QISA MƏLUMAT
Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Çürük Qəmərli nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. 1937 – 1948-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1949-cu ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni bitirib zootexnik ixtisasına yiyələnmişdir. 1955-ci ildə Faxralı kəndinə qayıtmış və “Qələbə” kolxozunun baş zootexniki vəzifəsini icra etmişdir. 1967-ci ildə Kərim Kərimov həmin kolxozun partiya təşkilatının katibi işləmişdir. 1968-ci ildən 1973-cü ilədək həmin kolxozun sədri olmuşdur. Kərim Kərimov əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə də məşğul olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda qiyabi aspiranturada oxumuşdur. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edib kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Kərim Kərimovun elmi və əmək fəaliyyəti 5 elmi əsərdə və 10-a yaxın elmi-praktiki məqalədə öz əksini tapmışdır. O, əməkdə qazandığı nailiyyətə görə “Qırmızı Əmək Bayrağı” ordeni və bir neçə əmək rəşadəti medalları ilə təltif olunmuşdur. Kərim Kərimov öz doğma elində səxavətli və xeyirxah eloğlu kimi də ad-san qazanmışdır. 1970-ci illərin əvvələrində kəndə ətraf bölgədən içməli su çəkdirmişdir.
Mənbə : REDAKTORDAN
DİLƏKLƏR GÜL AÇIR DAŞIN İÇİNDƏ
Bu gün Faxralı kəndi Borçalıda həm də ən çox alimi olan kəndlərdən biri, bəlkə də birincisi kimi tanınır. Bu kəndin yetirməsi olan onlarla alim elmin müxtəlif sahələrində əldə etdikləri uğurlarla təkcə böyüyüb boya-başa çatdıqları kəndə yox, eyni zamanda Borçalıya başucalığı qazandırır, Azərbaycan elminin şərəfini dünyanın hər yerində yüksəldirlər. Bununla belə, rayonda və kənddə rəhbər vəzifələrdə çalışaraq Borçalıda ad-san qazanan oğulları, həyatda qazandıqları hər şeyə görə yalnız əllərinin qabarına və alnının tərinə borclu olan əmək adamları da çoxdur bu kəndin. Və onların hər biri adını bu kəndin tarixinə yazmışlar. Bu gün onlardan bəziləri həyatda olmasalar da, faxralıların qəlbində şirin xatirələri yaşayır. Daha doğrusu, hərədən özünəməxsus bir iz, bir xatirə qalıb ürəklərdə. Axı, nahaq deməyiblər ki, elin gözü tərəzidir.
Bu yazıda onlardan biri haqqında söhbət açmaq istəyirəm. Elə bir adam haqqında ki, elmlə istehsalatı çox ustalıqla uzlaşdıra bilib. Doğma yurddan, eldən-obadan ayrılmadan elmlə məşğul olmağın mümkünlüyünü göstərib. Burada sevimli şairimiz Zəlimxan Yaqubun bir bəndini xatırlamamaq olmur:
Əgər ağıl varsa başın içində,
Diləklər gül açar daşın içində.
Zəlimxan yaz tapar qışın içində,
Tək arzu tükənib, ömür bitməsin!
Həm bacarıqlı kənd təsərrüfatı işçisi, həm də alim kimi tanındı rayonda. Təsərrüfatdakı uğurları elmi işində karına gəldi, elmdə əldə etdiyi nəticələri isə təcrübədə asanlıqla tətbiq etdi.
…Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Borçalıda – Faxralı kəndində kəndli ailəsində anadan olub. 1937-ci ildə Faxralı kənd orta məktəbinin birinci sinfinə daxil olub. İkinci dünya müharibəsi başlayanda atası Məmmədəli kişi cəbhəyə yola düşüb. Müharibənin ağrı-acısı yaşıdları kimi, onun da qayğısız uşaqlıq illərini əlindən alıb, ailəsinin ehtiyacı üzündən bəzən məktəbdən ayrılaraq təsərrüfat işləri ilə məşğul olmaq məcburiyyətində qalıb. Müharibə qurtardıqdan sonra təhsilini davam etdirib və 1948-ci ildə Faxralı orta məktəbini bitirib. Ali təhsil almaq arzusu 1949-cu ildə onu da Azərbaycana gətirib çıxarıb. Amma o, yaşıdlarının çoxu kimi Bakıda yox, Gəncədə təhsil almağı üstün tutub. Bu da səbəbsiz deyildi. Bütün varlığı ilə doğma el-obasına bağlılıq, kənd təsərrüfatı sahəsində çalışmağa meyilli olması onu bu şəhərə gətirmişdi. İstəyirdi ki, ali təhsilli kənd təsərrüfatı mütəxəssisi olsun. Elə bu arzu-istəklə də Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsinə daxil olub. Tələbəlik illərində Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (ÜKTEA) həqiqi üzvü F.Ə.Kərimov və həmin Akademiyanın müxbir üzvü A.Ə.Ağabəyli kimi görkəmli alimlərdən dərs alıb. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək ali təhsilli zootexnik kimi Faxralıya qayıdıb və kənddəki “Qələbə” kolxozunda baş zootexnik vəzifəsinə təyin edilib. Təsərrüfat işini bilməsi, təşkilatçılıq qabiliyyəti rayon rəhbərliyinin diqqətindən yayınmayıb, 1967-ci ildə o, kolxoz partiya təşkilatının katibi vəzifəsinə seçilib. Bir il sonra – 1968-ci ildə isə ona daha böyük etimad göstərərək həmin kolxozun sədri vəzifəsinə irəli çəkiblər. Bu vəzifədə 1973-cü ilə kimi çalışan Kərim Kərimov məsul rəhbər vəzifədə çalışmasına baxmayaraq, nəzəriyyə ilə təcrübənin vəhdətini əsas tutaraq, əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə də məşğul olub. 1968-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun qiyabi aspiranturasında oxuyub. Hələ tələbəlik illərindən tanıdığı hörmətli müəllimi – görkəmli alim, professor, Əməkdar Elm Xadimi A.Ə.Ağabəyli onun elmi rəhbəri olub. 1974-cü ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək “kənd təsərrüfatı elmləri namizədi” elmi dərəcəsi alıb.
K.Kərimov kəndin sosial həyatının yaxşılaşdırılması və abadlıq sahəsində də işlər görüb. Kəndə su çəkilməsi də onun kolxoz sədri olduğu illərə təsadüf edir.
K.Kərimov həm də zəhmətkeş ata olub. Gözəl övladlar tərbiyə edib. Övladlarının hər birinə ali təhsil verib.
Maarifpərvər ziyalı kimi elmə, təhsilə həmişə xüsusi önəm verirdi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bir dəfə mənim çox hörmətli ədəbiyyat müəllimim, Borçalımızın çox səviyyəli ziyalısı, gözəl şairimiz Əli Səngərliyə dedi: “Əli müəllim! Neçə ildir dərs deyirsən bilmirəm, amma, Səməndərə çəkdiyin zəhmətə görə sənə minnətdaram”.
Kərim müəllim həm də gözəl həmsöhbət idi. Hər görüşümüzdə Bakıda yaşayan ziyalıları soruşardı. Onların uğurlarından söhbət açardıq. Azərbaycanda publistska tarixində müstəsna xidməti olan, Respublikanın Əməkdar jurnalisti, maarifçi alim Məmməd Məmmədovdan söz düşəndə sifətində təbəssüm yaranar, sevinərdi. Məmməd müəllimlə bağlı xatirələr danışardı. Bir sözlə, yaxınlarının, doğmalarının uğuruna necə sevinirdisə, elin hər bir ziyalısının uğuruna da eləcə sevinirdi.
Böyük oğlu Almaz məsul vəzifədə işləyir. Yurdcanlı, elcanlı bir ziyalıdır. Valideynlərinin, elinin, obasının adını uca tutan oğuldur. Hər bir ləyaqətli övlad elin əvəzsiz sərvətidi. Kərim Kərimovun da ən böyük sərvəti və mükafatı cəmiyyət üçün tərbiyə edib yetişdirdiyi övladlarıdır.
Bir neçə çağırış rayon və kənd Sovetinin deputatı seçilən K.Kərimovun zəhməti dövlət tərəfindən qiymətləndirilib, o dövrün ən yüksək mükafatlarından sayılan “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif olunub. Təqaüdə çıxdıqdan sonra da o, kəndin ictimai işlərində yaxından iştirak edib.
K.Kərimov 2007-ci ilin noyabr ayında vəfat edib.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.