Vahid Həsən oğlu Qurbanov

MƏŞHUR SOYADIN LAYİQLİ DAVAMÇISI

Bəzən böyük bir eli bircə nəfərə görə tanıyır, elə ona görə də həmin el haq­­qında yaxşı, yaxud pis fikir yü­rü­dürlər.  Xoşbəxt o el-obadır ki, tale­dən payına ləyaqətli övladlar düşür. Elə öv­ladlar ki, bir evdə böyüyüb pərvazlansalar da, bir elin şan-şöh­rə­tinə, güvənc yerinə çevrilir, əməlləri ilə eloğlularının dlini hər yerdə uzun, başını uca edir. Belələri ilə istər-istəməz hər yerdə öyünür, onunla bir kənddən, bir rayondan olduğuna görə haqlı qürur duyursan. Bu baxımdan qismətinə xoşbəxt tale ya­zılan eldir mənim doğma Faxralım. Tarixin bütün dönəm­lərində bu elin sayılıb-seçilən, sözü qılıncdan kəsərli olan ağ­saq­qalları, mahalda ad çıxaran igidləri, könüllər oxşayan saz-söz ustadları olub bu kəndin. El-obaya, yurda, kökə, soya, milli adət-ənənələrə sadiqlik miras qalmışdır burda babalardan. Bu ənənə bu gün də yaşamaqdadır. Tutduğu vəzifədən, ixtisa­sın­dan, həyatdakı mövqeyindən və harada yaşamasından asılı olmayaraq bu elin yetirmələri ilk növbədə sözübövlüyü, haqqı nahaqqa qurban verməmələri və ana yurda bağlılıqları ilə seçi­lirlər. Bu gün sorağı dünyanın hər yerindən gələn faxralılar  Azər­baycan elminə, mədəniyyətinə, təhsliniə böyük  töhfələr verir, dünya miqyaslı idman turnirlərində Azərbaycan bayrağnı yüksəldir, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Özünün zəhməti hesabına ucalan, həyatda layiqli möv­qe tutan, son illərdə Azərbaycanın ictima-siyasi həyatında önəmli rol oynayaraq təkcə faxralılara deyil, bütövlükdə Bor­çalıya başucalığı qazandıranlar onlarladır. Vahid Qurbanov da bu elin yetirdiyi hörmətli, nüfuzlu ziyalılardan biridir.  Vahid müəllim həm də iki çağırış Milli Məclisə deputat seçilmiş türk dünyasının böyük alimi Şamil Qurbanovun qardaşı oğlu, məşhur Qurbanov soyadının layiqli davamçıla­rından biridir.

Vahid Həsən oğlu Qurbanov 1950-ci il avqust ayının 30-da   Faxralı kəndində anadan olub. 1968-ci ildə burada orta məktəbi bitirib. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinin axşam şöbəsinə daxil olub. 1972-ci ildə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılıb. İki illik hərbi xidmətini başa vurduqdan sonra yenidən təhsilini davam etdirərək 1978-ci ildə universiteti bitirib.

Universitetdə axşam şöbəsində təhsil aldığından hələ tələ­bə­lik dövründən əmək fəaliyyətinə başlayan Vahid Qurbanov 1976-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda Peda­qoji fəaliyyətə başlayıb və iyirmi ilədək bu tədris ocağında çalışıb. Burada çalışdığı müddətdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, pedaqoji kadrlar hazırlanmasının yük­sək səviyyədə təşkil edilməsi üçün əlindən gələni əsir­gə­mə­yib, özünü bacarıqlı maarif təşkilatçısı kimi tanıda bilib. Təkcə çalışdığı texnikumda yox, daha yüksək dairələrdə baca­rıqlı maarif işçisi, zəngin təcrübəyə malik müəllim kimi adı hə­mi­şə hörmətlə çəkilib, iş təcrübəsi başqalarına nümunə göstərilib.

Ötən əsrin sonlarında SSRİ-nin dağılması, Azərbaycanın müstəqil ölkə kimi dünya birliyində öz yerini tutaraq bu yolda ilk inamlı addımlarını atması bütün sahələrdə olduğu kimi, təh­sildə də köklü keyfiyyət dəyişikliklərinin yaranmasına zəmin yaratdı. Hər millətin, dövlətin işıqlı sabahına aparan yolların təh­sildən keçdiyi hamıya bəllidir. Bu səbəbdən də müstəqillik yolunda addımlamağa başladığı ilk anlardan respublikamızda təhsilin inkişafına diqqət artırıldı. Xüsusilə ümummilli lide­ri­miz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın rəhbəri kimi fə­aliyyətə başlamasından sonra bu istiqamətdə daha məqsəd­yön­lü işlər həyata keçirildi. Hər bir işdə kadr böyük rol oyna­dı­ğın­dan ilk növbədə kadrların düzgün seçilməsinə önəm verildi. Necə deyərlər işi iş bilənə tapşırdılar. 1995-ci ildə Vahid Qur­banov da təcrübəli maarif işçisi kimi Bakı  şəhərinin Sabunçu rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olundu.

O, bu vəzifədə də üzərinə düşən işin öhdəsindən layiqincə gə­lərək Bakının ən böyük rayonlarından olan Sabunçu rayo­nun­da təhsilin keyfiyyətinin günün tələbləri səviyyəsinə qaldı­rıl­ması üçün bütün imkanları səfərbər etdi. Onun gərgin zəh­məti və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, respublika­mız­da geniş vüsət alan təhsil islahatı Sabunçu rayonunda uğurla həyata keçirildi. Qısa müddət ərzində rayonun mək­təbləri respublika miqyasında qabaqcıl təhsil ocaqları kimi tanınmağa başladı. Hər il ali məktəblərə yüksək balla daxil olan abituriyentlər arasında Sabunçu rayonundakı məktəblərin məzunlarının sayı ildən-ilə artmağa başladı. Vaxtilə M.Əhvədi yazırdı: “Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar”. Zəngin dünyagörüş və bilik insanın arxası, dayağıdır. Biləklə birini yıxırsansa, biliklə minini yıxarsan. Həyatın sınağından çıxmış bu kəlamı Vahid müəllim həmişə xalqımızın balalarında görmək istəyib. Təhsil işçisi kimi təh­si­li­mizin uğurlarına necə sevindiyinin dəfələrlə şahidi olmuşam. İşlədiyi müddət ərzində bir ayağı Borçalıda olub. Çalışıb ki, (qeyd etməliyəm ki, neçə illər Borçalı məktəblərinin dərsliklə təminatı Nazirlik tərəfindən ona həvalə olunub) “Vətənin qı­raq­da qalan yeri Borçalı məktəbləri dərsliklərlə təmin olunsun.

Dünya müdriklərindən N.Xosrov nahaq yerə demirdi ki:

Hikmətlə, biliklə, comərdliklə sən,
Hər iki dünyada şahsan, hakimsən!

Fakt budur ki, dünyanın ən böyük fatehləri, şahları, ha­kim­ləri də ağıla, savada tapınmalıdırlar. Əks tədqirdə işləri düz get­məz, pərənləri pozular. Vahid Qurbanov bir qayda olaraq vur­­ğulayır ki, həyatın fövqində və cövhərində təhsil və maarif­lənmə dayanır.

2006-cı ildə Bakı şəhərinin ayrı-ayrı rayonları üzrə təhsil şöbələri ləğv edildikdən sonra yeni yaradılan Bakı şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Hal-hazırda da bu vəzifədə fəaliyyətini davam etdirir.

Vahid Qurbanov pedaqoji fəaliyyətlə yanaşı rayonun və respublikamızın ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının yaradıcılarındandır. Təşkilat yarandığı gündən onun sədri seçilib və on ildən artıq həm də bu vəzifədə çalışıb.

Vahid müəllim həm də gözəl ailə başçısı, iki oğul və bir qız atasıdır. Vahid müəllimə  bundan sonra da təhsilimizin inkişafı naminə səmərəli fəaliyyət arzulayırıq.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur