Ələddin Bayraməli oğlu İmanov (elmlər namizədi)

QISA MƏLUMAT

Ələddin Bayraməli oğlu İmanov 1938-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O1946 – 1957-ci illərdə Faxralı orta  məktəbini bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə təyinatla Moskva şəhərindəki Qapalı Ümumittifaq Elmi Tədqiqat Elektromexanika institutuna göndərilmişdir. O, burada elmi işlə məşğul olmuş, 1972-ci ildə dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Ələddin İmanov elmin və texnikanın elə bir ixtisasına yiyələnmişdir ki, onun elmi əsərləri də qapalı jurnal və elmi kitablarda nəşr olunmuşdur. Onun işıq üzü görmüş əsərləri əsasən Moskva şəhərinin qapalı materiallar məcmuəsində çap olunmuşdur.
İşlədiyi bu müddətdə 4 ittifaq əhəmiyyətli ixtiranın və müəlliflik şəhadətnaməsinin müəllifi olmuşdur. O, bu şəhadətnamələri 1970,1978, 1980 və 1981-ci illərdə almışdır. Ələddin İmanovun ixtiraları SSRİ Kosmik Tədqiqatlar sahəsində istifadə edilmişdir.
Ələddin İmanov 1993-cü il yanvar ayında Bakı şəhərində vəfat etmişdir.

Mənbə : REDAKTORDAN.

 

“ANCAQ ÖZ GÜCÜMƏ GÜVƏNƏNDƏ MƏN, BƏRƏKƏT OLURAM,  DÖZÜM OLURAM”

Hər dəfə “Borçalı alimləri” kita­­bı­nı əlimə alanda sanki ilk dəfə gö­rür­müş kimi, əvvəlcə başdan-aya­ğa gözdən keçirir və sonradan ayrı-ayrı alimlər haqqında yazı­lan­ları oxu­yu­ram. Bu­rada barəsində söhbət açılan alimlərin əksəriy­yə­tini şəxsən ta­nı­yıb, haqlarında yazılan­ları dönə-dönə oxu­muş olsam da, kitabı bir də göz­dən keçirir, Azər­baycan elminə samballı töh­fə­lər ver­miş alimləri­miz­­lə haqlı qü­rur du­yuram. Məhz bu kitab­dan öy­rənmək olur ki, Bor­ça­lının ayrı-ayrı kəndləri ilə müqayi­sə­də ən çox alim Faxralı kəndindən çıxıb. Təbii ki, bu kitabda mü­əyyən sə­bəb­lərdən heç də əslən Faxralıdan olan alimlərin ha­mısından söh­bət açıl­ma­yıb, üstəlik adıçəkilən kitab 10 il bun­dan əvvəl işıq üzü görüb. Və bu 10 ildə də müsbətə doğru çox dəyi­şikliklər olub, alim­lərimizin sırasına yeni adlar əlavə olunub. Deməli, müvafiq olaraq Faxralı alimlərinin sırası da genişlənib.

Bu gün elmin elə bir sahəsini tapmaq çətindir ki, Faxralıda böyüyüb boya-başa çatmış, bu kənddə orta təhsil almış heç ol­ma­sa bircə nəfər o sahə ilə məşğul olmasın. İstər humanitar, is­tərsə də dəqiq, texniki və tibbi-bioloji elmlər sahəsində kifayət qədər tanınmış bir alim kimi öz sözünü demiş faxralılar az de­yil. Əgər 30-40 il bundan əvvəl alim həmyerlilərimizin sorağını əsasən Azərbaycanın və qismən də keçmiş ittifaqın ali təhsil mü­əssisələrindən alırdıqsa, indi onların səsi dünyanın bir sıra apa­rıcı universitetlərindən,  elmi-tədqiqat ocaqlarından gəlir. Bu günlərdə “Borçalı alimləri” kitabını gözdən keçirərkən diq­qətimi çəkən faxralılardan biri haqda söhbət açmaq istəyirəm.

