QISA MƏLUMAT
Aslan Nəbi oğlu Poladov 1939-cu il yanvarın 2-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1959-1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1961-ci ildə BDU-nun əmtəəşünaslıq fakültəsinə qəbul olunmuş və 1966-cı ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
A.Poladov əmtəəşünas kimi Azərbaycan Dəmir Yolu İdarəsində əmək fəaliyyətinə başlamışdır. Lakin elmə olan həvəsi onu 1967-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində ETİİ-nin aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna kiçtk elmi işçi vəzifəsinə dəvət olunmuşdur.
A. Poladolv 1972-ci ildə “Azərbaycan SSR-də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olan əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi məsələləri” mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və 1977-ci ildə həmin institutda baş elmi işçi vəzifəsinə irəli çəkilmişdir.
Aslan Poladov 1983-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Bədən Tərbiysi İnstitutunda dosent vəzifəsində işləmişdir.
Aslan Poladovun elmi və pedaqoji fəalliyyəti bir monoqrafiyada, 50-dən çox elmi məqalələrdə öz əksini tapmışdır.
O, 2001-ci ildə vəfat etmişdir.
Mənbə : REDAKTORDAN.
XATİRƏYƏ DÖNƏN ZİYALI
İnsanlar iki məqamda bir-birinə dah çox doğmalaşır: bir qəmdən, bir də sevincdən. Hər ikisində də insan dünyanın bütün pisliklərini unudub ancaq xeyirxahlıq haqqında düşünür.
Bu yaxınların söhbətidir. Bir dostumun oğlunun toyuna getmişdim. Təsadüf elə gətirdi ki, əvvəllər heç yerdə görmədiyim, tanımadığım adamlarla bir masada əyləşəsi oldum. Bir-birimizi tanımasaq da, həmin gün hamımızı birləşdirən bir məqam var idi: dostumun sevincinə şərik olmaq, ona xeyir-dua, gözaydınlığı vermək üçün gəlmişdik. Elə bu səbəbdən də sanki illərdi bir-birimizi tanıyırıqmış kimi səmimi söhbətə başladıq. Qonaqlardan biri söhbət əsnasında biləndə ki, əslən Borçalıdanam, mənə qarşı diqqəti bir az da artdı. Əlavə təqdimatsız-filansız birbaşa Aslan Poladovu tanıyıb-tanımadığımı soruşdu. Və biləndə ki, Aslan müəllimlə bir kənddənəm, söhbətə bir az da şirinlik qatdı. Sən demə, Aslan Poladov institutda ona dərs deyib, onun ən sevimli müəllimlərindən olub. Müsahibim deyirdi ki, olduqca səmimi bir insan olan Aslan müəllim tələbələrə münasibətdə nə qədər tələbkar idisə, o qədər də diqqətli idi. Hər tələbəyə fərdi yanaşmağı bacarır, onların probleminə biganə qalmırdı.
Aradan illər keçməsinə baxmayaraq, onun öz müəllimi haqqında belə vurğunluqla, böyük məhəbbətlə danışmasından qürur duyurdum. Axı, söhbət mənim eloğlumdan gedirdi.
Xoşbəxtlikdən həmin məclis və Aslan müəllimlə bağlı söhbətimiz mənim “Ağır elsən, Borçalıda adın var” adlı kitabımın 3-cü cildini hazırladığım ərəfəyə təsadüf etmişdi. Və mənim Aslan Poladovla bağlı onsuz da hazırlayacağım yazının bir az da tezləşməsinə səbəb oldu.
…Aslan Nəbi oğlu Poladov 1939-cu il yanvarın 2-də Borçalıda – Lüksemburq (indiki Bolnisi) rayonunun Faxralı kəndində kolxozçu ailəsində anadan olub, burada orta məktəbi bitirib. 1959-1961-ci illərdə ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsil almaq arzusunu reallaşdırmaq qərarına gəlib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) əmtəəşünaslıq fakültəsinə daxil olub. 1966-cı ildə həmin fakültədə təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Universiteti bitirdikdən sonra o, əmtəəşünas kimi Azərbaycan Dəmir Yolu İdarəsində əmək fəaliyyətinə başlayıb. Amma elmi axtarışlara olan həvəsi onu bir an da tərk etməyib, bu sahədəki potensialından istifadə etmək qərarına gəlib. 1967-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1972-ci ildə “Azərbaycan SSR-də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olan əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
Aspiranturada təhsilini bitirdikdən sonra fəaliyyətini bütövlükdə elmə həsr etmək qəarına gələn A.Poladov Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitututnda kiçik elmi işçi kim işə qəbul olunub.
Bir iqisadçı alim kimi səmərəli fəaliyyəti, əldə etdiyi uğurlar diqqətdən kənarda qalmayıb və o, 1977-ci ildə həmin institutda baş elmi işçi vəzifəsinə irəli çəkilib. 1983-cü ilə kimi burada çalışan A.Poladov bundan sonra elmi fəaliyyətlə yanaşı, həm də pedaqoji sahədə də çalışmaq qərarına gəlib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda dosent vəzifəsni tutub. Və elə o vaxtdan ömrünün sonunadək bu ali təhsil ocağında çalışaraq respublikada idman mütəxəssisləri hazırlanmasında böyük əmək sərf edib. Minlərlə tələbənin sevimlisinə çevrilib. Elə yuxarıda xatırlatdığım söhbət də Aslan müəllimə tələbə sevgisinin təzahürü idi.
Aslan Poladov cəmisi 62 il ömür sürüb – 2001-ci ildə dünyasını dəyişib. Onun yaşadığı ömür elə də uzun olmasa da, məhsuldar olub – bir monoqrafiyası və 50-dən çox elmi məqaləsi dərc olunub. Yaddaqalan olub, xatirələrə dönə bilib. Və əgər bu gün doğmaları, eloğluları ilə yanaşı, minlərlə yetirməsinin qəlbində də şirin xatirəsi yaşayırsa, deməli onun mənəvi ömrü fiziki ömründən qat-qat uzun olacaq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.