Məmməd İsrafil oğlu Məmmədov (elmlər namizədi)

QISA MƏLUMAT

Məmməd İsrafil oğlu Məmmədov 1930-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1947-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1954-cü ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla “Sovet kəndi” qəzeti redaksiyasına göndərilmişdir. Uzun müddət həmin qəzetdə rəhbər vəzifədə işləmişdir. Fəal təbliğatçılıq fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Elmi-tədqiqat işi ilə məşğul olmuş, 1972-ci ildə “Azərbaycan kolxozçusu” qəzeti Azərbaycan kəndinin yenidən qurulması uğrunda mübarizədə” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1978-ci ildən Texniki Universitetdə tarix kafedrasında müəllim işləmiş, BDU-nun mətbuat tarixi kafedrasında diplom rəhbəri kimi müntəzəm fəaliyyət göstərmişdir. Respublika mətbuatında elmi-publisistik yazılarla çıxış etmişdir. Çoxsaylı elmi-publisistik yazıların müəllifidir. Məmməd Məmmədovun elmi və pedaqoji fəaliyyəti 2 monoqrafiya və 20-ə yaxın elmi məqalədə əks olunmuşdur.   1994-cü ildə Bakıda vəfat etmişdir.

Mənbə : REDAKTORDAN

QÜDRƏTLİ QƏLƏM SAHİBİ

Azərbaycan müstəqilliyə qovuşan­dan sonra əldə etdi­yi­miz ən böyük uğur­lardan biri də ölkəmizdə söz azad­lığının bərqərar ol­ması, müstəqil mət­bu­atın inkişafı oldu. Senzura ləğv edildi. Mət­­­buatın inkişafına dövlət qayğısı gös­­­tərildi. Azərbaycanın mət­buat alə­minə yeni qəzet və jurnallarla yanaşı, gənc jurna­list­lər də gəldi. Mətbuatda sö­­zün əsl mənasında yeni ab-hava yaran­­dı.

Ancaq, heç kəsə sirr deyildir ki, hər bir iş o vaxt səmərəli, faydalı və uzunömürlü olur ki, sağlam təmələ söykənsin. O, vaxt uğur qazanılır ki, ən əvvəl üstündə ağsaqqal xeyir-duası və üz tutub nümunə götürə biləcəyin örnək olsun. Elə bu gün Azər­­­bay­canda azad sözün inkişafına yaradılan şərait və jur­na­list peşə­karlığının  səviyyəsinin MDB ölkələrinin bir çoxu ilə mü­qayisədə öndə olması da məhz bu faktorlarla sıx bağlıdır. Bəli, ölkəmizdə müstəqil mətbuatın yükünü çiyinlərində daşı­yan müasir nəsil jurnalistlər də ilk növbədə mətbuatımızın ağ­saq­qallarına üz tutdu, onlardan çöx şey öyrəndi. Çox da uzaq olmayan tariximizə nəzər salanda görürük ki, Azərbaycanda sö­­zün əsl mənasında bütün hə­yatını mətbuata həsr edən, iqti­sadi münasibətlər və ideoloji ba­xım­dan indikindən tamamilə fərqli bir qurumda da öz peşəsinə daim sədaqətli olan, sözün qüd­rətinə sığınan, dövrün müəyyən çətinliklərinə mətanətlə si­nə gərərək haqq sözü deməkdən heç za­man çəkinməyən qələm sahibləri olmuşdur. Elə jurnalistlətimiz olub ki, həyat və yara­dı­cılıqları nəinki bu gün, hələ çox-çox son­ralar da çoxlarına ör­nək ola bilər. Belələrindən biri də yara­dı­cılığına və şəxsiy­yə­ti­nə hər zaman böyük hörmət bəslədiyim Məmməd Məmmə­dov­dur.