…Ələddin Bayraməli oğlu İmanov 1938-ci ildə Faxralıda anadan olub. 1946-cı ildə Faxralı orta məktəbinin birinci sin­finə gedib, 1957-ci ildə həmin məktəbdə tam orta təhsilini başa vurub. Elə həmin ildə də ali təhsil almaq arzusu ilə Bakıya gələrək sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə verib və qəbul imtahan­la­rın­dan uğurla çıxaraq universitetin tələbəsi adına layiq görülüb. Tələ­bəliyin ilk günlərindən dərin savadı, elmi mühakiməsi, zəhmətsevərliyi və heç bir çətinlikdən qorxmaması ilə ona dərs deyən müəl­lim­lərin diqqətini cəlb edib. Qısa müddətdə tələbə yoldaşları ara­sın­da bu kimi xüsusiyyətləri ilə seçilib, fakültədə barmaqla gös­tərilən tələbələrdən biri olub. İstər tələbə yoldaşları, istərsə də professor-müəllim heyəti onun simasında gələcəyin böyük alimini görüblər. Elə bunun nəticəsidir ki, 1962-ci ildə univer­sitetdə təhsilini fərq­lən­mə diplomu ilə başa vuran Ələddin İma­nov təyinatla Moskva şəhərindəki Ümumittifaq Elmi-Təd­qiqat Elektromexanika Qapalı İnstitutuna göndərilib. Moskva elmi mü­hiti onun qarşısında yeni üfüqlər, böyük im­kanlar açıb. Tə­lə­bəlik illərindən arzusunda olduğu bir sıra planlarını reallaş­dırmaq üçün münbit şərait yaranıb. Elmi-tədqiqatla məşğul olub. Nəhayət, gərgin zəhmət öz bəh­rəsini verib və o, elmi ax­ta­rışlarının nəticəsi kimi, 1972-ci ildə nami­zəd­lik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alim­lik dərəcəsi alıb.

Qeyd etmək lazımdır ki, Ələddin İmanov elmin və texni­kanın elə bir sahəsi üzrə tədqiqatla məşğul olurdu ki, onun elmi əsərləri ancaq dar çər­çivədə yayılan qapalı elmi məcmuələrdə nəşr olunurdu. O, keçmiş ittifaq əhəmiyyətli 4 ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb. Qeyd edək ki, bu şəha­dət­na­mə­lər ona 1970, 1978, 1980 və 1981-ci illərdə verilib.

“Kəlilə və Dimnə”də belə bir fikir var: “Nəzəriyyə təcrü­bəsiz, şəkil məzmunsuz, dövlət ədalətsiz, elm hikmətsiz, sədə­qə niyyətsiz fayda verə bilməz”. Ələddin müəllimin əldə etdiyi elmi-nəzəri nəticələr də müvafiq olaraq SSRİ Kosmik Təd­qi­qatlar sahəsində istifadə olunaraq öz əhəmiyyətini sübut edib, böyük səmərə verib.

Təbii ki, onun bir alim kimi fəaliyyəti haqda dediklərimiz olsa-olsa yalnız bizə məlum olanlardır. Axı, yuxarıda da qeyd etdiyimiz kimi, o, elmin elə bir sahəsi üzrə tədqiqatla məşğul olub ki, bu haqda nəinki geniş ictimaiyyət, hətta heç elmi ictimaiyyət də ətraflı bilgilərə malik olmayıb. Elə təkcə bu fakt onun fəaliyyət sahəsinin nə qədər gərəkli və vacib olduğundan xəbər verir. Belə vacib bir sahə üzrə elmi axtarışlar aparıb 4 ixtiranın müəllifi olmaq da onun bir alim kimi potensialının gös­təricisidir. Və o, bir alim kimi hələ çox uğurlara imza ata bi­lər­di, təbii ki, ömür vəfa etsəydi. Amma ömür vəfa etməyib və bir alim kimi ömrünün ən məhsuldar çağını yaşayan Ələddin İmanov 1993-cü ildə Bakı şəhərində vəfat edib. Ondan bizə qalan isə bu gün də aktuallığını və əhəmiyyətini itirməyən elmi əsərləri, bir də heç zaman unudulmayacaq parlaq xati­rəsidir. Sadə ziyalı, zəhmətkeş alim idi Ələddin İmanov. İnsanlığı da çox yüksək səviyyədə idi. Biz həm də qohum idik. Onun bacısı Sara xanım qar­daşım Fərhadın həyat yoldaşıdır. Dəfələrlə həmsöhbət olmuşduq. Səviyyəli və savadlı insan idi. Nəyə nail olmuşdusa ancaq öz  gücünə olmuşdu. Böyük söz fatehi Zəlimxan Yaqub aşağıdakı misraları sanki, onun üçün yazmışdı:

…Ancaq öz gücümə güvənəndə mən?
Bərəkət oluram, dözüm oluram…

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur