QISA MƏLUMAT
Nizami Qədim oğlu Poladov 1982-ci il may ayının 22-də Gürcüstan respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1988-1996-cı illərdə Faxralı orta məktəbində təhsil almış və 1999-cu ildə Bakı şəhəri 99 No-li məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Texniki Universitetinin (ATU) (keçmiş Azərbaycan Politexnik Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş, “Qara və əlvan metalların tökmə istehsalı“ ixtisasına yiyələnmiş, 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə ATU-nun aspiranturasına daxil olmuşdur. 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 11 elmi əsərin müəllifidir. Məqalələri Azərbaycan, Sankt-Peterbruq, Donetskdə nəşr olunmuşdur. 2003-2008-ci illərdə “Baku Steel Company” şirkətində növbə rəisi vəzifəsinədək yüksəlmişdir. 2008-ci ildən “EMBAWOOD” MMC-də şöbə rəisi vəzifəsində çalışır.
Mənbə : REDAKTORDAN
BİLİKLİ INSANA, SÖYLƏ, KİM BATAR
Yeməyə, yatmağa heyvan can atar,
Bilikli insana, söylə, kim batar.
N.XosrovDemə, gələn gülüb keçər,
Torpağını öpüb keçər,
Min ülfətlə ötüb keçər,
Ötən günlər Faxralıda –
deyən şair Abbas Abdulladan başlamış,
Təhməz bulaq donur dildə-dodaqda,
Bülbülmüdü, cəh-cəh vurur budaqda?!
Laləyə bax, nərgizə bax bu dağda,
Toplamasan, göz yorular, əl qınar –
deyən Əjdər Ağayevə qədər çox ünlü şairlər Faxralı kəndini böyük sevgi ilə vəsf ediblər. Çünki, bu kənd Türk dünyasına çox böyük duhalar bəxş edib. Heç təsadüfi deyildir ki, “Yolun düşsə, təşbehdi İstanbul” deyən Borçalının Ələsgəri şair Nəbi doğulduğu bu kənddən ilham alıb, Türk dünyasında məşhurlaşmışdır.
Müzəffər Şükür vaxtilə yazırdı:
Dağları dönməz ordudur,
Dərələri duman udur,
Şair Nəbinin yurdudur,
Müqəddəsdir Borçalmız.
Borçalının dillərdə dastan olan bu kəndi yetirdiyi böyük dühalarla bərabər, çox istedadlı ziyalılar da yetişdirməkdədir. Onların sırasında gənc alim, fəlsəfə doktoru Nizami Qədim oğlu Poladov da vardır.
Nizami Qədim oğlu Poladov 1982-ci il may ayının 22-də Faxralı kəndində anadan olub. 1988-1996-cı illərdə Faxralı orta məktəbində təhsil alıb və 1999-cu ildə Bakı şəhərindəki 99 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Texniki Universitetinin (ATU) Metallurgiya fakültəsinə daxil olub, burada “Qara və əlvan metalların tökmə istehsalı” ixtisasına yiyələnərək, 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə ATU-nun aspiranturasına daxil olub. 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 11 elmi əsərin müəllifidir. Məqalələri Azərbaycanla yanaşı Rusiya və Ukraynada da nəşr olunub. 2003-2008-ci illərdə “Baku Steel Company” şirkətində növbə rəisi vəzifəsinədək yüksəlib. 2008-ci ildən “EMBAWOOD” MMC-də şöbə rəisi vəzifəsində çalışır. 2013-cü ildən Azərbaycan Texniki Universitetinin “Tökmə və qaynaq istehsalı” kafedrasında baş müəllim vəzifəsində çalışır. ATU-nin “Tökmə və qaynaq istehsalı” kafedrasının müdiri, texnika elmlər doktoru, professor Arif Məmmədov Nizamini belə xarakterizə edir:
“Mən Poladov Nizami Qədim oğlunu hələ tələbəlik illərindən tanıyıram. O, 1999-cu ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya fakültəsinin “Qara və əlvan metalların və ərintilərin tökmə istehsalı” ixtisasının bakalavr pilləsinə daxil olub. Oxuduğu müddət ərzində o, biliyi, səliqəsi, təhsilə münasibətilə digərlərindən həmişə yaxşı mənada fərqlənib. Məhz bunun nəticəsi olaraq bakalavr ali təhsil pilləsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə o, göstərilən ixtisasın magistr pilləsinə daxil olub. Bu təhsil pilləsində Poladovun tədqiqatçı olmaq bacarığı özünü büruzə verib. O, magistr dissertasiyasının mövzusu üzrə tələbə elmi konfranslarında məruzələrlə çıxışlar edib, öz elmi nəticələrini aprobasiyadan keçirib. 2005-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra Nizami Poladov Azərbaycan metallurgiyasının flaqmanı sayılan “Baku Steel Company” şirkətində öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. Burada böyük istehsalat təcrübəsi topladıqdan sonra ATU-nun əyani doktoranturasına daxil olub. Mənim elmi rəhbərliyim altında “Çuqun-metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” movzusunda çox maraqlı və yeni ideyaları özündə ehtiva edən fəlsəfə doktorluğu dissertasiyasını hazırlayıb və 2012-ci ildə müvəffəqiyyətlə müdafiə edib. 2013-cü ildən texnika üzrə fəlsəfə doktorudur. Onun aldığı nəticələr müvəffəqiyyətlə istehsalatda tətbiq olunur. Məhz Nizami Poladovun bilik və bacarığını nəzərə alaraq doğma kafedrası, yəni “Tökmə və qaynaq istehsalı” kafedrası onu baş müəllim vəzifəsinə dəvət edib. Hal-hazırda o, həmin kafedrada baş müəllim vəzifəsində çalışır. Öz nəzəri biliklərini, istehsalat təcrübələrini və bacarığını tələbələrinə həvəslə aşılayır. Heç şübhə yoxdur ki, baş müəllim N.Poladov müəyyən müddət sonra dosent elmi adını alacaq və sonrakı mərhələdə özünün texnika üzrə elmlər doktorluğu dissertasiyasını tamamlayaraq elmlər doktoru, sonra isə professor elmi adını alacaqdır”.
Məlum həqiqətdir ki, insan bilikli olmalıdır. Bilikli, ağıllı insan yol göstərən çıraqdır. M.Əvhədinin təbrincə desək: Hər kimin yol göstərən ağıllı çırağı olsa, o, qaranlıq gecədə yolunu azmaz. Bu həqiqəti hamı dərk edir. Həm də bilirlər ki, görkəmli adamlar həyatda nəyə nail olublarsa, ağılın çırağı ilə olublar. Çünki, insana qol-qanad verən onun ağlıdır. Ağıllı, müdrik insanlar həmişə cəmiyyətin sərvəti olub, və sərvəti olaraq qalır.
Mən bu yazını professor Arif Məmmədovun sözləri ilə tamamlayıram:
“Mən bir müəllim və elmi rəhbəri kimi Nizaminin haqqında yalnız xoş sözlər deyə bilərəm. Onun kimi bir şəxsi yetişdirməyimlə fəxr edirəm. Deməli, əməyim hədər getməyib. O, bu günün və gələcəyin müəllimi və alimidir. Hesab edirəm ki, gələcək nəsil bizə rəhmət oxuyacaq, ona görə ki, onlara Pladov kimi müəllim və alim qoyub gedirik.
O, insan kimi çox təvazökar, özünə qarşı tələbkar, işlərə ciddi münasibət bəsləyən ziyalıdır. Onun doğulduğu məkan, el-oba onunla yalnız və yalnız fəxr edə bilər. Faxralı kəndi çox şəxsiyyətlər yetişdirib. Heç şübhə etmirəm ki, N.Poladov da həmin şəxsiyyətlər səviyyəsində kamil bir insan kimi yetişəcəkdir”.
Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.