QISA MƏLUMAT
İdris Məmmədəli oğlu Kərimov – 1938-ci ildə Faxralı kəndində anadan olub.
1962-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitunun Rus Dili və Ədəbiyyatı fakultəsini bitirib. Bir müddət Faxralı və Saraclı kəndlərində müəllim işlədikdən sonra məzunu olduğu institutda müəllim işləməyə başlayıb.
1969-cu ildən 1971-ci ilə kimi Moskva Dövlət Universitetində elmi ezamiyyətdə olub. 1971-ci ildən ömrünün sonuna kimi Slavyan Universitetinin müəllimi və dosenti olub.
Dörd cildlik “Azərbaycanca-Rusca” lüğətinin müəllifidir. 75000-ə qədər sözü əhatə edən bu lüğət dillərin leksik inteqrasiyası anlamında dəyərli elmi vasitədir.
Mənbə : Allahverdi Kərimov – “Faxralı kəndinin tarixi haqqında yaddaş kitabçası“, Bakı-2015.
ZƏHMƏT ƏHLİ
Onunla hər görüşümdə xəyal məni çəkib bir anlığa uzaqlara aparır. Vurğun könlümün pərvanə kimi başına dolandığı, canımdan əziz sevdiyim, səcdəgahım, din-imanım sandığım, saz-söz mahalı, hər çəməni, hər talası bir xalı olan yerim-göyüm, asimanım, kitab tutmaz min dastanım olan Faxralı gəlib dayanır gözlərim önündə. Bu elin Qızılqayası, Böyükgüneyi, Qaradağı, Səngəri və məğrurluğu, vüqarı bu dağlardan geri qalmayan, daha doğrusu bu dağlardan güc alan, hər yerdə doğma yurda şöhrət-şan olan oğullarını xatırlayıram. Neçə-neçə el ağsaqqalını, alimi, həkimi, mühəndisi, müəllimi anıram. Və məşhur bir deyim yadıma düşür: “Görüm Faxralının biri olsun beş!”
O qədər şirin söhbət edir ki, adam vaxtın necə gəlib-keçdiyini belə bilmir. Özünü Faxralı yaylaqlarında, qoca Səngərin zirvəsində hiss edirsən. Bulaqların duruluğundan süzülüb gələn saflığı səni özünə elə cəlb eləyir ki, ayrılmaq istəmirsən. Sual oluna bilər ki, nədən danışır axı, o? Bəlkə də – nədən danışmır? – demək daha düzgün olardı. Ulu Borçalının, onun ağır ellərindən olan Faxralının qəhrəmanlıqlarla dolu tarixi keçmişindən, sorağı el-el, oba-oba dolaşan igid oğlanlarından, şöhrəti hər yana yayılan alimlərdən, uzaq-uzaq ölkələrdə Azərbaycan bayrağını ucaldan idmançılardan… böyük iftixar hissi ilə danışan bu böyük insan Borçalının bu gününkü problemlərindən də yanğı ilə danışır, bu mahalın sabahı üçün narahatlığını gizlədə bilmir.
Oxucuları çox da intizarda saxlamadan demək istəyirəm ki, böyük ziyalı, sözün əsl mənasında zəhmətkeş alim, daim el-oba təəssübü çəkən bu insan – Bakı Slavyan Universitetinin dosenti İdris Kərimovdur. Onun ömür yoluna nəzər salmadan, daha doğrusu geniş təqdim etmədən də Azərbaycanda, onun hüdudlarından kənarda da bu adın çəkilməsi kifayətdir ki, söhbətin olduqca cəfakeş və məhsuldar elmi fəaliyyət göstərən bir alimdən getdiyi bəlli olsun. Bununla belə, onu alim İdris Kərimova gətirib çıxaran yola nəzər salmaq da pis olmazdı. Bu yol isə şərəfli olduğu qədər də çətin, əzab-əziyyətli, hər günü zəhmətlə keçən bir ömür yoludur.
… İdris Məmmədəli oğlu Kərimov 1938-ci ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1957-ci ildə həmin kənddə orta məktəbi bitirərək ali təhsil almaq məqsədilə Bakıya gəlib və elə həmin ildə də M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1962-ci ildə institutda təhsilini başa vuraraq Borçalıya ali təhsilli müəllim kimi qayıdıb. 1968-ci ilədək Bolnisi rayonunun ayrı-ayrı kəndlərində rus dili və ədəbiyyatını tədris edib. 1968-ci ildə daha böyük arzularla yenidən Bakıya qayıdan İdris Kərimov pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetinin rus dili kafedrasında davam etdirib. Bir il burada çalışdıqdan sonra ixtisasını təkmilləşdirmək məqsədilə Moskvaya gedib və 1969-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rus dili kafedrasının nəzdindəki ixtisasartırma kursunda oxuyaraq burada görkəmli rus dilçiləri akademik N.Y.Şvedovanın, professorlar T.P.Yotmer və V.A.Beloşapkovanın mühazirələrini dinləyib. 1971-ci ildən bu günədək M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) çalışır.
Pedaqoji fəaliyyətlə yanaşı elmi axtarışlarını da davam etdirən İdris müəllim əsasən lüğətçiliklə məşğul olur. Respublikamızın elmi ictimaiyyəti onu bu sahədə böyük uğurlar əldə etmiş bir mütəxəssis kimi tanıyır. Onun hələ 1972-ci ildə məşhur dilçi alim, professor M.F.Tağıyevin rəhbərliyi altında tərtib olunmağa başlayan dördcildlik “Azərbaycanca–rusca lüğət”in redaksiya heyətinin üzvü və baş redaktorun müavini seçilməsi bir mütəxəssis kimi elə o vaxtdan gələcəyinə böyük ümidlər bəslənilməsindən xəbər verirdi. Və bu etimadı o, gərgin zəhməti, yorulmaz fəaliyyəti ilə doğrulda bildi.
1972-ci ildən yazıya alınan bu fundamental əsərin (lüğətin) nəşri 2000-ci ildə başa çatdırıldı. 2001-ci ildə keçirilən təntənəli təqdimat mərasimində kitabın tam nüsxələri ümummilli liderimiz H.Əliyevə və RF-nin o vaxtkı prezidenti, hazırkı baş nazir V.Putinə bağışlanıldı. Müasir standartlara cavab verən bu əsər mütəxəssislər tərəfindən lüğətçilik elminə sanballı bir töhfə kimi dəyərləndirilmişdir. Qeyd etmək lazımdır ki, bundan bir neçə il sonra İdris müəllim həmin lüğətin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini də redaktə edib çapa hazırlayaraq 2006-cı ildə işıq üzü görməsinə nail olmuşdur.
Vaxtilə akademik H.N.Hüseynov və sonralar görkəmli lüğətçi Ə.Ə.Orucovun redaktəsi ilə nəşr olunmuş üçcildlik “Rusca–azərbaycanca lüğət”in latın qrafikası ilə 6-cı nəşri də məhz İdris müəllimin redaktəsi ilə 2005-ci ildə işıq üzü görmüşdür. Onun bir alim kimi bu xidmətləri diqqətdən kənarda qalmamış, zəhməti qiymətləndirilərək Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarı ilə ona dosent vəzifəsi verilmişdir.
İdris Kərimov lüğtçiliklə məşğul olmaqla yanaşı professor M.F.Tağıyevin elmi rəhbərliyi altında namizədlik dissertasiyası üzərində də işləyərək 1980-ci ildə “Rus dilinin morfologiyası” movzusunda elmi işini uğurla müdafiə edib.
50 ilə yaxındır ki, elmi-pedaqoji fəaliyyətlə məşğul olan və bir çox uğurlara imza atan İdris müəllim bu gün ömrünün müdriklik çağlarını yaşamaqdadır. Onsuz da elmimiz üçün çox səmərəli işlər görmüş bu gözəl insan bir alim kimi bundan sonra heç nə ilə məşğul olmasa da, indiyədək etdikləri onun alim şöhrətinin daim zirvələrdə dayanması üçün kifayətdir. Amma İdris müəllim bu gün də əlini işdən soyutmur, müdriklər demiş, əli işsiz, başı fikirsiz qoymur. Gənclik eşqi, gənclik həvəsi və yorulmazlığı ilə axtarışlarını davam etdirir. O, hazırda rus dilçiliyinin çox çətin sahələrindən biri olan felin tərz kateqoriyasının mənimsənilməsini asanlaşdırmaq məqsədilə tərtib etdiyi “Учебный словарь видовых коррелятов русских глаголов» (“Rus fellərinin tərz cütlükləri lüğəti”) adlı kitabını nəşrə hazırlayır.
İdris müəllimlə hər görüşümüzdə mən həm də ulu Borçalının ustad aşıqlarını xatırlayır, bu qədim türk yurdunun sazlı-sözlü dünyasına yenidən qayıdıram. Çünki İdris müəllim saza-sözə olduqca bağlı adamdır. Özü də aşıq sənətini təkcə sevmir, həm də onu dərindən bilir və təbliğ edir. Bəlkə də burada qeyri-adi bir şey yoxdur. Çünki heç ağla sığası deyil deyil ki, Borçalıda dünyaya göz açıb sazın laylasında böyüyəsən, özün də sazı sevməyəsən. Bir də ki, sevimli xalq şairimiz, İdris müəllimin də həmişə sevə-sevə oxuduğu Zəlimxan Yaqub nahaqdan deməyib ki:
Millətimi saz anladar, saz anlar,
Saza baxsın tariximi yazanlar.
Onunla sənətlə bağlı çox söhbətlərimiz olur. Və hər dəfə də o qədər məhəbbətlə, sevgi ilə danışır ki, onun bu sahədəki zəngin biliyinə və bu sənətə vurğunluğuna heyran olmaya bilmirsən. Bir şeyi də qeyd etmək yerinə düşərdi ki, Faxralının çox ləyaqətli oğlanlarından biri, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış polkovnik, saz-söz xiridarı Bahaddin Həsənovun sazda ifasına da İdris müəllimin böyük heyranlıqla qulaq asdığının dəfələrlə şahidi olmuşam.
İdris müəllimi mənim gözümdə daim ucaldan bir də onun əsl el adamı olmasıdır. İşinin çoxluğuna baxmayaraq daim elin xeyir-şərində tapılan adamdır.
Bu gün ömrünün səkkizinci onilliyində inamla addımlayan İdris müəllim Bakı Slavyan Universitetində səmərəli elmi-pedaqoji fəaliyyətini davam etdirməkdədir. Ona möhkəm cansağlığı arzulayaraq bu yazını M.Şəhriyarın sözləri ilə tamamlayıram:
Dünyada ən gözəl şah əsərləri
Yaratdı zəhmətin cəsur əlləri.
Zəhmətə arxalan, işə güvən sən,
Budur tərəqqinin yolu əzəzldən.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.