Vaqif Yasin oğlu Gülməmmədov (elmlər namizədi)

QISA MƏLUMAT

Vaqif Yasin oğlu Gülməmmədov 01.01.1958-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralı kəndində anadan olmuşdur. V.Y.Gülməmmədov 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsini bitirmişdir. 1980-83-cü illərdə Zaqatala rayonu Suvagil kənd 8-illik məktəbində müəllim, 1983-cü ildə Azərbaycan SSR Tədarük Nazirliyinin İnformasiya-hesablama mərkəzində mühəndis-proqramlaşdırıcı, 1983-1991-ci illərdə Azərbaycan SSR EA. M. Qubkin adına Geologiya İnstitutu Xüsusi geofizika cihazlar konstruktor bürosunda mühəndis, böyük mühəndis, 2-ci dərəcəli mühəndis vəzifələrində işləmiş, 1991-ci ildən 2008-ci ilə qədər isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışmışdır.
V.Y.Gülməmmədov 1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 2004-cü ildə ”fizika-riyaziyyat” elmləri Namizədi alimlik dərəcəsi almışdır.
V.Y. Gülməmmədov 25-illik pedaqoji staja malik olmuşdur. Universitetdə çalışdığı müddətdə tədris planına uyğun onun müxtəlif mövzularda açıq dərsləri təşkil edilmiş və müzakirə zamanı yüksək qiymətləndirilmişdir. Müxtəlif elmi seminarlarda, elmi mövzülarda müvəffəqiyyətlə çıxışlar etmişdir. 2006-cı ildən başlayaraq V. Y. Gülməmmədov elmi-texniki tərəqqinin yeniliklərindən istifadə edərək dərsləri Boloniya təhsil sisteminin tələblərinə uyğun olaraq kompyuterdən istifadə etməklə diaproyektor vasitəsilə aparırdı və bununla novator müəllim olduğunu təsdiq etmişdir.
V. Y. Gülməmmədov 15-ə yaxın kitabın, 20-yə yaxın elmi-metodiki məqalənin müəllifidir. 1989 və 2006-cı illərdə yazdığı “Abituriyenlər üçün riyaziyyat” kitabı dərin və geniş məzmunlu bir dərs vəsaiti kimi abituriyentlər və orta məktəb müəllimləri tərəfindən sevilərək, geniş surətdə istifadə olunur. Həmcinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 333 saylı,11.05.2006-cı iltarixli əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş 2 hissəli (azərbaycan və rus dillərində) “İqtisadçılar üçün Ali riyazziyat kursu” kitabının müəllifidir. Hal-hazırda dərs vəsaiti kimi İqtisad Universitetində və başqa təhsil müəsisələrində istifadə edilir. Onun elmi məqalələri müxtəlif səviyyəli konfranslarda mütəxəssislərin diqqətini cəlb etmişdir. Həmçinin, Çankaya Universitetinin “Journal of Arts and Sciences”-da müxtəlif elmi məqalələri ingilis dilində nəşr edilmişdir.
V. Y. Gülməmmədov işlədiyi müddətdə tələbə və professor-müəllim heyyətinin yüksək hörmətini qazanmışdır. Gözəl insan, istedadlı alim və unudulmaz müəllim Vaqif Gülməmmədovun əziz xatirəsi onu tanıyanların və Faxralı xalqının qəlbində əbədi yaşayacaqdır!

Mənbə : REDAKTORDAN

EL ADAMI, ELM ADAMI

Onu eldə-obada hamı sevirdi. Bu sevgini, el məhəbbətini özü qazanmışdı: el-obaya məhəbbəti, doğma yurduna bağlılığı ilə. Şə­hərdə yaşasa da, təbiətin vurğunu idi. Hər il Borçalıya gedər, doğma yaylaqlara çıxardı. Necə deyərlər, yaylaqların hər daşına, qayasına, gülünə-çiçəyinə bələd idi. Elə buna görə də dağlar qədər əzə­mə­t­li, vüqarlı, lilparlı bulaq­ların suyu kimi saf qəlbli idi.

Elm adamı idi. Amma sadəcə olaraq dar çərçivədə elmi ax­ta­rış­larına qapanaraq eldən-obadan, ictimai həyatdan, xeyirdən-şərdən təcrid olunmamışdı. El adamı idi. Elmdəki uğurlarını xalqın rifahına yönəltməyi bacarırdı. Xüsusən də müstəqil ölkəmizdə gənclərin elmin sirrlərinə daha dərindən yiyələn­mə­ləri üçün əlindən gələni əsirgəmirdi. Bir alim kimi təkcə uni­versitetdə dərs deməklə işini bitmiş hesab edənlərdən deyildi. Daim axtarışda idi. Və axtarışların, yuxusuz gecələrin bəhrəsi də sonda neçə-neçə kitaba çevrilmişdi. Və bütün bunları uma­caq­sız, təmənnasız elədi. Çünki yaxşı bilirdi ki, sabahımız olan gənclərə lazımdır bu kitablar. Heç zaman şan-şöhrət dalınca qaçmadı. Böyük şairimiz Osman Sarıvəllinin bu misraları onun ömür yolunda həyat devizi idi sanki:

Ləyaqətin varsa, tapallar səni,
Şan-şöhrət dalınca qaçmaq əbəsdir!

Yaşadığı bu qısa ömürdə bir neçə ömrə sığmayacaq qədər işlər gördü. Təkcə özü üçün yaşanmayan bu ömür yolu Borça­lıdan başlanmışdı.

…Vaqif Yasin oğlu Gülməmmədov 1958-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuş, 1975-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək, elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakül­təsinə daxil olmuşdur. 1980-ci ildə mexanika-riyaziyyat fakül­tə­sini bitirmiş və təyinatla Zaqatala rayonuna göndərilmişdir. 1980–1983-cü illərdə bu rayonunun Suvagil kəndində riyazi­y­yat müəllimi işləyən V.Gülməmmədov təyinat müddəti başa çatdıqdan sonra yenidən Bakıya qayıdaraq 1983-1989-cu illər­də Azərbavcan Elmlər Akademiyasının Geologiya İnstitutunda riyaziyyatçı-proqramçı, baş mühəndis vəzifəsində işləmişdir.

1989-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasında baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

Vaqif müəllim 2004-cü ildə Azərbaycan Elmlər Akade­mi­ya­sının Riyaziyyat və Mexnika İnstitutunda «Yüksək tərtibli operator differensial tənliklər haqqında» mövzusunda disser­ta­siya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Alman filosofu Şopenhauer deyir: “Böyük zəkalar bəşəriy­yə­tə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”. Vaqif müəllim də hələ gənclikdən – universitet illərindən özünün həyat yolunu müəyyənləşdirmiş, taleyini el­mə bağlamışdı. Bunun nəticəsidir ki, bu gün Vaqif müəllimdən danışanda onun gözəl insan, sədaqətli dost, istedadlı alim və səriştəli pedaqoq olması ilə yanaşı, həm də onun kitabları yada düşür. O kitablar ki, bu günkü kitab çap etdirmək sərbəstliyinin nəticəsi kimi  yox, gərgin elmi axtarışların bəhrəsi kimi ortaya çıxaraq geniş elmi-pedaqoji ictimaiyyətin diqqətini cəlb etmiş, yüksək qiymətləndirilmişdir.

Müdriklərdən biri deyib: “Kitablar zamanın dalğalarında səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsildən-nəsilə aparan fikir gəmiləridir”. Bu mənada tam əminliklə demək olar ki, dünyanın elm adlı ümmanında Vaqif müəllimin bir neçə böyük gəmisi zaman-zaman üzəcəkdir. Riyaziyyata aid 15-ə yaxın kitabın, 20-yə yaxın elmi-metodiki məqalənin müəllifı olan Vaqif müəllimin «Ali riyaziyyat kursu» (I və II hissə) kitabları İqtisad Universitetinin tələbələri üçün dərs vəsaiti kimi geniş miqyasda istifadə olunur.

Onun 2006-cı ildə yazdığı «Abituryentlər üçün riyaziyyat» kitabı dərin və geniş məzmunlı bir dərs vəsaiti kimi abitu­ri­yent­lər, magistrlər və orta məktəb müəllimləri tərəfindən sevi­lə­rək, geniş surətdə istifadə olunur. Çox heyflər olsun ki, 2008-ci ildə işıq üzü görən «İqtisadçılar üçün ali riyaziyyat kursu» (2 hissəli) və «Abituriyentlər üçün riyaziyyat» kitabının II hissəsini görmək  onun özünə nəsib olmadı. Amansız ölüm 2008-ci il aprelin 4-də ömrünün son günlərinə qədər Azər­bay­can Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasında dosent vəzifəsində çalışan Vaqif Gülməmmədovun ömür yolunu yarımçıq qoydu. Sağlığında doğma yurduna, böyüyüb boya-başa çatdığı elə-obaya canıyla, qanıyla bağlı olan Vaqif müəllimə doğma Faxralı torpağı novbəti – sonuncu dəfə qucaq açdı və o, şair demiş, qəbri boyda vətən torpağı oldu. Azər­bay­can elminə, təhsilinə hələ çox fayda verə biləcəyi bir vaxtda dünyasını dəyişdi. Bu gün istər çalışdığı kollektivdə, istərsə də el-oba arasında hər an onun yeri görünür. Dostları, həmkarları onun yoxluğundan yana-yana danışırlar. ADİU-nun dosenti İsa Mu­sayev Vaqif müəllimlə bağlı yazı hazırladığımı biləndə  onun haqqında məqalə yazdığını desə də, “Vaqif gözəl Alim, gözəl Müəllim, gözəl İnsan, gözəl Dost, gözəl Eloğlu, gözəl Vətəndaş idi”, – deyərək bunları söylədi:

– Vaqif Azərbaycan Dövlət İqtisad Universitetinin “Riya­ziy­yat” kafedrasının sözün əsl mənasında “lokomotovi” idi. Demək olar ki, hər il yeni bir dərs vəsaiti və ya dərslik hazır­la­yıb nəşr etdirirdi. Müəllifi olduğu riyaziyyat dərsliklərində hök­mən iqtisadi məzmunlu riyazi məsələlər qoyub həll edirdi. O, böyük zəhmətkeş olaraq kafedra müdirinin “sağ əli” idi. On­dakı əzmkarlığa heyran qalmamaq mümkün deyildi. Kafed­ra­nın işlərinə o qədər can yandırırdı ki, namizədlik disser­ta­si­ya­sı­nı tamamlamağa vaxt tapmırdı. Buna görə bir dəfə onu möh­kəm danlamışdım. O, məndən yaşca kiçik idi. İra­dım­dan dərhal nəticə çıxarıb tezliklə namizədlik disser­ta­si­ya­sını müdafiə elədi və mənə təşəkkürünü bildirdi.

Vaqif müəllim söz xiridarı idi. Borçalı aşıq məktəbinin vurğunu və alovlu təbliğçisi idi. Bir sıra şeirləri əzbər bilirdi. Özünün şeir yazıb-yazmadığından xəbərim yoxdur, lakin bir onu bilirəm ki, onun sinəsində gəzdirdiyi əsl şair ürəyi idi.

Ağır xəstəlikdən yaxa qurtarmaq üçün Moskvada cərrahi əməliyyat keçirib Bakıya qayıdanda Vaqif tanınmaz hala düşmüşdü. Buna baxmayaraq çox nikbin idi. Hər dəfə səhhətini soruşanda “yaxşıyam, yaxşılanıram, yaxşılanacam”, – deyirdi.

Yelli-yağışlı soyuq bir qış günü 50 illik yubileyinə dəvət aldım. Vaqif əzizlərini sanki halallıq almağa toplamışdı. Məc­lisə dəvət edilənlər arasında istedadına, zəkasına və masa­bə­yilik məharətinə bələd olduğum bir neçə qonaq olsa da,   məclisi apar­mağı mənə tapşırdı. Son dərəcə məzmunlu, dadlı-duzlu, yaddaqalan bir məclis alındı.

Həmin məclisdən cəmi bir neçə ay sonra… əcəl aman vermədi…

Gedəndə sanki:

“Özü kimi amanatam,
Nəyi var ki, duram, tutam?
Ürəyinə gəlsin qadam,
Dünya elə zalımdı ki…”

– dedi getdi.

Allah bu dünyasını aldı, o dünyasını versin.

İsa müəllimin bu kövrək xatirələrini ürəkağrısız, soyuq­qan­lıqla dinləmək olmur. İstər-istəməz xəyal səni İsa müəllim demiş, saz-söz xiridarı olan Vaqifli günlərə aparır. Söz sazdan-sözdən düşmüşkən, Faxralı orta məktəbinin direktoru Söhbəd­din Məmmədovun Vaqiflə bağlı xatirələri də maraqlıdır:

–  Vaqif müəllim saz havalarını çox sevirdi. Hər dəfə kəndə gələndə mütləq sazı dinləməyə vaxt tapardı. Xüsusilə də “Mi­xə­yi”, “Yurd yeri”, “Aran gözəlləməsi” və digər saz havalarını daha  çox sevirdi. Özü də sadəcə olaraq o, təkcə sazın vurğunu deyil, həm də xalqımızın bu ölməz sənətinin dərin bilicisi və yorulmaz təbliğatçısı idi. Aşıq sənətinin incəliklərindən saat­lar­la danışsa da yorulmazdı. Elə maraqlı danışırdı ki, qulaq asan zövq alır, vaxtın necə keçdiyindən xəbəri olmurdu.

Vaqif Gülməmmədovla bağlı elə bu iki xatirə də kifayət edir ki, onun necə böyük bir ürək sahibi, sənətin vurğunu, dərin erudisiyalı ziyalı, məhsuldar alim olduğu barədə onu tanıma­yan­larda belə aydın təsəvvür yaransın. Belə xatirələr isə bir deyil, beş deyil… yüzlərlədir.  Və zaman-zaman bu xatirələr danışılacaq, yazıya alınacaq, bir ölməzlik heykəli olan Vaqif müəllimi yaşadacaq.

Gözəl insan, sədaqətli dost, istedadlı alim və unudulmaz müəllim Vaqif Gülməmmədovun əziz xatirəsi onu tanıyanların, dostlarının, tələbələrinin və qədirbilən faxralıların qəlbində əbədi yaşayacaqdır!

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur