QISA MƏLUMAT
Qulu Əhməd oğlu Bədəlov 1939-cu il avqust ayının 15-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə Faxralı orta məktəbini, 1962-ci ildə isə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini bitirmişdir. 1963-1965-ci illərdə Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutunda elmi işçi, 1965-1969-cu illərdə Dövlət Statistika Komitəsində şöbə rəisi, 1970-1982-ci illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində işləmişdir. 1973-cü ildə dissertasiya müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1982-ci ildən Azərbaycan Politexnik İnstitutunun (Texniki Universitet) siyasi iqtisad (iqtisadi nəzəriyyə) kafedrasında dosent vəzifəsində işləmiş, 90-cı illərin əvvəllərindən isə həmin kafedraya rəhbərlik etmişdir. 80-dən çox elmi əsərin, o cümlədən bir çox monoqrafiya və kitabçanın, dərs vəsaitlərinin və tədris metodiki işlərin müəllifidir. Ümumi iqtisadi nəzəriyyə dərsliyinin müəlliflərindən biridir. 10-dan çox namizədlik dissertasiyasının rəsmi opponenti olmuş, çox sayda avtoreferata rə’y vermişdir. Bir çox respublika səviyyəli, eləcə də respublikadan kənar elmi-praktik konfranslarda mə’ruzələrlə çıxış etmişdir. Uzun müddət Respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının “İqtisadiyyat və idarəetmə” bölməsinin üzvü olaraq dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına rə’y verilməsində yaxından iştirak etmişdir. Qulu Bədəlov Azərbaycan Texniki Universitetinin iqtisadi nəzəriyyə kafedrasının müdiri vəzifəsinədək yüksəlmişdir.
Mənbə : REDAKTORDAN
İNCƏDƏN İNCƏ, ZƏRİFDƏN ZƏRİF
Ulularımızın təfəkküründən süzülüb gələn bir el misalında gözəl deyilib: alim olmaq asandır, adam olmaq çətin. Doğrudan da həyatda azmı şahidi olmuşuq ki, elmdə ən yüksək zirvələr fəth edən birisinin eldə-obada bir qara qəpiklik hörməti olmur. Çünki belələri elm adamı olsalar da, el adamı ola bilmirlər. Unudurlar ki, el hörməti, el sevgisi dünyanın ən böyük rəsmi dövlət mükafatından, hər cür təltifdən yüksəkdə durur. El məhəbbəti adama yazılı fərmanla verilmir, zərrə-zərrə, qətrə-qətrə yığılır. Haqqında söhbət açmaq istədiyim Qulu Bədəlov da məhz el hörməti qazanan alimlərdəndir, sözün əsl mənasında böyük ziyalıdır. Xoşbəxtliyi ondadır ki, elm adamı olmaqla yanaşı həm də el adamıdır. Həyatı boyu bu iki adı qoşa daşımağı bacarıb, el-obaya olan məhəbbətini elmə, elm naminə yorulmaz fəaliyyəti isə el yolunda qurban verməyib. Əksinə bu iki müqəddəs işi bir-biri ilə uzlaşdırmağı bacarıb, hər ikisindən zövq alıb. Özünü həm elin, həm də elmin sıravi əsgəri sayıb, gördüyü işlərlə yersiz öyünməyib, əksinə daha çox işlər görməyə çalışıb. Onu tanıyanlar yaxşı bilir ki, olduqca sadə, təvazökar, mərifətli bir insan olub.
Onun keçdiyi ömür yoluna nəzər salmazdan əvvəl eldə-obada qoçaqlığı, mərdliyi, igidliyi, cəsarəti və şücaəti ilə böyük nüfuz qazanmış atası Əhməd (el arasında ona Qara Əhməd deyirdilər) ilə bağlı bu gün dillərdə dastana dönmüş bir hadisəni xatırlamaq istəyirəm. Yaşlılar danışır ki, 1924-cü ildə el yaylaqda olarkən Varonsovkada (indiki Ermənistanın Kalinino – hazırda isə Taşir adlanan rayonunda) ermənilərlə Faxralıdan olan çobanlar arasında dava düşür. Ermənilər bir nəfəri öldürürlər. Heç nədən çəkinməyən, necə deyərlər qanından qorxmayan Əhməd Bədəl oğlu həmin andaca qisas alır: ermənilərdən iki nəfəri – özü də həmin davanın qızışdıranları öldürür. Onu tutub Cəlaloğluya (Kirovakan) apararaq qazamata salırlar. Qorxmazlığı, cəsarəti hesabına Əhməd kişi sıldırım qayanın başında yerləşən qazamatdan qaça bilir və sonralar bir neçə il qaçaqlıq etməli olur.
Belə bir igid kişinin oğlu olan Qulu Bədəlov 1939-cu il avqust ayının 15-də Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı orta məktəbini gümüş medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini əla qiymətlərlə bitirib.
1963-1965-ci illərdə Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1965-ci ildə Dövlət Statistika Komitəsində şöbə rəisi vəzifəsinə təyin olunub və dörd il bu vəzifədə çalışıb. 1970-ci ildə yenidən elmi-tədqiqat işinə qayıdaraq Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda əvvəlcə kiçik, sonra isə baş elmi işçi kimi fəaliyyətini davam etdirib. 1973-cü ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1982-ci ildən isə elmi fəaliyyətlə yanaşı həm də pedaqoji işlə də məşğul olmağa başlayıb: Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) siyasi iqtisad (iqtisadi nəzəriyyə) kafedrasının dosenti olub, 1990-cı illərin əvvəllərindən isə həmin kafedraya rəhbərlik edib.
Səmərəli elmi-pedaqoji fəaliyyət göstərən Qulu Bədəlov 80-dən çox elmi əsərin, o cümlədən bir çox monoqrafiya və kitabçanın, dərs vəsaitlərinin və tədris-metodiki işlərin müəllifidir. Ümumi iqtisadi nəzəriyyəyə dair dərsliyin müəlliflərindən biridir. 10-dan çox namizədlik dissertasiyasının rəsmi opponenti olmuş, çox sayda avtoreferata rəy vermişdir. Bir çox respublika səviyyəli, eləcə də respublikadan kənar elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir.
Uzun müddət Respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının «İqtisadiyyat və idarəetmə» bölməsinin üzvü olaraq dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına rəy verilməsində yaxından iştirak etmişdir. Görkəmli mütəfəkkir Əbül Fərəc nə qədər gözəl, dəqiq və yerində deyib: “Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan. Ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kim ala bilməz”. Müdriklərimizdən digəri isə belə deyirdi: “Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır”. Qulu müəllim qəlbini ən çox kitablara verən bilik adamı, nümunəvi tərbiyəçi və vətənpərvər ziyalı idi. Mənə qarşı diqqətini isə heç vaxt yaddan çıxarmaram. Hər yazıma diqqət yetirər, hər kiçik uğuruma sevinərdi. El-oba ilə bağlı yazılarımı xüsusilə yüksək qiymətləndirərdi. İncədən incə, zərifdən zərif olan, mərifət bağından min cür gül dərən, elimizin və elmimizin əvəzsiz oğlu idi Qulu müəllim.
Bu gün Qulu müəlimdən söz düşəndə ilk növbədə bir müəllim kimi onun qayğıkeşliyindən, həssalığından, tələbələrə qarşı həddən çox isti münasibət bəsləməsindən, çətinliyi olana yardım etməsindən danışırlar. Özü də təkcə faxralılar yox, bütün borçalılar, onu tanıyan, vaxtilə ondan dərs almış hər kəs. Çünki o, təkcə elm yox, həm də həyat dərsi öyrədirdi. Həm də təkcə kitablarla yox, şəxsi nümunəsi ilə. Öyrədirdi ki, başqalarına qarşı diqqət və qayğı göstərmək, münasibətlərdə səmimiyyət, riyadan, yalandan, şər-böhtandan uzaq olmaq nə deməkdir, el-oba, yurd, Vətən, millət sevgisi necə olmalıdır. İmtahanlarda problemi olan tələbələrə maksimum diqqət göstərərdi. Və bu kömək sadəcə olaraq hansısa müəllimdən xahiş edib qiytmət yazdırmaq olmazdı. Bir müəllim kimi kömək əlini uzadar, hazırlaşmasına şərait yaradaraq çalışardı ki, tələbə özü oxuyub kəsirini düzəltsin. Tələbələrinə başa salırdı ki, diplom almaq yox, savad almaq, biliklərə yiyələnməkdir əsas şərt.
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.