Əli Bayram oğlu Əliyev (elmlər namizədi)

QISA MƏLUMAT

Əli Bayram oğlu Əliyev 1923-cü il mayın 28-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1941-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1943-cü ildə Hərbi Topçuluq məktəbini bitirmiş, zabit rütbəsi almış və 1945-ci ilədək İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşmuşdur.
Əli Əliyev 1945-ci ildən başlayaraq Faxralı kəndindəki “Qələbə” kolxozunda mühasib köməkçisi, baş mühasib, ilk partiya təşkilatının katibi və kolxoz idarə heyətinin sədri vəzifələrində çalışmışdır .
Əli Əliyev 1955-ci ildə Tbilisi Dövlət Universitetinə (indiki TDU) daxil olmuş, 1960-cı ildə bitirmişdir. Təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə şəhər) aspiranturasında davam etdirmiş və “Azərbaycan SSR-nin Şəki-Zaqatala zonasında ipəkçiliyin müasir vəziyyəti və inkişaf prespektivləri” mövzusunda namizədlik dissertasiyası yazmış və 1964-cü ildə həmin dissertasiyanı müdafiə edib elmlər namizədi olmuşdur.
Əli Əliyev 1964-cü ildə Bolnisi rayon Sovet İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, bu vəzifədə 1972-ci ilədək işləmişdir. 1972-ci ildən ömrünün sonuna kimi Bolnisi rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə başçılıq etmişdir.
Əli Əliyev Qırmızı Əmək Bayrağı ordeni, “Əməkdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Stalinqrad müdafiəsi uğrunda”, “Alamaniya üzərində qəlbəyə görə” və s. medallarla təltif edilmişdir.
Əli Əliyev 1945-ci ildən Sov.İKP-nın üzvü olmuşdur. O, Gürcüstan KP MK üzvülüyünə namizəd seçilmiş, dəfələrlə Bolnisi rayon partiya komitəsinin üzvü və rayon sovetinin deputatı olmuşdur. Əli Əliyevin elmi-pedaqoji fəaliyyəti 10 məqalədə öz əksini tapmışdr. Əli Əliyev 1973-cü ildə vəfat etmişdir.

Mənbə : REDAKTORDAN

ELDƏ BİR, ELLƏ BIR OLMUŞ İNSAN

Hər dəfə yenicə işıq üzü görmüş kitabı əlimə alanda onu bö­yük maraqla oxuyuram. Axı, hər bir ki­tabın böyük və gərgin zəhmət hesa­bına ərsəyə gəldiyini yaxşı bilirəm. Belə böyük zəh­mət və axtarışların nəticəsi kimi ortaya çıxarılan kita­b­da isə təbii ki, öyrənməli çox şey olur. Bu günlərdə mənə təqdim olu­nan kitab isə bir oxucu kimi diqqətimi çəkməklə yanaşı, həm də hədsiz sevincimə səbəb oldu. Tək­cə ona görə yox ki, kitabda mənim də yazım çap olunmuşdu və üç ildən artıq idi ki, bu kitabın yolunu gözləyirdik. Həm də ona görə ki, kitab bütün ömrünü xalqına, insanların rifahının yaxşılaşmasına həsr edə­rək şərəfli ömür yolu keçmiş və elə bu səbəbdən də hələ gənc yaşlarından bir el ağsaq­qalı kimi tanınan qeyrətli eloğlum Əli Bayram oğlu Əliyevə  həsr olunub. O Əli Bayram oğluna ki, təkcə boya-başa çatdığı Faxralı kəndində deyil, bütövlükdə Borçalıda bir ağsaqqal, bacarıqlı təş­kilatçı və rəhbər işçi kimi tanınıb, adı həmişə hörmətlə çəkilib, məc­lislərdə yeri başda olub. Onu Azərbaycanda da yaxşı tanıyıb, hörmətlə yanaşıblar.

…Tarixin bütün dövrlərində cəmiyyətin əsas ağırlığı ayrı-ayrı şəxsiyyətlərin çiyninə düşmüşdür. Şəxsiyyətlər tarixi yaratdıqları kimi, özləri də tarixin səhifələrində əbədiləşmişlər. Amma nə­dən­sə belə görkəmli şəxsiyyətlər müasirimiz olanda çox zaman onların böyüklüyünün fərqinə varmır, xeyirxah əməl­lərini gör­mü­rük. Yalnız aradan illər keçəndən sonra layiq ol­duqları qiy­məti veririk. Burada şair Cabir Novruzu xatırla­ma­maq olmur: “Sağ­lığında qiymət verin insanlara”. Vətən üçün, el üçün can­larını fəda edənlərin qədrini bilmək, qiymətlən­dir­mək lazımdır. Bununla belə, etiraf etmək lazımdır ki, sağlı­ğın­da, özü də gənc yaşlarından rəhbər vəzifədə olub ümumxalq mə­­həb­bəti qazan­maq hamıya nəsib olmur. Üstəlik nəzərə alsaq ki, söhbət sovet rejiminin hakim olduğu dövrdən gedir, fikrimiz daha da aydın­la­şar. Bu baxımdan Əli Bayram oğlu Əliyevə  həsr olunmuş kitab vaxtında atılmış xeyirxah addım, çox da uzaq olmayan tarixi keç­mişimizə ayna tutan bir vəsait və sözün əsl mənasında qədir­şünaslıq kimi qiy­mətləndirilməlidir.

1923-cü ildə Borçalının ağır ellərindən olan Faxralı kən­din­də dünyaya göz açan Əli Bayram oğlu Əliyev 1941-ci ildə doğ­ma kən­dində orta məktəbi bitirmiş və 1942-ci ilin yanvarında kö­nüllü olaraq müharibəyə getmiş, burada şərəfli bir döyüş yo­lu keç­mişdir. 1945-ci ildə cəbhədən qayıtdıqdan sonra bir müd­dət Fax­ralı kəndindəki kolxozda mühasib köməkçisi və mü­ha­sib vəzi­fələrində çalışıb, Faxralı orta məktəbində rus dili mü­əl­li­mi kimi fə­aliyyət göstərib. Bacarığını və təşkilatçılıq qabi­liy­yə­tini görüb ona daha böyük etimad göstəriblər. Rayonun ən böyük təsər­rüfatlarından olan Faxralı kəndindəki “Qələbə” kolxozuna sədr se­çilib. 1964-cü ilin dekabrında isə daha yük­sək və məs­uliyyətli vəzifəyə – Bolnisi rayon İcariyyə Komi­tə­si­nin sədri və­zi­fəsinə irəli çəkilib. 1971-ci ilin iyul ayından ömrünün sonuna – 1973-cü ilin avqust ayına kimi isə əmək fə­aliy­yətini Bolnisi rayon Su Təsərrüfatı İdarəsinin rəisi kimi da­vam etdirib. Əlbəttə, ilk baxışda bunlar hər bir kəsin tərcümeyi-halında ola biləcək və heç bir qeyri-adiliyi ilə seçilməyən avtobioqrafik məlumat təsiri bağışlayır. Ancaq Əli Bayram oğlunu yaxından tanıyanlar, onun­la təmasda olanlar yaxşı bilirlər ki, o, necə bir böyük ürək sahibi, sözün əsl mə­na­sında xalqının cəfakeşi idi. Neçə il öncə yazdığım şeirin bir bəndini xatırlamaq istəyirəm:

Məməşoğlu İsrafilin ər idi,
Əli Bayram oğlu eldə bir idi.
Məhəmmədin ocaq idi, pir idi,
Ləl-naxışlı xanimanım, Faxralı.

Yaxından tanımayanlar isə bu kitabı oxuyub onun barəsində zəngin məlumat əldə edəcəklər. Məhz bu kitabdan öyrənə­cək­lər ki, Əli Bayram oğlu hələ o vaxtlar rayonda baş qaldıran milli ayrı-seçkilik siyasətinə dözməyərək qəti etiraz səsini ucaldıb. Faxralının fəxri, iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuş professor, mərhum Şamil Qurbanov onun barəsində na­haq yerə deməmişdi ki, “Allah ona boy, şirin dil, gözəl danışıq qabiliyyəti vermişdi”. Oxucular həmçinin digər gör­kəm­li elm xa­dim­lərinin və müxtəlif peşə sahiblərinin mil­lə­ti­nin, vətəninin və doğma el-obasının fədaisi olan bu böyük şəx­siy­yət barədə ürək sözləri, onunla bağlı maraqlı və heç zaman unudulmayacaq xatirələri ilə tanış ola biləcəklər.

Kitabda ayrı-ayrı şəxslərin imzası ilə verilən yazıların sər­löv­ləsinə nəzər salmaq kifayətdir ki, Əli Bayram oğlunun kimliyi haqqında təsəvvür yaransın: “Elimizin fəxri”, “Alı hamıya nümu­nə idi”, “Bütün şərəflərə layiq insan”, “Yaddaşlardan silin­məyən arkadaşım”, “Əfsanəvi ictimai xadim və alim”, “O, baca­rıqlı rəh­bər idi”, “Arxasızların arxası”, “O, elin gücünə arxa­lanırdı”, “Xalq üçün yaşanan ömür”, “Bütün borçalıların dayağı”, “Əli Bayram oğlu cəsarət və mərdlik rəmzi idi”, “O, xal­qın polad dayağı idi” və s. Özü də bu sözləri deyən, onu be­lə yüksək qiymətləndirən təkcə öz soydaşlarımız deyil. Əli Bay­ram oğlunu tanıyan, onunla işləyən müxtəlif vəzifə sahib­lə­ri və yaxud ondan yaxşılıq görən gürcülər və digər millətlərin nü­ma­yəndələri də onu eyni məhəbbətlə, eyni səmimiyyətlə xatırlayırlar.

Bu kitabdan oxucular həmçnin ölməz söz ustadlarımız Sə­məd Vurğunun, Osman Sarıvəllinin və Hüseyn Arifin Faxralıda olması, Əli Bayram oğlunun onlarla görüşü barədə məlumat əldə edəcək, həmin tarixi görüşü əks etdirən və bəlkə də indi­yə­dək mətbuat səhifələrinə çıxmayan nadir fotoşəkillərlə də ta­nış olacaqlar. Həmçinin onu da öyrənəcəklər ki, bu gün Bolnisi şə­hə­rində, Faxralıda və rayonun digər kəndlərində əhalinin xid­mə­tində olan neçə-neçə ictimai və sosial obyektlər məhz Əli Bayram oğlunun yadigarıdır. Bütün bunlara görə də qədirbilən ellərimiz onu həmişə minnətdarlıq hissləri ilə yad edirlər.

Əli Bayram oğlu haqqında yazılmış xatirələrdə bir məqam diqqəti çəkəcəkdir. Oxucu ayrı-ayrı epizodlarda mənfur ermə­nilərin necə yaltaq, ikiüzlü, xain, məkrli olduğuna dəlalət edən xatirələrə rast gələcəkdir. Məsələn, biləcəklər ki, Əli Bayram oğlu ona hərbi-tibbi komissiyada xəstəlik kağızı düzəltdirməyi, rüşvət verməklə hərbi xidmətdən yayınmağı təklif edən Şulaver ermə­nisini necə əzişdirib. Məlum olacaq ki, Böyük Vətən mü­ha­­­ribəsinin qızğın getdiyi dövrdə ermənilər dəllallıq etməklə məş­ğul imiş. Başqa bir epizodda isə Əli Bayram oğlu ilə yaxın dost­luq münasibətində olan böyük şair Səməd Vurğunla erməni aktyorlar arasında düşən insidentin tarixçəsi ilə tanış olacaq. “Vaqif” dra­mını erməni dilində tamaşaya qoyan Şaumyan adı­na erməni dram teatrının aktyorlarının dəvət etdikləri ziya­fət­də iştirakdan imtina edən şair erməni aktyorları arasından Vaqifi oynayanın ampu­lasına bələd olduğundan ona belə bir irad tutur: “Sən səhnədə özünü lotu, bambılı kimi aparırsan, Vaqif təkcə Qarabağ xan­lı­ğının vəziri deyil, o  həm də Azərbaycan xalqının beynidir”. Bu iki xatirəni xatırlayan qocaman jurnalist Hacı Qurban oğlu Həsənov  “Onlar mənim qəlbimdə qoşa hey­kəldirlər!” sərlövhli məqaləsində Səməd Vurğunla Əli Əliyevin oxşar cəhətlərini ortaya qoyan misallar çəkir.

Bölgədə kompakt halda yaşayan azərbaycanlıların sosial şəraitinin yaxşılaş­dırılması üçün əlindən gələni əsirgəməyən Əli Əliyevin milli vətənpərvərliyi, xalqına bağlılığı ona həm də bö­yük maneələr yaradır, tez-tez milli şovinizmin təzyiqlləri qar­şısında qalırmış. Milli ruhu, milli əxlaqı və etik key­fiy­yət­ləri ilə, eyni zamanda onu həmakarlarından fərqləndirən təbii rəhbər­lik-təşkilatçılıq qabi­liyyəti ilə seçilən Əli Əliyevin necə paxıllıq hə­dəfinə çev­ril­məsini əks etdirən xatirə yazılar da təsirli fraq­ment­lərlə zəngindir.

Oxucu təkcə Əli Bayram oğlu haqqında əlisevərlərin xati­rə­lə­ri ilə deyil, bu böyük insanın Vətən uğrunda savaş və əmək cəb­həsində göstərdiyi fədakarlığı, rəşadəti əks etdirən sənəd­lə­rin surətləri, şəxsi arxivindəki diplomlar, fəxri fərmanlar, ara­yış­lar, vəsiqələr, təşəkkürnamə və ünvanına göndərilən minnət­dar­lıq məktubları ilə də tanış olacaqdır, haqqında yazılmış, öz sağ­lığında işıq üzü görən məqalələrə göz atmaq imkanı qaza­nacaqdır.

Tərəqqipərvər, maarifpərvər insan olan Əli Bayram oğlunun mü­əllimlərə hörmətlə yanaşmasını sübut edən hadisələrdən biri oğlu Bayramın qələmə aldığı xatirələrdə əksini tapıb. Bir oxu­cu, əlbəttə ki, bir müəllim kimi həmin epizod məni çox təsir­lən­dirdi. Bayram Əli oğlu yazır: “Atam müəllimlərə hörmətlə yanaşar, onların problemlərini həll edərdi. Bir dəfə atam ma­şın­la məktəbə tə­rəf gedirdi. Mən ondan məni də məktəbə apar­ma­ğını xahiş et­dim. O, mənə dedi: “Sənin müəllimlərin avtobusla gedər­kən sənin dövlət maşınında məktəbə getməyin onlara qar­şı hörmət­sizlikdir. Sən də hamı kimi avtobusla getsən yaxşı olar”. Əlbəttə, öz övladına müəlli­mə qarşı bu cür ehtiram hissi aşı­­­­layan valideyn sağlığında rəğbətə, haqq dərgahında isə rəh­mətə layiq­dir. Şəxsən mənim üçün maraqlıydı – görəsən Əli Bayram oğlu haqqında mənim öz müəllimim, şair Məmmədov Əli Səngərli nə yazıb. Zən­nimdə yanılmamışdım. Kitabda toplanmış xatirə məqalə­lə­ri­nin bəlkə də ən həcmlisi, ən zəngini Əli Səngərliyə məxsusdur. Əli Bayram oğlunu Gürcüstan azər­bay­canlılarının keçən yüzillikdə yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi təqdim edən Əli Səngərli onu öz şeirlərində tərənnüm edib. Məqalə elə Əli Bayram oğlununa xitab ifadə olunmuş şeirlə də bitir:

Çünki yaranışından
Allahsız yol seçmədin,
Ölməzlərə qovuşdun,
Ölüm yolu keçmədin!

Əli Bayram oğlu Əliyev haqqında xatirə kitabını oxuyan oxucu nəhayətdə bir qənaətə gələcək ki, onu təkcə bir el yox, iki xalq – həm Azərbaycan, həm gürcü xalqı itirmişdir. Təəs­süflənəcək ki, bu itki çox erkən baş vermişdir. Amansız ölüm onun arzularını cəmi 50 yaşında yarımçıq qoymuşdur. Əlbəttə, hər bir insanın ölümü faciədir. Əli Bayram oğlu da insan idi. Lakin necə insan?! Doğrudan da hədsiz dərəcədə təəssüflüdür. Axı, Əli Bayram oğlunu həyatda xoşbəxt insan adlandırmaq üçün hər cür imkan var idi. 16 yaşında əlaçı, qabaqcıl şagird, 18 yaşında müharibədə ko­man­dir, 23 yaşında nəslinin ağsaq­qa­lı, 35 yaşında kəndinin ağ­saq­qalı, 40 yaşında isə rayonun rəh­bəri və Borçalı elinin hörmətli ağsaqqalı kimi yaşanan ömür nə üçün 50 yaşda sona yetməliydi?

Ölümə xüsusi münasibəti vardı Əli Bayram oğlunun. Bu mü­na­sibəti açıqlamaq üçün özünə istinad edək. Xəstə yatağında olarkən Abdulla Məhəmməd oğlu Bədəlovun  onu fikirdən ayır­maq üçün verdiyi “Əli lələ, nə fikirləşirsiniz?” sualını belə cavablandırıb: “Dayıoğlu, mən ölümdən qorxmuram, mənim tay-tuşlarım 30 il bundan əvvəl mənim də iştirakçısı olduğum müha­ribədə, ömürlərinin bahar çağında həlak olublar, taleyin mənə bəxş etdiyi ömürdən istifadə edib çox məqsədlərimi hə­yata keçirmiş, arzularımın çin olmasına nail olmuşam. Anam həyatla qollarım üstündə vidalaşdı, həmin anlarda o, mənim gözümün də­rin­liyinə baxırdı. Bu isə özlüyündə yaxşı, xoş məna verən əlamət deyil. Nə qədər nikbin olsam belə, yenə mənə elə gəlir ki, məni arxasınca aparacaq”.

Xatirələr toplusunun ərsəyə gəlməsində böyük əməyi olan, eləcə “Əliyev Əli Bayram oğlu” adlanan kitabın müəllifi Loğman Çıraqovun da zəhəmti ölçüyə gəlməzdir. Əlisevər­lər­dən biri kimi mən bunu dəyərləndirirəm.

Təbii ki, bir qəzet yazısında bu sanballı kitab haqqında əha­təli söhbət açmaq mümkünsüzdür. Kitabın əsl qiymətini hör­mət­li oxucular verəcəklər. Biz isə elimizin məğrur və polad kimi sınmaz, 50 illik ömründə öz xalqı üçün neçə-neçə ömrə be­lə sığışmayacaq qədər fədakarlıqlar və xeyirxahlıqlar etmiş bir insanın xatirəsini əbədiləşdirmək, onu gənc nəslə tanıtmaq kimi nəcib bir işə qol qoymuş insanlara – Loğman müəllimə və bütövlükdə bu kitabın işıq üzü görməsində zəhməti olanların hamısına təşəkkür edirik. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu minnətdarlıqdan ən çox pay düşənlərdən biri də Azər­bay­can Yazıçılar Birliyinin üzvü, “Ulu Körpü” qəzetinin baş redaktoru, borçalışünas eloğlumuz Musa Nəbioğludur.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur