SİRLİ DÜNYANIN AÇARI
Dünyada elə bir insan yoxdur ki, onun qəlbi arzularla döyünməsin. Amma insanın qəlbində təkcə arzu olması onu məqsədinə çatmağa kömək eləmir. Bu arzu o vaxt həyata keçir ki, insan hər bir çətinliyə, həyatın hər bir sınağına sinə gərir. Başqa sözlə demiş olsaq, insan ömrünün müəyyən məqamında oxumağa, öyrənməyə və kimlərdənsə nəyisə əxz eləməyə böyük önəm verir.
Həyat həmişə o insanların çiyni üstündə dayanır ki, həmin insanlar hər cür çətinlik görüb dünyanın bütün tufanından, boranından və burulğanlarından alnıaçıq çıxıb. İnsan hər cür çətinliyə yalnız və yalnız dərin savadla, elmlə və eyni zamanda gərgin axtarışlarla sinə gərə bilər. O insan ki, həmişə öz üzərində çalışır, əziyyət çəkir və sonra da alın təri hesabına çəkdiyi zəhmətin bəhrəsini görür.
Borçalının Faxralı kəndində anadan olan Qurban Rəhim oğlu Qasımov da məhz belə insanlardandır. Qurban Qasımov bir qış günündə – yəni dekabrın 28-i 1946-cı ildə Faxralı kəndində dünyaya göz açıb. O, orta məktəbə getdiyi ilk gündlərdən elmə, təhsilə və oxumağa böyük maraq göstərib. Bu, təkcə həvəs olaraq qalmayıb. Q.Qasımov digər tay-tuşlarından və sinif yoldaşlarından öz savadı, dərin mütaliəsi və məntiqi təfəkkürü ilə fərqlənib. Elə bu zəhmətin bəhrəsidir ki, Qurban müəllim 1962-ci ildə Faxralı kənd orta məktəbini qızıl medalla bitirib. Ona valideyinləri kimi müəllimləri də böyük ümid bəsləyirdilər. Böyük ümid bəsləyirdilər ki, orta məktəbi qızıl medalla bitirən Qurban Qasımov ürəyi istədiyi ali məktəbin tələbəsi adını da qazanaçaq. Elə belə də oldu. O, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində də orta maktəb dövründə olduğu kimi Qurban bütün gününü kitabxanada və oxumaqda keçirib. Ali məktəb müəllimləri bu istedadlı gəncin gələçəyinə böyük ümidlə yanaşıblar.
Qurban Qasımov universiteti fərqlənmə diplomu ilə bitirir və aspiranturaya daxil olur. O, 1968-1969-cu illərdə Sovet Ordusu sıralarında xidmət edir. Əsgərlik həyatı onu bir qədər də bərkə-boşa salır və mətinləşdirir. Daha doğrusu, kişilik məktəbini keçəndən sonra Qurban Qasımovun el-oba və müəllimləri arasında nüfuzu bir qədər də artır. Təbii ki, əsgərlik həyatı ona cox şey öyrədib.
Q.Qasımov 1970-ci ildən ADU-nun (indiki BDU-nun) fizika fakültəsinin riyaziyyat kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb. Bir alim və bir ziyali kimi universitetdə də həm professor-müəllim heyəti, həm də tələbələr onun xətrinr cox istəyib. Ona görə ki, harada işləməsindən asılı olmayaraq, o, həmişə bir şəxsiyyət kimi yetişib və öz üzərində çalışıb. Elə bu məziyyətlərinə görə də o, digərlərindən seçilib.
İstedadlı alim 1997-1999-cu illərdə Liviya Ərəb Respublikasında Nasir adına Universitetin riyaziyyat bölməsində riyazi-fizika üsullarını, kompleks analiz, diferensial tənliklər nəzəriyyəsinə aid xüsusi kursları ərəb dilində tədris edir. Onu da qeyd edək ki, tanınmış alim 1973-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertiyasını müdafiə edərək elmi dərəcə alıb.
Elmi işləri qeyri-xətti hiperbolik parabolik tənliklər üçün korrektlik, approksimasiya həyəcanlanma mövzusunda olub. Onun 20-dən cox məqaləsi çap edilib. Qurban Qasımovun aspirantura dövründən indiyə qədər elmi nəzəri məqalə və materialları keçmiş Sovetlər Birliyinin elmi mərkəzlərində və eləcə də respublikanın elm ocaqlarında keçirilmiş konfransların bülleten və jurnallarında çap olunub.
Əlbəttə, elm aləmində axtarışlar aparıb hansı yeniliyi isə əldə etmək o qədər asan deyil. Bunun bir neçə səbəbləri var. O səbəblərdən biri ondan ibarətdir ki, elm aləmində baş verən yeniliklər hec də birdən-birə yaranmır. Yəni hər bir elmi kəşf və yenilik müəyyən zaman kəsiyində üzə çıxır. Bir-birindən möhtəşəm kəşflərin və elmi yeniliklərin bolluğunda hansısa bir azərbaycanlı aliminin yeni kəşfi təbii ki, bir çoxlarının təəccübünə, bir qədər də, başqa sözlə demiş olsaq xəbisliyinə səbəb olur.
Ancaq bütün bu çətinliklərdən və mərhələlərdən inamla kecən Qurban Qasımov istənilən auditoriyada öz bilik və bacarığını, elmdə yaratdığı yenillikləri alimlərə çatdırıb, eyni zamanda özünün nəyə qadir olduğunu zaman-zaman təsdiq edib. Qurban Qasımov onu da təsdiq edib ki, hər bir elmin açarı insanın öz əlindədir.
Yəni insan istəsə, əziyyət çəksə, yuxusuz gecələr keçirsə, o açarla istənilən sirli aləmin qapısını aça bilər. Amma bunun üçün ən azından Qurban Qasımov kimi əziyyətə qatlaşmaq, elmi axtarışlar aparmaq və qazanılan uğurlarla kifayətlənməmək lazımdır. Bu cür istedadlı və ziyalı insanlar harda olmasından, işləməsindən və yaşamasından asılı olmayaraq onların həmişə böyük hörməti və nüfuzu olub. Qurban müəllimi ən çox sevdirən isə tək-tək adama nəsib olan təmizliyi, pak vicdanı, bir də içinin və çölünün duruluğudur. Qurban müəllim alimliyindən başlamış insanlığına qədər bütün cəhətləri ilə tamdır, bütövdür: R.Kərimli şeirlərinin birində gözəl yazıb:
Yarımçıq nifrət də, sevgi də heçdir,
Ürəklə düşmən ol, ürəklə dost ol.
Mərmər döşənsə də, nəyə gərəkdir
İnsanı mənzilə çatdırmayan yol?
Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.