Oruc Bayram oğlu Piriyev (tarix elmləri doktoru)

QISA MƏLUMAT

Oruc Bayram oğlu Piriyev 1921-ci il 25 dekabrda Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1938-ci ildə orta məktəbi bitirmiş və 1940-ci ildə isə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Müharibə dövründə təhsilini yarımçıq qoymuş, könüllü surətdə cəbhəyə getmişdir. Cəbhədə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilmişdir. Müharibədən təxris olunduqdan sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirmişdir. 1955-ci ildə həmin universitetdə dissertasiya müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildən ömrünün sonuna kimi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun partiya tarixi kafedrasında dossent və kafedra müdiri vəzifələrində çalışmışdır. Bu dövürdə onun pedaqoji fəaliyyəti İnstitutun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş-ona “Əməkdar ali məktəb işçisi” fəxri adı verilmişdir. Oruc Piriyevin elmi və pedaqoji fəaliyyəti 30 elmi məqalədə, 3 kitabda və bir neçə dərs vəsaiti və metodik göstərişdə öz əksini tapmışdır. Oruc Piriyev 1997-ci il dekabrın 15-də vəfat etmişdir.

Mənbə : REDAKTORDAN

“SEVGİDİ İNSANIN MƏKKƏSİ, PİRİ”

Bəzən deyirlər ki, filankəsin yaxşı bəxti var. Yəni bəxti gə­tir­diyinə görə, gedib oturub yüksək vəzifədə. Bu fikirdə bir qədər yanlışlıq var. Heç də dünyada hər şeyi həll edən bəxt deyil. Düzdür, müəyyən zamanda insanın bəxti də gətirə bilər. Ancaq bu, o demək deyil ki, insan həmişə bu bəxtə arxayın olub, oturub nəyisə gözləməlidir.  Bəxt zəhmətə söykənsə daha yaxşı olar. Zəhmət və alın təri əvəzolunmaz əxlaqi fəzilətdir.

İnsanın özünə güvənməsindən və arxalanmasından böyük xoşbəxtlik yoxdur. Əgər bir adam  özünə arxalanır və özünə inanırsa, deməli onun işləri zamanından və məkanından asılı olmayaraq, bütün məqamlarda rəvan gedəcək və bu adam heç kimin  yanında gözükölgəli olmayacaq.

Oruc Bayram oğlu Piriyev də həmişə göydə Allaha inanıb, yerdə də öz qüvvəsinə. Haqqın dərgahına sığınan  və Allahdan kömək istəyən adamlar gec-tez istədikləri işıqlı yolu tapa biliblər. Amma belə bir el deyimi də var: “Allahdan bərəkət, səndən hərəkət”. Oruc Piriyev də harda olmasından asılı olmayaraq, bayaq dediyimiz kimi, həyatın haqq  yolunu axtarıb tapa bilib.

O, 1921-ci ilin dekabrın 25-də Gürcüstanın Borçalı maha­lının Faxralı kəndində dünyaya göz açıb. Başqa tay-tuşları kimi, o da 1928-ci ildə məktəbə gedib. Amma tay-tuşlarından fərqli olaraq, uşaq vaxtlarından kitaba olan sevgisi onu başqa bir istiqamətə – elmə doğru yönəldib. Əlbəttə, elmə gedən yol o qədər də rahat olmayıb. İlk baxışda bir çoxlarına elə gəlir ki, bu yolla gedənlər öz istəklərinə və arzularına daha tez qovuşurlar. Bəlkə də bu fikirdə müəyyən qədər həqiqət var. Ancaq ən böyük həqiqət odur ki, elmə gedən yol çox enişli-yoxuşlu və sərt döngəli olur. Faxralıdan çıxıb Moskvaya getmək və orda mötəbər bir ali məktəbin tələbəsi olmaq xoşbəxtliyi heç də hər insana nəsib olmur. Amma o, uzaq bir kənddə boya-başa çatdı, orda təhsil aldı, sonra da 1940-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu.

Azərbaycanın və eləcə də dünyanın tarixini çox gözəl bilən, hər dövrün özünün rəngini, adət-ənənəsini və etnoqrafiyasını mükəmməl əxz edən Oruc Piriyev Moskva mühitində də özünü istedadı və savadı ilə göstərə bildi.

Bir çox millətlərin övladlarının təhsil aldığı bu mötəbər ocaq­da Oruc Piriyev qeyri-adi qabilliyəti və bacarığı ilə baş­qa­larından seçilir. Böyük Vətən müharibəsinin başlanması çoxları kimi Oruc müəllimin də təhsilini yarımçıq qoyur. O, cəbhəyə yola düşür və əlinə silah alaraq müxtəlif istiqamətlərdə faşist Almaniyasına qarşı gedən döyüşlərdə vuruşur. Ürəyi həmişə vətən eşqi ilə döyünən bu insanı cəbhə həyatı da sınağa çəkir.

Günlərlə, həftələrlə və bəzən də aylarla ölümlə üz-üzə qalır, şaxtalı, soyuq günlərdə səngərlərdə qələbəmizin təmin olun­ması üçün mərdliklə döyüşür. İnanır ki, bu döyüşlər günlərin birində qələbə ilə başa çatacaq və o, öz vətəninə dönəcəkdir.

Bəlkə də Oruc Piriyev dərin savada və zəngin dünyagörüşə malik olmasa idi cəbhənin, eləcə də həyatın çətinliklərinə bir o qədər tab gətirə bilməzdi. Amma o hər, bir çətinliyə və ağrı-acıya dözür və qələbə uğrunda döyüşür. Günlərin birində qələbə xəbərini eşidir. Cəbhədən sağ-salamat qayıdır. Döyüş­lərdə göstərdiyi şücaətə görə, müxtəlif orden və medallarla təltif edilir. İllər keçir  və o, yenidən Moskva Dövlət Univer­si­te­ti­nin auditoryalarına qayıdır. 1955-ci ildə dissertasiya müda­fiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alır. 1961-ci ildə isə doktorluq dissertasiya müdafiə edir. Həyatda və elmdə qazandığı uğurlar bir-birni tamamlayır.

1960-cı ildən isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun partiya tarixi kafedrasında işləyir. Burada o, professor və kafedra müdiri vəzifəsində çalışır. Ali məktəbdə dərs dediyi dövrdə 30 elmi məqalə, 3 kitab və bir neçə dərs vəsaitinin müəllifi olur. Elmdə qazandığı uğurlar ona zaman-zaman şan-şöhrət və sevinc gətirir. Amma bu şan-şöhrət və sevinc heç vaxt Oruc Piriyevə arxayınçılıq, özündənrazılıq duy­ğuları aşılamır. Əksinə bu gözəl ziyalı insan həyatda və elmdə qazandığı uğurları bir az da artırır.

Fikirləşir ki, mən xalqıma və millətimə ancaq bu yolla xidmət eləyə bilərəm. O, “ Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülüb. Və 1997-ci ilin dekabrın 15-də dünyasını dəyişib. Onda yaşamaq və həyat eşqi həmişə güclü olub.

Hər anın, hər dəqiqəsinin qədrini bilən və ondan səmərəli istifadə edən insanlar az-az olur. Çünki bir çoxları nə canının, nə də Allahın ona verdiyi ömrün qədrini bilir. Amma Oruc Bayram oğlu Piriyev kimi insanlar isə ömrü boş-boşuna keçirmir. Arxada qalan illərə, günlərə boylananda onun elmdə qoyduğu izlər göz önünə gəlir. Bax, bütün bu xoş hisslər və duyğular Oruc Piriyev kimi ziyalıları bugünkü gənclərə və gələcək nəslə daha çox sevdirir. Oruc müəllim də çox gözəl bilirdi ki, sevgi insanın Məkkəsidir, piridir. Zəlimxan Yaqub demiş:

…Sevgidi insanın Məkkəsi, piri
Əqidən yolunda yan diri-diri…

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur