Lalə Əli qızı Əliyeva (fizika-riyaziyyat elmləri namizədi)

ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ

Elimizin “Yerdən, göydən güc alan, igid­liklə ucalan”, hər cür yasarın qabağında sın­ma­yan, qeyrət-namus mü­­cəssəməsi olan, kişi qeyrətli qadın­la­rı çox olub. Güləndam pəhlə­van, Çərçi qızı, Babaş qızı kimi şir ürəkli, şir biləkli qorxmaz qadınları fəxridi Faxralının. Belə qeyrətli qadın­ları­mı­zın qeyrətli davam­çıla­rı bu gün də var. Onlardan biri də heç nədən qorx­ma­yan, heç kimdən çəkinməyən (qardaşı Rəşidə görə etdikləri buna sübutdur) qorxunun özünü belə qorxudan cəsarətli alim-ziyalımız Lalə Əli qızı Əliyevadır.

­Əliyeva Lalə Əli qızı 1960-cı il yanvarın 31-də Faxralı kəndində qulluqçu ailəsində anadan olub. O, 1996-cı ildə Fax­ralı orta məktəbinin birinci sinfinə daxil olub. Balaca Lalənin məktəbə qəbul olmasının da öz tarixçəsi var. Məktəb yaşı çat­ma­dığına görə o, qonşu uşaqlarına qoşulub məktəbə yollan­mışdı. O illər belə məsələlərə çox ciddi yanaşılırdı və bu hadisə böyük söz-söhbətə səbəb oldu, məsələ rayon səviyyəsinə qədər qalxdı. O zamanlar RİK-in sədri işləyən atası Əli Bayram oğlu isə öz münasibətini belə bildirdi ki, dəyməyin, qoyun oxusun, əgər öhdəsindən gələ bilməsə, çıxardarsınız. Lalənin heç  mək­təbli çantası və məktəb for­ması da yox idi. O, özündən 6 yaş böyük olan qardaşı Rəşidin iri çan­ta­sını götürürdü, gücü çat­ma­dığına görə qonşuluqda yaşayan sevimli müəlliməsi, Gürcüstan Respublikasının əməkdar müəllimi Telli Məm­mədova onun kömə­yinə çatardı. Lalə isə tədrisdə nəinki sinif yoldaş­la­rı­na çat­dı, həm də onların  ön sıralarına çıxdı. Faxralı orta mək­tə­bin­də yüksək səviyyəli müəllimlərdən Telli müəllim, İlyas mü­əllim, Vəli müəl­lim, Eyvaz müəllim, Rəhim müəllim və digər müəllimlərdən dərs alan Lalə Əliyeva Faxralı orta məktəbində oxuduğu illərdə riyaziyyat və ədəbiyyat fənlərindən rayon və respublika olim­piadalarının iştirakçısı və qalibi olmuşdur. O, 1976-cı ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra qardaşı Rəşidin yolu ilə gedərək Azərbaycan Dövlət Uni­versitetinin fizika fakültəsinə daxil oldu. İki il sonra isə qar­daşı Azad da “ekstren üsulu” ilə, yəni 2 imtahandan “5” və “4” qiy­mət alaraq Azər­­baycan Dövlət Universitetinin mexanika-ri­ya­­ziyyat fakül­tə­sinə daxil oldu. Ümumiyyətlə, ailədə dəqiq elmlərə ma­raq ataları Əli Bayram oğlun­dan və 1941-ci ildə Faxralı  orta məktəbini əla qiymətlərlə bitirən ilk, yega­nə qız məzunu olan anaları Fatma Şeyx Molla Qurban qızından gəlirdi. Azərbaycan Dövlət Universitetində eyni vaxtda ailədən 3 uşaq müvəf­fə­qiy­yətlə təhsil alır və tələbəlik illəri böyük bacıları Güləsər xanımın və onun həyat yoldaşı Əli müəllimin himayəsində keçirdi.

Lalə Əliyeva 1981-ci ildə Azərbaycan Dövlət Univer­si­te­tini bitir­dikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fi­zika İnstitutunda təyinat üzrə baş laborant kimi əmək fəaliy­yətinə başlayıb.

O, 1984-cü ildə Fizika İnstitutunun “yarımkeçiricilər və dielektrik­lər” ixtisası üzrə aspiranturasının qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə oranı bitirmişdir. 1989-cu ildə kiçik elmi işçi, 1994-cü ildə elmi işçi və 2005-ci ildə böyük elmi işçi vəzifəsinə seçilmişdir. Lalə xanım ara-sıra şeir də yazır:

Pərən-pərən səpələnib nəslimiz,
Yad ellərə qismət oldu qəbrimiz,
Qəriblikdə tükənibdir səbrimiz,
Çağır bizi, Ana Vətən, çağır, hey!
Ruhum kimi inlə, kaman, inlə, ney!

…Dədə evim, çağır məni, gələrəm,
Ocağını gurha-gurla qalaram!
Çağırmasan yad ellərdə ölərəm!
Çağır məni, Ana Vətən, çağır, hey!
Eşitməsəm, nərə çəkib bağır hey!!!     

Lalə Əliyeva respublikada və xaricdə çap olunmuş 30-a yaxın elmi məqalə və tezisin müəllifidir. O, 2005-ci il fevralın 2-də  “CU2O, CU2S, CdS, CdTe və onlar əsasında alınmış çevi­ricilərin elektrik və fotoelektrik xassələri” mövzusundakı na­mizədlik dissertasiyasının rus dilində müvəf­fəqiyyətlə müdafiə edərək “fiziki elektronika” ixtisası üzrə Azər­baycan Respub­li­kasının Prezidenti yanında Ali Attestasiya Komis­siyası tərə­fin­dən fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görül­müş­dür. 30 ilə yaxın işlədiyi Fizika İnstitutunda hamı onu bacarıqlı, məsu­liyyətli, təvazökar, fəal bir alim kimi qiymət­ləndirir və hörmət edirlər.

Lalə xanım iki övlad anasıdır. Lalə xanım həm də qardaşı da­ra dü­şəndə heç nədən qorxmayıb qardaşının müdafiəsinə qal­xan bir bacıdır. Bu son iki ildə qardaşının müdafiəsinə həm özünü, həm də böyük bir alim ordusunu səfərbər edən vətən­pərvər ziyalıdır. Ana yurdumuz Faxra­lı­nın suyundan içən, havasından udan hər bir insan şair təbiətli olur. Elə Lalə xanım da həm irsən keçən, həm də vətən sevgisindən, Faxralımızın gö­zəlliklərindən qaynaqlanan bir təbə malikdir. O, vətən həs­rəti ilə ya­şayan, ana vətənimiz Faxralıdan doymayan və faxralıların həmişə bir­likdə olmasını istəyən bir elqızıdır.

Sonda Lalə xanımın bir şeirini də təqdim edirik:

Dağlar üzük təki dövrəyə alıb,
Elə bil ortada ləldi Faxralı!
Babalar qədimdən burda yurd salıb,
Həm təzədi, həm əzəldi Faxralı!

Səhər günəş Gözəldağdan boylanar,
Qürub çağı o, Səngərdə əylənər,
Gündüz vaxtı şəfəqlərə bələnər,
Nur içində nə gözəldir Faxralı!

Bulaqları şırıl-şırıl çağlayar,
Bulaq başı xatirələr saxlayar,
Qızlar burda əhdi-peyman bağlayar,
Həm qoşmadı, həm qəzəldi  Faxralı!

Qoy qan-qada başımızdan sovuşsun,
Yad ellərin vətəninə qovuşsun,
Qurdla qoyun bir-birilə yovuşsun,
Ömür gedir, vaxt kəməldi, Faxralı!

Qoyun-quzu dağ döşünə yaylansın,
Zəmilərdən taxılların boylansın,
Hər bir evdə qurban payı paylansın!
Görən desin, nə mahaldı Faxralı!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur