ÜRƏKDƏN SEVİLƏN SƏNƏT
Dünyda pis sənət yoxdur. Yəni sənətin pisi-yaxşısı yoxdur, sənəti pis yaxud yaxşı bilən var. Hansı sənət olur-olsun, əsas olan o sənəti ürəkdən sevməkdir.
Hər kəsin lap uşaqlıqdan sənət seçməklə bağlı özünəməxsus arzuları olur, hər kəs özünün uşaqlıq dünyasında min cür xəyal qurub özünə bir peşə seçir. Böyüdükcə bu arzuların çin olanı, xəyalların gerçəkləşəni də olur, gerçəkləşməyəni də. Təbii ki, uşaqlar daha çox valideynlərinə, yaxın qohumlarına bənzəmək istəyir, gələcəkdə məhz onların peşəsinin davamçısı olmağı arzulayırlar. Çünki hər hansı peşəni də məhz onların timsalında tanıyırlar, onlara oxşamağa can atırlar. Amma böyüdükcə, yaş artdıqca arzuların arealı da genişlənir, dünyaya baxış dəyişir və özünə bir peşə seçmək məsələsində götür-qoy etməli olurlar.
Elnarə də gözünü açandan evdə ağxalatlıları görüdyündən, hələ bu sənətin nə qədər çətin, eyni zamanda şərəfli və müqəddəs bir sənət olduğunu tam mənasında dərk eləməsə də, elə uşaqlıqdan həkim olmaq istəyib. Yuxarıda da qeyd etdiyimiz kimi, burda hər iki valideynin həkim, özü də sıradan biri deyil, həm də alim olmaları da böyük rol oynayıb. Elnarənin atası Vaqif Nəbi oğlu Nəbiyev Borçalıda – ağır elli Faxralıda doğulub boya-başa çatıb, bu kənddə orta məktəbi bitirdikdən sonra təhsilini Bakıda tibb institutunda davam etdirib. 1990-ci ildə Sankt-Peterburq şəhərində dissertasiya işini müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Uzun müddət Bakı Onkoloji mərkəzində Endoskopiya şöbəsinin müdiri vəzifəsində çalışıb, Bakı şəhərinin baş endoskopisti olub. Respublikada tanınan, sayılıb-seçilən həkimlərdən olub. Təəssüf ki, həyatdan vaxtsız köçüb, arzularını sonadək reallaşdıra bilməyib. Elnarənin anası – Minayə Yolçu qızı Nəbiyeva da həkimdir, eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 1994-cu ildə “İri sənaye şəhərinin atmosfer çirklənməsinin məktəbəqədər yaşlı uşaqların sağlamlıq vəziyyətinə və immunoloji göstəricilərinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin “Əmək gigiyenası, uşaq-yeniyetmələr gigiyenası” kafedrasında dosent vəzifəsində calışır.
Bəli, Elnarə Vaqif qızı Nəbiyeva 1981-ci il aprelin 8-də Bakı şəhərində belə bir aildə anadan olub. Elə ailədə böyüyüb ki, burada insanlara qayğı, insanlığa hörmət hər şeydən üstün tutulub. Hər iki valideyni şəfalı əlləri ilə insanların sağlamlığının keşiyində durub, minlərlə ailəyə sevinc bəxş ediblər. Böyük ümidlərlə onlara müraciət edən hər kəsin ümidləri doğrulub, heç kim naümid qayıtmayıb. Hər bir xəstəyə şəfa verib ailələrinə sevinc bəxş etdikcə özlərini dünyanın ən bəxtəvər adamları sayıblar. Axı, insanları yenidən öz sağlamlığına qovuşdurmaqdan gözəl nə ola bilər ki?!
Valideynlərinin şəfalı əllərindən yaranan bu xeyirxah missiya Elnarəyə də təsirsiz qalmayıb. Hər axşam onlar evə gələrkən çöhrələrəindəki xoş təbəssümdən bilirdi ki, bu gün yenə bir xəstə şəfa tapıb, bir ailəyə sevinc bəxş olunub. Bu hisslər ona da sirayət edib və o da valieynləri kimi həkim olmaq qərarına gəlib. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Tibb Universitetində davam etdirib. 2004-cü ildə həmin universitetin I Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən Elnarə Vaqif qızı bir il Bakı Onkoloji dispanserində internatura kursu keçib. Artıq müstəqil həkim kimi hər hansı bir kilinikada çalışa bilərdi Elnarə. Amma həm özünün təhsilini davam etdirmək arzusu, elmi-tədqiqat işlərinə marağı, həm də universitetdəki müəllimlərinin onun gələcəyinə böyük ümidlər bəsləməsi onu təhsilini davam etdirməyə sövq edib. 2005-ci ildə ATU-nun Elmi şurasının qərarı ilə Pediatriya fakültəsinin cərrahi xəstəliklər kafedrasında baş laborant vəzifəsində saxlanılıb. Yenidən elmi kitabxanalarda, laboratoriyalarda gərgin elmi axtarışlar başlayıb. Atalar yaxşı deyib, çəkilən zəhmət yerdə qalmaz. Elnarənin zəhməti də öz bəhrəsini verib, o, 2014-cü ildə “Maliqnizasiyaya uğramış mədə xoralarının diaqnostikasında müasir metodların və cərrahi müalicənin optimallaşdırılması” mövzusunda müdafiə edib və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
Elnarə 2014-cü ildən fəaliyyətini Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yerləşən III Cərrahi xəstəliklər kafedrasında həkim-cərrah kimi davam etdirməkdədir. Eyni zamanda 2013-cü ildən ATU-nun II Müalicə-profilaktika fakültəsində akademik məsləhətçi kimi də fəaliyyət göstərir, elmi axtarışlarını davam etdirir. İndiyədək ölkəmizdə və xarici ölkələrdə nəşr olunan nüfuzlu elmi jurnallarda 35 elmi məqaləsi dərc olunub.
Elnarə hələ gəncdir, bu günədək bir sıra elmi uğurlara imza atsa da, onun daha böyük uğurları hələ qarşıdadır. İnanırıq ki, o, yeni-yeni nailiyyətləri ilə bizi bundan sonra da çox sevindirəcəkdir. Bu yolda ona uğurlar arzulayırıq.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.