Yetər Müzəffər qızı Babaşova

UCALTSIN ELMİ UĞURLAR SƏNİ

Peyğəmbərimiz elm öyrənməyi dün­yada görü­lən işlərin ən yaxşısı hesab etmiş,  elmi “ima­nın meyvəsi və İslamın çı­rağı” adlandırmış, mən bir müəllim ola­raq gözəl əxlaqı tamamlamaq üçün gəl­dim, – demişdir. Doğrudan da, elm öy­rən­mək dünyada görülən işlərin ən yaxşısı, ən xeyirlisi və ən savablısıdır. El öyrənmək heç za­man gec deyil, amma gənc yaşlarından özünü elmə bağlamaq daha çox fayda verir. Çünki gənclik enerjisi bir başqa olur. Yetər ki, bu enerjini faydalı işə sərf edəsən. Elm adamının ömrünü hardasa bir bağban ömrünə bənzətmək olar. Bağ­banın basdırdığı ağac bir neçə il sonra bar verdiyi kimi, alimin fəaliyyətinin bəhrəsi də uzunmüddətli yuxusuz gecələrin, gərgin elmi axtarış­ların hesa­bına başa gəlir. Bundan faydalanan isə təkcə onun özü deyil, elmi icti­ma­iyyət və ölkənin iqtisadiyyatı olur.

İndi gənclərin çoxu universiteti bitirdikdən sonra ali təhsil­lərini davam etdirmir, istehsalatda çalışmağa üstünlük verirlər. Bəziləri bunu elm sahəsində qazancın az olması, daha çox pul qazanmaq istəkləri ilə izah edirlər. Amma canı-qanıyla, ruhuyla elmə bağlı olanlar heç bir çətinlikdən çəkinmədən elm yolunda inamla addımlayırlar. Belə gənclərdən biri də Məmmədova (Babaşova) Yetər Müzəffər qızıdır. O,  1984-cü il iyulun 4-də Bakı şəhərində anadan olub. Atası – Babaşov Müzəffər Namaz oğlu sürücü, anası – Babaşova Rəhilə İmaməli qızı isə ali təhsilli müəllimədir, 8 il Gürcüstanda – Bolnisi rayonundakı Faxralı orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olub, hal-hazırda isə evdar qadındır.

İbtidai təhsilini Faxralı kəndində alan Yetər Müzəffər qızı beşinci sinifdən sonra təhsilini Bakının Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirib. 2001-ci ildə orta məktəbi bitirib və elə həmin ildə də Bakı Dövlət Univer­sitetinin Kimya fakültəsinə daxil olub. 2005-ci ildə universiteti bitirən Yetər xanım farmokoloji şirkətdə analitik infor­mator vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə Azər­baycan Dövlət Pedaqoji Universitetində Üzvi kimya ixtisası üzrə magistr pillə­sində təhsil alıb. 2013-cü ildən isə AMEA akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda (AMEA NKPİ) doktorantura pilləsi üzrə təhsil alır və həmin institutda kiçik elmi işçi vəzifəsində çalışır. İnstitutun laboratoriya müdiri, kimya elmləri doktoru Reyhan Əliyevanın elmi rəhbərliyi altında “İon maye və polimer kompozit katalitik sistemlərin iştirakında C6 – C8 α – olefin­lərin (oliqo) alkilləşməsi proseslərinin tədqiqi” mövzu­sunda dissertasiya üzərində işləyir. R.Əliyeva onun gələ­cəyinə böyük inam bəsləyir və tədqiqat işini yüksək qiymət­ləndirir: “Məm­mədova Yetərin dissertasiya işi aktual mövzuya həsr olunmuş və “Yaşıl Kimya” konsepsiyasının əsas müd­də­aları sırasına daxil edilmiş ion mayelərinin sintezinə, onların iştira­kında müxtəlif aromatik karbohidrogenlərin, arenlərlə zəngin olan neft fraksi­yalarının olefinlər ilə alkilləşdirilməsinə həsr edil­mişdir. Məmmədova Yetərin uğurlu tədqiqat işləri nəticə­sin­də gələcəkdə müxtəlif sahələrdə, o cümlədən yüksək key­fiy­yətli, aşağı donma temperaturuna malik yağlar, yuyucu vasi­tələrin istehsalı üçün yararlı olan alkilarenlərin səmərəli alın­ması üçün ion maye tipli katalitik sistemlər işlənib hazır­lanmışdır”.

Yetər xanımın indiyədək 10 elmi məqaləsi dərc olunub, 10 məruzə tezisinin həmmüəllifidir. 2014-cü il 15-16 oktyabr tarixində Bakı şəhə­rində keçirilmiş, Azərbaycan Respublikası Neftçilər gününə və Əsrin müqaviləsinin 20-ci ildönümünə həsr olunmuş gənc alim və mütəxəs­sislərin “The role of multidisciplinary approach in solution of actual prob­lems of fundamental and applied sciences” (Earth, Technical and Chemical) adlı  I Beynəlxalq elmi konfransının və 2016-cı il 17-18 fevral tarixində   ABŞ-da – North Charlestonda keçirilmiş “The priorities of the world science : experiments and scientific debate” in the section “Che­mical sciences” adlı X Beynəlxalq elmi konfransın sertifikatlarını alıb.

Yetər xanım ailəlidir. Həyat yoldası Məmmədov Emin Rafiq oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin müha­sibat uçotu və audit fakultəsinin bakalavr və magisturatura pillələrini bitirib. Hazırda özəl şirkətlərin birində audit vəzifəsində çalışır.

Bu gün elmin çətin yollarında inamlı addımlar atan Yetər Məm­mə­do­vanın sabahın tanınmış alimi olacağına heç bir şübhə ola bilməz. Çünki o, Azərbaycan elminə çox böyük alimlər bəxş etmiş Faxralı kəndində dünyaya göz açıb, bu qədim türk yurdundan – elm və sənət ocağından pərvazlanıb. Və mən inanıram ki, onun simasında Faxralı kəndindən çıxmış alimlərin sırası bir boy da böyüyəcək, qazandığı uğurlarla təkcə Faxralıya, Borçalıya yox, bütövlükdə Azərbaycan elminə başucalığı qazandırarcaq.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur