“QIZILDAN- GÜMÜŞDƏN, ZƏRDƏN, ZİBADAN, İNSANIN BİR TƏMİZ ADI GÖZƏLDİR”
Hər kəsə öz eli-obası, doğulub boya-başa çatdığı yer doğmadır, əzizdir deyənlər nə qədər haqlıdır. İnsan dünyanın harasında yaşamasından asılı olmayaraq həmişə öz doğma yurdu ilə fəxr edir. Hətta bəzən müəyyən səbəblərdən sənə doğma olan yerlərə illərlə baş çəkə bilməsən də, bu məhəbbət azalmır. Eldən-obadan bir xoş soraq alanda, kiminsə uğurundan xəbər tutanda qürur hissin birə-beş artır. Bu mənada, mən dünyanın ən xoşbəxtlərindənəm desəm, heç də mübaliğəyə yol vermiş olmaram. Çünki böyüyüb boya-başa çatdığım Faxralı kəndi təkcə Borçalıda yox, Azərbaycanda və onun hüdudlarından kənarlarda da özünün məşhur elm və sənət adamları, dövlət və ictimai xadimləri ilə məşhurdur. Bu gün Azərbaycan iqtisadiyyatının, ədəbiyyatının və incəsənətinin elə sahəsini tapmaq çətindir ki, orada bu kəndin yetirməsi çalışmasın. “Ağır elsən, Borçalıda adın var” adlı kitabımın indiyədək işıq üzü görmüş iki cildində onlardan bir çoxu – məşhur alimlər, ictimai-siyasi xadimlər, saz-söz adamları, adıbəlli həkimlər və mühəndislər haqqında qələmimin gücünə söykənib söhbət açmışam. Və hər dəfə də yeni yazı yazanda bir şey məni yaxşı mənada heyrətləndirib: həyatda elə bir fəaliyyət sahəsi tapmaq çətindir ki, orada Faxralıdan heç olmasa bircə nəfər çalışmasın.
Yuxarıda adını çəkdiyim kitabın üçüncü cildinə hazırlıq görərkən də özüm üçün bir yeniliyin şahidi oldum: mənim kəndimdən qızılaxtaran da çıxıb. Bəli, məhz sözün əsl mənasında qızılaxtaran. Özü də elə bir mütəxəssis ki, onun sayəsində hələ vaxtilə SSRİ kimi böyük imperiyanın iqtisadiyyatı böyük fayda götürüb.
…Səlim Nadir oğlu Həsənov 1952-ci il dekabrın 23-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1959-cu ildə kənddəki orta məktəbin birinci sinfinə daxil olub. 1969-cu ildə həmin məktəbi bitirərkən gələcək həyat yolunu müəyyənləşdirməkdə çox da tərəddüd etməyib. Yaşıdları kimi, ali təhsil almaq arzusu ilə Bakıya gəlib. Sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinə verib və qəbul imtahanlarından uğurla çıxaraq tələbə adını qazanıb.
Səlim Həsənov Faxralıda məşhur bir ocağın – Molla Qurban ocağının övladıdır. Qonaqlı-qaralı, sazlı-sözlü bir ocağın. Türk dünyasının məşhur söz sultanları, Azərbaycanın xalq şairləri Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif bu ocağın qonaqları olmuşlar. Dünyamızın böyük söz fatehi Zəlimxan Yaqub “Borçalda qalan izlər” poemasında “Mola Qurban” ocağını böyük məhəbbətlə belə tərənnüm etmişdir:
Hacının anası Sənəm qarının
Bu gün qapısında toy-bayramıydı.
Evində əyləşən qonaq-qaranın
Hər biri gözündə yanan şamıydı!Sığışmır sevinci bir belə kəndə,
Axşamdan bəridir almır dincini.
Analar belədir, qonaq gələndə
Bölər, bölüşdürər öz sevincini.
Ömrü boyu Borçalıda yazıb-yaradan Əli Səngərli isə S.Vurğunun Faxralıya gəlməsini tərənnüm edən şeirinin bir bəndində yazır:
Sənəm anamızın gözələri gülüb,
Başına bir dünya sevinc tökülüb….
Şəhərdən bir təzə oğlun gəlibdi,
Ana, görüşünə Vurğun gəlibdi.
Şeirlərdə adı çəkilən Sənəm ana, Səlimin nənəsi, haqqında oçerk yazdığım, Gürcüstanda məsul vəzifələrdə işləmiş Rəhim Həsənov isə əmisidir. Azərbaycanda publisistikanın inkişafında müstəsna xidməti olan Hacı Həsənov da Səlimin əmisidir. Belə ocaqda tərbiyə alıb böyüyən Səlim Həsənov təbii ki, ləyaqətli oğlu olmalıydı, oldu da.
1974-cü ildə universitetdə təhsilini uğurla başa vuran S.Həsənov o vaxtkı SSRİ Geologiya Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyinin təyinatı əsasında Sverdlovsk (indiki Yekaterinburq) şəhərindəki Ural axtarış partiyasında ilk əmək fəaliyyətinə başlayıb. Qısa müddətdə özünü savadlı bir mütəxəssis kimi göstərib, çalışdığı kollektivdə hörmət qazanıb, rəhbərliyin diqqətini çəkib. Elə bunun nəticəsidir ki, burada bir il çalşdıqdan sonra 1975-ci ildən fəaliyyətini SSRİ Geologiya Nazirliyinin Moskva şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Geoloji Kəşfiyyat İnstitutunda kiçik elmi işçi kimi davam etdirib. Burada da bacarığı və təşkilatçılıq qabilliyyəti ilə seçilib, tezliklə partiya rəisi vəzifəsinə irəli çəkilib. Özünün elmi potensialını və bacarığını daha yaxşı göstərmək üçün yeni imkanlar yaranıb, fəaliyyət dairəsi və coğrafiyası genişlənib. 1991-ci ilədək burada çalışaraq keçmiş SSRİ-nin cənub bölgələrinin (Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Türkmənistan) dağlıq ərazilərdə (Pamir, Tyan-Şan, Kopet-Dağ, Altay və s.) bir sıra sənaye əhəmiyyəti faydalı qazıntı yataqlarının açılıb kəşf olunmasında, bu yataqların istehsalata verilməsində bilavasitə iştirak və rəhbərlik edib. Məhz həmin ərəfədə Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq respublikamızın geoloqlarının kütləvi şəkildə ölkənin hüdudlarından kənarda (keçmiş ittifaqın müxtəlif guşlərində) fəaliyyət göstərmələri üçün uzunmüddətli müqavilələr bağlanıb. Sovetlər Birliyinin cənub bölgələrinin qızıllılıq prespektivliyi elmi və təcrübi şəkildə əsaslandırılıb. Bu dövrdə güclü geoloqlar kolektivi formalaşıb ki, hazırda onlar hətta respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə də bacarıqlı mütəxəssislər kimi işə cəlb olunublar.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra keçmiş ittifaqın müxtəlif guşələrində çalışan bir çox soydaşımız respublikamıza qayıdaraq öz bacarıq və təcrübələrini əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsinə, ölkə iqtisadiyyatının inkişaf etdirlməsinə yönəltdilər. Uzun müddət Rusiyada çalışsa da, həmişə doğma Azərbaycanın mənafeyini hər şeydən üstün tutan, hər addımında onun şöhrətini daha da ucaltmağa çalışan Səlim Həsənov da 1991-ci ildə Azərbaycana dönərək bundan sonra zəngin təcrübəsini, bilik və bacarığını respublikamızda iqtisadiyyatın çiçəklənməsinə yönəldib. 1992-ci ildə “Azərqızıl” Dövlət Şirkəti yaradılarkən o, bu şirkətin tabeliyindəki “Azərqızılkəşfiyyat” dövlət firmasının baş direktoru vəzifəsinə təyin olunub. 1992-2002-ci illər ərzində Azərbaycanın müxtəlif regionlarında onlarca perspektivli və potensial perspektivli qızıllı strukturların, yeni köklü və səpinti qızıl yataqlarının, qızıl-barıt-polimetal formasiyasına aid olan Çovdar yatağının qızıllığının öyrənilməsi, Göygöl qalxımında “Buzluq”, “Kəpəz”, “Tullar” yataqları və bri sıra qızıl təzahürləri olan sahələrin aşkar edilməsi birbaşa onun rəhbərlik etdiyi “Azərqızılkəşfiyyat” dövlət firmasının adı ilə bağlıdır. Bu axtarışlar sayəsində əldə edilən nəticələrə görə də Azərbaycanın qızıl ehtiyatları yenidən qiymətləndirilib ki, bütün bunlar da Azərbaycanın potensial, irihəcmli qızıl yataqlı əyalət olduğunu deməyə imkan verib.
Bu uğurlardan böyük həvəslə danışan S.Həsənov deyir ki, Azərbaycanın qızıllığı üzrə tövsiyələr və təkliflər dəfələrlə xarici ekspertlərlə yoxlanıldıqdan sonra 9 qızıl yatağının işlənməsi barədə Amerika şirkəti ilə kontrakt bağlanıb. Həmin kontraktın imzalanmasında ümummilli liderimiz H.Əliyev də iştirak edib.
Təcrübədə sınaqdan çıxmayan, istehsalata tətbiq olunmayan elmi biliklərin faydası olmadığı kimi, praktik fəaliyyət də elmi əsaslara söykənmədən uğur gətirə bilməz. Bu baxımdan Səlim Həsənovun xoşbəxtliyi və onun uğurlarının bir səbəbi də o idi ki, istehsalatdakı işini elmi fəaliyyəti ilə uzlaşdırmağı bacarıb. Daha doğrusu, həm də elmi axtarışlarla məşğul olub. Dəfələrlə müxtəlif elmi simpozium və konfranslarda (Bakı, Tbilisi, Moskva, Novosibirsk, Blaqovşensk və s. şəhərlərində) məruzələrlə çıxış edib, onlarla elmi məqalənin, hesabat və metodiki tövsiyələrin müəllifidir.
Səlim Nadir oğlu hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi kimi fəaliyyətini davam etdirir.
Bütün bu sadaladıqlarım şərəfli ömür yaşayan bir insanın keçdiyi həyat yolunun bir hissəsi, daha doğrusu, ancaq peşə fəaliyyəti ilə bağlı olan hissəsidir. Elə bunlar da yetər ki, faxralılar yeri düşəndə onunla öyünsün, fəxr eləsin. Amma bunlardan da önəmli olan və qürur duyuran bir şey də var ki, o da Səlim Həsənovun harda olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə Faxralının adını uca tutması, bu elin şöhrətinin üstünə şöhrət gətirməsidir.
Və son olaraq şair Alqayıtın təbirincə demək istəyirəm ki, qızıldan, gümüşdən, zərdən, zibadan insanın bir təmiz adı gözəldir. Səlim Həsənov ömrü boyu qızılla işləyə-işləyə öz təmiz adını hər şeydən uca tutdu.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.