“EL SEVƏNİ ALƏM SEVƏR” KİTABI BARƏDƏ BİR NEÇƏ SÖZ…
Qarşımda bir kitab var: “El sevəni aləm sevər”. Bu, həqiqətən də belədir, yəni aksiomadır, dəlilə, sübuta ehtiyacı yoxdur. Ktabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü “Qızıl qələm”, “Abdulla Şaiq” və “Araz” ali ədəbi mükafatları laureatı, “Qabaqcıl təhsil işçisi”, həmyerlimiz Səməndər Eyvaz oğlu Məmmədovdur. Səməndər müəllimin öz atası Eyvazın və qardaşı Fikrətin ruhuna bağışladığı bu kitabı onun “Faxralı”, “Payız çiçəyi”, “Ümid qapısı”, “Coşqun çay kimi”, “Faxralı tək ağır elim var mənim”, “Bir gəncin taleyi alt-üst olursa”, “Nur çiləyənlər”, “Ləkəsiz bir vicdan, böyük bir ürək” , “Pedoqoji düşüncələr”, üçcildlik “Ağır elsən, Borçalıda adın var”, “İşıq ömrü yaşadın…” kitablarından sonra öz oxucularına təqdim etdiyi növbəti kitabıdır.
272 səhifədən ibarət olan bu kitab 2013-cü ilin fevral ayında “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin katibi həmyerlimiz Musa Nəbi oğlu Çobanovdur.
Kitabdakı “Kremlə sancılmış türk bayrağı” (Ümummilli liderimiz Heydər Əliyev haqqında), “Müəllimlər müəllimi” (mənim də sevimli müəllim olmuş Mir Cəlal Paşayev haqqında), “Böyük söz fatehi” (Xalq şairi Zəlimxan Yaqub haqqında), “Ölməz şairə böyük ehtiram” (Xalq şairi Məmməd Araz haqqında), “Ocaqdı Şamilim, pirdi Şamilim” (Şamil Qurbanov haqqında) oçerkləri xüsusilə fərqlənir. Ümumiyyətlə, kitabda tanınmış elm və sənət adamları, təhsil işçiləri barədə oçerklər və ayrı-ayrı kitablara yazılmış rəylər toplanmışdır.
Burada bir haşiyə çıxmaq lap yerinə düşər. Mənə elə gəlir ki, ilk tədqiqatçı fəaliyyətinə Borçalıda iki çağırış Azərbaycan Milli Məclisinin üzvü, filologiya elmləri doktoru, professor, həmyerlimiz Şamil Dünyamalı oğlu Qurbanov başlamışdır. Onun 1974-cü ildə “Gənclik” nəşriyyatı tərəfindən buraxılmış “Açılmamış səhifələr” kitabında demək olar ki, unudulmuş Rəhimbəy Məlikov, Hüseyn Minasazov, Məmməd Qarayev, Həmzət bəy Qabulov, Sona xanım Axundova barədə geniş və hərtərəfli məlumat verilmişdir. Ş.Qurbanov özünün 30 kitabında, 300-dən çox elmi məqaləsində neçə-neçə adı tarixlərdən silinmiş ictimai xadimlərin, elm adamlarınına ikinci həyat vermişdir. Həmin bu yolu indi onun qədirbilən həmyerlisi, qüdrətli qələm sahibi olan Səməndər Eyvaz oğlu Məmmədov uğurla və şərəflə davam etdirir.
Akademik Ziya Bünyadov vaxtı ilə demişdir ki, hər bir alim, jurnalist bütünlüklə “qələm çalanlar” öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu, çətindir, lakin faydalıdır. Çünki bu həqiqətdir ki, “tarixçilər ümumi tarix yazırlar və hər bir yaşayış məntəqəsinin tarixini həmin yerin sakinləri qədər dəqiq bilməzlər və bu məsələdə onları günahlandırmaq olmaz”. Səməndər müəllimin yuxarıda adlarını çəkdiyimiz kitablarında “ağır el” olan Faxralının tarixi neçə-neçə ictimai və elm xadimləri, müəllimləri, əmək adamları, həkim və tibb işçiləri haqqında dolğun və yüksək məzmunlu oçerklər və elmi məqalələr verilmişdir. Deməli, mərhum akademikin dediyi kimi, “çətin işin” öhdəsindən Səməndər müəllim şərəflə gələ bilmişdir.
Səməndər Eyvaz oğlu lirik şairdir. O, özünün lirizmindən istifadə edib öz qəhrəmanlarının həyat tərzini ona uyğunlaşdıraraq onları sadə və şirin dillə hekayə yolu ilə oxuculara təqdim etmişdir.
Səməndər Eyvaz oğlu prinsipial və realist tətqiqatçıdır, həqiqətsevər yazıçıdır. M.Ə.Sabirin “ayinə”sində “əyri” özünü “əyri”, “düz” özünü “düz” görən kimi, Səməndərin prizmasında da hər oçerkin qəhrəmanı özünü olduğu kimi görür. Onun prinsipiallığı ilə həqiqətsevərliyi vəhdət təşkil edir. Yəni o, Sabir kimi əyrini əyri, düzü düz yazır. Şəxsi qərəzlik, intiqam almaq hissi onun yaradıcılığına xas olan xüsusiyyətlərdən deyil.
Onun “El sevəni aləm sevər” kitabının 221-235-ci səhifələrində dərc olunan “Gözdən sözə və könüllərə” oçerkinə və “Bambılı sədr, yoxsa bambılı yazı…” məqaləsinə nəzər salsaq həmin fikrin bariz nümunəsini görərik. Müəllif Ömər Qoçulunun “Gözdən sözə” kitabına yazdığı “Gözdən sözə və könüllərə” adlı oçerkində bu kitabın Azərbaycan oxucularına bir ərməğan kimi təqdim olunmasını tövsiyə edir və yazır: “Ömər Qoçulunun dərin təfəkkürü, zəngin bədii təxəyyülü, geniş dünyagörüşü onun qələminin də gücünü artırır, onu müqtədir qələm sahibləri ilə bir cərgəyə qoyur… O, sanki yazmır, rəsm əsəri çəkir…”
“Bambılı sədr, yoxsa bambılı yazı…” adlı məqaləsində isə yazır ki, Ömər Qoçulu “Nənəmin nağılı” kitabında vaxtı ilə Qoçulu kəndində kolxoz sədri işləmiş mənim əmimi bambılı sədr adlandırmış və onu nalayiq sözlərlə təhqir etmişdir. Görürsünüzmü? Səməndər müəllimin ürəyi Faxralının “Gözəl dağı” və “Səngər” dağları kimi uca və böyükdür, “Qoşabulaq” və “Təhməz” bulaqlarının saf və təmiz suları kimi pakdır, can dərmanıdır. Qoy onun belə böyük və saf ürəyi əbədi yaşasın, var olsun!
Atalar deyib: “Yaxşılığa yaxşılıq hər adamın işidir, yamanlığa yaxşılıq nər adamın işidir”. Bu nər adamların bariz nümayəndərindən biri də Səməndər Eyvaz oğludur.
Bu yazımı oxuyanlar dodaq büzüb məni qınamasınlar. Ona görə ki, mən əsas məsələdən bir az kənara çıxdım.
Müasir dövrümüzdə Əhrimən nəslinin övladları yağışdan sonra baş qaldıran göbələklər kimi baş qaldırıblar.
Yaxşılığa yaxşılıq yox, yamanlıq edənlər çoxalıb. Burada özümdən misal çəkmək istəyirəm. “Gürcüstan” qəzetində fəaliyyət göstərdiyim 25 ilə yaxın bir müddət ərzində neçə-neçə şeir həvəskarlarına dəyərli məsləhətlər verib onları poeziyanın ritmik, ahəngdar yoluna yönəltmişəm. İndi onların bəziləri məni görəndə arxa çevirir, bəziləri də atalar demiş, “xala-xətrin qalmasın” məsələsinə bənzər salam verirlər. Qədirbilənlərdən biri bir dəfə belə bir söz işlətmişdi:
“Cəlil Məmmədquluzadə deyib ki, bizim hamımız Qoqolun “şinel”indən çıxmışıq. İndi biz də Dünyamalı Kərəmin qələmindən çıxmışıq”. Səməndər müəllim yaxşılığı unutmayan əsl ziyalılardandır. Mən “Gürcüstan” qəzetində işlədiyim vaxt qəzetin 1982-ci il 28 yanvar sayında Səməndər müəllimin Sibirdə əsgəri vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən gənc qardaşı Fikrətin haqqında “Ölüm sevinməsin qoy” rubrikası altında “O, yaşasaydı…” adlı kiçicik bir yazı və mərhumun 2 şeirini vermişdim. Bu kiçik yaxşılığa görə o, hər kitabında, hər yazısında məni təkrar-təkrar yada salmışdır. Bax, böyük alicənablıq buna deyərlər!!!
