Tahir Mehralı oğlu Qasımov

VERDİYİ SALAMA, KƏSDİYİ ÇÖRƏYƏ SADİQ İNSAN

Xoşbəxtlik nisbi anlayışdır. Amma elə o nisbi xoşbəxtliyi əldə etmək də məharət tələb edir. Bəziləri laqeyd halda fələyin qapısı ağzında duraraq, taleyin onların üzünə güləcəyi anı gözləyirlər. Digərləri isə cəsarətlə özlərinə yol açaraq qabağa gedirlər və öz qüvvələrinə inanırlar. Haqqında söz açdığım dostum Tahir Qasımovun həyatda müvəffəqiyyət qazanmasına işgüzarlığı yardımçı olub. Çünki əmək ruhu, tənbəlliyə düşmən kəsilmək xüsusiyyəti ona öz böyüklərindən irsən keçib.

Qasımov Tahir Mehrəli oğlu 1954-cü il iyul ayının 18-də Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1961-ci ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1971-ci ildə həmin məktəbi bitirib.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (qiyabi şöbəyə) daxil olub, 1979-cu ildə həmin ali məktəbi “Ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bitirib.

1973-cü ilin noyabr ayından 1975-ci ilin noyabr ayınadək sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1972-ci ildən 1997-ci ilin mart ayına qədər Sumqayıt şəhər Ticarət İdarəsində müxtəlif vəzifələrdə işləmişdir.

1997-ci ilin mart ayından ARDNŞ-də müxtəlif vəzifələrdə çalışıb. 2009-ci ilin avqust ayından Qaz İxrac İdarəsində Ümumi məsələlər üzrə rəis müavini vəzifəsində çalışır.

Yaxşı işinə görə SOCAR-ın “Fəxri Fərman”ına, 2014-cü ildə 60 illik yubileyi ərəfəsində isə ölkə Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb.

Orta məktəbdə Tahir Qasımovla birgə oxumuşam. Tahir zəhmətkeş ailəsində, halal çörəklə böyümüşdür. Atası Qasımov Mehrəli Süleyman oğlu, anası Gülüstan Məmmədəli qızı həmin kənddə kolxozçu və sovxoz fəhləsi olublar. Alın tərini, halal zəhmətin bəhrəsini hər şeyin fövqündə tutublar. Rəhmətlik Mehrəli dayının əlindən əmək alətləri – yaba, kərənti düşməzdi. Məhz onlar kimi əmək fədailərinin sayəsində o vaxt on mindən yuxarı əhalisi ilə iri yaşayış məntəqəsi sayılan Faxralı kəndindəki Üzümçülük sovxozu Gürcüstanda ən qabaqcıl, ən varlı təsərrüfatlardan birinə çevrilmişdi.

Tahirgil ailədə üç uşaq olublar. Qardaşlarından Rəşid dünyasını dəyişib. Gözəl alim idi, Allah rəhmət eləsin. Süleyman isə hazırda məsul vəzifədə işləyir. Qasımov qardaşlarının üçü də elimizin dəyərli oğullarıdır. Məhz qabiliyyətlərinə, savadlarına, zəkalarına görə cəmiyyətdə özlərinə layiqli yer tutmağı bacarmışlar. Tahir Qasımov gözəl ailə başçısıdır. Həyat yoldaşı Dilruba Qasımova evdar qadındır.

Qızı Vəfa Qasımova Bakı Dövlət Universitetinin Tətbiqi kimya fakültəsini bitirib, ixtisası üzrə “Balaxanı OYL”da kimyaçı işləyir. Ailəlidir – Fərid və Fuad adında iki oğlu var. Onlar da bu il ali məktəbə qəbul olublar.
Oğlu Vüqar Qasımov Azərbaycan İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə “Suraxanı OYL”da Marketinq şöbəsinin rəisidir. Ailəlidir – Gülüstan, Ayaz, Ayxan adlı üç övladı var. Oğlu Vüsal Qasımov Azərbaycan İqtisad Universitetinin Uçot-iqtisad fakültəsini bitirib. Hazırda ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisi – baş mühasib vəzifəsində işləyir. Ailəlidir – Tahir adlı bir oğlu var.

“Qabusnamə”də deyilir: “Öz övladının sənə qarşı necə olmasını arzulayırsansa, sən də öz ata və anana qarşı elə ol”. Tahir Qasımov öz valideynlərinə qarşı qədirbilən olub, bununla da övladlarına nümunə göstərib. Bu qədirşünaslığın övladların tərbiyəsinə necə müsbət təsir etdiyinə əmin olmaq üçün nəvələrinin daşıdıqları adlara nəzər salmaq kifayətdir: Gülüstan, Tahir… Adları ilə böyüsünlər!

Tahir Qasımov işlədiyi müddətdə həmişə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş, kollektivin hörmətini qazanmış, təqdirəlayiq fəaliyyətinə görə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. İstər həmkarları, istərsə də cəmiyyət arasında savadı, əxlaqı, mədəniyyəti, avropalılara məxsus işgüzarlığı ilə diqqəti cəlb edən Tahir Qasımov üstün məziyyətləri ilə hamının gözündə ciddi və tələbkar iş adamı, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı kimi ucalmışdır. Böyük erudisiyaya, geniş məlumata, zəngin həyat təcrübəsinə malikdir. Bütün şəxslərə, istər rəhbərliyi altında işlədiyi, istərsə də, tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olan Tahir Qasımov heç vaxt özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır.

Tahir Qasımov ailəsini, doğma yurdu Faxralını, Borçalını, Azərbaycanı, millətini çox sevir. Elnən nəfəs alan, ellilərinin xeyirinə-şərinə yarayan oğlandır. Bu barədə söhbət düşəndə deyir: “Faxralımızın böyük tablosu iş otağımda və yataq otağımda başımın üstündə və gözümün qabağındadır. Mən Faxralımın keçmişi ilə, babalarımızla, elimin müəllim və alimləri, qoçaq, mərd, dəli-dolu oğulları ilə həmişə fəxr etmişəm…”
Əlbəttə ki, vətənini sevən insan başqa fəzil sifətlərə də malik olur. Tahirin də müsbət xüsusiyyətlərini, gözəl insani keyfiyyətlərini sadalamaqla qurtaran deyil: Dostlarına, verdiyi salama səmimi və sadiqdir. Qohumun və dostun ailəsində yediyi çörəyi müqəddəs sayır. Əgər bir ailədə bir tikə halal çörək kəsmiş və bir stəkan su içmişsə, o ailəni öz ailəsi kimi özünə əziz bilir. Həyatda, işdə kasıb insanlara daima yardım etməyə, arxasıza arxa durmağa çalışır. Təpədən-dırnağadək səmimidir, etibarlıdır, qanında-canında insanlıq var, ədalətsevərlik, həqiqətpərəstlik var. Heç vaxt arxadan danışmaz, paxıllıqla arası olmaz. Qeybət edilən yerdən uzaq gəzəndi. O, öz “əməl dəftəri”ni daim xeyirxah işlərlə zənginləşdirərək, atasına rəhmət qazandırır. Əzəmət, özü də təbii əzəmət onun hər əməlində – oturuşunda, duruşunda, baxışında, arzu və istəklərində özünü büruzə verir.

Kamilliyin qanunudur ki, illər ötdükcə, yaş üstünə yaş gəldikcə, insan öz üzərinə daha çox məsuliyyət götürür. Ailəcanlı, qohumcanlı, elcanlı, işini sevən Tahir müəllim “bütün işlər qaydasına düşməyincə” dincəlməyi özünə rəva bilməyən, “dünya düzəlməyincə” rahatlıq axtarmağa haqqı olmadığını düşünən insanlardandır. Onu deməyə özümü haqlı hesab edirəm ki, Tahir Qasımov ata-anaya yaxşı oğul, qardaşa yaxşı qardaş, övlada yaxşı ata, nəvəyə şirin baba, dosta sədaqətli dostdur.

