İbrahim İlyas oğlu Əlizadə (elmlər namizədi)

QISA MƏLUMAT

İbrahim İlyas oğlu Əlizadə 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuş, 1973-cü ildə Faxralı kənd orta məktəbini, 1978-ci ildə isə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinibitirmişdir. Ağsu rayonunun İlxıçı kənd orta məktəbində bir il müəllim işlədikdən sonra, 1980-cı ildə “Azon” zavodunun xüsusi konstruktor bürosuna mühəndis-konstruktor vəzifəsinə işə düzəlmişdir. 1982-ci ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fizika kafedrasında baş laborant vəzifəsində işə başlamış və 1983-cü ildə “Bərk cisimlər fizikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1984-cü ildən aspiranturadakı təhsilini Moskva Fizika Mühəndisləri İnstitutunda (MFMİ) məqsədli aspirant kimi davam etdirmişdir. 1986-cı ildə MFMİ-də fəaliyyət göstərən ixtisaslaşdırılmış elmi şurada vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildən AzİMU-nun fizika kafedrasında baş elmi işçi vəzifəsində işləmişdir. İbrahim Əlizadənin aldığı elmi nəticələr respublikamızın və ABŞ, İtaliya, Türkiyə kimi ölkələrin elmi jurnal və toplularında çap olunmuşdur. İbrahim Əlizadə 1987-ci ildən AzİMU-nun “Fizika” kafedrasında əvvəlcə baş laborant, sonradan isə assistent işləmişdir. O, “Fizika” fənnindən laboratoriya dərslərində tədris-metodiki vəsaitinin müəlliflərindən biridir. 1991-ci ildə “Fizika”, “Abituriyentlər üçün vəsait” kitabını çap etdirmişdir. 1996-cı ildə “Fizika, Ali məktəblərə daxil olmaq istəyənlər üçün testlər” kitabçasını çap etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə Əcnəbi vətəndaşların hazırlıq fakültələri üçün “Fizika” fənni proqramının müəllifidir. 1993-1997-ci illərdə AzİMU-nun “Ümumi texniki fənlər” (sonralar “Ümumi hazırlıq fənləri”) kafedrasının müdiri vəzifəsində işləmiş, 1995-ci ildən dosentdir. 1996-1999-cu illərdə eyni zamanda AzİMU-nun nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat təmayüllü litseyin direktor müavini vəzifəsində çalışmışdır. O,  fizika kafedrasında dosent, kafedra müdirinin müavini vəzifələrinədək yüksəlmişdir. İbrahim Əlizadə 50-yə qədər elmi məqalənin, dərs vəsaitinin və metodik göstərişin müəllifidir.

Qeyd: Çox təəssüflər olsun ki, İbrahim İlyas oğlu Əlizadə 19.08.2017-ci il tarixdə vəfat etmişdir. Allah rəhmət eləsin!

Mənbə : REDAKTORDAN

 

EL ÜÇÜN YANMAĞI MÜQƏDDƏS BORC SAYAN ZIYALI

Uzun  illər hər hansı bir istəyin ar­­­xa­­sınca gedəndə ona çatmaq və qo­­vuşmaq bir o qədər də də çətin olmur. Sa­dəcə olaraq, o yolu get­mək və o ad­dımı atmaq lazımdır. Elmə doğru ge­dən yol yuxusuz gecələrdən və əxlaqi fə­zi­lətlərdən keçir. Mirzə Fətəli Axun­­dov yazırdı: “Elm öy­rən­­mək və mərifət sahibi olmaq in­san­lar üçün təkcə məişətlərini təmin et­mək vasi­təsi deyildir. Elm insanları, eyni za­manda onların əxlaqlarını, rəftarını və əməlini yaxşı­laşdırmaq üçün təc­rü­bə­dən keçirilmiş bir vasitədi”.

Elə məhz buna görə də bir çoxları öz həyat yolunu və öm­rü­nü çətin olsa da, elmə və təhsilə həsr edib. Yəni Bor­ça­lı­nın Faxralı kəndində 1956-cı ildə anadan olan İbrahim İlyas oğlu Əlizadə də özünə bu yolu seçir. Orta məktəbi biti­rəndən sonra Azər­baycan Dövlət Universitetinin fizika fakültəsinə qə­bul olur, orda təhsilini uğurla başa vurur. Bir müddət Ağsu rayo­nu­nun İlxıçı kənd orta məktəbində müəllim işləyir. Sonra­dan 1980-cı ildə “Azon” zavodunun xüsusi konstruktur bürosunda mühəndis-konstruktur işləyir. 1982-ci ildə isə elmi fəaliyyətə başlayır və Azər­bay­can İnşaat Mühəndisləri İnstitutunun fizika ka­fedrasında baş laborant vəzifəsində çalışır. O vaxtlar “Bərk ci­simlər fizikası” ixtisası üzrə əyani aspiranturaya daxil olur. İl­lər keçir, İ.Əlizadə öz uğurlarını  bir qədər də artırır. O, 1984-cü ildə təhsilini Moskva Fizika Mühən­dislər İnstitutunda da­vam etdirir. İllər ötür və günlərin birində o, namizədlik dis­ser­tasiyası mü­dafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alır. Hər bir yenilik və uğur  onda böyük həvəs və mübarizlik ruhu yaradır. Onun elmdə qazandığı uğurlar  tez bir vaxtda gənc alimin nüfuzunu daha da artırır. O, ABŞ, İtaliya, Türkiyə kimi ölkələrin elmi jurnal və toplularında məqalələr çap etdirir. Bütün bunlar isə ona dəlalət edir ki, İbrahim Əli­zadə bu yolu – elm yolunu təsa­düfən seçməyib. 1987-ci ildən o, Azər­baycan İnşaat Mühən­disləri Universitetinin fizika kafedrasında əvvəl baş laborant, sonra assistent işləyir. Onu da qeyd edək ki, bu alim və gözəl ziyalı fizikadan laboratoriya dərslərində tədris-metodik vəsaitin müəllif­lərindən biridir.

İllər ötdükcə alimin axtarışları davam edir. Taleyini elmə bağlayan bu insanı qarşıda daha böyük uğurlar gözləyir. Burda böyük Səməd Vurğunun aşağıdakı misraları yada düşür:

Həyat dediyimiz o gözəl məna,
Tale dediyimiz müqəddəs dünya,
Yaranır insanın arzularından,
Hər təmiz vicdanın ilk baharından.

Onun arzularından yeni bir dünya yaranıb. O yeni dünya­nın adı isə elmdir. Elmin dalınca gedib uğur qazanmaq asan başa gəlmir. Ancaq İbrahim Əlizadəyə bu sevincli anları Allah-Təala qismət edibmiş. Onun bir-birindən maraqlı elmi məqalələri, “Fizika”, “Abuturyentlər üçün vəsait” kitabları çap edilib. 1996-cı  idlə “Fizika. Ali məktəblərə daxil olmaq üçün testlər” kitabı çap olunub. Azərbaycan Respublikası Təhsil Nazir­liyinin qrifi ilə əcnəbi vətəndaşların hazırlıq fakültələri üçün fizika fənn proqramının müəllifi olub. Ümumiyyətlə, onun hər bir məqaləsi, mo­noqra­fiyası və elmi kitabı əks-səda doğurur. Buna görə də işlədiyi ali məktəbdə – Azərbaycan İnşaat Mühəndisləri Universitetində onu ümumi texniki fənlər kafedrasına müdir təyin ediblər. Təbii ki,  istedadlı alimin axtarışları bəhrə ver­dikcə, o daha da ağır işlərdən yapışır və sanballı əsərlər ortaya qoyur. İbrahim Əlizadə işlədiyi ali məktəbdə dosent vəzifə­sin­də çalışır. Bununla yanaşı, həmin ali məktəbin nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat təmayüllü litseyin direktor müavini vəzifəsində işləyib. Bu gün də o, kafedra müdiri və dosent vəzifələrini şərəflə daşıyır. İbrahim müəllim həm də adlı-sanlı, sazlı-sözlü bir nəslin oğludu. Mayası insanlıqdan, xeyirxahlıqdan yoğrulub İbrahim müəllimin. Təpədən-dır­nağa işıqdı, nurdu İbrahim müəllim. Bu nəsil həm də  nə qədər iste­dad­lı şairlər və görkəmli insanlar yetirib. Faxralının adlı-sanlı oğullarını nəzərdə tutub vaxtı ilə yazmışam:

Oğullar yetirdin, el-el tanındı,
Qışın da çevrildi yaza Borçalı.

Gözəl ziyalı 50-yə qədər elmi məqalənin, dərs vəsaitinin və metodik göstərişin müəllifidir. Bu isə ona dəlalət edir ki, il­lər ötsə də, və böyük eloğlu yaşa dolsa da, yenə öz yolundan dönmür, axtarışları davam etdirir, yeni elmi kitablar, mono­qrafiyalar üzərində çalışır. Bu isə onun elmə təsadüfən gəlmə­di­yindən xəbər verir və eyni zamanda həyatın bütün dolanbac yollarında inamla addımladığını göstərir. Həyat göstərir ki, kim hansı yolu seçirsə, gec-tez zəhmətə qatlaşmaqla ürəyindəki bütün arzu­larını gerçəkləşdirə bilir.

İbrahim Əlizadə Vətənini sevən ziyalı, gözəl dost, qayğıkeş ata, sədaqətli ər, əvəzsiz yoldaş və Qurbaninin bənövşəsi kimi torpağına əyilən, vətənini ürəkdən sevən torpaq oğludur. İlham və məhəbbət şairimiz Rasim Kərimlinin yazdığı şeiri isə dilinin duasıdır:

Torpağın halına gərək biz yanaq,
Yanmağı müqəddəs borcumuz sanaq.
Rasim, keşiyində elə dayanaq,
Dəyməsin köksünə yara torpağın.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur