SAVAD ƏVƏZSİZ XƏZİNƏDİR
Müdriklər deyiblər ki, təhsil, savad xəzinədir. Həqiqətən də belədir. Elm, savad həyat yollarında insanın bələdçisidir, yol göstərənidir. Savadlı adam cəmiyyətdə seçilir, tanınır, hörmət və nüfuz sahibi olur. Təsadüfi deyildir, Peyğəmbərimiz də elm öyrənməyi ən yaxşı iş kimi qiymətləndirib. Yaxın adamları ondan soruşmuşlar: “Ey Allahın peyğəmbəri, dünyada görülən işlərin ən yaxşısı nədir?” Peyğəmbər cavab vermişdir: “Elm öyrənmək”. O, elmi “İmanın meyvəsi və İslamın çırağı” adlandıraraq, hər kəsə elmin dalınca getməyi tövsiyə edib.
Elm öyrənmək, dərin savad əldə etmək üçünsə, gərgin zəhmət lazımdır. Elmli, savadlı olmaq insanın intellekt səviyyəsindən xəbər verirsə, onun mənəvi zənginliyi isə kamilliyini tamamlayır. İnsan o zaman kamil, bütöv şəxsiyyət mərtəbəsinə yüksəlir ki, onun savadı ilə mənəvi-əxlaqi keyfiyyətləri, daxili zənginliyi üst-üstə düşsün, bir-birini tamamlasın. Dünyanın xoşbəxti, bəxtiyarı da məhz belələridir. Bu gün cəmiyyətin də məhz belə insanlara ehtiyacı var. Xalq şairi Zəlimxan Yaqub da məhz belələrinə xitabən deyib:
Var olan dünyada siz də varsınız,
Gözəl bir kəssiniz, bəxtiyarsınız…
Bu da bir həqiqətdir ki, bu gün hər adama da şair demiş, “gözəl kəs”, “bəxtiyar” demək olmur. O adamlar cəmiyyətdə nüfuz qazanır ki, əvvəla əxlaqı və oturuşu-duruşu yerində olur, savadı, qabilliyyəti ilə fərqlənir. Eyni zamanda, içi və çölü duru, batini saf, fikirləri aydın olur. Və bir də gözəl kəs o adamdır ki, yol-yolağı, ədəb-ərkanı gözləyir, özündən kiçiyə qayğı göstərir, böyüyə hörmətlə yanaşır. Bəli, bunlar hamısı bir yerdə gözəl insanı səciyyələndirən əxlaqi fəzilətlərdir. Haqqında söz açdığım, hörmətli bibimizin adını daşıyan nəvəsi Zöhrə xanım da gənc olsa da, bu keyfiyyətləri özündə cəmləşdirir.
Zöhrə Telman qızı Ağakişiyeva 1996-cı il dekabrın 11-də Moskva şəhərində anadan olub. Təhsilini də bu şəhərdə alıb. 2004-cü ildə Moskva şəhərindəki 27 saylı orta məktəbin birinci sinfinə gedib, 2015-ci ildə həmin məktəbi qızıl medalla bitirib. Ali təhsil almaq arzusu onu İ.M.Seçenov adına Birinci Dövlət Tibb Universitetinə gətirib, bu ali təhsil ocağının Müalicə işi fakültəsinə daxil olub.
Hər gəncə nəsib olmur ki, azərbaycasnlı ailəsində doğulub Moskva mühitində yetişəsən, müəllimlərin və valideynlərin etimadını doğruldub, onların üzünü ağ edərək təmsil etdiyin nəslin şərəfinə şərəf qatasan, ən əsası, Vətəninin və onun qıraqda qalan yeri olan Borçalı mahalının “Şə-rəf Kitabı”na adını qızıl hərflərlə yazdırasan. Belə gələcəyi parlaq gəncə ancaq uğurlar arzulmaq olar. Adın həmişə uca, həyat eşqin, yaşamaq həvəsin, təhsilə münasibətin, oxumağa marağın, gələcəyə inamın həmişə yüksək olsun!
Zöhrə xanımın valideynlərinə, ən əsası, adını daşıdığı nənəsinə gözaydınlığı verir, uzun ömür arzulayıram ki, övladlarının bundan sonra da imza atacağı daha böyük nailiyyətlərin şahidi olsunlar.
Zöhrə Ağakişiyevanın, el arasında deyildiyi kimi, həm südü güclüdü, həm sümüyü güclüdü. Bu iki amil birləşəndə insan çox şeyə qabil olur. Ona Rusiyanın təhsil nazirinin qızıl medal təqdim etməsini əks etdirən görüntüləri telefonda izlədiyim an sevincimin həddi-hüdudu yox idi. Həm də soyadının əlifba sırasında birinci çəkilməsi ürəyimi fərəh hissi ilə doldurdu.
Zöhrə xanımın süd tərəfdən dayıları dövrünün adlı-sanlı adamları olublar. Onların sırasında Əhməd Nağıyev çox savadlı, qabiliyyətli kişi olub. Faxralıda, Borçalının ayrı-ayrı yerlərində məktəblərin açılmasında, savadsızlığın ləğvində böyük xidmət göstərib, bu məqsədlə təşkil olunmuş kurslara rəhbərlik edib. İndi haqq dünyasındadı, cənnətməkan olsun. Onun qardaşı Hümmət Nağıyev Borçalı qaçaqçılıq tarixində özünün çevikliyi, qorxmazlığı, sərrast tüfəng atmağı, çətin situasiyalardan çıxmağı bacarmasıyla tanınıb. Mərdliyi, alicənablığı, ədalətsevərliyi, qeyrəti, kişiliyi, verdiyi vədə əməl etməsiylə hamının rəğbətini qazanıb. Təsadüfi deyil ki, el şairi İsmayıl Güllər seirlərindən birində yazıb:
Orucunnu Hasanmış bir ətdən qala,
Çərçioğlu bənzərmiş Rüstəmi-Zala,
Ordular dağıdıb düşəndə dara,
Görənlər danışır, eldə söylənir.
Görənlər həyatda qalmasalar da, görənlərdən eşidənlər danışır o kişinin sözünü, nəsildən-nəsilə ötürür.
Zöhrə xanımın nənəsinin anası da Həcər kimi, Nigar kimi qeyrətli qadın olub. Onun haqqında dastanlar qoşulub. İsmayıl Güllər onu belə mədh edib:
Cinsin qadın oldu, özün ər kişi,
Tay olmaz qeyrətdə sənə hər kişi.
Yaraşır deməyə bircə nər kişi,
Pozmasın Yaradan halın, ay xala.
Şair yer adlarıyla bağlı başqa bir məşhur şeirində deyib:
Çərçiqızı bədöy minib çapıbdı,
Yaraqlanıb Babaş qızın tapıbdı.
Hər ikisi nişan qoyub atıbdı,
Faxralının torpağıdı bu yerlər.
Bir misal da çəkim. Hansı ilsə Borçalının Qararxac yaylağında havalar çox soyuq keçir. Elat yaylağa qalxmağa ehtiyat edir. Hamıdan qabaq Çərçiqızının köçü tərpənir. Bundan təsirlənən el şairi İsmayıl Güllər yazır:
Səfalı yaylağın, sona kəkliyin,
Necədi əhvalın, mehriban bacı?
Eşitdim havalar boranlı keçir,
Qorxma havasınnan, döz, dayan, bacı.Əzəldən öyrənib Çərçinin qızı,
Üşütməz heç onu dağların buzu.
Üşüyəndə kəsər bir əmlik quzu,
Bir də geri dönməz bu dövran, bacı.Xoş olur dəyələr qatar düşəndə,
İsmayıl Güllərəm, gəzmişəm mən də.
Səfalı yaylaqda, o göy çəməndə,
Hər otunnan olur bir dərman, bacı.
Yenə də süd tərəfdən Zöhrə xanımın qohumlarından ilk ali təhsil fədailərindən Qara Hümmətovun adını xatırlamaq yerinə düşər. O, müharibə dövründə üzün müddət Candar orta məktəbinin direktoru işləyib. Həmin o çətin dövrdə heç də hər kəsin bacarmadığı müəllimlik peşəsinə yiyələnən, amma taleyin qismətinə görə, müəyyən səbəblərdən müəllim işləyə bilməyən İsa Məmmədovu yada salmağa dəyər. Qohumlarından Azərbaycan publisistikasının inkişafında mühüm xidməti olan Azərbaycanın Əməkdar jurnalisti, Əməkdar mədəniyyət işçisi fəxri adını almış Məmməd Məmmədovu, uzun müddət Borçalıda təsərrüfat rəhbəri işləmiş Əli Xəlilovu, İsrafil Məmmədovu, Aslan Əliyevi, Arif Əliyevi və digərlərini sadalamaq olar.
Yeri gəlmişkən qeyd edim ki, Zöhrə xanımın qohumluq şəcərələrinin bir tərəfini yaxşı tanımamağım səbəbindən məşhurların isimlərini sadalamamağım o anlama gəlməsin ki, süd tərəfi daha güclü olub. Onun sümük tərəfədn mənsub olduğu nəsildən də sadalamaqla qurtarmayacaq qədər tanınmış şəxsiyyətlər yetişib. O sıradan eldə-obada güclü qələm adamı, dili sözlü, ürəyi dolu kişilərdən Arxüstü İbrahimin adını çəkməyə borcluyam. O, Zöhrə xanımın kök tərəfdən qohumlarından biridir. Digər bir qohumu mahalda tanınmış, Borçalıda barmaqla göstərilən Eyyub kişi dövrünün sanballı kişilərindən olan Səməd ağayla dostluq edib, yaxın olub.
Əminlikə deyə bilərəm ki, Zöhrə xanım bu gün həmin o mənsub olduğu nəcabətli nəslin çox layiqli davamçısıdır. Bir vacib məqamı da vurğulayım ki, nailiyyəti əldə etmək əsas şərt deyil, onları uğurla davam etdirmək, axıra çatdıra bilmək əsas şərtdır. Hüseyn Arif deyib ki:
Alim tanıyıram, qoca Qafqazın
Çeşmətək durulub dibindən çıxır.
Alim var, sağ əli Salman Mümtazın,
Sol əli Hümmətin cibindən çıxır.
Zöhrə Telman qızı, yadında saxla, bu bir məlum, məşhur həqiqətdi. Sən artıq Qoca Qafqazın çeşmətək durulub dibindən çıxmısan. Amma çalış, bu duruluğu, bu diriliyi axıra qədər saxla. Və sənin haqqında söhbət düşəndə hamının təsəvvürü yaxşı mənada zənginləşsin. Mən bir qohumun kimi sənə uğur arzulayıram və gələcəkdə bunun kimi, bundan da yaxşı keyfiyyətlərinin üzə çıxmasını gözləyirəm. Allah səni qorusun, xoşbəxt eləsin. Bu gənc yaşında Faxralıya, Borçalıya başucalığısan, arzu edirəm, bundan sonra da Vətənini ləyaqətlə təmsil edəsən!
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.