“DÜZ YOLLAR ÇƏKMƏYƏ DÜZ ƏLLƏR GƏRƏK…”
Hər dəfə torpağında ayaq açıb yeridiym, suyundan içib, havasından udduğum və adı çəkilən hər yerdə qürur duyduğum Faxralıdan və bir də sorağı bu gün dünyanın müxtəlif guşələrindən gələn faxralılardan söz düşəndə gözlərim önünə ilk növbədə qoca Səngər və Gözəl dağları gəlir. İki dağ, iki əzəmət, iki möhtəşəmlik. Babalarımızın fəhminə fikir verin: doğma Faxralımın başının tacı olan dağı “Gözəl”, sinəsini ona sipər edib yadların tapdağından qoruyan digər dağı isə “Səngər” deyə adlandırıblar. Gözəl dağının sipəri Səngər. Hər qarış torpağında, daşında tarix yatan Səngər! Daim qəm-qüssədən yüksəkdə dayanıb, yəhərdən düşməyən Səngər! Dosta dost, düşmənə zəhərdən acı olan Səngər!
Adları təkcə Faxralıya yox, bütövlükdə Borçalıya şərəf gətirən eloğlularımla qoca Səngərin yeri mənim qəlbimdə həmişə eyni olub. Səngər kimi əzəmətli, vüqarlı, mətanətli eloğlularımla həmişə fəxr etmiş, onların hər uğurlu addımından qürur duymuşam.
Bir evdə böyüyüb bir elin fəxrinə, güvənc yerinə çevrilən faxralılardan biri də Zahid Nadir oğlu Nuriyevdir. 1952-ci ildə Faxralıda dünyaya gəlib Zahid. 1969-cu ildə Faxralı orta məktəbini bitirib. Elə həmin il ali təhsil almaq üçün Bakıya gəlib və ilk cəhdi uğurlu alınıb: o, Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1974-cü ildə ali təhsilini başa vurduqdan sonra ixtisası üzrə müxtəlif müəssisələrdə, o cümlədən “Azəryollayihə” və “Azəryol” Təmir-Tikinti idarələrində çalışıb. Hazırda 150 nəfərə yaxın işçisi olan “Yol inşaatçısı” MMC-yə rəhbərlik edir.
Müxtəlif rəhbər vəzifələrdə çalışsa da quru məmurçuluq, tabeliyində olanlara yuxarıdan aşağı baxmaq Zahidin təbiətinə yaddır. Heç kəs deyə bilməz ki, o, kiminləsə yüksək tonla danışıb. Tabeliyində çalışanlara həmişə maksimum diqqət göstərib, onların məişət problemləri ilə maraqlanıb, ehtiyacı olana kömək əlini uzadıb. Ədəb-ərkanı, böyük-kiçik yeri bilməsi çoxlarına nümunə ola bilər. Özündən böyüklərə sayğı və diqqət, kiçiklərə nəvaziş göstərir. Hər yerdə yüksək ziyalı mədəniyyəti ilə seçilir. Onunla görüşəndə həmişə vaxtilə müdriklərdən birinin dediyi fikir yadıma düşür: Sadəlikdən yüksək alilik yoxdur. Süni bər-bəzək insanı gözdən salır. Bu sözlər sanki Zahidin ünvanına deyilib. Tam əminliklə deyə bilərəm ki, hələ bir kimsə onun nə dilindən, nə də əməlindən inciməyib. Çünki Səngərdən aldığı əzəmət və qürurla yanaşı bu yerlərin göz oxşayan təbiətindən götürdüyü saflıq daim onun yol yoldaşı olub. Onu eldə-obada, rəhbərlik etdiyi kollektivdə sevdirən də elə bu keyfiyyətləridir.
…Mədəniyyət yoldan başlayır deyənlər nahaqdan bu fikrə gəlməyiblər. Bir də deyiblər ki, abad el yolundan bəlli olar. Dədə-babadan yol salmaq, yolu abadlaşdırmaq ən savab işlərdən sayılıb. Bu işi görənlərə qarşı eldə-obada həmişə böyük hörmət və ehtiram olub. Burası da bəllidir ki, ulularımız yol çəkmək kimi müqəddəs bir işi hər yetənə etibar etməyiblər. Bu işdə halallıq ümdə şərt olduğundan əsil adamlara, mayası halallıqdan yoğrulanlara üstünlük veriblər. Belə olmasaydı xalq şairi Osman Sarıvəlli deməzdi:
Əllər düzəlməsə yollar düzəlməz,
Düz yollar çəkməyə düz əllər gərək.
Unudulmaz Osman Sarıvəllinin bu ölməz misralarını fəaliyyət devizinə çevirən Zahid Nuriyev artıq neçə illərdir ki, yol tikintisi ilə məşğul olaraq həm də təkcə Azərbaycanın yox, bütövlükdə türk dünyasının sevimli şairi, vaxtilə Faxralının ən əziz qonağı olmasıyla bu kəndi daha da şərəfləndirən böyük Səməd Vurğunun arzusunu reallaşdıranlardan biridir:
Dağlar döşündən yollar çəkilsin,
Yollar kənarında güllər əkilsin.
Çiçəklər bəzəsin vətən mülkünü,
Mən də qoca vaxtı görüm o günü.
Yuxarıda qeyd etdiyim kimi, sözün əsl mənasında böyük ziyalı olan Zahid Nuriyev elmə, təhsilə böyük önəm verir. Gənc nəslin dövrün tələbləri səviyyəsində təhsil alması üçün əlindən gələn köməkliyi göstərir. Bunu sadəcə gəlişigözəl söz kimi yox, onun təhsilimizə göstərdiyi yardımdan, böyük diqqətdən yararlanmış bir məktəb rəhbəri kimi deyirəm. 2008-ci ilin yazında rəhbərlik etdiyim 271 saylı (Bakının Sabunçu rayonu) orta məktəb üçün əlavə korpus tiklirdi. Tikintinin sonuna yaxın mənə məlum oldu ki, yeni korpusla köhnə korpus arasında keçid olmayacaq. Bunun əlavə çətinliklər törədəcəyini bildiyimdən əvvəlcə iş icraçısına müraciət etdim ki, iki korpus arasında keçid olsun. O isə bunun layihədə nəzərdə tutulmadığını bildirdi. Əlaqədar təşkilatlara üz tutsam da, bir nəticə hasil olmadı. Hər yerdə eyni cavabla qarşılaşdım: layihədən kənara çıxa bilmərik. Cəhdlərim bir nəticə verməsə də, ümidimi üzmür, nəyin bahasına olur-olsun iki binanın arasında keçidin açılmasına nail olmağa çalışırdım. Birdən ağlıma gəldi ki, Zahid müəllimə də müraciət edim. Birbaşa onun sahəsi olmasa da, niyəsə məndə belə bir ümid yaranmışdı ki, o, bu işə bir əncan çəkə bilər. Və mən Zahid Nadir oğluna təkcə Faxralının sayılıb-seçilən oğlu kimi yox (təbii ki, bu da vardı və mən bir eloğlu kimi ona ərk edirdim), həm də yuxarıda da qeyd etdiyim kimi, həmişə təhsilimizə böyük diqqət yetirən, üstəlik şəxsi karyerası sayəsində müəyyən dairələrdə sözükeçən dəyərli bir ziyalı kimi müraciət edirdim. Yəni kimə ağız açdığımın fərqindəydim. Həmişə haqqın tərəfində olan, şəxsi maraqları cəmiyyətin maraqlarından üstün tutmayan Zahid müəllim də bu işi görməyin vacibliyini yaxşı bilirdi. Bilirdi ki, bu, təkcə Səməndər müəllimə yox, həmin məktəbdə təhsil alan 2500 nəfərdən çox şagirdə və çoxsaylı müəllim kollektivinə lazımdır. Görüşüb fikrimi ona bildirdim. Aradan heç bir həftə keçmədi ki, gecə-gündüz məni narahat edən bir problem onun sayəsində həllini tapdı. Bu gün məktəbimizin müəllim və şagird kollektivi ilə yanaşı valideynlər də bu rahatlığa görə ilk növbədə məhz Zahid müəllimə minnətdarlıq edirlər. Ağsaqqallarımızdan eşitmişəm ki, ellə olmaq, elin dərdini çəkmək, ehtiyacı olanlara kömək etmək, sınıq könülləri tikmək həmişə ən böyük savab sayılıb. Bu mənada Zahid Nuriyev haqqın dərgahına tapınan, hər şeyin fövqündə xeyirxahlığı görən eloğludur. Dahi Nizami Gəncəvi yazırdı: “Sən bir Allahla ol, aləmi sel bassa belə sanma bir tükün də rütubətdə ola”. Bu müdrik kəlamdan təmizlik və saflıq götürüb Zahid Nuriyev. Bir də özüm də bilmirəm nədənsə onun haqqında düşünəndə İlyas Tapdığın bir bənd şeirini xatırlayıram:
Sazmısan, kamanmısan,
Nə həssas yaranmısan.
Yananda da yanmısan
Bir palıd közü kimi.
Yol çəkmək kimi müqəddəs və xeyirxah bir işlə məşğul olan Zahid Nuriyevə – elimin qeyrətli oğluna ömrünün ən məhsuldar çağlarında yeni-yeni uğurlar arzulayır, həyatda hara getsən yolların açıq olsun deyirəm.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.