QISA MƏLUMAT
Mürsəl Qərib oğlu Budaqov 1920-ci ildə Bolnisi rayonundakı Faxralı kəndində kəndli ailəsində anadan olmuşdur. Doğma kəndində natamam orta təhsil aldıqdan sonra, Borçalı Türk Pedaqoji məktəbinə daxil olmuş və 1940-cı ildə həmin məktəbi bitirmiş və cəmi bir il Faxralı kəndindəki Şahbuz ibtidai məktəbində müəllim işləmişdir. 1941-ci ildə müharibəyə səfərbər olunmuşdur. 1943-cü ilin aprelində müharibə əlili kimi ordudan tərxis olunmuşdur. M. Budaqov I və II dərəcəli Böyük Vətən Müharibəsi ordenləri və başqa medallarla təltif olunmuşdur. Ordudan tərxis edildikdən sonra üç ilə yaxın kənd məktəbində müəllim işləmiş və 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirib “marksizm-leninizm və marksist-leninçi fəlsəfə” müəllimi ixtisası üzrə diplom almışdır. Mürsəl Budaqov 1951-ci ilin iyulundan 1952-ci ilədək Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunda kiçik elmi işçi, 1952-ci ildən 1955-ci ilədək “Stalin adına Azərbaycan partiya təşkilatı muzeyində” (sonra V.İ. Lenin adına Mərkəzi Muzeyin Bakı filialı adlandırılmışdır) mühazirəçi işləmişdir. 1963-cü ildən Mürsəl Budaqov öz taleyini ali məktəblə – Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə bağlamışdır. O, ömrünün axırınadək 30 il institutun fəlsəfə kafedrasında baş müəllim, dosent vəzifələrində işləmişdir. 1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almış, 1976-cı ildə isə dosent seçilmişdir. Mürsəl Budaqov tədris işini elmi işlə üzvi surətdə əlaqələndirərək insan şəxsiyyətinin formalaşmasına dair onlarca elmi məqalə dərc etdirmiş, metodiki vəsaitlər yazmışdır. M. Budaqov 1994-cü ildə vəfat etmişdir.
Mənbə : REDAKTORDAN
DÜNYA BİR PƏNCƏRƏDİR…
Bu dünya heç də hamıya hər şeyi bəxş eləmir. Daha doğrusu, insana hər şey bəxş eləyən Ulu Tanrıdır. Ulu Tanrı hansı bəndəsini çox istəyirsə və sevirsə, ondan heç bir “mükafat”ını əsirgəmir. Bu mükafata, bu sevgiyə o insanlar layiq görülürlər ki, onlar Allahın yolu ilə gedirlər və getdikləri bu yolda özlərini şam kimi yandırıb, elini, obasını ağ günə çıxarmaq istəyirlər.
Belə insanlar, həm də dünyaya bir pəncərə kimi baxmırlar. Yarandığı gündən son günə qədər həyatda öz izlərini, öz əməllərini və yaxşılıqlarını qoyurlar. Belə insanlardan biri də 1920-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olan Mürsəl Qərib oğlu Budaqovdur. O Mürsəl ki, həmişə el-obası, Vətəni və torpağı üçün yaşayıb, yaradıb. Mürsəl müəllim doğma kəndində orta təhsil alandan sonra Borçalı Türk Pedaqoji məktəbinə daxil olub və 1940-cı ildə həmin məktəbi bitirib. O, bir il Faxralı kəndindəki Şahbuzlu ibtidai məktəbində müəllim işləyib. Ancaq İkinci Dünya müharibəsinin başlaması ilə onun bu işi yarımçıq qalıb.
Mürsəl Budaqov 1941-ci ildə Böyük Vətən müharibəsinə yola düşüb və 1943-cü ilə qədər Böyük Vətən müharibəsində müxtəlif istiqamətlərdə gedən döyüşlərdə vuruşub. Ancaq o, döyüşlərin birində yaralanıb və 1943-cü ilin aprel ayında müharibədən əlil kimi tərxis olunub. Amma onun döyüş qəhrəmanlığı, Vətən uğrunda mübarizəsi yüksək qiymətləndirilib. Belə ki, M.Budaqov birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi” ordenlərinə və medallara layiq görülüb.
Onun ürəyi həmişə öz eli, obası üçün döyünüb. Daha doğrusu, Mürsəl müəllim bir ziyalı, bir elm adamı kimi öz həyatını elmin keşməkeşli yollarında sınayıb. Bu da təsadüfi deyil. Çünki Mürsəl müəllimin ürəyində həmişə qurub-yaratmaq, gənc nəslə tərbiyə və elm öyrətmək duyğuları vardı. Elə ona görə də 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə qəbul olunub. Bundan sonra o, həmin universiteti bitirib, ”marksizm-leninizim və marksist-leninçi fəlsəfə” müəllimi ixtisası üzrə diplom alıb. Müxtərlif illərdə Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunda kiçik elmi işçi, 1952-ci ilədək mühazirəçi işləyib. Həyatın bu keşməkeşli və çətin yolları Mürsəl müəllimi daha da mətinləşdirib və möhkəmləndirib. Yəni Mürsəl müəllim hər hansı bir işi görmək istəyəndə həmişə onu uğurla həyata keçirməyə can atıb. İçində olan yaradıcılıq istedadı və elmə həvəs zaman-zaman bu ziyalı insanı məqsədinə bir addım da yaxınlaşdırıb.
Artıq o, 1963-cü ildən taleyini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə bağlayıb. Mürsəl müəllim 1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb və ömrünün axırinadək demək olar ki, düz 30 il həmin institutun fəlsəfə kafedrasında baş müəllim, dosent vəzifələrində işləyib. Həyatının ən çətin və ən ağır məqamlarında zəhmətə, əməyə, bir də içindəki Vətən sevgisinə güvənib. Mürsəl müəllim necə fikirləşibsə və necə düşünübsə, elə də hərəkət eləyib. Çünki onun başlanğıc götürdüyü yol ürəyində yaşatdığı arzuya doğru aparıb. O arzu ki, onun içində həmişə boy atıb, çiçəkliyib və Mürsəl müəllimi məqsədinə yaxınlaşdırıb. O, təkcə müəllim yox, həm də tələbələrinə, yaxınlarına və başqa çoxlarına düz yol göstərən müdrik və uzaqgörən bir ziyalı olub. Hansı məclisdə, hansı xeyir-şərdə olubsa, həmişə onu hörmətlə, məhəbbətlə qarşılayıblar. Ən azından ona görə ki, Mürsəl müəllimin içində həmişə bir Borçalı sevgisi, bir Faxralı məhəbbəti, bir yurd istəyi olub. O, təpədən-dırnağa əsl azərbaycanlı, əsl türk kimi ömür sürüb. Yəni bu həyata gələndə yemək üçün yaşamayıb, yaşamaq üçün yeyib. Ona görə də harada işləməsindən və yaşamasından asılı olmayaraq, o, insanların ürəyində özünə əbədi bir iz və əbədi bir məhəbbət duyğusu yaradıb…
Əlbəttə, bu gün elm adamları arasında Mürsəl Qərib oğlu Budaqov sağ olmasa da, ancaq onun yazıb-yaratdığı onlarla elmi məqalələr, metodik vəsaitlər tarixin yaddaşına hopub və eyni zamanda bu yaddaşda hər an Mürsəl müəllimin nəfəsi, izi görünür. Mürsəl müəllim 1994-cü ildə dünyasını dəyişib. Amma elə insanlar var ki, dünyasını dəyişəndən sonra da yaşayırlar. Yəni onlar qoyub getdikləri xoş izlərdə, müxtəlif elmi məqalə və monoqrafiyalarda və ən nəhayət insanlara bəxş elədikləri xoş ovqatın içində hər an xatırlanırlar. Ona görə ki, Mürsəl müəllim heç vaxt bu dünyaya bir pəncərə kimi baxmayıb. O, bu dünyaya gələndə bu pəncərədən dünyaya elə baxıb ki, çox yerdə onun izi qalıb. Xoş əməlləri, yaxşılıqları, və müxtəlif insanlara arxa durması çoxlarının yadında və ürəyində əbədi iz kimi qalıb.
O insan ki, dünyaya gələndə özü üçün yox, el-obası üçün, vətəni üçün yaşayıb. Belə insanlar da heç vaxt yaddan çıxmırlar. Bu gün doğma yurdutək Faxralıda deyil, bütöv Borçalı mahalında Mürsəl Qərib oğlu Budaqovun yadda qalan izləri var. İllər keçəcək, zaman ötəcək, yenə günlərin birində onu unutmayan insanlar deyəcəklər ki, bizim Faxralı kəndində çox ziyalı, qeyrətli və el-obasını sevən bir kişi vardı – Mürsəl Budaqov. Bu cür kişilər heç vaxt nə el-obanın, nə də tarixin yaddaşından silinmirlər.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.