Səməndər Eyvaz oğlu “El sevəni aləm sevər” adlı yeni nəşr olunan kitabında da məni unutmayıb. Kitabın elə əvvəllərində “Min budağın kökü olmaq xoşbəxtliyi” (39-47 səh.) adlı oçerkində mənim həyat və fəaliyyətimi düzgün və hərtərəfli işıqlandırıb. O, bununla da kifayətlənməyərək mənim haqqımda “Dünyamalı Kərəm – öz yurdunun tarixini yaratmış ziyalı” (217-220 səh.) sərlövhəli məqalə ilə də çıxış etmişdir.
Səməndər Eyvaz oğlu ömrünün ahıl dövrünü yaşayır. 59 yaşı var. Deməli, ağıl və zəkasının ən məhsuldar, qələminin isə ən kəsərli dövrünü yaşayır. Ona XX əsr Azərbaycan poeziyasının dan ulduzu olan Səməd Vurğunun dediyi kimi, “dünyada ən əziz nemət” olan cansağlığı arzulayıram. Qoy Ulu Tanrımız onun gələcək yaradıcılıq yollarına yaşıl işıq, odlu-ilhamlı saf ürəyinə təpər nemətini əsirgəməsin! Amin!
ƏVƏZOLUNMAZ HƏDİYYƏ
Əzizim və ədəbi-ictimai yaradıcılığınıza dərin hörmət bəslədiyim Səməndər Eyvaz oğlu Məmmədov!
Mənə göndərdiyiniz bütün kitabları sevərək oxuyur və müqəddəs bir hədiyyə kimi hifz edib saxlayıram. “Faxralılar” kitabınız isə mənim üçün əvəzolunmaz bir hədiyyə oldu. Siz məni bu kitabla göyün yeddinci qatına qaldırdınız. Çünki ziyalı üçün, savadlı adam üçün kitabdan qiymətli hədiyyə ola bilməz. Və elə bil ki, göyün yeddinci qatından bir səs eşitdim: Səməndər Eyvazoğlu dövrümüzün ən fədakar, savadlı və zəngin təcrübəyə malik olan tədqiqatçılarındandır.
Şir ürəkli, şiri-nərdi Səməndər,
El üçün odda yannan səməndərdir Səməndər!
Səməndər müəllim! Allah-Təala insanları yaradanda xainləri, nankorları, mərdimazarları da ona görə yaradıb ki, yaxşıların qədri bilinsin. Yoxsa, yaxşı ilə pisi seçmək olmazdı. Bilirəm, sənin istedadına dodaq büzən də olacaq. Ancaq sən ruhdan düşmə. Qələmini itilə, yaz,yarat!
Tarixdə tarixi yaradan qalar,
Nadan təkəbbürlər sıradan qalar.
Atalar deyib: “Balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək”. Yenə atalar demişkən: “İt hürər, karvan keçər” və yaxud “Zər qədrini zərgər bilər”.
Səməndər müəllim, yaltaqlıq olmasın, mən hər yerdə səndən söz düşəndə demişəm və ömrüm boyu deyəcəm: faxralılar heç vaxt sənin əziyyətini yaddan çıxarmamalıdırlar. Çünki sən bir övlad kimi öz borcunu bu torpağa, bu yurda qaytarmağı bacarmısan!
Həmkarım, yaşca kiçik qardaşım Səməndər müəllim! Məni də bir qiyabi Faxralı sakini (nənəmə görə) hesab edib, “Faxralılar” rədifli şeirimi gələcək kitabınızın ikinci cildində versəniz, bir əyani Faxralı sakini olaram (bu, əlbəttə, bir zaraftadı).
Bir daha səni yazıçı-publisist kimi yeni dərc olunmuş “Faxralılar” kitabına görə təbrik edirəm, sənə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. Çünki sənin kimi ziyalılar bu eli, bu obanı və bu milləti işığa doğru aparır. Millət də ziyalıların arxasınca gedəndə o nura, o işığa qovuşur və daha rahat, gözəl ömür yaşayır.
Dünyamalı Kərəm, Gürcüstan Respublikasının Əməkdar jurnalisti,
“Şöhrət” ordenli, Azərbaycan Yazıçılar Birliyinin üzvü.