ELM SƏRKƏRDƏ, TƏCRÜBƏ İSƏ ONUN ƏSGƏRİDİR
Məni tanıyanlar yaxşı bilir ki, əlim qələm tutandan doğma Faxralını vəsf etmiş, elimin-obamın ləyaqətli övladlarının hər uğuruna sevinərək barələrində məqalələr yazmışam. Kitablarımın əksəriyyətinin məhz Faxralı və faxralılara həsr olunması da təsadüfi deyil. Bu mövzuda hər kitabım işıq üzü gördükdən sonra düşünmüşəm ki, yəqin daha bəsdir. Amma bu, uzun sürməyib, yenidən həmyerlilərimdən yazıb onları geniş oxucu kütləsinə daha yaxından tanıtmaq istəmişəm. Borçalının ağır ellərindən olan Faxralı kəndinin yetirmələrinin sorağı dünyanın müxtəlif guşələrindən gəldiyi bir vaxtda mənim qələmim necə susa bilər?! Qələmimi ilhama gətirən bir odur ki, kəndimizin şöhrətini dünyaya yayanlar arasında elimizin ləyaqətli qızları da az deyil. İndiyədək işıq üzü görən kitablarımda onlardan bəziləri haqqında söhbət açmışam. Bu yazıda isə oxucularımı Faxralının daha bir alim qızı ilə tanış etmək istəyirəm.
…Afət Məmmədəli qızı Həsənova 1973-cü il sentyabrın 22-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini isə Azərbaycanda – Sumqayıt şəhərində alıb. 1980-ci ildə Sumqayıt şəhərindəki 13 saylı orta məktəbin 1-ci sinfinə gedib, 1990-cı ildə həmin məktəbi bitirib. Ali təhsilini də Azərbaycanda alıb. Belə ki, orta məktəbi bitirən ili təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Dövlət İqtisad İnstitutuna (indiki ADİU) verib və qəbul imtahanlarından uğurla çıxaraq bu ali təhsil ocağının tələbəsi olub. 1995-ci ildə isə tələbəlik illəri də arxada qalıb və o, “itisadi kibernetika” ixtisası üzrə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib.
Artıq, ali təhsilini başa vurub müstəqil həyata atılan hamı kimi, onun da həyatının yeni mərhələsi başlanıb, əmək fəaliyyətinə başlayıb. Amma iş yeri onun üçün yad olan yeni bir kollektiv yox, beş il təhsil aldığı elm ocağı olub. İnstitutun “İqtisadi kibernetika” kafedrasında əmək fəaliyyətinə başlayıb. Bir vaxtlar ona dərs demiş professor-müəllim kollektivi ilə bir kafedrada çalışmaq onun üçün rahat olsa da, həm də üzərinə böyük məsuliyyət düşdüyünün fərqində idi Afət xanım. Çünki bir vaxtlar ona dərs deyən, ona tələbə gözü ilə baxan müəllimləri ilə artıq eyni məsuliyyəti bölüşürdü və bu etimadı doğrultmalı idi. Qısa müddətdə müəllimlərinin gözündə olan bacarıqlı, çalışqan tələbə imicini kafedranın elmi axtarışlara böyük həvəsi və potensialı olan gənc və perspektivli əməkdaşı imici ilə əvəzləyə bildi. Baş laborant vəzifəsinə irəli çəkildi. Ancaq bununla kifayətlənmək olmazdı, arzular, istəklər sonzuz idi, nəhayətsiz idi. Qarşıda daha böyük məqsədlər vardı. Elmin çətin yollarında inamla addımlayan, bu yolda hər bir maneəyə sinə gərməyə hazır olan Afət xanım institutun qiyabi aspiranturasına daxil oldu.
Nahaq deməyiblər ki, haqq əmək yerdə qalmaz. Çəkilən zəhmət gec-tez bəhrəsini verməlidir. Afət xanımın yuxusuz gecələri, gərgin elmi axtarışları da nəticəsiz qalmadı. 2007-ci ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında “İqtisadi tədqiqatlarda riyazi üsullar” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi aldı. 2008-ci ilin iyun ayında Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad elmləri namizədi diplomu verildi.
Afət xanım hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Ekonometrika” kafedrasının baş müəllimi kimi elmi-pedaqoji fəaliyyətini davam etditir. Bir sıra elmi məqalələrin və elmi-texniki vəsaitlərin müəllifidir.
Afət xanım öz ixtiasını dərindən bilən və onu yüksək peşəkarlıqla tələbələrinə öyrtəməyi bacaran mütəxəssidir. Çalışdığı kollektivdə professor-müəllim heyətinin, tələbələrin böyük hörmətini və rəğbətini qazanıb. ADİU-nun “Ekonometrika” kafedrasının müdiri, dosent Y.İ.Hacızalovun Afət xanım haqda dedikləri də bunun sübutudur:
– “Mən Afət Həsənovanı tələbəlik illərindən tanıyıram. O, çalışqanlığı, elmə böyük həvəsi və təşkilatçılıq qabiliyyəti ilə fərqlənirdi. A.Həsənovanın bir mütəxəssis kimi formalaşması mənim gözlərim önündə baş verib. Kafedrada baş laborant kimi fəaliyyətə başlayan Afət xanım verilən bütün tapşırıqları bacarıqla və yaradıcılıqla yerinə yetirməklə diqqəti cəlb edirdi. O, qısa müddət ərzində həm kafedra üzvlərinin, həm də tələbələrin hörmətini qazana bilmişdir. Məhz bu səbəbdən də qısa müddətdən sonra o, kafedrada müəllim kimi fəaliyyətə başladı. Elmi axtarışlara olan böyük marağı onu aspiranturaya gətirib çıxardı. Bu elmi axtarışların yekunu kimi, o, Azərbaycan iqtisadiyyatı üçün aktual mövzuda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi oldu.
Afət Həsənova bir məlum həqiqəti gözəl bilir ki, Leonardo da Vinçi demişkən: “Elm sərkərdə, təcrübə isə onun əsgəridir.” İnanırıq ki, Afət xanım sərkərdəliyi və əsgərliyi ilə həmişə elimizə və xalqımıza başucalığı gətirəcək. Afət Həsənova hazırda “Ekonometrika” kafedrasında baş müəllim vəzifəsində çalışır və yüksək ixtisaslı kadr hazırlığında öz yeri olan bir müəllim kimi diqqəti cəlb edir. Ümid edirəm ki, biz gələcəkdə də Afət müəllimənin təhsildə və elmdə böyük uğurlarının şahidi olacağıq. Bu çətin və şərəfli işdə ona uğurlar arzulayıram”.
Həmkarının dediklərinə qoşularaq biz də Afət xanıma elmi-pedaqoji fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.