Əvvəl başdan ta indiyə kimi bir-birimizə “xalaoğlu” deyə müraciət etmişik. Vaxtaşırı zəngləşir, arabir görüşüb hal-əhval tutur, uşaqlıq illərimizin xatirələrini təzələyərik. Hər dəfə də sanki uzun illərin həsrətlisi kimi görüşürük. Bizim Hacı Həmid müəllimimiz var, hal-hazırda da dərs deyir. Yaş fərqlərinə baxmayaraq, onunla Tahir Qasımovun arasında çox sıcaq dostluq münasibəti var. Bir yerdə olanda Tahirin dayısı Həmid müəllimi və başqa müəllimlərimizi yadımıza salıb zəng edirik. Hacı Həmid müəllim məzuniyyət götürəndə gəlib Tahirlə bir yerdə Azərbaycanın səfalı yerlərində istirahət edirlər. Məsələn, yaddaqalan görüşlərimizin biri bu yay baş tutdu. Bir gün biz ailəliklə Şahdağdan gəlirdik, onlar isə Qaxdan. Tamam təsadüf nəticəsində Şamaxının gözəl bir guşəsində, təbiət qoynunda görüşdük. Nə deyim, ömür kitabımıza yazılacaq tarixi bir gün keçirdik. Ötən günləri, olanları, keçənləri xatırladıq, bu günümüzün qayğılarını bölüşdük, sabahımızın perspektivlərini götür-qoy etdik. Vətənimiz Azərbaycanın, onun qıraqda qalan yeri Borçalının problemlərindən danışdıq, fikir mübadiləsi apardıq.
Dostluq, mən deyərdim ki, dünya yaranandan indiyədək bolluca tərənnüm olunan məhəbbətdən də yüksək anlayışdır. Çünki məhəbbətdə ən son nəticədə insanın şəxsi mənafeyi durur. Həqiqi dostluq isə şəxsi maraq hissindən çox uzaqdır. Dost yolunda hər cəfaya hazırdı Tahir qağa. Mənə deyir: “Xalaoğlu, yaşımızın o vaxtıdı ki, biz bir-birimizin qədrini bilməli, özümüzü, səhhətimizi qorumalıyıq”. Onun bu sözləri mənə Hüseyn Arifin misralarını xatırladır:

Dağlar qocalar da, cavanlaşar da,
İnsanı qoruyun, o qocalmasın.

Aşıq Ələsgər də yaxşı deyib:

Dərdini bölüşdür qədir bilənnən,
Vəfalı dost olmaz üzə güləndən.

Şadam, həm də təvazökarlıqdan artıq çıxmasın, özüm öz gözümdə ucalıram ki, Tahir kimi xalaoğlum var, onun dostluğunu qazana bilmişəm. Axı, Emerson demişkən, dost qazanmağın tək yolu dost ola bilməkdir.

Atadan nümunə götürmək, onun göstərdiyi yolla getmək, onunla həmkar olmaq, həmrəy olmaq üçün təkcə yaxın qohumluq münasibəti, bioloji varislik, atanın zəhmi, valideynə hörmət, buyruğuna tabe olmaq, nəsihətinə əməl etmək tələbi məncə həqiqi dostluq qədər yetərli deyil. Mən Alahdan Tahir Qasımova uzun ömür, cansağlığı diləyirəm. Övladlarına isə onun kimi ata ilə həm də dost ola bilmələrini, daha doğrusu, mövcud dostluqlarını qorumalarını arzulayıram. Və inanıram ki, bu, məhz belədir, belə də olacaq!

Mənbə : Səməndər Məmmədov –  “FAXRALILAR və tarix yaradanlar”, Bakı, “Elm və təhsil”, 2018, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur