QISA MƏLUMAT
İsa Əli oğlu Xəlilov 1961-ci il may ayının 2-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil almışdır. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) maşınqayırma fakültəsinə daxil olmuşdur. 1984-cü ildə İsa Xəlilov aspiranturaya daxil olmuş, 1990-cı ildə “Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 30-dan çox elmi əsərin müəllifidir. Əsərləri Azərbaycanda, Rusiyada, Türkiyədə, Almaniya Federativ Respublikasında nəşr edilmişdir. 4 elmi-metodik məcmuənin, 1 dərsliyin və 2 texniki lüğət kitabının müəllifidir. “Makine elemanları sözlüyü” adlı rusca-azərbaycanca-türkcə-ingiliscə texniki lüğət kitabı Türkiyədə nəşr edilmişdir. “Elevatorların layihələndirilməsi” adlı dərs vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk kitabdır. Azərbaycanda ilk dəfə olaraq “Maşınların yaradılmasının texniki əsasları” fənni üzrə mühazirələrin müəllifidir. 1987-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin “Maşın detalları və YQNM” kafedrasında assistent, 1991-ci ildən bu günə kimi isə dosent vəzifəsində çalışır. Bununla yanaşı 1990-1992-ci illərdə həmin universitetin “Robot texnikası” fakültəsində tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmışdır. O, 1988-ci ildə Moskvada Bauman adına Ali Texnika Məktəbdə ixtisasartırma kursu keçmişdir. 1992-ci ildə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsi İsa Xəlilovun elmi fəaliyyətini nəzərə alıb onu bir illik Boxum şəhərinin Ruhr Universitetinə elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni bir prinsiplə işləyən yumruqlu mexaniki ötürmənin kinematik hesabı alqoritmini tərtib etmişdir. 1998-ci ildə AFR Akademik Mübadilələr İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın Karlsrue Universitetinə elmi işə dəvət etmişdir. İsa Xəlilov 1996-1997-ci illərdə AFR-nın 80 illik tarixi olan, bütün dünyada texniki-iqtisadi kadr mübadilələri aparan məşhur Karl Düysberq cəmiyyətinin dəvəti ilə yenidən Almaniyada olmuşdur. İsa Xəlilov Daymler Kraysler AC-nin Azərbaycan təmsilçiliyində satış şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir.
İsa Xəlilov 2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
İsa Xəlilov barədə əlavə məlumata bu saytdan tanış ola bilərsiniz.
Mənbə : REDAKTORDAN
ÇEŞMƏYƏ BAXANDA DURULUR İNSAN
Son zamanlar tez-tez şahidi oluram, insanlar daha çox vaxtın azlığından gileylənirlər. Bilmirəm, bəlkə də bu, məişət problemlərinin çoxluğundan, yaxud şəhər həyatının özünəməxsusluğundandır, amma fakt budur ki, bu sarıdan hamımız gileyliyik. Bu, kənddə böyüyüb sonradan müxtəlif səbəblərdən həyatlarını şəhərlə bağlayanlarda özünü daha qabarıq göstərir. Çünki kəndin genişliyindən, təbiət qoynundan ayrılıb hətta onilliklər boyu şəhərdə yaşasaq da, bu mühitin yeknəsəgliyinə alışa bilmirik. Kənddə olduğu kimi, istədiyimiz vaxt doğmalarımıza, dost-tanışlarımıza baş çəkmək imkanımız olmur. Bəzən müəyyən səbəblərdən hətta ən əziz adamımızla belə ancaq xeyirdə-şərdə görüşməli olur və bunu da ilk növbədə vaxtın azlığı ilə izah etməyə çalışırıq.
Bu hisslər mənə də yad deyil. Qırx ilə yaxındır ki, Bakıda yaşasam da, özümü bircə an da olsa Borçalısız, doğulub boya-başa çatdığım Faxralısız təsəvvür etdiyim an olmayıb. Yaranan ilk fürsəti əldən verməyərək doğma yurda baş çəkir, doğmalarımla, bir vaxtlar orta məktəbdə mənə dərs demiş müəllimlərimlə, el ağsaqqalları ilə görüşüb hal-əhval tuturam. Bu gün səsi dünyanın bir çox ölkələrindən gələn faxralılardan aldığım xoş soraqlar qəlbimi dağa döndərir. Bir də Faxralı kimi saf bir təbiəti olan yerdə doğulub, böyüyənlər əsasən mətin, mərd, qorxmaz, möhtəşəm, saf və duru olurlar. Natiqlik qabiliyyəti ilə yeri-göyü titrədən böyük söz fatehi Zəlimxan Yaqub demişkən:
…Palçığa baxanda bulanır içi,
Çeşməyə baxanda durulur insan.
Tez-tez görüşə bilməsəm də, haqqında eşidib uğuruna sevindiyim eloğlularmndan biri də İsa Xəlilovdur.
…İsa Əli oğlu Xəlilov 1961-ci il may ayının 2-də Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil alıb. 1978-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurub, ali təhsil almaq arzusuyla Bakıya gəlib. O zamanlar abituriyentlər ali məktəbə qəbul üçün dörd fəndən imtahan verirdilər. Belə bir eksperiment qayda da var idi ki, ilk iki imtahandan yüksək nəticə göstərən abituriyent digər imtahanlardan azad edilirdilər. İsa da elə həmin ildə iki imtahanın nəticəsinə görə eksperiment yolu ilə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsinə daxil olub. Tələbəliyin ilk günündən yaxşı oxuması və institutun ictimai həyatında yaxından iştirak etməsi ilə seçilib, professor-müəllim heyətinin diqqətini çəkib. Keçmiş SSRİ-də ali məktəblərdə əla oxuyan tələbələrə verilən ən yüksək təqaüdə – Lenin təqaüdünə layiq görülüb. İnstitut Əlaçılar Şurasının sədri olub, mexanika fakültəsində komsomol təşkilatının katibi vəsifəsinə irəli çəkilib. 1981-ci ildə Azərbaycan Komsomolunun 31-ci qurultayına nümayəndə seçilib.
1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən İsa Xəlilov həmin ilin sentyabrından 1984-cü ilin yanvar ayınadək Bakı Məişət Kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. Bəlkə də istehsalatda çalışmasını davam etdirsəydi daha böyük uğurlar əldə edər, vəzifə pillələrində yüksələrdi. Amma onun taleyinə başqa bir yol yazılmışdı: özünü elmə həsr etməliydi. Bunun üçün zəmin isə hələ tələbəlikdən yaranmışdı. Elmi axtarışlara olan həvəs, daim yeniliklər axtarmaq marağı istehsalatda cəmisi dörd ay çalışdıqdan sonra onu yenidən Azərbaycan Politexnik İnstitutuna gətirib və o, 1984-cü ilin yanvar ayında “Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları” kafedrasında “Maşınşünaslıq” ixtisası üzrə aspiranturaya daxil olub. Bir vaxtlar tələbə kimi gəldiyi doğma divarlar yenidən onu qoynuna alıb. Bu dəfə gənc tədqiqatçı kimi. Yenidən yuxusuz gecələr, elmi kitabxanalar və laboratoriyalar. Nəhayət, bütün bu əzab-əziyyət, çəkilən zəhmət öz bəhrəsini verib və o, 1990-cı ildə “Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
İ.Xəlilov 2013-cü ilin aprel ayında “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb. Onun doktorluq işi rəsmi opponentləri – Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası və materialşünaslıq kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ə.X.Canəhmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və texnika üzrə prorektoru, “İnşaat, yol və meliorasiya maşınları” kafedrasının müdiri, Əməkdar müəllim, texnilka elmləri doktoru, professor A.R.Şərifov, Azərbaycan Texniki Universitetinin “Texniki mexanika” kafedrasının professoru, texnika elmləri doktoru N.A.Nəsibov tərəfindən yüksək qiymətləndirilmiş, müəllif tərəfindən yaradılmış dinamik modelin və onun həlli üçün tərtib edilmiş alqoritmin maşın intiqallarının kompleks öyrənilməsində böyük elmi yenilik olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, ilk dəfə olaraq maşın intiqalının sistemli analizi əsasında maşınların hərəkətverici və işçi orqanlarının işi ilə əlaqəli yaranan dinamiki qüvvələrin, intiqal sistemindəki məcburi rəqslər tezliyinin, fırlanan detalların kütlə ətalət momentlərinin, intiqal elementlərinin sərtlik və dempferləmə xüsusiyyətlərinin, valların quraşdırılma xətalarının, intiqal sistemindəki ara boşluqlarının və muftanın dempferlənməsi nəticəsində yaranan temperatur fərqinin nəzərə alınması ilə muftaların seçilməsinin nəzəri əsasları işlənmişdir.
İnstitutu bitirdikdən sonra 4 ay istehsalatda çalışmasını nəzərə almasaq, demək olar ki, İsa Xəlilov 1978-ci ildən öz taleyini Texniki Universitetlə bağlayıb və bu gün də bu ali təhsil ocağında fəaliyyətini davam etdirir. 30 ildir ki, elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu universitetdə müxtəlif vəzifələr daşıyıb. 1987-ci ilin fevral ayından 1991-ci ilin dekabr ayına kimi “Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları” kafedrasında assistent, 1991-ci ildən isə həmin kafedrada dosent vəzifəsində çalışıb. Bununla yanaşı, 1990-1992-ci illərdə həmin universitetin “Robot texnikası” fakültəsində tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini, 2005-2008-ci illərdə isə rektorun müşaviri vəzifəsində çalışıb. 2008-ci ildən isə Azərbaycan Texniki Universitetində tərbiyə işləri üzrə prorektordur. 2013-cü ildən eyni zamanda həmin universitetin “Maşın və mexanizmlər” kafedrasının müdiridir.
Bu müddətdə bir alim kimi də məhsuldar elmi fəaliyyəti olub. İndiyədək 60-dan çox elmi-texniki və metodik əsəri çap edilib, 1 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin, 5 elmi-metodik məcmuənin və 2 texniki lüğət kita-bının müəllifidir. Ümumilikdə 10-dan çox kitabı nəşr olunub. Dəfələrlə beynəlxalq və respublika miqyaslı elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. 20-dən artıq elmi əsəri Almaniya, İngiltərə, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Elm və təhsil sahəsindəki uğurlarına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub.
Əldə etdiyi uğurlar onu arxayınlaşdırmayıb, daim öz üzərində çalışıb, son zamanlar sürətlə gedən elmi-texniki tərəqqi ilə ayaqlaşmaq üçün xarici ölkələrin nüfuzlu elm ocaqlarında ixtisasartırma kurslarında olub. Və elə buradaca qeyd etmək yerinə düşər ki, rus və alman dillərində sərbəst danışması da onun üçün bu mənada böyük imkanlar yaradır. 1988-ci ildə Moskvada Bauman adına Ali Texniki Məktəbində, Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsinin (DAAD) dəvəti ilə 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetində, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə Karlsue Universitetində elmi və pedaqoji ixtisasartırma kursu keçib.
1996-1997-ci illərdə AFR-nın Karl Düyserq Cəmiyyətinin dəvəti ilə Daymler-Bens (indiki DaymlerKraysler) AC-də geniş proqramlı ixtisaslaşma keçən İsa Xəlilov Karl Düysberq Cəmiyyətinin proqramı çərçivəsində soaial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi və inkişafı istiqamətində menecment kurslarını ən yüksək balla başa vuraraq 1-ci dərəcəli diploma layiq görülüb. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Vört şəhərindəki Mersedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində iri müəssisələri idarəetmə təcrübəsi keçib. 1998-ci ildən 2003-cü ilə kimi universitetdəki əsas işi ilə yanaşı eyni zamanda DaymlerKraysler AC-nin Azərbaycandakı rəsmi nümayəndəliyində “Mersedez-Benz” avtomobillərinin satış şöbəsinin direktoru vəzifəsində də çalışıb.
İsa Xəlilov hazırda ömrünün ən gözəl məqamını – ömrün altınçı onilliyinin ilk illərini yaşayır. Kiçik bir yazıda bir insan ömrünə bütövlükdə ayna tutmaq mümkünsüz olsa da, bu illər ərzində bir alim və pedaqoq ömrünün olduqca səmərəli və məhsuldar olduğunu yuxarıda sadaladıqlarımızdan da görmək olur. Və bir insan kimi İsa müəllimin xoşbəxtliyi bir də ondadır ki, həm də ləyaqətli vətəndaş-ziyalı, qeyrətli eloğlu və gözəl bir ailə başçısı olması onun alim-pedaqoq şəxsiyyətini tamamlayır, bütövləşdirir. Həyat yoldaşı Kəmalə xanım müəllimədir, Bakı şəhərindəki 245 saylı orta məktəbdə fizika müəllimi işləyir. İki övladı var. Qızı Aynur xanım Azərbaycan Dövlət Neft Şirkətində mühasib vəzifəsində çalışır, oğlu Əli isə Azərbaycan Texniki Universitetinin “Radiotexnika və rabitə” fakültəsinin magistratura pilləsini də bitirib.
Arxada qoyduğu illərdə İsa Xəlilov bir alim kimi çox uğura imza atsa da, onu tanıyanlar xüsusilə də hər uğurundan böyük iftixar hissi duyan faxralılar inanırlar ki, daha böyük uğurlar hələ qabaqdadır. Mən də elə bu inamla və hörmətli eloğluma yeni-yeni uğurlar arzusuyla bu yazım hələlik burda bitirirəm…
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.