BİLİK TÜKƏNMƏYƏN SƏRVƏTDİR
Hər dəfə o böyük şəxsiyyəti – görkəmli alim, iki çağırış Milli Məclisdə seçicilərini ləyaqətlə təmsil edən millət vəkili, ictimai-siyasi xadim, professor Şamil Qurbanovu xatırlayanda yadıma hər şeydən əvvəl türk dünyasının əvəzolunmaz şairi Zəlimxan Yaqubun aşağıdakı misraları düşür:
Yeridin, başına səpələndi qar,
Baxmadın yolların uzaqlığına.
Elmin yollarında ağaran saçlar,
Döndü bir millətin üzağlığına.
Bəli, Şamil müəllim sözün həqiqi mənasında millətinin üzağlığına, başucalığına çevrilən bir ömür yaşadı. Doğulub boya-başa çatdığı Borçalının başucalığına çevrildi, anamız Azərbaycanla qürur duydu, onun şöhrətini ucaltdı. On üç ildir ki, aramızda olmasa da, bu gün Şamil müəllim həyatda yoxdur deməyə adamın dili gəlmir, çünki o, sadəcə cismən aramızda deyil. Xeyirxah əməlləri, etdiyi yaxşılıqlar, sanballı elmi araşdırmaları ilə yenə də bizimlədir, onu sevənlərin qəlbindədir. Həm də ona görə bizimlədir ki, özündən sonra ocağının işığını yandıran Ceyhun kimi oğlu, hər yerdə adını şərəflə, ləyaqətlə daşıyan Nərminə xanım kimi qızı var. Ceyhun hüquq-mühafizə sistemində çalışır. Nərminə isə atasının yolunu davam etdirir – şair demiş, elmin yollarında saç ağardır. Bu yolda üzağlığı ilə, şərəf və namusla addımlayır.
Nərminə Şamil qızı Qurbanova 1968-ci il noyabrın 22-də Bakıda anadan olub. 1975-cı ildə Bakı şəhərindəki 20 saylı orta məktəbdə 1-ci sinifə gedib. 1985-ci ildə həmin məktəbdə orta təhsilini müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin Fars dili və ədəbiyyatı şöbəsinə daxil olub. 1990-cı ildə həmin fakültəni “Filoloq. Fars dili və ədəbiyyatı müəllimi. Tərcüməçi” ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra ilk əmək fəaliyyətinə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı Pedaqoji Universitetində (indiki Bakı Slavyan Universiteti) başlayıb, 1990-1992-ci illərdə bu universitetin hazırlıq şöbəsində metodist vəzifəsində çalışıb. 1992-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Milli münasibətlər İnstitunun “Milli-mədəni və etnodil prosesləri” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 2011-2014-ci illərdə BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının “Sosial psixologiya” ixtisası üzrə əyani doktorantı olub. Filologiya elmləri doktoru, professor S.Ş.Nuriyevin elmi rəhbərliyi altında tədqiq etdiyi dissertasiya işi “Müasir Azərbaycanda milli-etnik qrupların sosial-psixoloji adaptasiyası məsələləri” mövzusuna həsr olunub. Çox maraqlı və aktual mövzuya həsr olunmuş dissertasiya işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bəllidir ki, tarixən Azərbaycanda çoxsaylı etnik qruplar yaşayıb və bu gün də yaşamaqdadır. Müasir polietnik Azərbaycan özünün iqtisadi, siyasi və digər inkişaf parametrlərinə görə yüksəliş və çiçəklənmə dövrünü yaşayır. Milli-etnik qrupların sosial-psixoloji adaptasiyasında yaranan problemlərin həlli ölkəmizdə dini, mədəni və milli tolerantlığı artırır, Azərbaycan mədəniyyətinin rəngarəngliyini zənginləşdirir. Belə bir şəraitdə Azərbaycanda yaşayan milli-etnik qrupların sosial-psixoloji adaptasiyasının istiqamətlərini öyrənmək və onların psixoloji adaptasiyasında yaranan problemləri aradan qaldırmaq olduqca aktual və tədqiqi zəruri problemlərdəndir.
Nərminə xanımın tədqiqat işində milli-etnik qrupların sosial-psixoloji adaptasiyasının öyrənilməsinə həsr olunmuş tədqiqatlar sistemləşdirilmiş, sosial-psixoloji adaptasiyanın təşəkkül müxanizmləri araşdırılmış, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, o cümlədən, Rusiyadan köçürülüb gətirilmiş rusların sosial-psixoloji adaptasiyasına təsir göstərən amillərin təsnifatı verilmiş, adaptasiyanı çətinləşdirən komponentlər araşdırılmış, multikulturalizm şəraitində milli-etnik qrupların yaşam tərzi, özünüdərki və milli identifikasiyasının təşəkkül xüsusiyyətləri, eləcə də, keçid cəmiyyətində sosial-psixoloji adaptasiyanın transformasiya meyilləri müəyyənləşdirilərək müvafiq tövsiyələr hazırlanmışdır. Bu nöqteyi-nəzərdən, onun dissertasiya işi çox maraqlı və aktual bir məsələnin tədqiqinə həsr edilib.
Nərminə xanımın apardığı tədqiqat işinin əhəmiyyətini artıran bir də odur ki, dissertasiyada milli-etnik qrupların sosial-psixoloji adaptasiya məsələlərinə həsr edilmiş tədqiqatlar psixoloji aspektdən inteqrativ şəkildə qruplaşdırılıb, milli-etnik qrupların adaptasiya məsələsinin sosial-psixoloji vəziyyətinin müəyyənləşdirilməsində mövcud nəzəriyyələr tarixi aspektdə nəzərdən keçirilərək problemin müasir vəziyyəti ətraflı araşdırılıb.
Nərminə xanımın elmi araşdırmasını yüksək qiymətləndirən mütəxəssislər onu da qeyd edirlər ki, disseratsiya işində müəllif etnik qrupların sosial, emosional, koqnitiv, fiziki və s. adaptasiya sahələrini tədqiq edib və onların qiymətləndirilməsi zamanı ortaya çıxan subyektiv amilləri təhlil edərək, problemlərin aradan qaldırılması yollarını göstərib. Eyni zamanda, sosial-psixoloji adaptasiyanın təmin edilməsi istiqamətində standartlaşdırılmış metodikaların rolu və əhəmiyyətini araşdırıb, fikrini elmi, məntiqi ardıcıllıqla səlis dildə ifadə edə bilib.
N.Qurbanovanın indiyədək tədqiqat işi ilə bağlı nüfuzlu elmi jurnallarda 8 elmi məqalə və tezisi dərc olunub, 4 Beynəlxalq konfransda iştirak edib.
Hazırda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasında saathesabı qaydada dərs deyərək, həm də pedaqoji fəaliyyətlə məşğul olur və burada da özünü işə məsuliyyətlə yanaşan, tələbkar bir əməkdaş kimi göstərib. İşə məsuliyyəti, tələbkarlığı, üzərinə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirməsi, səmimiliyi və xeyirxahlığı ilə professor-müəllim heyətinin və tələbələrin hörmətini qazanıb.
2015-ci ildən “Etika Akademiyası” Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İnkişaf Mərkəzində təlimçidir.
Bir məşhur qırğız atalar sözündə deyilir: “Ağıl geyimdir – köhnəlməyən, bilik mədəndir – tükənməyən”. Həqiqətən, bilik tükənməyən sərvətdir – xalqn sərvəti, millətin sərvəti. Hamımız yüzdə yüz inanırıq ki, türk dünyasının böyük alimi Şamil Qurbanovun qızı Nərminə xanım nəslinin və millətin sərvəti olmaqla qürur duyacaq. Biz buna inanır və Nərminə xanıma inam kimi baxırıq.
Nərminə xanım ailəlidir, üç övlad anasıdır. Həyat yoldaşı Qurbanov Oktay Sudef oğlu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Yaxın şərq və Afrika idarəsinin rəis müavini vəzifəsində çalışır. Oğlu Riyad 1994-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Qızları Ayan və Səriyyə isə orta məktəbdə oxuyurlar.
İstər bir elm adamı, istərsə də bir şəxsiyyət kimi cəmiyyətdə öz yerini müəyyənləşdirməyi bacaran, öz karyerasını qura bilən Nərminə xanımın hələ bundan sonra da çox uğurlarının şahidi olacağıq. Bu uğurlardan yaxınları, doğmaları sevinəcək, xatirəsi hər zaman mənim üçün əzizi olan unudulmaz Şamil müəllimin isə ruhu şad olacaq! Çünki övladlarına hər zaman halallığı, düzlüyü öyrədən, özü kimi elm aləmində görmək istəyən bu böyük şəxsiyyətin arzuları bu gün reallığa qovuşur.
Şamil müəllimə Allahdan rəhmət diləyir, Nərminə xanıma isə həyatda və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.