallandırılanlardandır Ruslan. İstər şərəfini qoruduğu “Xəzər-Lənkəran” komandasının, istərsə də milli yığmamızın oyunu zamanı həm məşqçilərin, həm də azarkeşlərin ən çox ümid bəslədiyi futbolçudur Ruslan.
Ruslan İbrahim oğlu Abışov 1987-ci il oktyabrın 10-da Bakıda anadan olub. Uşaqlıqdan taleyinə futbolçu olmaq yazılan Ruslan hələ 6 yaşında ikən özündən böyük qardaşları Sərxan və Elxanla birlikdə Uşaq-Gənclər Futbol Məktəbinə gedib. Doğrudur, o zaman bəlkə də heç ağlına da gəlməzdi ki, vaxt gələcək respublikada tanınmış futbolçulardan biri olacaq, hətta milli yığma komandamızın aparıcı oyunçularından biri kimi ölkəmizin idman şərəfini qoruyacaq. Bəli, bu, nə özünün, nə də doğmalarının ağlına gəlməyə bilərdi. Amma nahaq deməyiblər ki, marşal olmaq istəməyən əsgər əsgər deyil. Ruslan da futbola böyük arzularla gəlmişdi. Uşaq olsa da, fikri qəti idi, gələcək həyat yolunu futbolsuz təsəvvür etmirdi. Onun bu qətiyyətinin nəticəsi idi ki, Binəqədi rayonundakı 246 saylı orta məktəbdə təhsil almağa başlayanda da sevimli məşğuliyyətindən ayrılmadı, ardıcıl olaraq məşqlərə getməyə davam etdi. Atalar yaxşı deyib ki, məqsədin hara, mənzilin də ora. İllər bir-birini əvəz etdikcə Ruslanın futbola olan arzusu nəinki azalmadı, əksinə, daha da möhkəmlənərək onu idman aləmində tanıtmağa başladı. Artıq 14 yaşında o, “Neftçi” peşəkar futbol klubunun gənclərdən ibarət heyətində oynamağa dəvət aldı. Bir il sonra isə Türkiyəli məşqçi onu “Dənizlispor” futbol klubunda oynamağa dəvət etdi. Bu klubda 6 ay çıxış etdikdən sonra Türkiyə vətəndaşlığı olmadığına görə burada karyerasını davam etdirə bilməyib Bakıya döndü.
Oxuduğu 246 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirən Ruslanı 18 yaşında artıq “Neftçi” peşəkar futbol klubunun əsas heyətinə dəvət etdilər. O zaman bu klubda ən gənc oyunçu idi Ruslan. Beləcə, 2007-ci ildən 2012-ci il iyun ayının 10-na kimi – düz 7 il “Neftçi”nin şərəfini qorudu Ruslan. Və bu illərdə “Neftçi” iki dəfə ölkə çempionu oldu ki, bu uğurlarda Ruslanın da danılmaz əməyi olmuşdur. Təsadüfi deyildir ki, burda oynadığı müddətdə o, bir dəfə gümüş, iki dəfə isə bürünc medalla təltif olunub. Bundan başqa o, ölkə kuboku turnirinin də gümüş mükafatçısıdır. “Neftçi”nin heyətində keçirdiyi 150 oyunda 20 qol vurub. “Neftçi-Beşiktaş” oyununda vurduğu qol isə ən gözəl qollarından biridir.
Ruslan 2009-cu ildən həm də futbol üzrə milli koman-damızın heyətində çıxış edir. Meydançaya müdafiəçi kimi çıxsa da, komandanın hücumlarında da fəallıq göstərir. Çexiyanın, Belçikanın, Farel adalarının, bu yaxınlarda isə İsrail yığmasının qapılarına vurulan qolların müəllifi hücumcu yox, məhz müdafiəçi Ruslan İbrahimoğludur.
2012-ci il iyunun 10-da “Neftçi” klubunun heyətində Türkiyədən qayıtdı və elə həmin gün də “Xəzər-Lənkəran” peşəkar futbol klubunun prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə Avstraliyaya – “Xəzər-Lənkəran”ın məşq etdiyi düşərgəyə yola düşdü. Bu komandanın baş məşqçisi Yunis Hüseynovun təklifi ilə bundan sonra karyerasını davam etdirmək üçün “Xəzər-Lənkəran”la ikiillik müqavilə bağladı. Yeni kollektivdə oyuna başlayan Ruslan inamlı oyunu ilə Pribaltikanın “Nomme Kalyu” komandasının qapıçısını məyus etdi.
Futbol azarkeşlərinin rəğbətini qazanan və daim idman mütəxəssislərinin diqqət mərkəzində olan Ruslan İbrahimoğlu 2010-2011-ci il mövsümündə Premyer Liqanın ən yaxşı müda-fiəçisi adına layiq görülüb. 2012-ci ilin yekunlarına görə milli komandamızın ən yaxşı oyunçusu seçilib. 2013-cü ildən isə karyerasını Rusiyanın “Rubin” futbol klubunda davam etdirmək üçün saziş imzalayıb. Ölkəmizin futbolçuları arasında ən bahalı futbolçudur. İdman mütəxəssislərinin və azarkeşlərinin onun haqqında dedikləri də bunu sübut edir.
Futbol üzrə milli yığmamızın baş məşqçisi Berti Foqts Ruslanın nəinki Rusiyada, hətta Almaniya və İngiltərə çempionatında çıxış etmək gücündə olduğunu bildirib: “Ruslan əla oynayır. O, bir müdafiəçi kimi çox yaxşı texnikaya malikdir”.
İngiltərə mili komadasının sabiq kapitanı Toni Adams isə belə deyib.
“Ruslan Abışovun ilk dəfə oyununu görəndə köməkçilərimdən bu futbolçunun kim olduğunu soruşdum. Əvvəlcə onun hansısa avropalı futbolçu olduğunu zənn etdim. Çünki meydanda etdiyi bütün hərəkətlər onun yüksək səviyyəli futbolçu olmağından xəbər verirdi. Tərəddüd etmədən deyə bilərəm ki, Abışov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. Gələcəkdə hər hansı bir Avropa klubuna rəhbərlik etsəm, Ruslanı böyük məmnuniyyətlə öz komandamda görmək istəyirəm”.
Ağır atletika üzrə üçqat dünya çemionu, polis mayoru Asif Məlikov:
“Mən Ruslana azarkeşlik edirəm. O, fiziki cəhətdən sağlam, texnikalı və səviyyəli, görkəmli futbol mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilən oyunçudur. Dünya şöhrətli pəhləvanlarımız Rəşid Yusifov, Kamandar Məcidov və Fərid Mansurovu yetirən Borçalı torpağı Ruslan kimi idmançısı ilə də fəxr eləyə bilər. Mən Ruslana uğurlar və qələbələr arzulayıram”.
Ruslan Borçalının ağır ellərindən olan Faxralı kəndində çox böyük hörmət və nüfuz sahibi olan şair Nəbi Miskinin hörmət-lə vəsf elədiyi Alməmmədoğlu Möylənin nəticəsidir. Onun mənsub olduğu Alməmmədli nəsli Faxralının köklü nəsillərin-dəndir. Bu nəslin yetirmələri olan dəyərli ziyalılar, xeyirxah insanlar Borçalıda və onun hüdudlarından kənarlarda da məşhurdur. Faxralı kəndində uzun müddət təsərrüfat rəhbərləri olmuş İsrafil Məmmədov, Əli Xəlilov və Aslan Əliyev, elm və təhsil fədailəri Qara Hümbətov, Şamil Qurbanov, Əməkdar jurnalist Məmməd Məmmədov, Yasin Xəlilov kimi ünlü kişilər yetirmiş bir nəslin nümayəndəsidir Ruslan İbrahimoğlu. Ruslan hələ gəncdir və qarşıda onu daha böyük işlər gözləyir. İnanıram ki, hələ erkən yaşlarından mənsub olduğu nəslə, el-obaya, doğma Azərbaycanımıza hər yerdə başucalığı qazandıran Ruslan bundan sonra da daha böyük uğurları ilə bizi tez-tez sevindirəcək. Bu yerdə Maksim Rılski mükafat laureatı şair Abbas Abdullanın bir bənd şeiri yada düşür:
Dörd tərəfi dağdan hasar,
Dost qarşılar, yağı basar,
At oynatmaz hər cür yasar
Ər oğlu ər Faxralıda.
Elimizin dost qarşılayıb, yağı basan oğullarından biri də sənsən, Ruslan! Biz sənə inanır, güvənir və səninlə fəxr edirik!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.