Məmməd İsrafil oğlu Məmmədov 1930-cu ildə Borçalının ağır el­lərindən olan Faxralı kəndində anadan olub. Dövrünün sayılıb-seçilən kişilərindən olan, Faxralıda kolxoz qurucu­lu­ğun­da fəal iştirak edən, təkcə doğma kəndində deyil, bütöv­lükdə Borçalıda böyük nüfuz və hörmət sahibi olan İsrafil kişi elmə, təhsilə böyük qiymət vermiş, övladlarının ali təhsil alma­sına çalışmışdır. Məm­məd 1947-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra Bakıya gələrək Azərbaycan Dövlət Univer­sitetinin (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilı bitirən M.Məm­mədov təyinatla “Sovet kəndi” qəzetinə işə göndəril­miş­dir. Uzun müddət həmin qəzetdə müxtəlif vəzifələrdə çalı­şaraq yük­sək peşəkarlığı və tələbkarlığı ilə seçilmişdir. Onun üçün əhə­miyyətsiz mövzu olmamış, heç nəyə başdansovdu yanaş­ma­mışdır. İstər bir neçə cümləlik xəbər yazsın, istərsə iri həcmli oçerk – hamısına eyni peşəkarlıq və məs­uliyyətlə yanaşmış, yük­sək zövqlə yazmışdır. Onun yazıları adamı yor­mur­du. Çün­ki toxunduğu mövzular yeknəsəq olmurdu. Bəzən çoxlarının hər gün rastlaşdığı, narahat olduğu, lakin dilə gətirməyə belə cəsarət eləmədiyi elə problemləri qəzet səhi­fələrinə çıxarırdı ki, adam heyrətə gəlirdi. Sərt senzuranın hökm sürdüyü, mətbuatın bütünlüklə Kommunist Partiyasının nəza­rə­tində olduğu bir vaxt­da əsl həqiqəti qəzet səhifəsinə çıxarmaq doğrudan da böyük cəsarət tələb edirdi.

Məmməd müəllim daim axtarışda idi, sadəcə olaraq yazmaq xatririnə yazmırdı. Nə də rastlaşdığı bir problem, neqativ hal ba­rədə qəzetdə məqalə yazmaqla işini bitmiş hesab etmirdi. Təkcə jurnalist yox, həm də bir vətəndaş yanğısıyla həmin problemin həl­li prosesini izləyər, müsbət dəyişiklik olmayanda, o mövzuya ye­nidən qayıdardı.

Yaxşı yadımdadır ki, “İstisu” kurortu ilə bağlı “İstisu”da qay­nar alver” adlı kəskin bir məqalə yazmışdı. Məqalədə bu ku­­rort zonasında özbaşınalıqlara toxunulur, onu dünyanın ən yax­şı isti­rahət və müalicə mərkəzinə çevirməyin zəruriliyi əsas­­­lan­­dırılırdı. Yazı bütün respublıikada böyük əks-səda do­ğur­­muş­du. Aradan bir müddət keçəndən sonra o, yenidən hə­min mövzuya qa­yıdaraq “Bir daha “İstisu” adlı məqalə ilə çıxış etdi.

Onda əsl jurnalistə və ziyalıya xas ola biləcək bütün müsbət keyfiyyətlər öz əksini tapmışdı. Mətbuat işçiləri və respublika ictimaiyyəti arasında kəsərli sözü, iti qələmi ilə böyük hörmət və nüfuz qazanmışdı. Səmərəli jurnalistlik fəaliyyətinə görə Azər­baycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olun­muş, “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adına la­yiq görülmüşdü.

M.Məmmədov həm də elmi-tədqiqat işi ilə məşğul olmuşdur. Pro­fessor Xəlil Əlimirzəyevin elmi rəhbərliyi ilə “Azərbaycan kol­xozçusu” qəzeti Azərbaycan kəndinin yenidən qurulması uğ­runda mübarizədə” mövzusunda dissertasiya işini 1972-ci ildə uğur­la müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi al­mışdır. O, 1978-ci ildən Politexnik İnstitutunda (indiki Texniki Universtitetdə) tarix kafedrasında müəllim kimi peda­qo­ji fə­aliy­yətlə məşğul olmuş, BDU-nun mətbuat tarixi ka­fed­rasında diplom rəh­­­bəri kimi müntəzəm fəaliyyət göstər­mişdir. Müəllimlik döv­rün­­­də də prinsipiallığı ilə seçilmiş, həssaslığı və qayğıkeşliyi ilə dərs dediyi tələbələrin böyük rəğbətini qazan­mış­dır. Təsadüfi de­yil­­­­­­dir ki, onun bu keyfiyyətlərini yüksək dəyərləndirən tələbələr öz aralarında Məmməd müəllimi “Qızıl Məmməd” adlandırır­dı­lar.

Özü də o, təkcə tələbələrinə qarşı yox, bütün dostlarına, eloğ­lularına qarşı da eyni münasibət bəsləyirdi, onu hamı se­vir­di. Elə bu sevginin nəticəsi idi ki, namizədlik dissertasiyasının müda­fiəsində iştirak etmək üçün yüzlərlə adam gəlmişdi.

Elmi-pedaqoji fəaliyyəti zamanı bir neçə monoqrafiya, 100-ə yaxın elmi məqalə yazan M.Məmmədov ömrünün sonunadək publisistik yazılarla mətbuatda çıxış etdi. Qarabağ müharibəsi, torpaqlarımızın işğalı və öz dədə-baba torpaqlarından didərgin düşmüş həmvətənlərimizin taleyi ona rahatlıq vermirdi. Bəd­nam qon­­şularımızın əsassız torpaq iddiası ilə üzləşən Azərbay­ca­nın haqq səsini dünyaya car çəkmək üçün Moskvaya “Prav­da” və “İzvestiya” qəzetlərinə yazdığı məqalələr qısqanclıqla qar­şılanır, onun kəsərli sözünün qabağında duruş gətirə bil­mə­yən erməni havadarları çıxış yolunu həmin məqalələri dərc etməməkdə görür­dülər.

Bu gün kimi dindirsən Məmməd müəllim barədə ancaq xoş sözlər söyləyər. Borçalıda yaşayıb yaradan “Şöhrət” ordenli istetadlı qələm ustası, Gürcüstanın əməkdar jurnalisti Dün­ya­malı Kərəm də onu minnətdarlıqla xatırlayaraq deyir:

– Mən universitetdə Məmmədlə birlikdə oxumuşam. Hələ tələ­bəlik illərindən istedadı və prinsipiallığı ilə seçilirdi. Onun hər uğu­ru məni sevindirirdi. Məmməd sözün qədrini bilən, onu ur­vat­dan salmayan, dediyi hər sözün məsuliyyətini dərk edən qə­ləm sahibi idi. Buna görə uzun müddət Azərbaycan mət­bu­atında sə­mə­rəli fəaliyyət göstərərək şərəfli ada layiq görüldü. Mən hər dəfə Bakıya yolum düşəndə onun necə böyük nüfuz və hörmət sahibi olduğunun şahidi olurdum. Təəssüf, min tə­əs­süf ki, belə gözəl insan, istetadlı jurnalıst və alim aramız­dan tez getdi.

Bəli, qəlbi Vətən eşqi, yurd yanğısı ilə dolu, böyüyüb boya-başa çatdığı Borçalıya bağlı olan istetadlı qələm sahibi, səriştəli pedaqqoq-alim Məmməd Məmmədov ömrünün müdriklik ça­ğın­da – kəsərli sözünə, dəyərli məsləhətlərinə, ağsaqqal öyüd-nəsi­hətlərinə daha çox ehtiyac duyulduğu bir vaxtda – 1994-cü ildə aramızdan getdi. Azərbaycan mətbuatı istetadlı jurnalistini, elmi ictimaiyyət dəyərli bir alimi, həmyerliləri qeyrətli bir eloğ­lunu, dostları sadiq bir sirdaşı, övladları dağ vüqarlı bir atanı, xanımı isə sədaqətli ömür-gün yoldaşını itirdi.

Məmməd müəllimlə bağlı mənim də şirin xatirələrim vardır. O çox qayğıkeş və diqqətcil insan idi. Hələ Bakı Dövlət Uni­ver­si­te­ti­nin filologiya fakültəsinə qəbul imtahanı verdiyim gün­dən da­im mə­­­­­­­nimlə maraqlanar, dəyərli məsləhətlər verərdi. Ona o qə­dər isi­­­­­­­­­­­­­­­­­­­­­­nişmişdim ki, ən çətin anlarımda yanına gələr, məsləhət istər­dim.

Elə şirin söhbət edər, tövsiyələr verərdi ki, bir anlığa bütün çətinliklər yaddan çıxardı. Bu gün Azərbaycan Yazıçılar Birli­yi­nin üzvü kimi 8 kitabımın işıq üzü görməsində, bir neçə mü­ka­fat almağımda ilk növbədə məhz Məmməd müəllimə borc­luyam.

Deyirlər dərd batmanla gəlir. Məmməd müəllimin ölü­mün­dən hələ özünə gəlməyən ailə yeni – özü də dəhşətli bir faciə ilə üzləşdi. Məmməd müəllimin oğlu – Texniki Universitetin mə­zunu, bacarıqlı mühəndis, səmərəli təkliflərinə görə neçə-neçə müəl­liflik şəhadətnaməsi alan Elşən Bakı metrosunda baş verən terror aksiyası zamanı həyat yoldaşı və uşağı ilə birlikdə həalk oldu.

… Bəzən  həyat öz amansız qanunları ilə bizləri sınağa çəkir. İtirdiklərimiz nə qədər ağır olsa da, inam, sabaha ümid isə hər şeyə üstün gəlir.

Bu gün Məmməd müəllimin və oğlu Elşənin dünyalarını vaxtsız dəyişmələri bizi sarsıtsa da, təsəllimiz bir ondadır ki, on­ların hər ikisindən xoş xatirələr, xeyirxah əməllər yadigar qal­mışdır. Bir də ki, özündən sonra layiqli övladları, davam­çı­ları olan valideyn heç vaxt ölmür. Məmməd müəllimin ixtisasca iqtisadçı olan oğlu Fikrət, filoloq qızı Sevda da atalarının adına layiq vətən övladlarıdırlar.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur