ALİM ELOĞLUMUN ALİM ÖVLADLARI
Səadət kamalla yetişir başa,
Xalqa hörmət eylə, əbədi yaşa
N.Gəncəvi
Sirr deyil ki, son illərdə gənclərin elmə marağının azalmasından tez-tez danışılır, müxtəlif səviyyələrdə bir narahatçılıq ifadə olunur. Amma elmin müxtəlif sahələrində gənclərimizin uğurlar əldə etməsi vəziyyətin elə də qorxulu olmadığını deməyə əsas verir. Bu gün bütün varlığıyla elmə bağlı olan, əldə etdikləri elmi nəticələrlə təkcə Azərbaycanda deyil, həm də dünyanın aparıcı dövlətlərinin məşhur universitetlərində tanınan, beynəlxalq elmi konfrans və simpoziumlarda çıxış edən, əsərləri nüfuzlu elmi məcmuələrdə çap olunan gənc alimlərimizin sayı gündən-günə artmaqdadır. Sevindirici haldır ki, Azərbaycan elminə töhfə verən gənclər arasında Borçalının yetirmələri də az deyil. Bu gənclərin sırasında doğma Faxralımın yetirmələrini görmək isə, təbii ki, məni hədsiz sevindirir. Bu yazıda onlardan ikisi haqqında söhbət açmaq istəyirəm. Fikirləşdim ki, onları bir-birinən ayırmaq günah olardı. Çünki hər ikisi eyni ailədə böyüyüb, eyni ata-anadan tərbiyə alıblar. Ömür yolları da bir-birinə bənzərdir. Söhbət Borçalının ləyaqətli oğullarından biri, Faxralının yetirməsi olan dəyərli alimimiz, hörmətli ziyalımız Əmirxan Babaşovun övladlarından gedir.
…Aytən Əmirxan qızı Babaşlı 1977-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Faxralı orta məktəbinin birinci sinfinə gedib, iki il burada oxuduqdan sonra 1986-cı ildən təhsilini Bakı şəhərində Milli Konservatoriyanın nəzdindəki Respublika İncəsənət Gimnaziyasında davam etdirib. 1994-cü ildə orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya texnologiyası” fakültəsinin “Kimyəvi istehsalın və kimya kibernetikasının əsas prosesləri” ixtisasına daxil olub. 1998-ci ildə burada təhsilini başa vuraraq “Neft emalının əsas prosesləri və kibernetikası” ali peşə istiqaməti üzrə Bakalavr dərəcəsi alıb. Elə həmin ildə də təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya texnologiyası” istiqamətinin “Neft emalı istehsalının əsas prosesləri və kibernetikası” ixtisası üzrə magistraturaya daxil olub və 2000-ci ildə təhsilin bu pilləsini də uğurla başa vurub.
2000-ci il iyulun 18-də “Azərsun Holdinq” şirkətlər birliyinin “Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya mütəxəssisi kimi əmək fəaliyyətinə başlayan Aytən Babaşlı eyni zamanda təhsilini də davam etdirib. Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnsitutunun əyani aspiranturasına daxil olaraq akademik Vaqif Fərzəliyev və texnika elmləri doktoru, professor Həqiqət Cavadovanın elmi rəhbərliyi ilə həmin institutun “Motor yağlarına aşqar kompozisiyası” laboratoriyasında elmi axtarışlara başlayıb. Gərgin elmi axtarışlar öz bəhrəsini verib və o, 2014-cü ilin yanvarında AMEA-nın Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunun böyük elmi şurasında “Teplovoz, sənaye və gəmi dizelləri üçün müxtəlif qrup sürtkü kompozisiyalarının yaradılması” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 15-dək elmi əsərin müəllifidir. Əsərləri respublikamızla yanaşı, Türkiyə və Rusiyanın nüfuzlu elmi jurnallarında da dərc olunub.
Aytən Babaşlı 2012-ci ilin dekabr ayından “Azərsun Holdinq” şirkətlər birliyinin “Proses və Kalite Yönetimi Direktorluğu” departamentində baş müfəttiş vəzifəsində çalışır.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.